Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib.
“Report”un məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir.
Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.
Qazaxıstanın Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilib.
Hazırda Ə. Smailov baş nazirin birinci müavini vəzifəsini tutur. Əvvəlki hökumət ötən ilin yanvarında Milli Məclisə – respublika parlamentinin aşağı palatasına seçkilərdən sonra təsdiq edilib.
O zaman, Əsgər Mamin yenidən Nazirlər Kabinetinin rəhbəri təyin edilmişdi. O, bu vəzifəni 2019-cu ilin fevral ayından tuturdu.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün səhər saatlarında hökumətin istefasını elan edəcək.
“Report” xəbər verir ki, bu barədə Zakon.kz portalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. Artıq Almatı şəhərinə giriş və çıxış qadağandır.
Komendant saatı axşam saat 23:00-dan səhər saat 7:00-a qədər davam edəcək. Almatı və Manqistau vilayətində kütləvi tədbirlərin keçirilməsi də qadağan edilib.
Xatırladaq ki, Qazaxıstanda etirazlar yanvarın 2-dən Janaozen, Manqistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində başlayıb. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz ediblər. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.
Qazaxıstan hökuməti Manqistau vilayətində maye qazın qiymətinin 1 litr üçün 50 təngəyə (0,11 dollara və ya 20 qəpik – red.) endirsə də etirazlar davam edir.