- Dil

Mirzə Cəlilin haqq yolu

Qəzənfər KAZIMOV, professor

M. F. Axundovun milli dilimizin inkişafı sahəsində xidmətlərindən bəhs edərkən prof. B. Çobanzadə yazırdı ki, onun ədəbi dilimizə gətirdiyi yenilik ”Kolumb yumurtası kimi çox sadə və bəsit idi: canlı dili ədəbiyyata daxil etmək.”1. Kolumb bütün əfsanələri puç edərək Yerin kürə şəklində olduğunu əməli şəkildə sübut etdiyi kimi, M. F. Axundov da milli dilimizin inkişafı üçün canlı xalq danışıq dilinin yeganə və əsas mənbə olduğunu, ədəbi dil ilə canlı xalq dili arasındakı uçurumun məhv edilməsinin labüdlüyünü öz yaradıcılığı ilə parlaq şəkildə isbat etdi. Onun nəzəri və xüsusən prakti kişi — komediya dili milli ədəbi dilin elə sür’ətli inkişafını tə’min etdi ki, Volqaboyu tatarları müstəsna olmaqla, qalan türkdilli xalqlar belə bir inkişaf səviyyəsinö yalnız 1905-ci il inqilabından sonra nail oldular2. İndi XX əsrin başlanğıcında, kapitalizmin sür’ətli inkişafı dövründə — ədəbi dilin müxtəlif təmayüllər tərəfindən milli zəmindən uzaqlaşdırıldığı, Mirzə Fətəlinin böyük ideyalarının təhlükə qarşısında qaldığı bir dövrdə canlı xalq dili ilə əlaqəni daha da möhkəmləndirmək, rəsmi dairələrdə, mətbuatda, elmi və bədii kitablarda onun hüquqlarını tə’min etmək və genişləndirmək uğrunda gərgin mübarizə zərurəti ortaya çıxırdı. C. Məmmədquluzadə bu zərurəti vaxtında və tam mə’nası ilə başa düşən, onu həyata keçirmək uğrunda var qüvvəsi ilə çalışan ən görkəmli sənətkarlarımızdan biri oldu.

C. Məmmədquluzadə hələ inqilabdan əvvəl ədəbi-bədii dilin, mətbuat dilinin təmizliyi və inkişafı, bədii dil ilə xalq dili arasındakı səddin məhv edilməsi, xalq dili söz və ifadələrinin bədii dildə üstün və aparıcı mövqeyi, dilin sadəliyi, təbiiliyi və təmizliyi uğrunda görkəmli bir jurnalist və yazıçı kimi yorulmadan mübarizə aparmışdır. Böyük ədib 20-dən artıq felyetonunda ya bilavasitə, ya da dolayı yolla dilin saflığı, əlifba və orfoqrafiya, ədəbi-bədii dil və mətbuat dili kimi mühüm məsələlərə toxunmuşdur. O, publisistik məqalə və çıxışları, kəskin ifşaçı felyetonları ilə canlı xalq dilini təbliğ və təşviq etməklə, yad təmayüllərə qarşı amansız mübariz kimi tanınmış, monumental hekayə və pyesləri ilə xalq dilinin e’cazkar qüvvəsini, sadəlik, şirinlik, ifadəlilik xüsusiyyətlərini praktik və əyani şəkildə ortaya çıxarmışdır. Böyük ədib cəmiyyətin, millətin həyatında dilin misilsiz rolunu dərindən anladığı üçün bu məsələ onu həmişə düşündürmüş və narahat etmişdir. Buna görə də öz bədii əsərlərində xalq dilinə ləyaqətli yer verməklə kifayətlənməmiş, onu daha çox narahat edən məsələləri xüsusi mövzu kimi bədii əsərlərinə daxil etmişdir. Bu cəhət Mirzə Cəlilin yaradıcılığında əvvəldən axıradək bir sistem təşkil edir. Dilimizin aktual problemləri ardıcıl olaraq onun bədii yaradıcılığının, məqalə və felyetonlarının mövzusuna çevrilmişdir. ”Şe’r bülbülləri” və ”Sirkə” hekayələrini dilimizin 20-ci illərdə hələ öz həllini tapmamış mühüm problemlərinə həsr etmiş, ”Dəli yığıncağı”, ”Danabaş kəndinin məktəbi” pyeslərində ana dili problemləri seriyasından bir sıra zəruri məsələlərə toxunmuşdur.

