- Dil

Ədəbi mətnin dil xüsusiyyətləri

Ədəbi mətnlərin dil özünəməxsusluğu çox zaman ədəbiyyat elmində işlənən bədii dil və bədii üslub terminləri ilə ifadə edilir. Orta əsrlərdə isə poetika termini də işlənirdi. Sonuncu ancaq şeirlə yazılan əsərlərin dilinin bədii xüsusiyyətlərini və leksik tərkibini araşdıran bir elm sahəsi sayılırdı və indi şeirşünaslıq mənasına gəlir. Ona görə də bu elm sahəsinin adı da poeziya sözündən götürülmə idi və şeir dili haqqında elm kimi qəbul olunurdu.

Orta əsrlərdə nəsr dili ümumən ədəbiyyata aid sayılmadığından çox zaman poetika elmi ədəbiyyat haqqında elm mənasında da işlənmişdir. Aristotelin ilk ədəbiyyat nəzəriyyəsi sayılan kitabı “Poetika”, Bualonun əsəri isə “Poetika sənəti” adlandırılmışdı. Müasir elmdə isə poetika termini ədəbi mətnlərin ədəbi və bədii özünəməxsusluğu haqqında araşdırmalara da deyilir.

Orta əsrlərin dini sxolastik elmində həm Qərbdə, həm də Şərqdə şeirşünaslıq və ya poetika haqda elmin ümumi adı kimi də işlənmişdir. Şərqdə buna bəzən qafiyəşünaslıq da deyiblər və qafiyə haqqında elm ədəbi nəzəriyyənin əsas sahəsi kimi inkişaf etdirilib. Lakin müasir ədəbiyyat elmində şeir dilinə və onun lüğət və sintaktik tərkibinə geniş yer ayrılmır, çünki bu məsələlərin çoxu dilçiliyin leksika, üslubiyyat, sintaksis, orfoepiya, ritorika kimi sahələrində ayrıca öyrənilir. Buna baxmayaraq bir ənənə olaraq bədii dilin xüsusiyyətləri ədəbiyyat elminin əsaslarında və nəzəriyyəsində yığcam şəkildə şərh edilir.

Biz yuxarıda bədii dilin müəllif dili, fərdi üslub, dialoq və replika kimi termin və xüsusiyyətlərindən bəhs etmişik. İndi isə ənənəyə görə əsasən şeir dilinə və ordan danışığa və folklora keçmiş olan leksik xüsusiyyətləri qısaca nəzərdən keçirəcəyik. Epitet yunan sözüdür, lüğəti mənası qoşma, sözün digər sözə qoşulması deməkdir və bədii söz birləşmələrinin bir tərəfi olur. Epitet sintaksisdə işlənən təyin termininə uyğundur. Ona görə də epitet termini Azərbaycan dilinə bədii təyin kimi də tərcümə olunur və işlədilir. Epitet şeir dilində işlənən söz birləşmələrinin tərkibində olur, təyin etdiyi sözün ifadə etmək istədiyi əlamət və xüsusiyyətlərini, çalarlarını bildirir. Məsələn, ay üzlü söz birləşməsində ay sözü epitetdir, gözəl qadının üzünü aya bənzədir. Epitet həmişə digər ad sözə aiddir və onu konkretləşdirir və bu yolla dünyanın və insanın obrazını, ədəbi mənzərəsini yaratmağa xidmət edir. Əgər ay üzlü ifadəsi kifayət etmədikdə təhkiyəçi epitetə ikinci, üçüncü və s. epitet qoşur: ay üzü alma. Burada alma epiteti işıqlı üzdə qızartı əlamətləri olduğunu bildirir.

Adətən təyin sözlərin tipik əlamətlərini, epitet isə konkretləşdirici, fərdi əlamətlərini göstərir və bununla da bir-birindən fərqlənirlər. Üzü fərdiləşdirmək üçün yeni-yeni epitetlər əlavə edilir və bu epitet sırası bəzən iki və daha artıq sözdən ibarət ola bilir. Məsələn, Qaşları çatma. Bu söz birləşməsi də üz ad-sözünə aiddir. Gözləri gilas epitetini də əlavə etsək dördlük şeir hazırdır:

Ay üzü alma,
Qaşları çatma,
Gözləri gilas
Oğlan, söz atma.

