2018-ci ilin sentyabrın 13-də ciddi mübahisələrə səbəb olan və cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilən orfoqrafiya qaydalarının yeni layihəsi qəbul olunub. Ciddi müqavimət və cəmiyyətin, ziyalıların narazılığı nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan layihənin daha çox narazılığa səbəb olan bəndləri qəbul edilmədi. Lakin ötən bir il ərzində bu mövzunun müzakirəsi səngimirdi. Narazılığa səbəb olan bəndlərinin tərəfdarları və əleyhdarları arasında mübahisə davam edir. Orfoqrafik xaosa qarşı müqavimətin təşəbbüskarlarından və mübahisəli layihə ilə bağlı ölkə başçısına ünvanlanan müraciətin müəlliflərindən biri olan Vasif SADIQLI müstəqil mədəni maarifçilik internet nəşri olan atalar.ru saytına müsahibəsində bir il əvvəl baş verən hadisələri yada salıb, Azərbaycan ədəbi dili problemlərinə toxunub və onların həlli yollarını göstərib.
– 2018-ci il o vaxtadək görünməmiş qızğın orfoqrafiya müzakirələri ilə yadda qaldı. Ötən il sentyabrın əvvəlləri isə iki qarşı tərəfin konflikti pik həddinə çatdı. AMEA-nın Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutunun hazırladığı layihəyə qarşı çıxanlardan, hətta etirazın təşəbbüskarlarından biri idiniz. Nə baş verirdi?
– “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, “Orfoqrafiya lüğəti” ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. Sonuncu “Orfoqrafiya lüğəti” 2004-cü ildə nəşr edilib. Qanunun tələbinə əsasən, 2009-cu ildə də nəşr edilməli idi. Bu, baş vermədi. 2012-ci ildə nəşr olunan orfoqrafiya lüğəti isə Prezident Administrasiyası tərəfindən rədd edildi, “kitabdakı ciddi qüsurlara görə” AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edildi və Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verildi. 2013-cü ildə, nəhayət, orfoqrafiya lüğəti nəşr edildi, amma bu lüğət də ümidləri doğrultmadı.
– Nə mənada?
– Lüğət nəşr ediləndən sonra məlum oldu, 40 minə qədər qondarma söz daxil edilib.
– Kim tərəfindən?
– Nəşrə məsul olan şəxslərin iddiasına görə, həmin sözləri kitabı çap edən nəşriyyatın işçiləri daxil edib (gülür).
– İndi həmin lüğət satışdadır?
– Bəli. Orfoqrafiya Komissiyasının rəhbərliyi səviyyəsində qeyd edilib ki, həmin lüğətin hüquqi qüvvəsi yoxdur. Buna baxmayaraq, həmin lüğət Dilçilik İnstitutunun elektron resursunda yerləşdirilib. Dövlət Dil Komissiyasının fəaliyyətində də bir koordinasiyasızlıq hiss edilir. Komissiya üzvlərindən biri mətbuata açıqlamasında həmin qanunsuz lüğətin tirajının az olduğundan gileylənib. Bütün bunlar bir orfoqrafik hərc-mərclik yaratmışdı. Hətta dövlət və hökumət saytlarında fərqli mənbələrə istinad nəticəsində eyni sözün üç fərqli şəkildə yazılması kimi hallar var idi. 2018-ci ildə hazırlanan orfoqrafiya qaydaları çoxsaylı alim və digər ziyalıların səbr kasasını dolduran sonuncu damla oldu. Tanınmış ədəbi tənqidçi İradə Musayevanın orfoqrafiya komissiyasının ünvanına dediyi bu sözləri unutmadıq: “Siz işləməyəndə narahat oluruq, işləyəndə isə daha çox narahat oluruq”.
– Yeni Orfoqrafiya layihəsində hansı maddələr daha çox etiraz doğururdu?
