Növbəti dünyanın ən böyük aviasiya, kosmos və texnologiyalar festivalı “Texnofest” mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Trend-in məlumatına görə, bununla əlaqədar festival çərçivəsində “Texnoloji müsabiqələrə” qeydiyyat başlayıb. Müsabiqlərə həmçinin beynəlxalq iştirakçılara da açıq olacaq.
Hər bir müsabiqə üçün son müraciət tarixləri fərqlidir. Müsabiqələr üzrə ətraflı məlumatı www.teknofest.az saytından əldə etmək olar.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.