”Anamın kitabı” (1920) pyesindəki hadisələr 10-cu illərin əvvəllərində cərəyan edir. Pyesdə Azərbaycan xalqının tarixi müqəddəratı ilə bağlı olan mühüm problemlər işıqlandırılmış, milli müqəddərat məsələləri orijinal bədii vasitələrlə, ezop təhkiyə və kinayəlilik üsulları ilə, bə’zən də rəmzi ümumiləşdirmələrlə təsvir edilmişdir. Pyesin məzmununu təşkil edən mühüm məsələlərdən biri millətin mövcudiyyəti üçün zəruri şərt olan ana dili məsələsidir.

Mirzə Cəlil başqa məsələlərlə yanaşı, ana dili məsələsini də pyesdə komik yolla həll etmişdir. Bu mövzu ilə bağlı dialoqlar ümumən gülüş doğurur. Lakin gülüş dayandıqda, məsələ dərk olunmağa başladıqda ağır bir kədər, acı bir qəzəb yaranır. Əsərdə təsvir olunan ailə üç qardaş, bir bacı və anadan ibarətdir. Hadisələrin gedişindən aydın olur ki, ədib bu ailənin simasında Azərbaycan ictimai həyatının, o dövrkü milli dilin və milli dilə münasibətin təsvirini vermişdir. Böyük qardaş Rüstəm bəy Peterburqda, ortancıl qardaş Mirzə Məmmədəli İranın Həcəfül-əşrəf şəhərində təhsil almış, kiçik qardaş Səməd Vahid isə İstanbulda oxumuş, türk tərbiyəsi ilə böyümüşdür. İndi bir yerə toplaşmış bu qardaşlar zahirən ailəyə xoşbəxtlik gətirmişlər. Həqiqətdə isə ailə daxilində faciədir: qardaş qardaşın, ana öz oğlanlarının, bacı öz qardaşlarının dilini anlamır, başa düşmür. Komik yolla tipikləşdirmənin ən kamil nümunəsi olan bu hadisələr göstərir ki, müəllif üç qardaşın simasında üç meyli, üç təmayülü — rus dilindən bir jarqon kimi istifadə hallarını, ərəbçilik-farsçılıq və türkçülük meyllərini ifşa etməyi qarşısına qoymuşdur.

Rüstəm bəy Rusiyada təhsil alsa da, mütərəqqi rus ziyalılarının fikirlərini, rus mədəniyyətinin yaxşı cəhətlərini mənimsəyərək milli dilin, milli mədəniyyətin inkişafına çalışan ziyalıların nümayəndəsi deyil. O, xalqdan çox uzaqdır, onun dilini bilmir, hər dəqiqə yersiz olaraq rus sözləri işlədir və komik vəziyyətdə qalır. Gözlənilməz cəhət budur ki, ana dilini yaxşı bilməyə-bilməyə bu dildə lüğət tərtib etməklə məşğuldur. Darülfünun təhsili görmüş bu şəxs lüğət tərtib edərkən çətinlik çəkdiyi üçün dilmancdan istifadə edir. Müəllif onun lüğət yazma tərzini komik planda işləmiş, Rüstəm bəyi məsxərəyə qoymuşdur:

”Rüstəm bəy. (Bir qədər fikir eləyir) Yaxşı, indi yaz: Bunu da lazımdır nəzərə almaq ki, həmin ”A” hərfi bə’zi dillərdə qlasni hərfidir…

Mirzə Həsən.İmla hərfidir.

Rüstəm bəy.İmla hərfidir və özü özlüyündə sloqdur.

Mirzə Həsən.Yə’ni heca demək istəyirsiniz?

Rüstəm bəy.Bəli, heca gərək ola və lakin bə’zi tayifələrin dilində həmin ”A” hərfi soqlasni hərfləri cərgəsindədir.

Mirzə Həsən.Bunu soqlasni əvəzinə hürufi-samitə yazaq.”

Bir-iki cümləsindən aydın olur ki, Rüstəm bəy dilin leksik tərkibini deyil, qrammatik quruluşunu da pis bilir, lüğət hazırladığı dilin terminlərinə belə bələd deyil. Əslində, burada ana dilinin terminologiya sahəsində bədbəxtliyinə də işarə edilir, Mirzə Həsənin tərcümə etdiyi ”hürufi-samitə” Rüstəm bəyin ”soqlasni” sözündən də qəlizdir. Üzdə olan gülüş dərin qatda dilin terminologiyası məsələsindəki yaramaz və kədərli vəziyyəti yada salır. Həm də bu vəziyyət terminologiyanın gözüdür: dilin dilçilik terminləri belə olanda, başqa sahənin terminləri barədə nə düşünəsən?!