Şeirşünaslıq tarixində epiteti ən müxtəlif əlamətlərə görə təsnif etmişlər. Məsələn, bəzi epitetlərə sabit epitetlər deyilir. Belə epitetlər daşlaşmış, sabit söz birləşmələrində işlənir: qara gün, göy göz, oğru pişik kimi ifadələrdə qara, göy, oğru epitetləri sabit epitetlərdir, çünki onlar eyni mənada digər ad-sözlərə nadir hallarda birləşirlər. Epitetləri ən çox izah etdiyi sözləri özünün hansı çalarları ilə aydınlaşdırmasına görə təsnif edirlər. Sözün işarə təbiəti onun digər sözləri aydınlaşdırma rolunda unikal xüsusiyyətlərini üzə çıxarır. Yəni söz epitet kimi digər sözlə yanaşı qoyularkən bu rolda onun ancaq müstəqim mənası yox, məcazi, bənzədici, assosiativ və təqribi mənalarından da istifadə olunur. XIX əsrdə mifoloji məktəbin nümayəndələri epitet terminini müasir strukturalizmdəki “söz” termininin qarşılığı kimi alaraq onu geniş anlayır və tədqiq edirlər. Epitetə həsr olunan bu tədqiqatlar əslində sözün işarəvi və obraz təbiətinin tədqiqi idi və sonralar XX əsr strukturalistləri və F.Sösür də sözün işarəvi təbiətini araşdırmaq üçün bu tədqiqatlardan istifadə etmişlər.

Epitet sözün geniş elmi mənasında ədəbi söz, dünyanı işarə edən, təsvir edən, bildirən söz deməkdir. Belə sözlər dilçilikdə də digər söz qruplarından fərqlənir. Ona görə də epitetin ən ümumi əlaməti onun obraz yaradan söz olmasıdır, sözün obrazlılıq xassəsini daşıyan kəlmələr olmasıdır. Bu mənada, digər sözə qoşulan epitet həmişə yeni obraz yaradır və söz birləşməsi rolunda, cümlə kimi, nitqin müstəqil parçası kimi çıxış edə bilir. Ədəbi söz nəzəriyyəsində qədimlərdən bəri epitetin əsas iki növü fərqləndirilir.

 Bənzətmə (metafora, təşbeh), yəni söz vasitəsi ilə bir sözün obyektini digər sözün obyektinə bənzədən sözlər. Bu sözün işarəliliyindən oxşatma, analogiya üzrə istifadədir. Bənzətmə mətndə ad-sözün şəkli və obrazı kimi çıxış edir, bir məfhum o biri məfhuma oxşadılır. Məsələn, ağ baş, mərmər sinə, qara gavalı kimi ifadələr belədir.

1. Məcaz (metonimiya) yəni sözün öz ilkin mənası ilə deyil, bu nilkin mənadan doğan digər mənaları ilə qoşulduğu sözləri bildirməsi və onu aydınlaşdırmasıdır. Bu, sözün işarəvi mənasından bənzətmə yox, müqayisə prinsipi ilə istifadədir. Məcazda epitetin müəyyən əlamətləri obyektə, qoşulduğu sözə köçürülür. Məcazı məna növlərinə görə təsnif etmək olar. Aşağıdakı nümunələri nəzərdən keçirək:

– Qurd ürəkli – ifadəsində obrazın ürəyi qurdla eyniləşdirilmir, ancaq qurdun cəsurluğu və qətiyyəti ona aid edilir. Epitet kimi işlənən məfhumun aparıcı xüsusiyyətləri məcaziliyidir.

 Quş beyin – ifadəsində isə bənzədilən ancaq quşun uçmaq, teztez yerini dəyişmək xassəsidir. Deməli, burda quş sözünün məcazi, müqayisə yaradan mənası aparıcıdır. Bu ifadə diqqətini bir yerə yığa bilməyən adamlara deyilir.

 Eşq dəlisi – ifadəsində eşq epiteti dəliliyin ancaq səbəbinə işarə etməklə onun növünü təqdim edir. Burada eşq sözü eşqin gücündən xəstələnmiş adam məfhumunu bildirir.

 Bic bala – ifadəsindəki bic epiteti isə insanın hüquqi vəziyyətinin bir tərəfini aydınlaşdırır, yəni insanın qanunda nəzərdə tutulan qaydada yaranmış ailədə doğulmadığını bildirir.

