İsgəndər Hindistanı tutmağa gedəndə müəllimi Aristotel ona dedi: “Hindistandan mənə bir hədiyyə gətir. Özünü dərk etmək üçün dünya həyatından imtina etmiş sanyasini mənə gətir”.
Müxtəlif yerlərdən keçəndə İsgəndər özünü dərk etmiş adamı soraqlayırdı. Ona dedilər ki, o dağların ətəyində, çayın sahilində yaşayır həmin qoca. İsgəndər öz sərkərdəsini göndərib dedi ki, o kişini hörmət-izzətlə yanıma gətir. Deyilən yerə gələndə sərkərdə yerli ağsaqqaldan sanyasinin yerini soruşdu. Ağsaqqal dedi:
-Burda sanyasin var. Amma inanmıram ki, onu özünüzlə getməyə razı sala biləsininz.
Sərkərdə gülüb dedi:
-Boş sözdü. Əgər İsgəndər əmr etsə, şəhər onun arxasınca gedər.
Sonra sanyasinin yanına gəlib dedi ki, İsgəndər səni qonaq çağırır. Sənə çox hörmət ediləcək, nə istəsən, veriləcək. İsgəndər səni Yunanıstana aparacaq.
Sanyasin sakitcə dedi:
-Bu dünyada heç bir qüvvə məni zorla apara bilməz. Əgər mən sizin İsgəndərə lazımamsa, qoy o, özü gəlsin.
İsgəndərin elçisinə bu sözlər ağır gəldi. O, İsgəndərin yanına gəlib dedi:
-Bu adam çox yuxarıdan gedir, qorxuram səninlə də elə davrana. İsgəndər qürurla dedi:
-Mənə lazımi hörmət göstərməyənlər hamısı ölür. Mən gedirəm.
Qocanın olduğu yerə gələndə İsgəndəri titrətmə tutdu.
Sanaysin ona dedi:
-Demək, böyük İsgəndər sənsən? Mən düşünürəm ki, kim özünü böyük adlandırırsa, o, böyük deyil və heç vaxt böyük olmayacaq.
-Mən mübahisə eləməyə yox, səni dəvət eləməyə gəlmişəm.
-Mən külək kimi azadam. Küləyi dəvət eləməzlər. O, istədiyi yerə gedər. Mən istəsəm, Yunanıstana özüm gedərəm, istəməsəm, heç kim məcbur edə bilməz.
Bu sözlər İsgəndəri qəzəbləndirdi. O, əlini qılınca atıb dedi:
-Qoca, əgər getməsən, səni öldürərəm.
Sanyasin dedi:
-Sən bir az gecikmisən. Mən özüm özümü öldürmüşəm.
İsgəndər dedi:
-İndi başın bədənindən ayrılacaq.
Sanyasin dedi:
– Sən mənim başımı bədənimdən ayıra bilərsən, amma məni öldürə bilməzsən. Çünki sən mənim başımı yerə düşərkən gördüyün kimi mən də onu görəcəm. İsgəndər bu adamı öldürə bilmədi. Onun adı Datdameş idi.