Cek London
Ölümcül antipatiya haqqında hekayə
Con Kleverhauz ay üzlü adam idi. Bu cür adamların necə olduğunu bilirsiniz: onların almacıq sümükləri bir-birindən aralı olur, çənə ilə alın yumru sifəti tamamlamaq üçün yanaqlara doğru əriyir, yoğun burnu isə tavana yapışmış kündə kimi sifətin lap ortasında yastılanıb qalır. Ola bilsin ki, mən məhz buna görə ona nifrət edirdim, düzünü desəm, onun varlığı mənimçün kabusa çevrilmişdi və mən inanırdım ki, onun varlığı kainatı ağırlaşdırır. Ola bilsin ki, mənim anam da ay mövhumu idi. Amma aya düzgün olmayan vaxtda, səhv çiyin üzərində baxan ayın təzahürü.
Bəlkə də buna görə, Con Kleverhauza nifrət edirdim. O, mənə qarşı cəmiyyətdə hamının pis və ya yaxşı hesab etdiyi heç bir şey etməmişdi. Tamam başqa şey idi bu. Bu pislik elə dərin, elə incə, elə ikimənalı, elə sezilməyən bir şey idi ki, bunu sözlərlə dəqiq ifadə eləmək mümkünsüzdür. Bizim hamımızın həyatında nə vaxtsa belə şeylər olur. Bəzən biz kimləsə ilk dəfə qarşılaşanda öz-özümüzə düşünürük ki, kaş belə bir insan heç olmayaydı və elə ilk andaca deyirik: “bu adam mənim xoşuma gəlmədi”. O niyə bizim xoşumuza gəlmədi? Biz bilmirik niyə, biz ancaq onu bilirik ki, xoşumuza gəlmədi. Bizim ondan zəhləmiz gedir, bu qədər. Və Con Kleverhauzla məndə də belə oldu.
Bu cür adamın xoşbəxt olmağa nə haqqı var axı?! Bununla belə o optimist idi. O həmişə şən olurdu, həmişə gülürdü. Hər şey həmişə yaxşı olurdu onda. Lənətə gəlsin onu! Bir bilsəniz, onun bu cür xoşbəxt olmağı məni necə qıcıqlandırırdı! Başqaları da gülürdülər, amma bu məni narahat eləmirdi. Hətta Con Kleverhauzla qarşılaşmamışdan əvvəl mən də gülməyi bacarıırdım.
Ancaq onun gülüşü….! Bu gülüş yer üzündə məni başqa şeydən daha çox qıcıqlandırdığı və dəli elədiyi qədər qıcıqlandırırıb dəli eləmirdi. Bu gülüş məni kabus kimi izləyirdi, məni tutub saxlayırdı, getməyə qoymurdu. Bu nəhəng, Qarqant ( div) gülüş idi. Oyaq olanda da, yatanda da bu gülüş iri yeyə kimi ürəyimin simlərinə toxunur, ürəyimi titrədir, cingildədirdi. Sübh tezdən bu səs nəhəng tarla boyunca qıy vuraraq mənim gözəl səhər əhval-ruhiyyəmi korlamaq üçün gəlib qulağıma çatırdı. Adamı yandıran günorta günəşinin şüaları altında, bütün yaşıllıqların solduğu, quşların meşənin dərinliyinə doğru çəkildiyi və bütün təbiətin mürgü vurduğu bir vaxtda onun güclü “ha! ha!”, “ho! ho!” qaqıltıları səmaya qədər qalxıb günəşə belə çatırdı. Qaranlıq gecəyarısında şəhərdən onun evinə doğru uzanan tənha yollarda onun bezdirici qahqahaları məni yuxudan qaldırırdı, dırnaqlarımı ovuclarıma sıxmağa, məni əzab çəkməyə məcbur edirdi.