 Dəli kür – ifadəsində insana aid dəli epiteti çaya köçürülür. Qarşımızda dəli sözünün məcazi mənalarından biridir, yəni “daim gözlənilməz hərəkət edə bilən” mənasıdır.

Göründüyü kimi məna baxımından epitetim növlərini istənilən qədər təsnif etmək olar, lakin buna ehtiyac yoxdur, bu dilçiliyin semantika sahəsinin işidir. Lakin orta əsrlərdə ədəbiyyat nəzəriyyəçiləri və şeirşünaslar epitetin məna növlərini də geniş təsvir edirdilər. Bu dilçiliklə şeirşünaslığım hələ elm kimi bir-birindən ayrılmamağının nəticəsi idi.

Şişirtmə və kiçiltmə (hiperbola və litota) – epitetin şeir dilində daha çox işlənən məna növləridir. Məsələn, klassik poeziyada sevgilinin saçları adətən qaranlığa bənzədilir. Bu tipik şişirtmədir. Və ya sevgi iztirablarından qanlı göz yaşları axıdılması obraz kimi tez-tez işlədilir. Aydındır ki, gözdən qan gəlmir. Adi yaş gəlir. Lakin bu yaşın qanlı adlandırılması şişirtmədir. Klassik şeirdə yaxşı döyüşçü adətən şirə bənzədilir və bu da şişirtmədir. Şişirtmənin sinonimi kimi mübaliğə termini də işlənir.

Klassik ədəbiyyatda işlənən tipik kiçiltmə isə ayaq tozu obrazıdır. Aşiq sevgilini bədii səkildə böyütmək üçün özünü kiçildir, sevgilinin ayağının tozuna və ya qapısının itinə bənzədir. Danışıq dilində də kiçiltmələrdən istifadə olunur: “soyuqdan cücəyə dönüb” və ya “qocalıb yumağa dönüb” ifadələri də kiçiltməyə misal ola bilər.

İstiarə (metonimiya) – məcazı söz birləşməsi kimi yaradılan anlayışların ixtisarla işlənən formasıdır. İstiarədə məcazi söz birləşməsindəki iki, üç və s. sözdən ibarət söz sırasının təyin olunan tərəfi ixtisara düşür. Ancaq təyin edən bir, bəzən isə iki söz qalaraq bütün birləşmənin mənasını verir. Məsələn: “Bir dəfə yüksələn bayraq bir daha enməz.” Buradakı bayraq sözü istiarədir, yəni “yaranıb bayraq yüksəldən dövlət” ifadəsinin (fikrinin) qısa formasıdır. Dahi M.Ə.Rəsulzadə bu ifadə ilə demək istəyir ki, bir dəfə dövlət yaradıb bayraq qaldıran xalq dövlət olmaq arzusundan heç vaxt əl çəkməz.

İstiarə şeir dilində işlənən məcazdır. Burada sözlərin bir hissəsinin ixtisara düşməsi lakonizmə, az sözlə çox fikir ifadəsinə xidmət edir. Şeirdə misraların uzunluğu sabit olduğundan onların içində hər cür fikrin ifadəsinə nail olmaq şeir dili üçün həmişə problemdir. Çox zaman bir söz şəklində qalan istiarə-obraz qısa sətirlərdə həm fikri yığcam ifadə etməyə, həm də qafiyə yaratmağa şərait yaradır. Məsələn, Mirzə Ələkbər Cabirin bir beytinə diqqət edək:

Dindirir əsr bizi – dinməyiriz,
Atılan toplara diksinməyiriz.

Burada iki istiarə işlənib. Birinci “yeni inqilablar əsri” ifadəsinin qısa şəkli olan əsr sözüdür. İkinci isə “atılan inqilab topları” ifadəsinin qısa şəkli olan “Atılan toplar” ifadəsidir. Sabir demək istəyir ki, inqilablar əsri bizi dindirib hərəkət və fəaliyyətə çağırır, lakin biz o dərəcədə cəhalət yuxusundayıq ki, xalqları diksindirən inqilab toplarının gurultusundan heç olmasa diksinmirik də.