Rüstəm bəyin dostu Aslan bəy ana dilində danışmaqda daha çox çətinlik çəkir, Rüstəm bəyin arvadı Zivər xanım isə rusca təhsil almışdır və ana dilini heç bilmir.

Aslan bəy xeyriyyə cəmiyyətinin iclasında öz nitqinə belə başlayır: ”Heç belə deyil, bağışlıyasınız, zakon bu sluçayları tamam predusmatret eləyibdir. Əgər raznoreçie elə bir sluçayda oldu ki, onu mədaxil cərgəsində olan punktlar düz gətirmədi, o və’də smetni statyaları o qədər sokratit edirlər ki, il axırda hesab düz gəlmir. Amma bizim smetanın poqreşnostları o barədədi ki, biz, naprimer, tə’yin eləmişik… ”

Rüstəm bəyin, Aslan bəyin, Zivər xanımın nitqinin bu cür qurulması təsadüfi deyildi. Yazıçı mə’nasız komik effekt yaratmaq istəməmişdir. Bu nitq bə’zi ziyalıların nitqinin tipikləşdirilmiş forması idi və prof. C. X. Hacıyevin qeyd etdiyi kimi, ”Dramaturq ana dili məsələsini ön plana çəkdiyindən bu məsələyə mane olan cərəyanlar sırasında ruslaşma siyasəti yürüdən burjua ziyalılarını da tənqid etmişdir.”1.

Ədib ana dilinə münasibətdə hələ Rüstəm bəyi nisbətən yumşaq tənqid edir, onu Mirzə Məmmədəli ilə Səməd Vahiddən bir qədər fərqləndirir. Qeyd edildiyi kimi, Rüstəm bəy də ana dilini pis bilir, yerli-yersiz əcnəbi sözlər işlədir, doğma dilini öyrənməyə sə’y etmir. Senzor tərəfindən kitabları yoxlandıqda mə’lum olur ki, kitabxanasında olanlar əksərən rus dilinə aid müxtəlif lüğətlərdən ibarətdir və bunların arasında ana dilində yazılmış bir vərəq də yoxdur. Bununla bərabər, onun heç olmasa, bir müsbət cəhəti var: Səməd Vahid və Mirzə Məmmədəlidən fərqli olaraq başa düşür ki, hər kəsin milli dili var, dilə lazımsız sözlər qarışdırmaqla onun hüququnu tapdamaq olmaz. Buna görə də danışıq prosesində işlətdiyi rus sözləri başqaları tərəfindən milli dilin lüğəvi vahidləri ilə əvəz edildikdə e’tiraz etmir və razılaşır, lüğət tərtibi ilə məşğuldur və çətinlik çəkdikdə dilmancdan istifadə edir və s.

Mirzə Məmmədəli kəskin satirik planda təsvir edilmiş tipik bir molladır. Ana dilinə münasibətdə mürtəce mövqe tutan bu adam farslaşdırma siyasəti yürüdür. Onun şagirdlərə öyrətdiyi elmi-ilahi dərsləri sosial-ictimai cəhətdən gərəksiz olduğu kimi, dilcə də kəsafətlidir, qəliz ərəb, fars tərkibləri ilə yüklüdür. Həmkarı Mirzə Bəxşəlinin nitqi daha dəhşətlidir. Mirzə Bəxşəli xeyriyyə cəmiyyətində nitqə belə başlayır: ”Ə’zayi-giramdan üzr istəyirəm ki, zeyldə mə’ruzeyi-mühəqqərim ağayani-büzürgüvarın dərd-sərinə şayəd səbəb ola.” Mirzə Məmmədəli və Mirzə Bəxşəlidən dərs alan şagird belə danışır: ”Küsuf, yə’ni afitab giriftəgi on halət əst ki, qəmər miyani-afitab hail başəd…”

Maraqlıdır ki, ikinci məclisdə xeyriyyə cəmiyyətinin iclası dil məsələsinin doğurduğu mübahisə ilə başlanır. Rüstəm bəy, Zivər xanım rusca danışmağa başlayanda Mirzə Məmmədəli ”islam məclisi hara, rus dili hara,” — deyə e’tiraz edir. Mirzə Bəxşəli və millətpərəst Mirzə Zeynal Zivər xanımı ”müsəlmanca” bilməməkdə təqsirləndirib cəmiyyət üzvlüyündən çıxarılmasını tələb edirlər. Lakin onların tələbi onda doğru olardı ki, türkcə (azərbaycanca) danışmağı tələb edə idilər. Əslində, müəllif onları da ələ salır, məsxərəyə qoyur, ”müsəlmanca” dedikdə mirzələrin işlətdiyi ”qatış-bulaş dil”i nəzərdə tutur.