Bir dəfə axşam vaxtı gizlincə bayıra çıxıb onun mal-qarasını tarlasına tərəf buraxdım, amma səhər heyvanları tarladan çıxaranda yenə həmin o qiyyəli gülüşünü eşitdim. “Heç bir zərəri yoxdu” – o dedi; ”Allahın yazıq şüursuz heyvanını yaşıllığa girdiyi üçün günahlandırmaq olmaz”. Onun “Mars” adında yekə, yaraşıqlı vəhşi iti vardı ki, bu da həm də maral tazısına oxşayırdı. O, Marsı çox sevirdi. It həmişə onun yanında olurdu. Ancaq mən doğru vaxtı gözlədim və bir dəfə hazır imkan düşən kimi heyvanı ələ almaq üçün strikni və bifşteki ona verib itlə dostlaşdım. Demək olar ki, bu heç bir şəkildə Con Kleyerhauzda heç bir təəssürat oyatmadı. Onun gülüşü həmişəki kimi ürəkdən idi və tez-tez baş verirdi və sifəti isə həmişə olduğu kimi bütöv ayı xatırladırdı. Daha sonra mən onun ot tayasına və anbarına od vurdum. Ancaq səhəri gün bazar günü olduğundan o yenə bayıra şad və xürrəm çıxdı. “Hara gedirsən?” – mən onunla yolda yanbayan gedərək soruşdum. “Alabalığa!” o dedi. Onun sifəti bütöv ay kimi şölə saçırdı. “Mən alabalığı çox sevirəm”. Bu cür də dözülməz adam olarmı?! Yer üzündə başqa bu cür insan ola bilməzdi?! Onun bütün məhsulu ot tayasında və anbarda yanıb. Mən bilirdim ki, o heçnəsiz qalıb. O, aclıqla və sərt qışla üz-üzə idi, amma bununla da şadyanalıqla alabalıq axtarışına çıxmışdı, çünki onları sevirdi. Lap bir azca da üzündə azacıq ruh düşgünlüyü olsa, yaxud qaşı və ya üz ifadəsi bir azca da çatılsa, ciddi görkəm alsa və ya sifətindəki təbəssüm bircə dəfə silinsə mən mütləq bu dünyaya gəldiyi üçün onun günahından keçərdim.
Ancaq yox. O bu bədbəxtlikdən sonra daha da şən idi. Mən onu təhqir etdim. O isə mənə sakitcə baxdı və təəccüblə gülümsədi. “Mən səninlə dalaşım? Axı, nəyə görə?” – o sakitcə soruşdu və güldü. “Sən çox məzəlisən! Ho! Ho! Məni gülməkdən öldürəcəksən! He! he! he! Oh! Ho! ho! ho!” Indi nə olacaq? Bundan artıq dözmək mümkün deyildi. İudanın qanına and olsun ki, mən ona necə nifrət edirdim! Onun adına belə nifrət edirdim- Kleverhauz! Bu nə addı?! Bu ki cəfəngiyyatdı?! Kleverhauz! Mərhəmətli tanrım, NİYƏ Kleverhauz? Dönə-dönə özümə bu sualı verirdim. Mənim ağlıma Smit, Braun və ya Cons gəlmirdi – ancaq KLEVERHAUZ! Mən bunu sizə saxlayıram. Siz öz-özünüzə təkrar edin- Kleverhaus. Siz sadəcə bunun gülməli deyilişinə baxın – Kleverhaus! Kişinin belə adı olar? Mən sizdən soruşuram. Siz “yox” deyirsiz. Mən də “yox” deyirəm. Ancaq mən onun girov kağızı haqqında düşündüm.
Onun məhsulları və anbarı məhv olmuşdu. Bilirdim ki, o bu xərci qarşılaya bilməyəcək. Buna görə də mən girov kağızını almaq üçün fərasətli, ağzı möhkəm, güclü bir sələmçi tutdum ki, alıb ona ötürsün. Mən ortalıqda görünmədim, ancaq onun agenti vasitəsi ilə onu istifadə hüququndan məhrum etdim və bir neçə gündən sonra (inanın mənə, qanun çərçivəsində) Con Kleverhauza öz mallarını və mal-qarasını zaminlikdən kənar etmək tapşırıldı. Sonra mən biraz gəzişdim ki, görüm bu ona necə təsir edib, çünki 20 ildən çox idi ki, o orada yaşayırdı. Ancaq mən onu görəndə onun nəlbəki gözləri parıldayırdı və bütöv ay bədirlənəndə olduğu kimi onun da üzündə işıq alovlanaraq bütün üzünə yayılırdı. “Ha! ha! ha!” o gülürdü. “Ən məzəlisi mənim oğlum idi. Sən belə bir şey eşitmisən? Gəl sənə danışım. Bəndin bir hissəsi yarılanda və onun üzərinə axanda o çayın kənarında oynayırdı. “Ata!” o qışqırırdı; “ böyük nohur yarandı və məni yıxdı”. O dayandı və gözlədi ki, mən də onun cəhənnəm gülüşünə qoşulum. “Mən bunda gülməli heç nə görmürəm”- mən qısaca dedim və üz-gözümü turşutdum. O mənə təəccüblə baxdı və daha sonra o lənətə gəlmiş işıq yenə onun üzünə gəldi, təsvir etdiyim kimi şölələndi və yayıldı, sifəti yayda çıxan ay kimi yüngülcə parıldadı və qızardı və daha sonra yenə güldü—”Ha! ha! Bu gülməli idi! Sən görmürsən? He! he! Ho! ho! Ho! O bunu görmür! Niyə, bax sən. Sən ki nohurun nə olduğunu bilirsən“ Ancaq mən dabanım üstdə döndüm və ondan uzaqlaşdım. Bu axırıncı oldu. Mən artıq buna dözə bilmirdim.