Perifraz (söz oynatma) – tək-tək sözlərin yox, frazeoloji birləşmələrin və danışıq dilində geniş yayılan sabit ibarələrin məcazi mənalarda işlədilməsindən yaranır. Bunun üçün çox hallarda sabit frazeoloji birləşmədə bir və ya iki söz dəyişdirilir və yeni ironik məna alınır. Məsələn, qoçaqlıq göstərən adama deyirlər: ananın südü sənə halal olsun. Ələkbər Cabir bu ifadədən Məmmədəli şahı ifşa etmək üçün faydalanaraq yazır:

Əhli-vicdan verdiyi qiymət halal olsun sənə!
Doğrudan da Məmdəli, qeyrət halal olsun sənə!

Əslində şair Məmmədəli şaha demək istəyir ki, ananın südü sənə haram olsun. Bəzən sabit ibarə bütöv halda məcazi mənada işlədilir. Məsələn, Şekspirin məşhur faciəsində Otellonun Dezdamonaya verdiyi “hanı dəsmal?” – sualı qısqanclıq rəmzi sayılır. Lakin məişətdə kişinin qadına bu sualla müraciət etməsi, “Hanı dəsmal?” soruşması qısqanclığın yamsılanması kimi məcazi mənada qəbul edilir. Söz oynatmadan adətən tiplərin dilində, publisistik və satirik janrlarda daha çox istifadə edilir. Geniş mənada epitetin bənzətmə və məcazi təbiəti sözün obrazlı təbiətinin iki mərhələsidir. Bənzətmə birinci siqnal sistemi səviyyəsində belə mümkün olan oxşatmadır. Məcaz isə artıq sözün işarəliliyinin mücərrəd, təcridə əsaslanan obrazlılığıdır. Məcazda epitet təbiətli sözlərin müəyyən xüsusiyyətləri onun ilkin mənasından təcrid edilir və yeni məna kimi alınaraq müstəqil bədii təyin kimi işlədilir. Məcazi mənalar mətn mədəniyyətində yaranır, sözdən istifadənin yazı dilində sonradan yaranan məna təcridi və köçürülməsi ilə bağlıdır.

Müasir strukturalist dilçiliyin görkəmli nümayəndəsi olan R.O.Yakobson bənzətmə və məcazi təbiətli söz birləşmələrini (cümlələri, hökmləri) dünyanı sözlə bildirmənin iki universal üsulu adlandırmışdır. Alim struktural terminologiya ilə bənzədici söz birləşmələrini və cümlələri, hökmləri metaforik (oxşadıcı) və mənaköçürmə yolu ilə alınan söz birləşmələrini (hökmləri) isə metonimik (məcazi) hökmlər adlandırmışdır. Bu bölgü əslində adlandırıcı (ad) sözlərlə onların təsviredici (oxşadıcı) funksiyası arasındakı fərqə əsaslanır.

Poetik sintaksis – adi sintaktik qaydaların şeir dilində bədii təsir yaratmaq üçün istifadə olunan formalarını öyrənir və şeirşünaslığın və üslubiyyatın ortaq bir sahəsi sayılır. Xitablar, sual cümləsi, pauza, söz təkrarları, sintaktik paralelizmlər, həmcins üzvlər və s. dilçiliyin sintaksis bəhsində öyrənilir. Lakin bu sintaksis imkanlar bədii dildə xüsusi effekt yaratdığı üçün keçmişlərdə də şeirşünaslar tərəfindən də öyrənilmişdir. Sintaktik paralelizmlər şeir dilinin mühüm tərkib hissəsidir və mənşəcə şeirdən qədim olan nəğmə və ritmik-emosional oxuma ilə bağlıdır. Paralelizmlər şeir dilində ritmik ahəng və səslənmə cəhətdən yaxın olan sözlərdən və söz sıralarından istifadədir. Onlar şeir dilinin oynaqlığını, musiqisini artırmağa xidmət edir. Paralelizmlər qafiyədən misranın istəniləm yerində gələ bilməsi ilə fərqlənir. Qafiyə isə ancaq misranın sonunda gəlir. Qafiyəsiz şeir yayılandan sonra şeir dilində sintaktik paralelizmlərdən daha geniş istifadə olunur. Lakin qafiyədən əvvələ aid folklor əsərlərində, məsələn, “Dədə Qorqud” dastanlarında mətnin ahəngdarlığı ancaq paralelizmlərlə əldə edilir. Məsələn:

At demərəm sənə, qardaş derəm,
Qardaşımdan yey!
Başıma iş gəldi, yoldaş derəm,
Yoldaşımdan yey!