– Layihənin 22, 37 və 69-cu maddələri kəskin tənqidlə qarşılandı. Müzakirə zamanı ən çox narazılıq doğuran 37-ci maddə qoşa y ilə yazıaln sözlərdə y samitlərinin birinin ixtisarını nəzərdə tuturdu. Ənənəviləşmiş və oturuşmuş qaydalara bu cür dəyişikliklər edilməsi ilə bağlı təkliflər Azərbaycan xalqının ən böyük mənəvi sərvəti olan ədəbi dilimizin ifadə tərzinə, məna dərinliyinə və estetik gözəlliyinə böyük zərbə olardı və klassik irs və müasir ədəbi dil arasında uçurum yaradacaqdı. Bu cəfəng dəyişiliklərə ilk etirazını bildirən AMEA Dilçilik İnstitutu Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasov oldu və o, ciddi təzyiqlərlə üzləşdi. Komissiyanın layihəni avral rejimində keçirmək niyyəti bəlli olanda adlarını açıqlamaq istəmədyim “Möhtəşəm dördlük” dövriyyəyə girdi. Qısa müddət ərzində mətbuatda layihəni tənqid edən sanballı
yazılar dərc edildi. Nəhayət, avqust ayının sonlarında dövlət başçısına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Milli Məclisə müraciət ünvanlandı. Müraciətin mətni mətbuata da verildi.
– Müraciəti kimlər imzalamışdı?
– Müraciəti imzalayan 165 nəfər arasında onlarla professor, dosent, yazıçı, digər ziyalılar, o cümlədən çox sayda Azərbaycan dili və ədəbiyyat müəllimi vardı. Orfoqrafiya Komissiyasının son iclasından öncə komissiyanın sədr müavininin “Məsələyə azərbaycançılıq ideologiyası çərçivəsində baxılacaq” kimi bəyanat verməsi artıq komissiyanın yuxarıların müdaxiləsi ilə “U dönüşü” etməsindən xəbər verirdi. İctimaiyyətin etirazları bəhrəsini verdi. Sentyabrın 13-ə keçirilən iclasda hər üç maddə layihədən çıxarıldı.
– Təhlükə tam sovuşubmu?
– Belə demək olmaz. Ara-sıra bir sıra alınma sözlərdə qoşa m, s və başqa samitlərin ixtisarı anons edilir.
– Buna səbəb nədir?
– Son illər “ortaq türkcə” deyə bir ideya ortaya atılıb. Hətta bunun üçün Azərbaycan əlifbasında 3 hərfi (ə, q, x) çıxarmağa cəhd edirlər. Sıralarında Dövlət Dil Komissiyasının üzvləri, alimlər, bir xalq yazıçısı, ölkədən kənarda yaşayıb ayrı-ayrı dairələrin sifarişni yerinə yetirənlər də var. Özünü Azərbaycan əlifbasını başqa bir əlifba ilə dəyişmək üçün kart-blanş verilmiş şəxs kimi aparanlardan biri professor Kamil Vəlidir. Hörmətli professoru çox böyük, tarixi əhəmiyyətli iş gördüyünə ya ayrı-ayrı dairələr inandırıblar, ya da özü könüllü olaraq inanıb və bu, onda əlifbanı yenidən dəyişmək və ortaq dil yaratmaq ideyasına etiraz edənləri ikrah və kinayə ilə “hərf millətçiləri” adlandırmaq cəsarəti verib. K.Vəli öz məramını çox gülünc və iddialı şəkildə ifadə etmişdi: “Uf, demeden ataram… Herf milletciliyine nifret edirem. Hazirladigim “Ortag Türkçe” kitabında bu menasizliglar (?! – V.S.) üzerinde durmusam. Herf, apastrof derdi üçüncü dünya olkelerinin derdidir… (?!- V.S.) Sözde maarifcilik oyunudur, yalancı modernlesmedir…”
– Ortaq dil və əlifba ideyası yeni deyil…
– Bəli, birinci türkolojİ qurultayda (Bakı, 1926) bu məsələ qaldırılmışdı. Əslində, Moskvanın bu qurultayı təşkil etməsi türk xalqlarını əzizləməsindən irəli gəlmirdi. Məqsəd türk xalqlarının keçmiş yazılı irsi ilə müasir nəsil arasında uçurumu dərinləşdirmək, onları öz qədim, dolğun tarixlərindən məlumatsızlaşdırmaq idi.
– “Məsələyə siyasi gözlə baxmaq lazımdır” deyənlər hansı siyasi dividendlərə ümid edir?
