Vasif SADIQLI
Adam nə qədər istəyir sakit dursun, olmur, bir mərdimazar tapılır, səni hiddətləndirir, bir milçək peyda olur, başlayır ürək bulandırmağa, mənfur fizionomiyası, məkruh hoppanışı, uçuşu, “pikirovka”sı, “povorot”u, mənhus zümzüməsi, səsinin zili və bəmi ilə zəhlə tökməyə…
Deyəsən, dünyanın təməli də belə qurulub, divarı da belə qalxıb, damı da belə vurulub. Biz nə dedik ki, havalandın, arkadaş? “Din” və “demokratiya” sözlərinin yanaşı işlənməsindən niyə qeyzləndin? Yazdığın şərhdə hiddətin elə şahə qalxmışdı ki, kompüterin yanında qoyduğum nəlbəkidən qanımı içən ağıllı və tərbiyəli ağcaqanad dərhal xortumunu çəkib, qanadı ilə ağzının qanını sildi və vidalaşmadan uçub getdi… O ağcaqanadın ahı tutacaq səni…
Bilirəm, demokratiyanı çox sevirsən və “din” və “demokratiya” sözlərinin yanaşı gəlməsinə hiddətlənmisən. İndi qulaqlarını yaxşı aç və eşit:
1. İki ismin yan-yana gəlib “və” bağlayıcısı ilə bağlanması onların bir-birinin eynisi, ekvivalenti olması demək deyil. “Xosrov və Şirin” əsərini eşitmiş olarsan. Xosrovla Şirin bir-birinə çoxmu bənzəyirdi? Biri kişi, digəri qadın, biri fars, digəri türk, biri məişət pozğunu, digəri xanımların xası… Nizami Məhinbanunun dilindən Şirinə xitabla deyirdi:
Əgər o, Aydırsa, biz Afitabıq,
O, Keyxosrovdusa, biz Əfrasiyabıq…
2. İki isim “və” bağlayıcısı ilə bağlanırsa, bunlar bir-birinin ziddi də ola bilər:
“Hərb və sülh”, “Məkr və məhəbbət” eşitmiz olarsınız…
3.Əgər səni qeyzləndirən “din” sözünün “demokratiya” sözündən əvvəl gəlməsi isə, bildirmək istəyirəm ki, bir sözün “və”dən əvvəl gəlməsi əvvəl gələnin sıraca əvvəlinci və üstün olması deyil, qorxma. Əgər “fə” ilə bağlansaydı, başqa məsələ. Bunu yaxşı-yaxşı oxu:
“Və” bağlayıcını “fə” bağlayıcısı ilə müqayisə edən 13-cü əsr leksikoqrafı İbn Mənzur “Lisan əl-arab”da görkəmli dilçi alim əl-Fərraya istinadən deyir:
اذا قلت زرت عبدالله و زيدا فايهما شئت المبتدأ بالزيارة وان قلت زرت عبدالله فزيدا كان الاول هو الاول والآخر هو الآخر
“Sən “Abdullanı və Zeydi ziyarət etdim” deyərkən onların hansını istəsən, əvvəl ziyarət etmiş ola bilərsən, amma sən “Abdullanı fə Zeydi ziyarət etdim” deyərkən əvvəl birinci gələni, sonra da digərini ziyarət etmiş olursan”. (professor Aida Qasımova yazıb).
4. Bu təşkilat Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və nizamnaməsinin adına uyğun olub-olmamasını həmin nazirlik müəyyən edir. Sən təşkilatın nizamnaməsi, orda bəyan edilən məqsədi ilə tanış olmadan hansı haqla camaata ağıl öyrədirsən?
5. Nə qədər skleroz olsam da, axı, məncə, biz konsaltinq meneceri seçimi üzrə kotirovka sorğusu elan etməmişik. Səni kim məcbur edir ki, bizə məsləhət verirsən? Məsləhətçi seçsək, həddini bilən birini seçərik, day səni – bir işə başlayan birinə uğurlu olsun demək əvəzinə “gedin özünüzə iş-güc tapın” deyən həddinibilməzin birini seçmərik.
6. Əgər bir nəfər bir işə başlayıbsa, ona uğur diləmək də olar, susub keçmək də olar. Elementar etik imperativlərə əməl etmək hər kəsə yaraşır. Servantes deyirdi ki, nəzakətli olmaq ən asan başa gələn və ən çox qiymətləndirilən davranışdır. Alimləri daha nəzakətli görmək mənə son dərəcə məntiqli gəlir. 5-ci sinifdə oxuyanda əlaçı olduğum üçün mənə Ziyəddin Göyüşovun “Həzz və iztirab” kitabını hədiyyə vermişdilər (sən canın, indi də “həzz” sözü “iztirab”dan əvvəl gəlib deyə havalanma). Kitabda kimdənsə sitat var idi. Demə, elm təkcə zəkaya təsir etmir, insanın mənəviyyət və əxlaqına da müsbət təsir edirmiş. Sənin şərhini oxuyandan sonra araşdırdım, məlum oldu ki, AMEA-nın institutlarından birində şöbə müdirisən. Və son qənaətim budur: Ya alim deyilsən, ya da start nöqtən o qədər geridədir ki, elm də aciz qalıb, səni orta statistik bir mənzilə gətirib çıxara bilməyib.
7.Uxan şəhərinin koronavirusun yeni mutasiyasını daşıyan qeyri-dürüst qızları əncir ağacının altında konyuktivitli gözlərinə heyran olsun, bir az ehtiyatlı ol. Mən daha vacib işlərlərlə məşğulam, sənə baş qoşmağa vaxtım yoxdu. Başqasının profilində şərh yazanda ehtiyatlı ol. Şair demişkən:
Get dolangilən, xamisən hənuz,
Püxtə olmağa çox səfər gərək.
Mürği-Qaf ilə həmzəban olub,
Dövrə qalxmağa balü pər gərək.