Xalq ədəbiyyatının tapmaca, atalar məsəli kimi formaları bir qayda olaraq sintaktik paralelizmlərlə bəzənmiş olur.

— Ac qulağım, dinc qulağım.

— Düşmən məni daşınan, mən düşməni aşınan.

— Ala itin balası ala olar,

— Ala da olmasa ya anası kimi hürər, ya atası kimi.

— Əldən qalan əlli il qalar.

Sintaktik paralelizmlərdən mənsur nəsrdə, nəğmə mətnlərində, nağıl və dastan təhkiyəsində geniş istifadə olunur: “Biri var idi, biri yox idi.” Bəzi müasir şairlər də paralelizmləri qafiyə əvəzinə misraların sonunda işlədirlər. Bu halda qafiyə ilə paralelizmlər arasındakı sərhəd aradan çıxır. Şeir dillini bəzəyən vasitə kimi qədimlərdən bəri bədii təzadlardan istifadə edilir. Bədii təzad adətən antonim sözlərin, bir birinə zidd məfhumların qarılaşdırılması yolu ilə yaradılır. Məsələn, klassik ədəbiyyatda həyat-ölüm, səhər-gecə, qoca-cavan, bədən-ruh, mədən-dükan, can-cahan, zahid-arif, aşiq-məşuq, ağa-qul kimi antonimlərdən istifadə olunur. M.Ə.Sabir də klassik şeirə məxsus antonimlərdən ustalıqla istifadə edirdi:

Şura gəlib şad olun, iranlılar,
Qüssədən azad olun, iranlılar!

Burada şadlıq və qüssə sözləri bədii təzad yaradır, misraları daha da təsirli edir. Bədii təzadlar şeir dilində simvolik mənalar da ifadə edə bilir. Məsələn, S.Rüstən ilk şeir kitabını “Ələmdən nəşəyə” adlandırmışdı. Buradakı antonim sözlər şairin fikrincə, sovet hakimiyyətindən əvvəlki və sonrakı dövrü rəmzləndirməli idi. Ələm – inqilabdan əvvəlki faciəli həyatın, nəşə isə inqilabdan sonrakı xoşbəxt həyatın rəmzi kimi verilirdi.

“Toxun acdan xəbəri olmaz”, “Yaşın oduna quru da yandı” – el məsəlləri də antonimlərin qarşılaşması kimi qurulub.

Ritorik sual və ritorik nida – şeir dilində özündən sonra gələn sözlərə vurğu salmaq, onlara diqqəti xüsusi cəlb etmək üçün istifadə olunur. Ritorik sözü də onların adında ritorik effektə nail olmaq niyyətini əks etdirir. Ritorik sual əslində mənaca suala ehtiyac olmadığı yerdə oxucunun və dinləyicinin diqqətini toplamaq üçün verilir. Məsələn, Ələkbər Sabirİran şahı Məmmədəlinin xaricə qaçandan sonra səyahət adı ilə İrana hakimiyyətə qayıtmaq iddiasından bədii suallardan istifadə yolu ilə danışır:

Bircə Rusiyyə bilir Məmdəlinin məqsədini,
Ki, bu fikrindən onun halı nə, iqbalı nədir?
Yenə İranə onu şah edəcəklər deyəsən,
Gər bu şah olsa, yazıq millətin əhvalı nədir?

Buradakı sual cümlələri əslində məntiqi vurğu rolunu oynayır və oxucunun İranda real dövlət çevrilişi hazırlanmasına inanmasına nail olmaq məqsədi güdür, sətirlərin təsirini artırmağa xidmət edir. Ritorik nida da misrada mənanı qüvvətləndirən vasitədir:

Ayılmayın ölüncə lənətdən ay can!..ay can!..
Düşdü bütün qəzetlər hörmətdən, ay can, ay can!..
                                                        (M.Ə.Sabir)

Poetik pauza da misralarda mənanı gücləndirmək, müəyyən fikir çalarlarını vurğulandırmaq niyyəti daşıyır. Pauza adətən misralarda sözdən sonra nida və sual işarəsi, nöqtə, vergül və ya üç nöqtə qoymaq, sətri bir neçə cümləyə bölmək şəklində edilir. Məsələn:

Ax!.. Ax!.. Ay keçən günlərim! Vay mənə!
Hər evdən gələrdi neçə pay mənə.
                                            (M.Ə.Sabir)