– Guya ortaq dil türkdilli ölkələrin birliyini möhkəmlənidərəcək, siyasi çəkisinə güc qatacaq, Nə qədər şirnikləndirici olsa da, bu, absurddur. Fərqli tipoloji qruplara, hətta geneoloji ailələrə məxsus dilə sahib ölkələrin strateji tərəfdaşlığına dair çoxlu nümunə gətirə bilərik. Eyni zamanda, Ərəb Liqasında eyni ədəbi dilə sahib olan 23 dövlətin hələ siyasi mülahizələrlə bir araya gəlməsi faktına rast gəlinməyib. Eləcə də Şimali və Cənubi Koreya eyni yazı (hər iki Koreyada xanqıl fonetik yazısından istifadə edilir) və eyni dil daşıyıcısı olsa da, hazırda ən böyük müharibə riski olan ölkələrdəndir.
Konvergensiya siyasi birliklərin, superdövlətlərin və s yaranmasının səbəbi yox, nəticəsi olur. Yəni bir siyasi sərhəd içində yaşayan geneoloji cəhətdən yaxın xalqların dilində yaxınlaşma labüddür. Bu zaman leksik alış-veriş ola bilər, amma təkamül bir dilin (çox vaxt çoxluğun və ya siyasi, intellektual çoxluğun dilinin) superstrat (qaıib dil), digərinin (digərlərinin) isə substrat (məğlub dil) olması ilə nəticələnir. İki dilin eklektik şəkildə birləşdirilməsi zamanı onlardan birinin fonetik, orfoqrafik, orfoepik, üslubi, qrammatik müvazinəti pozulmaldıır. Konkret halda Azərbaycan və Türkiyə türkəsindən ortaq dil yaradılsa, bu halda substrat dil taleyi mütləq Azərbaycan türkcəsinə nəsib olacaq. İlk addım da əlifbanın qurban verilməsindən başlanılıb. Məşhur etnoloq, filosof Klod Levi-Stros yazırdı ki, «…dil eyni zamanda həm mədəniyyətin məhsulu, həm onun vacib tərkib hissəsi, həm də mədəniyyətin mövcudluğunun şərtidir. Hətta dil mədəniyyətin yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur».
Ortaq ünsiyyət vasitəsi yox, ortaq ədəbi dil spekulyasiyaları təkcə mədəni yox, həm də siyasi təhdid ünsürləri daşıyır. Buna yol verilməyəcək. Ədəbi dilə qəsd dövlətin suverenliyinə qəsddən daha ağır cinayətdir.
– Buna əvvəllər də etiraz edən olubmu?
– Təbii. Hələ neçə il əvvəl mərhum akademik Tofiq Hacıyev də bildirmişdi ki, Azərbaycan türkcəsindən imtina dövlətimizin rəsmi azərbaycançılıq ideologiyasından imtina etmək deməkdir. O yazırdı ki, söhbət ortaq türkcədən yox, ortaq ünsiyyət dilindən gedə bilər.
– Bu ilin sonunda çapdan çıxacaq yeni orfoqrafiya lüğətində əsas kimi götürülən orfoqrafiya qaydalarında müəyyən nöqsanların olduğu barədə yazmışdınız. Hər halda 15 illik fasilədən sonra yeni orfoqrafiya lüğətinin çap edilməsini müsbət hadisə saymaq olarmı?
– Təbii. Yeni qaydalarda bizim bir sıra təkliflərimiz nəzərə alınıb. Hər halda orfoqrafik anarxiyaya müəyyən qədər son qoyulacaq. Hazırda dünya azərbaycanlılarının 80%-ə qədəri Azərbaycan Respublikasından kənarda yaşayır. Onların çoxu ana dilində təhsil almaq imkanından məhrumdurlar və başqa dillərin təsiri altına düşmək riskləri böyükdür. Amma müasir dövrdə İKT-nin inkişafı onların ölkəmizin dil resurslarından istifadə edib ana dilini dərindən öyrənməsi üçün geniş şərait yaradır. Azərbaycan dilinin yazı qaydalarını tənzimləyən mükəmməl orfoqrafiya qaydaları və orfoqrafiya lüğətinin hazırlanması həm ölkədə vahid orfoqrafik rejimin yaradılması, həm də dünya azərbaycanlılarının vahid orfoqrafiya ətrafında birləşməsini təmin etmək baxımından, bununla Azərbaycan dövlətinin maraqları müstəvisində dil mədəniyyətimizin də təbliği üçün mühüm bir nailiyyət ola bilərdi.
