Rusiyanın “Pervıy kanal” televiziyası Bakı barədə xüsusi süjet hazırlayıb.
“Report” xəbər verir ki, “Непутевые заметки” verilişinin ikinci hissəsində aprıcı Dmitri Krılov tamaşaçıları Bakıya səfər etməyə, onun unikal ab-havasına qərq olmağa və bu qədim, eyni zamanda çox müasir şəhərin cazibəsini bir daha açmağa cəhd etməyə dəvət edir.
Aparıcı Azərbaycan sakinlərinin qonaqpərvərliyini vurğulayıb. Süjetdə Bakıda Yeni il öncəsi bayram əhval-ruhiyyəsi, yarmarkadakı alqı-satqı, habelə paytaxt sakinlərinin mehribanlığı, şəhərin gözəlliyi xüsusi vurğulanıb. Şəhərin xüsusi ab-havası, sakinlərin coşqunluğu telekanalın tez-tez vurğuladığı əsas cizgilərdəndir.
Bakı süjetdə Avropanın müasir şəhərlərinə bənzədilir: “Bakıda gəzəndə özünü olduqca rahat hiss edirsən”. Telekanal Bakını şərqin Parisi adlandırır, sakinlərin mehribanlığını nəzərə çatdırır.
Eyni zamanda Azərbaycanın paytaxtının arxitekturasının qədim şərq ölkələrinin Mərakeşin, Tunisin bir sıra yaşayış məntəqələrinə bənzəməsi önə çəkilir. Telekanal İçəri Şəhərin tarixi arxitekturasına da xüsusi yer ayırıb.
Aparıcı qədim şərq üslubunun, arxitekturasının nəzərə çarpdığı Bakının son illər eyni zamanda həm də müasirləşdiyini qeyd edərək, şəhərin modernləşdiyini xüsusi diqqətə çatdırıb.