Verib hər kəsə dərsi-ibrət gəlir,
Qaç, oğlan! Qaç at basdı! Mİllət gəlir!
                                         (M.Ə.Sabir)

Bədii xitab – dialoqda və şeirdə bədii effekt yaratmaq üçün istifadə edilir və sintaktik zərurət nəticəsi kimi deyil, oxucuya təsir üçün işlədilir. Məsələn, Ələkbər Cabir satqın Məmədəli şahin hakimiyyətini qorumaq üçün İranı xarici ağalara təslim etməsini mənalı bədii xitablar vasitəsi ilə tənqid edir:

Qəsri-Şirin, əsəri-Key satıram!
Ay alan!.. məmləkəti Rey satıram!

Təkrir – şeirdə və replikada eyni ya qafiyə sözlərin məntiqi vurğuyaratmaq və ya emosional təsiri artırmaq üçün təkrar edilməsidir. Təkririn adi qafiyədən fərqi onun müəyyən məntiqi ya da emosional vurğu yaratmasıdır. Təkrirdə həmişə ritorika ünsürü olur, çünki o, çox halda hərbi marşlarda, döyüşçülərin tərənnümündə, mədhiyyələrdə, ya da mərsiyələrdə işlənərək təntənəli ovqat yaratmağa xidmət edir. Belə təkrarlar söz və söz birləşməsi şəklində də ola bilir:

Dur, ağlama, sil gözlərinin yaşını, tap can
Üsyan yarat, üsyan yarat, üsyan yarat üsyan!
Zəncirləri qırmaq o böyük haqq yolu tapmaq,
Üsyanladır, üsyanladır, üsyanladır ancaq!
                                                  (C. Rüstəm)

Burada “üsyan yarat” təkriri söz birləşməsi şəklindədir, “üsyanladır” variantı isə söz şəklindədir. Təkrirlər bəzən bir sətirdə yox, bir neçə misrada ardıcıl gələrək bir-birini izləyir: misraların əvvəlində gələn təkrirlər anafora, sonunda gələn təkrir isə epifora adlanır.

Alqış o boyasız rəngsiz üzünə,
Alqış o hiyləsiz təmiz üzünə!
Alqış əmdiyimiz halal südünə!
                              (C. Vurğun)

Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!
Yenə hər guşədə bir tazə cəmaət görünür!
Baxasan hər tərəfə – cünbüşü qeyrət görünür!
                                                    (M.Ə.Sabir)

Evfemizm – (yunanca – yumşaq səkildə demək) ədəbi mətnlərdə geniş işlənən təsvir vasitəsidir. Yuxarıda nəzərdən keçirdiyimiz vasitələrin əksəriyyəti söz və ifadələrin, obrazların oxucuya təsirini artırmağa xidmət edir. Evfemizmlər isə bu təsiri bilərəkdən azaltmağa, yumşaltmağa, sözün ünvanı olan adamı incitməməyə yönəlir. Məsələm, öldü əvəzinə dünyasını dəyişdi, balacaboy əvəzinə bəstəboy, karlıq əvəzinə ağır eşitmək, narazı olmaq əvəzinə narahat olmaq, cinayət əvəzinə səhv, pis əvəzinə babat, qocalmaq əvəzinə yaşlanmaq sözlərinin işlənməsi evfemizmə misal ola bilər.

Evfemizmlərdən qəzet dilində, məktublarda, diplomatik sənədlərdə, tiplərin dilində daha çox istifadə olunur. Danışıq dilində isə yumşaq sözlər seçmək ədəb və nəzakət, ziyalılıq və kübarlıq əlaməti sayılır. Vulqarizmlərdən istifadə evfemizmlərin əksidir: yumşaq yox, kobud, sərt, söyüş xarakterli sözlərdən istifadədir. Bəzi yazıçılar belə sözlərdən istifadəni yolverilməz sayırsa, digərləri bunlardan üslub yaratmaq, sərt həyat həqiqətini göstərmək üçün istifadə etmişlər. Realist nəsrdə, satirada, həcvdə vulqar sözlərdən geniş istifadə edilir:

Var özgə vilayətdə də tək-tək köpəkoğlu,
Hədsizdi bu viranədə bişək köpəkoğlu.
                                           (Q.B.Zakir)

