- Dil

«Abəki-şur» sindromu və ya dil tacirlərinə cavabımız

Vasif SADIQLI

Rza bəyin dili ilə desək, şu an çok sinirliyim, ama çok. Ne yapalım, öyleyimdir…
Təşəkkür edirəm sizə, ey mənim bəzi iddialı, dotələb və yekəxana üləma, üdəba soydaşlarım. Təşəkkür edirəm ki, məni hərəkətə gətirdiniz, cəsarətləndirdiniz. Mənə cəsarət verən mənim savadlılığım yox, sizin savadsızlığınızdır. Mənə cəsarət verən xüsusi bəsirət sahibi olmağım yox, sizin bəsirətsizliyinizdir. Mənə cəsarət verən mənim vətənpərvərliyim yox, sizin milli dəyərləri satmaq iştiyaqınızın “razmeri”, əndazəsi, konturlarıdır…

Sizi bilmirəm, mənə elə gəlir ki, millət parça-parça olub dünyaya səpələnəndə, ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız assimilyasiya olunmaq təhlükəsi ilə üzləşəndə gerçək ziyalılar önə çıxıb qaranlıqlara işıq tutar, xalqa “sarsılma!” deyər, “bunalma!” deyər, gözünün yaşını silər, natamamlıq kompleksi yaranmasın deyə onun dəyərlərini sadalayar, millətə təlqin edər ki, o, böyükdür, güclüdür. Təlqin edər ki, böyüklük xalqın sayı ilə, tutduğu coğrafi ərazinin böyüklüyü ilə ölçülmür. Xatırladar ki, bütün xalqlar tarixin keşməkeşli dövrlərində obyektiv və ya subyektiv amillərdən möhnətlərə düşə bilər. Amma o, heç zaman sınmamalı, ayağa qalxmalı, kimliyini dünyaya və özünə sübut etməlidir…

O cümlədən anladar ki (əlbəttə, bunun üçün ilk növbədə özü anlamalıdır), qloballaşmanın, dillərin inteqrasiyasının özünün də müsbət tərəfi var. O, bir təhdid ünsürü kimi dilin başı üstünü alanda hətta kiçik xalqların belə özünüqoruma (oxu: dilini qoruma) mexanizmi (instinkti demək istəmədim) işə düşər və nəticədə xarici təhdidlər dilin “immun sistemini” daha da gücləndirər. Yəni dili məhv edə bilməyən təhdid onu daha da möhkəmləndirər, müqavimət gücünün artması ilə nəticələnər. Yəni bu, bir fürsətdir.

Amma qloballaşmanı, keçid dövrünü, onların gətirdiyi fəsadları sərməstlik verən ideyaların arxasında gizlənib xalqın dilini, əlifbasını dəyər-dəyməzinə satmaq fürsəti kimi qiymətləndirən zirək və diribaş ziyalılarımız də var imiş…

O gün hörmətli alimlərimizdən birinin “Əlifbamızdakı 3 hərfi çıxarmağı belə düşünmüşdülər” adlı müsahibəsinin paylaşıldığı profildə uzun müddət Azərbaycanda yaşayıb, sonra qardaş ölkədə eniş edən bir professor soydaşımızın şərhinə rast gəldim. İki dili eklektik şəkildə birləşdirərək ortaq (oxu: hibrid) dil və əlifba yaratmaqla məşğul olduğunu qürurla vurğulayan professor son illər ədəbi dilimizin başına açılan oyunlardan, onun “dibsiz uçuruma sürüklənməsindən” narahat olan ziyalılarımızı rişxəndlə “hərf millətçisi” adlandırır və onlara nifrət etdiyini gizlətmir: “Herf milletciliyine nifret edirem”. Davamına özünüz qiymət verin: “Hazirladigim “Ortag Türkçe” kitabında bu menasizliglar üzerinde durmusam” (imlasına toxunmadıq). Professor bu cümləni yazandan sonra sanki özünün daha zəki olması barədə  qənaəti bir qədər də güclənir və əlavə edir: “Herf,apastrof derdi üçüncü dünya olkelerinin derdidir” (?) “Sözde maarifcilik oyunudur” (?), “yalancı modernlesmedir…” (?). Yəqin ki, bu cəfəngiyyatı bir azərbaycanlı professorun yazdığına inanmayacaqsınız. Öz gözlərimlə görməsəydim, mən də inanmazdım. Amma heyhat. Bu, bir faktdır…

Sanki sovet dövründə ədəbi dilimiz üçün bu qədər risk yox idi. Ədəbi dilimizi sıradan çıxarmaq və ya onun istifadə arealını daraltmaq üçün görülən tədbirlər isə tədrici, ictimaiyyəti narahat etməyəcək şəkildə həyata keçirilirdi. Amma indi ana dilimizə qarşı təxribatlar açıq və ədəbsiz şəkil alıb. Adamlar dilə xəyanətini utanıb-çəkinmədən açıq şəkildə bildirir, müqavimət göstərənlərə isə hücum edirlər. Belə zalım və zavallıların gizli və aşkar qəsdi səbəbindən artıq ədəbi dilimiz özünü Azərbaycanda belə diskomfortda hiss edir…

Məşhur etnoloq, filosof K. Levi-Stros yazırdı ki, «…dil eyni zamanda həm mədəniyyətin məhsulu, həm onun vacib tərkib hissəsi, həm də mədəniyyətin mövcudluğunun şərtidir. Hətta dil mədəniyyətin yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur».

Sərməstlik verən xülyaların arxasında gizlənib hibrid dil yaratmaq, min ilə yaxın müddətdə müstəqil dil kimi formalaşan Azərbaycan türkcəsi və onun əlifbası üzərində eksperimentlər aparmaq cəhdləri dilimizə, mədəniyyətimizə qəsddir.

Ruslara peşkəş etdiyi ərazini (Xəzər dənizi) “abəki-şur” (şor su) adlandıran hökmdarla “hərf, apostrof dərdi üçüncü dünya olkələrinin dərdidir” deyib daha mükəmməl əlifbanı daha naqis əlifba ilə dəyişməyə çalışan alim arasında bir məntiq, təfəkkür və mənəviyyat qardaşlığı olduğu aşkar görünür.

Hər kəs ona məxsus olanı ata və ya sata bilər. Cibindən portmanatını, evindən mebelini ata bilərsən. Ədəbi dil və onun əlifbası isə sənə məxsus deyil. Onu “abəki-şur əst” məntiqi ilə əhəmiyyətsiz bir şey adlandırıb atmaq kimsənin həddi deyil.

O professor Bakıda yaşayanda tanış idik, tez-tez rastlaşırdıq. Amma bir dəfə də olsun oturub ətraflı söhbət etdiyimizi xatırlamıram. O vaxt belə fitnələrin içində deyildi. Gərək söhbət edəydik. Həyat bəzən çox qəddar və amansız olur. Bilmək olmur, sabah şeytanın fitnəsi – sərvət, vəzifə, orden-medal həvəsi onu kimə və hətta nəyə çevirəcək…