”İştə irqaqlar! Hayda arqadaşlar!” — sözləri ilə səhnəyə daxil olan Səməd Vahidə dramaturqun münasibəti daha satirikdir. Səməd Vahid milli qürur hissindən tamamilə məhrumdur, xalqının dilinə və mədəniyyətinə xor baxan kosmopolit ziyalıların tipik nümayəndəsidir. Onun danışığından anası və bacısı heç bir şey başa düşmür, qardaşları isə hədsiz dərəcədə diltəngdirlər.

”Səməd Vahid.İzdivaci-niyyət edib, toğrudan-toğruya mülaqatda bulunmaq, zərrə qədər eyb törətməz, zənnindəyəm.

Mirzə Məmmədəli.(Hirslə, Səməd Vahidə) Allah xatirinə öz dilində danış!”

Yaxud:

”Səməd Vahid.Cocuq ağlamasın, bən şe’r yazıyorum (gəlib oturur yerində və Rüstəm bəyə). Dadaş, ədəbiyyatdan lazımsa, nümunə olaraq, bir şe’r deyim yaz lüğətə.

Rüstəm bəy.Hə eybi var. Amma bu şərt ilə açıq olsun, yoxsa, doğrusu, mən sənin dilini qanmıram.

Səməd Vahid.(kağızlarını əlləşdirir və bir yerdən şairanə oxuyur).

Ənzari-şəbabımda pədidar olan ey zill!

Ey zilli-tüluat, oluyorsun yenə peyda!

Rüstəm bəy (”eh” eləyib çönüb gedir öz stoluna tərəf). O dili mən özüm qanıram ki, lüğətə də yazım?”

Senzorun suallarına onun cavabı bunlardır: ”Əvət, həpsi əş’ardır”. ”Əvət.” ”Həpsi Türkiyə əş’arıdır”, ”Bən özüm də şairəm, kəndim də cəmiyyəti-xeyriyyə məktəbində elmi-qafiyə dərsi diyorum” və s. Doğrudan da onun kitab rəfində ”Türkiyə əş’arından” başqa, bir şey tapılmır. Senzor bu kitabları vərəqlədikcə bə’zi nümunələr oxumağa cəhd edir. Yazıçı bu yolla da Səməd Vahidi ifşa etməyə çalışır. Senzorun oxuya bildiyi şe’r parçaları qəliz bir dildə yazılmış məzmunsuz nəzmdən ibarətdir. Bu şe’r parçaları dramaturq tərəfindən seçilib əsərə salınmamışdır. Bunların çoxu türkpərəst müəlliflərin sevimli şah beytlərindən olub, onların dili və dünyagörüşləri üçün çox tipik idi. Səməd Vahidin oxuduğu şe’r parçası ”Faust”dan guya Azərbaycan dilinə tərcümə olub, hətta bir müddət dərs kitablarını daxil edilmişdir. Ədib bu cür tərcümələrin boş taqqıltıdan ibarət olduğunu, azərbaycanlı oxucuya heç bir şey çatdırmadığını göstərmək üçün bə’zən şe’rin bəhrini də verir ki, belə hallarda kinayə daha da kəskinləşmiş, məsxərə daha da güclənmiş olur:

”Senzor (bu kitabı qoyur, o biri kitabı gtürüb oxuyur).

Failatün, failatün, failatün, failat.

Şö’ləyabi, xaki-paki, inkişaki-təntəraq.”