Bu şey burda qurtarmalı idi, onu görüm lənətə gəlsin! O bu həyatda olmamalı idi. Mən dönüb gedən kimi onun yöndəmsiz səsinin səmaya doğru əks-səda verdiyini eşidə bilirdim. Mən indi bu işləri tər-təmiz yerinə yetirdiyimə görə özümlə fəxr edirəm. Mən Con Kleverhauzu öldürməyi qərara alanda elə tərzdə öldürməyi fikrimdə tutmuşdum ki, sonradan peşman olmayım və utanc hissi keçirməyim. Mən yarıtmazlığa nifrət edirəm. Eləcə də, qəddarlığa. Mənim fikrimcə kimisə yalın yumruqla öldürmək sadəcə iyrənclikdir- tfu! Ona görə də Con Kleverhauzu (ah, yenə bu ad!) güllə ilə öldürmək, xəncərlə öldürmək, dəyənəklə öldürmək mənlik deyildi. Mən bunu nəyin ki təmiz və bədii şəkildə yerinə yetirməliydim, həmçinin də ən kiçik mümkün şübhənin belə mənə yönəlməsinə imkan verməməliydim. Bu sonluğa yaxın mən bütün dərrakəmi səfərbər elədim və 1 həftə geniş hazırlıqlardan sonra hiyləmi planlaşdırdım. Daha sonra işə başladım. Mən 5 yaşında qancıq spaniel su iti aldım və bütün diqqətimi onu məşq elətdirməyə həsr etdim. Kimsə məni kənardan görsəydi belə fikirləşərdi ki, bu hazırlıq təkcə bir şeydən ibarətd i- ƏHLİLLƏŞDİRMƏKDƏN! Mən “Bellona” adlandırdığım itə suya atdığım çubuqları geri gətirməyi öyrədirdim. Tək geri gətirməyi öyrətmirdim, həm də həmin çubuqları ağzında dişləmədən və onlarla oynamadan geri gətirməyi öyrədirdim. Bunu öyrətməkdə məqsəd o idi ki, o heçnəyə görə dayanmasın, çox tez bir zamanda çubuqları gətirib çıxarsın. Mən ondan uzaqlaşırdım ki, o ağzında çubuqla məni tapana qədər məni izləməyi öyrənsin. O, dərrakəli it idi və oyunu elə coşğunluqla öyrənirdi ki, mən çox tez bir zamanda ondan razı qaldım.
Bundan sonra ilk təsadüfi fürsətdə mən Bellonanı Con Kleverhauza təqdim elədim. Mən bilirdim ki, onun əvvəldən və həmişə özünü günahkar hiss etdiyi bir zəifliyi var. Mən kəndirin ucunu onun əlinə verəndə o istəmədi. “ Yox, siz bunu nəzərdə tutmurdunuz”. O, ağzını geniş açdı və lənətə gəlmiş gülüşü ay üzünə yayıldı. “Mən- mən belə fikirləşirdim ki, sənin məndən xoşun gəlmir.” – o izah elədi. “Bu cür səhv etməyim gülməlidir, hə?” Və bu fikirlə hər yanı gülüşə qərq etdi. “Onun adı nədir?” – o, iki daşın arasında bunu soruşa bildi. “Bellona” – mən cavab verdim. “He! He!” o hırıldadı. “ Nə gülməli addır!” Mən onun kefini pozmaq üçün dişlərimi qıcadım və onların arasına girib dedim: “Bilirsənmi, o Marsın arvadıdı?”. Daha sonra onun ay üzünün işığı bütün sifətini örtdü və qəhqəhəylə danışmağa başladı: “O mənim o biri itim idi. Mən güman edirəm ki, o indi duldur.