– Qloballaşma ədəbi dillərə də təsirsiz ötüşmür. Azərbaycan dili müstəqillik dövründə özünü qoruya bilirmi?
– Hər il elm, texnika, incəsənət və s sahələrdə yüzlərlə, bəlkə, daha çox neologizm dilə daxil olur. Onlar əvvəlcə dildə qrafik adaptasiya dövrü keçirir. Vaxtında ya onların yerli dildə qarşılığı yaradılmalı, ya kalka edilməli, ya da transliterasiya olunub, orfoqrafiya lüğətinin növbəti buraxılışına daxil edilməlidir. Bu sahədə görülən işləri qənaətbəxş saymaq olmaz. Təbii ki, obyektiv səbəblərin rolu da az deyil. Terminologiya Komissiyasının üzvlərindən birinin sözlərinə görə, komissiya üzvləri ictimai əsaslarla işləyir. Amma qardaş Türkiyənin müvafiq strukturunda bu sahədə əmək haqqı alan 30-a yaxın ştatlı əməkdaş fəaliyyət göstərir. Bu yaxınlarda bir layihə çərçivəsində Bakının xalq arasında “Torqovı” adlanan Ticarət küçəsində reklamlarda Azərbaycan dilinin normalarına riayət edilməsinin monitorinqini apardıq. Nizami küçəsində 82 ticarət, ictimai iaşə və digər xidmət obyektinin 65-də ya Azərbaycan dilindən istifadə edilməmiş, ya da sadəcə, bəzilərində “açıqdır”, “endirim” kimi sözlərə yer verilmişdi. Qloballaşmanın, dillərin inteqrasiyasının özünün də müsbət tərəfi var. O, bir təhdid ünsürü kimi dilin başı üstünü alanda hətta kiçik xalqların belə özünüqoruma (oxu: dilini qoruma) mexanizmi (instinkti demək istəmədim) işə düşər və nəticədə xarici təhdidlər dilin “immun sistemini” daha da gücləndirər. Yəni dili məhv edə bilməyən təhdid onu daha da möhkəmləndirər, müqavimət gücünün artması ilə nəticələnər. Yəni bu, bir fürsətdir. Təəssüflə qeyd edim ki, sovet dövründə Bakının siması reklam lövhələrinin dili baxımından daha “azərbaycanca” idi.
– Dövlət başçısının ötən il il noyabrın 1-də imzaladığı fərmana əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs yaradılır. Bu il noyabrın 1-dən etibarən ədəbi dil normalarının pozulmasına görə cərimə tətbiq ediləcək. Hansı nəticələri gözləyirsiniz?
– Yeni strukturun publik hüquqi şəxs olması müəyyən ümidlər yaradır. Yəni Mərkəzin işçiləri əmək haqqı alacaq, cərimələrin çox olması onların əmək haqqına da birbaşa təsir etməlidir. Hər şey işçilərin professionallığından və qətiyyətindən asılı olacaq. Belə bir deyim var: “Qanun hörümçək toru kimidir, zəifləri boğur, güclülər isə toru dağıdır”. Azərbaycanda iriçaplı məmurların maddi marağı ilə ictimai maraqlar toqquşanda, bir qayda olaraq, birincilər qalib gəlir. Bir dəfə Dilçilik İnstitutunun əməkdaşları Bakıda, şəhərin mərkəzi hissəsində ədəbi dil normalarına riayət olunmasının monitorinqini keçirmişdilər. Monitorinq iştirakçılarından biri dedi ki, “Torqovı” adlanan Ticarət küçəsində reklamlarda Azərbaycan dilindən istifadə edilməsi ilə bağlı ciddi pozuntular aşkarlayıblar. Bu barədə müvafiq strukturlara məlumat verilib. Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi deyib ki, o obyektlər elə şəxslərə məxsusdur ki, BŞİH onlara təzyiq edə bilməz. Ümid edək ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi öz vəzifəsinə ciddi yanaşacaq.