- Ədəbiyyat

Nilufər ZƏMİN. Unudulmaq, yaxud mən Allahı necə tanıdım…

(hekayə)

Bir sufi hekayəti oxudum. Danışım, siz də agah olun.

Bir kişi yuxusunda Allahı görür. Çox sevinir: “Allahım, səni nə qədər sevirəm, bir biləsən. Sən də məni sevirsənmi?”, – maraqla soruşur. Allah arxalarında yolda irəliləyən iki iz göstərir:

-Biri sənsən, biri mən. Mən hər zaman yanında olmuşam.

Kişi görür ki, arada izlər tək qalır.

-Orda izlər niyə təkdir?

-Onlar sənin çətin günlərindir…

-Sən onda məni tərk etmişdin?… Deməli, mən tək qalmışdım, ona görə elə ağır günlər yaşamışam…

-Yox, tərk etməmişəm. Səni qucağımda aparmışam.

Unudulmaq hissini ilk dəfə düşünəndə 5 yaşım vardı. Gecə yarısı idi və birdən-birə haradansa beynimə düşən bu fikirdən dəhşətə gəlmişdim, qorxumdan yatağımda büzüşmüşdüm. Sanki hamı tərəfindən unudulmuş, gecənin qaranlığında tənha qalmışdım. Nəhayət, dözmədim və ağlamağa başladım. Səsimə anam gəldi, nə baş verdiyini soruşdu. “Unudulmaqdan qorxuram”, – dedim. Yuxulu anam hıçqıra-hıçqıra dediklərimdən heç nə anlamadı. “Səni kim unudub ki?” – soruşdu. Bir anlıq anladım ki, nə desəm də, içimdəki o dəhşətli hissi anama çatdıra bilməyəcəm. Amma cavab gözləyən anama da nəsə deməliydim, amma deyə bilmirdim. Eləcə maddım-maddım üzünə baxıb düşünürdüm ki, “yəqin, sən də məni unudacan”. Anam yuxulu-yuxulu: “Boş-boş şeylər düşünmə, yat”, – deyib getdi.

İllərlə bu hiss, bu qorxu az qala fobiya səviyyəsinə qədər böyüdü, ancaq kimə isə bu barədə heç nə demirdim. Amma qəribədir ki, həqiqətən də, həmişə unudulurdum. Həm də yaxınlarım, əzizlərim tərəfindən. Qonşu kəndə qonaq gedirdik, ya gedəndə, ya qayıdanda məni unudurdular. Hamı həvəslə toya getməyə hazırlaşırdı, maşınlara oturub çal-çağırla gedəndə mən unudulurdum. Ya mənzil başına çatanda, ya da qayıtmaq vaxtı gələndə yada düşürdüm. Mənə palto almaq üçün mağazaya gedirdilər, məni götürmək yaddan çıxırdı, orda məni boyda kiçik bir uşaq tapıb, onun üstündə alırdılar. Qohum uşağı bizə gələndə mənim ən sevimli oyuncağım, püfə-püflə saxladığım bir əşyam xoşuna gələndə götürüb ona verirdilər, mənə xəbər eləməyi unudurdular… Yavaş-yavaş anladım ki, unudulmaq ölmək deyilmiş. Elə qorxulu bir şey də deyilmiş. Hətta yaxşı tərəfini də tapdım: hər şeyə kənardan baxanda daha çox şey görmək mümkün imiş. Hə, sevimli əşya deyə bir şey də saxlamadım. Həvəslə hara isə hazırlaşmağı da mənasız hərəkət hesab eləməyə başladım. Dəvət gözləməyi də tərgitdim. Beləcə, qorxu ağacımın qol-budağını daradım…

Bir dəfə yenə məni unutmuşdular. Qorxmuşdum yaman. Onda ilk dəfə şikayət elədim. “Məni niyə tez-tez unudursunuz”, – dedim. “Səni unutmaq olarmı? Sən bizim birdənəmizsən. İş çox idi, hamı öz hayında idi, ona görə yaddan çıxmısan. Sən bizim canımızsan! Belə pis şeylər düşünmə. Əzrayılın yadından çıxasan həmişə”. Sözlərdən bircə sonuncu ağlıma batdı. Deməli, Əzrayılın yadındayam. Əvvəlcə, Əzrayılın kimliyini öyrəndim. Sonra hardansa oxudum ki, Əzrayıl özbaşına deyil, Allahın buyruqlarını yerinə yetirir. Deməli, Allahın yadındayam. Necə sevinmişdim: “Mən kiminsə yadından çıxmırammış!” Məni unutmayan Allahı necə möhkəm sevdim.

Böyüdüm. İndi daha böyük şeylərdə unuduluram. Öz naxışımla barışmışam, amma daha qorxmuram. İçim titrəyəndə sadəcə yadıma düşür ki, Allah yanımdadı, unutmayıb məni.