Aslan bəy ana dilinə münasibətdə, əqidəcə Rüstəm bəylə, Mirzə Bəxşəli Mirzə Məmmədəli ilə birləşdiyi kimi, Hüseyn Şahid də hər cəhətdən Səməd Vahidə oxşayır. O, Səməd Vahidin dostu və ”gənc ədib” yoldaşlarındandır. Guya hər ikisi Azərbaycan dili müəllimidir. Bunlar dərs dedikləri məktəbdə Azərbaycan dilini ərəb, fars söz və tərkibləri ilə çulğaşmış türk dili ilə əvəz etdikləri üçün xeyriyyə cəmiyyətinə şikayət verilmişdir ki, ”ədəbiyyat dərsləri nəhayət çətinləşib və bizim öz milli Azərbaycan dilimiz bilmərrə nəzərdən salınıb.” Bu şikayətə cavab vermək üçün ”Möhtərəm ə’zayi-əncüman həzrətlərinə öz ixlasımı təqdim edib, mətləbin ən ibtidasından bir şəmmə izahat verməyi fərz və qərz bilib, iltimas ediyorum, əfəndim” sözləri ilə çıxışa başlayan Hüseyn Şahid nitqini bu sözlərlə bitirir:

”İştə kələbəklər kimi qarlar düşüyor,

Sanki bir nur eniyor hər fidana,

Lakin əgləncə olurkən adana,

Yavru cocuqlar üşüyor!

Ağalar, bu deyilmi milli ədəbiyyat! Bu deyilmi milli türk lisanı!”

Hüseyn Şahid Azərbaycan dilini və Azərbaycan ədəbiyyatını belə başa düşür. Bəla bundadır ki, o öz qəbahətini anlamır və tutduğu yolu düzgün sayır. Bu, heç şübhəsiz, hüseyn şahidlərin aldıqları tərbiyə, Türkiyə mühiti ilə əlaqədardır.

Tamamilə aşkardır ki, üç qardaş üç təmayülü təmsil edir. Ədibin üç qardaşla kifayətlənməməsi, Aslan bəy, Mirzə Bəxşəli, Hüseyn Şahid kimi onlardan da qatı mürtəce obrazlar yaratması o deməkdir ki, üç qardaş tək deyil; bu cür qruplaşma təsadüfi olmayıb, bir axın şəklindədir. Təcrübə göstərir ki, hadisələrin qızğın dövründə onun mahiyyətini tam dərk etmək və düzgün qiymətləndirmək hamıya müyəssər olmur. Yalnız dahilər qarışıqlıq və qaranlıq içərisində işıqlı yolu seçə bilirlər. C. Məmmədquluzadənin böyüklüyü bir də ondadır ki, Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə yabançı olmuş bu meylləri satiranın gücü ilə vaxtında amansız şəkildə qamçılamışdır.

Əsərdə ana — Zəhrabəyim, bacı — Gülbahar və çobanlar — Qənbər, Zaman və Qurban xalqı, geniş kütləni təmsil edirlər. Ana və Gülbahar vətənin — Azərbaycanın simvoludur. ”Ana — yabançılar və yadlar təzyiqi, tə’siri və təhqiri altında əzilmiş, didilmiş, parçalanmış Azərbaycandır!”1.

Ana həmişə narahatdır. O, oğlanlarının dilini başa düşə bilmir, onların dava-dalaşı ananın ürəyini sıxır. Xeyriyyə cəmiyyətinin yığıncağında çıxış edənləri dinlədikdən sonra ananın: ”Qızım, bu adamlar nə danışırlar?” sualına Gülbahar cavab verə bilmir, çünki müxtəlif istiqamətlərdə, müxtəlif dillərin qarışığından qurulmuş bu anlaşılmaz, cansıxıcı nitqlər onu mürgülədir. Ədib çox ustalıqla çatdırır ki, Rüstəm bəyin, Mirzə Məmmədəlinin, Səməd Vahidin və onların həmkarlarının dilini təkcə ana deyil, ”müsəlmanca oxumuş” Gьlbahar da anlamır. Gülbahar özü də bunu dəfələrlə e’tiraf edir. Qardaşlardan hər biri onu öz dostuna ərə verməyə çalışır. Gülbahar xeyriyyə cəmiyyətində qardaşlarının namizədlərini dinlədikdən sonra deyir: ”Qardaşlarım, vallah, sözün doğrusu budur ki, çobanların danışığından savayı, mən bir şey başa düşmədim.” Gülbaharı, dediyimiz kimi, qardaşların hər biri öz məsləkdaşına təslim etmək fikrindədir. Gülbahar isə ilk növbədə onların dilinə nəzər salır və buna görə də həqiqi vətən övladlarına — çobanlara rəğbət bəsləyir, qardaşların ayrılmasının, xalqın parçalanmasının səbəbini onların oxuduğu kitablarda, beləliklə, aldıqları tərbiyədə, təhsildə görür. Kitablar simvolik şəkildə müxtəlif təmayüllərin tə’sir mənbəyi kimi verilmişdir. Buna görə də o həmin kitabları bir-bir cırıb yandırır. Gülbaharın son səhnədə tez-tez təkrar etdiyi: ”Hə üçün hamı bir tərəfə getmir? Hə üçün hərə bir tərəfə gedir?” sualları çox mə’nalıdır. Bununla o, ananın dediyi kimi, ”vətənin min dərd-səri” olduğu bir zamanda vətən övladlarının müxtəlif cəbhələrə parçalanmasının səbəblərini tapmağa çalışır, bu vəziyyətə hədsiz təəssüf edir. O, qardaşlarının bütün kitablarını yandırdıqdan sonra ”ucadan mütəəssiranə” deyir: ”Qaldı bircə kitab, bu da anamın kitabı”. Bu kitabda vaxtilə ata öz əli ilə yazmışdır: ”Mən e’tiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin zərrələri olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamülhəyat əziyyət edəcək, nə qədər canında nəfəs var, peşiman olacaq.”