Burada realist satiranın tələbi ilə şair söyüşdən qafiyə kimi istifadə etmişdir. Lakin bu ya digər sözün varvarizm hesab edilməsi müəllifin məxsus olduğu ədəbi cərəyanlarla, ədəbi prinsipləri ilə, göstərdiyi həyat həqiqətinin məzmunu ilə bağlıdır. Bu yazıçıda varvarizm sayılan sözlər digər yazıcıda realist dil elementi hesab edilə bilir. C.Məmmədquluzadə öz əsərlərini “Danabaş kəndinin məktəbi”, “Eşşəyin itməkliyi” adlandırmışdır. Və bu realist ədibin dil prinsipləri və göstərdiyi insanlarla bağlı idi. Ona görə də biz buradakı kobud sözləri varvarizm hesab etmirik.

Vulqarizmin bir növü olan barbarizmlər – yad dillərə məxsus sözlərdən yersiz istifadəyə deyilir. Yunanlar barbar xalqlar deyəndə vəhşi, yazısı olmayan xalqları nəzərdə tutur və onların sözlərindən istifadəni yolverilməz sayırdılar. Varvarizm termini də o dövrdən qalmışdır.

Arxaizm və neologizmlər də ədəbi dildə, xüsusilə nəsr dilində geniş işlənir. Arxaizmlər müasir dildə az işlənən və köhnə adət-ənənə, həyat tərzi ilə bağlı sözlərə deyilir. Məsələn traktorların tətbiqindən əvvəl əkinçilikdə işlənən xış, xırman, vəl kimi sözlər müasir dil baxımından arxaizm sayıla bilər. Nəsr əsərində qədim dövrləri və o zamanların məişətini təsvir edəndə arxaizmlərdən istifadə etmək qaçılmaz olur. Arxaizmlər adətən aradan çıxan məişət əşyalarının adından ibarət olur. Neologizmlər isə məişətə yeni daxil olan məişət əşyaları və şeylərin adını daşıyır. Məsələn, kompüterlərin kütləvi tətbiqi ilə bağlı dilimizə monitor, adapter, modem, fayl, printer, skaner, ram, noutbuk, disket kimi neologizmlər daxil olunub. Belə sözlərin bədii dildə işlədilməsi ölçü hissi tələb edir. Neologizmlər dildə ancaq müəyyən müddət yeni sözlər hesab olunur. Kifayət qədər müddət keçəndən sonra onlar dilin adi sözləri kimi qəbul edilir. Məsələn, 20-30-cu illərdə sovet quruluşunun bərqərar olması ilə bağlı dilimizə gəlmiş sovet, partiya, büro, plenum, orqan, sosializm, kapital, sosial, qurultay, kadr, kurator, ustav kimi sözlər artıq vətəndaşlıq hüququ qazanmışdır, müasir oxucu onların alınma və gəlmə söz olduğunu hiss etmir. Ona görə neologizmlərə həm də dilin lüğət tərkibinin zənginləşmə üsulu kimi baxmaq lazımdır. Bu işdə yazıçı və şairlərin xidmətləri misilsizdir. Məsələn Cəfər Cabbarlı 20-ci illərdə dilimizə çoxlu neologizmlər gətirmiş, xüsusilə ərəb məşəli şəxs adlarının əvəzinə Oqtay, Aydın, Sevil, Yaşar, Gülüş, Elxan, Gültəkin, Solmaz, Gündüz kimi türk mənşəli adlar işlətməklə böyük ad islahatçısı olmuşdur.

Neologizmlərin bir forması da dialektizmlər hesab edilə bilər. Dialektizmlər müəyyən dialektlərdə işlənən sözlərin yazılı dildə işlədilməsidir. Realist nəsrin dil anlayışında bu yazıçının xalq dilində həssas münasibətini, dil bilgisinin genişliyini göstərən əlamət sayılır. Belə sözlər uğurlu şəkildə yazı dilində, xüsusilə nəsr dilində işləndikdə tez bir zamanda ədəbi dildə vətəndaşlıq hüququ qazanır. Azərbaycan dilində dialekt sözləri azdır. Ona görə də nəsr dilində sintaktik dialektizmlər daha çox işlənir: sözlərdən daha çox müəyyən ifadə və söz birləşmələri yazılı ədəbi dildə işlənir. Bu halda dialektizmlər həm də üslub yaradan dil materialına çevrilir.

Mənbə: “Ədəbiyyat nəzəriyyəsi” kitabı
Müəllif:
 Rəhim Əliyev