Öz qədim tarixi və geniş miqyasda yayılmış ənənələri ilə seçilən türk xalqları qardaşlıq mövqeyini əsrlərdir ki, ədəbiyyat aləminə aşılayıb. Dili bir, dini bir türk xalqlarının bir-biri ilə geniş şəkildə yayılmış əlaqələri daim diqqət mərkəzindədir. Müxtəlif məsələləri əhatə edən bu əlaqələr ədəbiyyat sahəsində daha geniş mövqe qazanıb. Tarixən mövcud olan ədəbi münasibətlər, aparılan tədqiqatlar qardaş xalqlar və ədəbiyyatlar arasındakı əlaqəni qüvvətləndirib. Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin davamlı inkişafı xalqımızın ortaq ədəbiyyatından, mədəniyyətindən, incəsənətindən asılı olaraq yaranıb. Ötən il ölkəmizdə “Nizami Gəncəvi İli” kimi qeyd olundu. Bununla əlaqədar ölkə daxilində və xaricində bir sıra kitablar çap edildi. Nizami Gəncəvi yalnız 2021-ci ildə deyil, əsrlərdir xalqın yaddaşında, ədəbiyyatında yaşayır və təbliğ olunur. Qardaş ölkə Özbəkistanda da Nizami Gəncəvi şəxsiyyəti və irsi araşdırılıb, bununla bağlı müxtəlif elmi-tədqiqatlar aparılıb. Nizami Gəncəvi və Əlişir Nəvai hər iki xalqın ölməz sənətkarlarıdır.
AZƏRTAC xəbər verir ki, özbək tədqiqatçısı Ölməzbəy Xocayevin bu günlərdə Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai əsərlərində oxşar xüsusiyyətlərin şərhi (elmi-publisistik məqalələr)” adlı kitabı nəşr olunub. Kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Nizami Gəncəvinin 880 və Əlişir Nəvainin 580 illiyi münasibətilə çapdan çıxıb.
Vətənində həm də Özbəkistan və Qaraqalpaqıstan Yazıçılar Birliyinin üzvü, şair-jurnalist kimi tanınan Ölməzbəy Xocayevin “Ana Vətənim”, “Yaşamaq eşqi”, “Ürəkdəki zəlzələ”, “Türküstan dəftəri” şeirlər, “İki sahil” hekayələr, “Qadın işığı” tərcümə, “Əzizlik” publisistik, “Dəqiq … Sübutsuz” şeir-dastanı, “Ölməz sənət təbliğatçısı” adlı esse və etiraflar kitabları müxtəlif illərdə oxucuların görüşünə gəlib.
“Nizami Gəncəvi və Əlişir Nəvai əsərlərində oxşar xüsusiyyətlərin şərhi” adlı kitabında Ölməzbəy Xocayevin elmi-publisistik məqalələri yer alıb. Bu məqalələrdə tədqiqatçı Azərbaycan və özbək ədəbiyyatının, klassik türk xalqları ədəbiyyatının iki mütəfəkkir şairi Nizami Gəncəvi və Əlişir Nəvai əsərlərindəki ümumi xüsusiyyətləri araşdırıb. Kitabın məsləhətçi və rəyçiləri professor Muqimcan Qırğızbəyov, filologiya elmləri doktorları Aftandil Erkinov, filologiya elmləri doktoru, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin professoru Almaz Ülvi, filologiya elmləri namizədi Mamura Rəşidovadır.
Kitabda “Əlişir Nəvainin “Münşəat” əsərində ictimai-siyasi cəhətlər (Badiuz-zaman Mirzəyə yazılan birinci məktub əsasında)”, “Əlişir Nəvainin “Nəzm ül-cəvahir” əsərində təsir məsələləri (Söz və dil haqqında yaradılan rübailər əsasında), “Əlişir Nəvainin “Səbai-səyyar” dastanında kommunikativ ünsürlər (Zeyd Zəhhab hekayəti əsasında), “Əlişir Nəvainin “Səddi-İsgəndər” dastanına kommunikasiya əsəri kimi yanaşma”, “Əlişir Nəvainin “Nəsaimul-məhəbbət” əsərində təbəqə məsələləri”, “Nəvai Əfqanıstana qayıtdı. Herat səfərnaməsi”, “Nizami Gəncəvinin “Xəmsə”si: “İsgəndərnamə” dastanında nəsihətlərin şərhi (1-ci hissə “Şərəfnamə” əsasında),“Nizami Gəncəvinin “Xəmsə”si: “İsgəndərnamə dastanında oxşar cəhətlər (Dara və İsgəndərin məktubları əsasında), “Nasimiyə nəzirə, yaxud Özbəkistanda Nəsimi üçün darıxdım” adlı məqalələr yer alıb. Klassik şairlər – Nizami Gəncəvi, Əlişir Nəvai və İmadəddin Nəsimi yaradıcılığı kontekstində apardığı araşdırmalarda Azərbaycan ədəbiyyatına məhəbbəti xüsusilə maraqlı təsir bağışlayır.