Təhsil naziri Emin Əmrullayevin ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmrinə əsasən, sözügedən təhsil müəssisələrində cari tədris ilinin payız semestrinin imtahan sessiyası 3 yanvar 2022-ci il tarixindən əyani formada təşkil ediləcək.
Nazirlikdən 525.az-a verilən məlumata görə, imtahanların keçirilməsi zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət edilməlidir.
Həmçinin, Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əməl edilməlidir.
Əmrdə qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər. Əmrə əsasən, imtahanlarla bağlı nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.