Oh! Ho! ho! E! he! he! Ho!”o məndən sonra qıy çəkdi, mən döndüm və tez- tələsik yuxarı qaçdım. Bir həftə keçdi və şənbə günü axşamı mən ona dedim: “Sən bazar ertəsi günü gedirsən, elə deyil?” O, başı ilə təsdiqlədi və dişini ağartdı. “Bundan sonra sənin çox bağlı olduğun alabalığa da getmək imkanın olmayacaq”. Ancaq o rişxəndi başa düşmədi. “Ah, mən bilmirəm”- o, rişxəndlə güldü. Mən sabaha qədər ciddi hazırlaşmalıyam”. Beləliklə mən ikiqat əmin oldum və bu sevincdən həzz almaq üçün evə getdim. Səhər tezdən mən onu çuvalla və ağ kepçə ilə gedən gördüm, Bellona isə onun arxasınca löhrəmlə gedirdi. Onun yolunun harada qurtaracağını bilirdim və arxa tərəflə gəlib keçdim və dağın yuxarısındakı kolluqlar tərəfə dırmaşdım. Nəzərimdən qaçırmamaqdan ötəri təpələrdəki təbii amfiteatra 2 mil qalmış dağın qılıcı boyunca getdim. Dərədən sürətlə çay axdığı bu yerdə mən böyük və sakit qaya hovuzunda nəfəsimi dərmək üçün dayandım. Müvafiq yer idi! Mən dağda bütün baş verənləri görə biləcəyim bir yerdə əyləşdim və qəlyanımı yandırdım. Con Kleverhauzun ağır-ağır çayın yatağına gəlib çatmasından bir xeyli vaxt keçdi. Bellona tələsmədən gedirdi və birdən onun hürültüsü Kleverin dərin ürək döyüntülərinə qarışaraq yüksək qorxu yaratdı. Gölməçəyə çatanda o çuvalı və ağ kepçəsini tulladı və cibindən yoğun şama oxşayan nə isə çıxartdı. Ancaq mən bunun “qorxulu” çubuq olduğunu bilirdim və bu onun alabalıq tutma metodu idi. O, onlara dinamit atırdı.
O, partlayıcını, “qorxulu” çubuğu bir parça pambığa möhkəm bükməklə düzəltmişdi. Daha sonra o partlayıcını yandırdı və gölməçəyə tulladı. Bu zaman dərhal Bellona özünü gölməçəyə atdı. Mən az qalırdım sevincimdən bərkdən qışqırım. Kleverhaus ona çığırdı, amma faydasız idi. O, iti qaya və daş parçaları ilə daşladı, ancaq it agzına “qorxulu” çubuğu alana qədər davamlı üzdü və sürətlə şütüyüb sahilə yol aldı. Yalnız bundan sonra Kleverhauz ilk dəfə təhlükəni hiss elədi və qaçmağa başladı. Mənim əvvəlcədən düşündüyüm və planlaşdırdığım kimi Bellona sahilə girdi və onun arxasınca qaçdı. Ah, mən sizə deyim ki, bu çox gözəl idi! Mən bayaq dediyim kimi nohur amfiteatr formasında idi. Aşağıdan və yuxarıdan axın pilləli qayalardan keçirdi. Və hər tərəfdə – aşağıda və yuxarıda qayaların arasında Bellona və Kleyverhaus şütüyürdü. Mən heç vaxt inanmazdım ki, bu cür yöndəmsiz adam bu cür sürətlə qaça bilər. Ancaq o qaçırdı və Bellona yeyin ayaqları ilə onu ha haxladı. Və daha sonra Bellona Kleyverhausu yaxalayan kimi onun dizlərinə sıçradı və bu zaman alov, tüstü və dəhşətli partlayış oldu.
Onların bir az əvvəl dayandığı yerdə artıq heç nə yox idi, ancaq yerdə böyük deşik yarandı. “Qanunsuz ov zamanı bədbəxt hadisədən ölüm”. Bu müstəntiq heyətinin verdiyi hökm idi; və mən buna görə – Klevarhausun işini təmiz və bədii şəkildə bitirdiyimə görə özümlə fəxr edirdim. Burda nə yarıtmazlıq, nə qəddarlıq var idi; bütün bu işdə utanılacaq heç nə olmadığı barəsində siz mənimlə razılaşacaqsınız. Indi onun nə təpələrin arasından əks-səda verən cəhənnəm əzabı kimi gülüşü var idi, nə də məni qıcıqlandıran ay üzü. Indi mənim günlərim sakit keçir, gecələr isə rahat yatıram.
Tərcümə etdi: Günel Təhməzzadə
Redaktə etdi: Günel Əbilova
kayzen.az