Gülbahar atasının bu vəsiyyəti ilə qardaşları birləşdirməyə, dil birliyi, vətən və millət birliyi yolunda çalışmağa çağırır. Onları başa salmaq istəyir ki, xalqının dilini sevməyən, milli dilini bilməyən adam, dilin timsalında öz vətənini, öz xalqını da unutmuş olur, belə şəxslər xalqa yad olur, həmişə vicdan əzabı çəkir, xalqın hafizəsində özünə yer tuta bilmir.

Lakin əsərdən göründüyü kimi, Səməd Vahid kimilər vicdan əzabı qorxusundan tamamilə məhrumdurlar. Belələrinin xalqdan çox-çox uzaq olduğunu göstərən dramaturq pyesdə xalq dilini bütün təbiiliyi, sadəliyi, şirinliyi və zənginliyi ilə qoruyub saxlayan sadə zəhmət adamlarının obrazlarını yaratmışdır.

Çobanların dili qardaşların və onların həmkarlarının dili ilə qarşılaşdırılmış, canlı xalq dilinin ifadəliliyi, sadəliyi onların ağır və qarışıq dilinə qarşı qoyulmuşdur. C.Məmmədquluzadənin öz ifadəsi ilə desək, bu ”qatış-bulaş dil”ə çobanlar meyl etmir, onu başa düşmür və başa düşmək istəmirlər. Qurbanın Aslan bəyə dediyi: ”Bir də səni and verirəm allaha, biznən elə danış ki, başa düşək” sözləri pyesə təsadüfən daxil edilməmişdir. Ana da, Gülbahar da yalnız çobanların dilini başa düşür və onların danışığından ləzzət alırlar. Bərk xəstə olan ananın vəziyyətini yüngülləşdirmək üçün Gülbahar çobanların danışmasını xahiş edir. O, çobanların dilinə anaya şəfaverici bir məlhəm kimi baxır. Bu o deməkdir ki, ananın xəstəliyinin dərmanı bulaq suyu kimi təmiz, saf, duru və şəffaf, asan və aydın xalq dilidir, çünki onun xəstəliyinin səbəbi də dildir — oğlanlarının mübtəla olduğu, hər dəqiqə işlətdiyi və ananın başa düşmədiyi qarışıq dil!

Bə’zən qeyd edirlər ki, çobanların təsviri ilə dramaturq patriarxal keçmişi, çoban məişətini yaşadığı dövrdən üstün tutmuşdur. Bu fikir tamamilə yanlışdır. Çoban surətləri-ni ədib xüsusi məqsədlə yaratmış və şüurlu olaraq bu cür işləmişdir. Mə’lumdur ki, pyesdəki hadisələrin cərəyan etdiyi dövrdə sadə xalq dilində yazmaq böyük cür’ət və uzaqgörənlik tələb edirdi. Çünki bir sıra qəzet və jurnalların əsas şüarı belə idi: ”Dünyada heç bir zaman heç bir millətin ədəbiyyatı, lisani-ədəbisi çoban, əkinçi lisanı olmamışdır. ”1 C. Məmmədquluzadə də məhz bu cür ideya ilə mübarizə üçün çobanların surətini yaratmışdır. Çobanlar xalqın, zəhmətkeş insanların nümayəndəsi, çoban dili isə həqiqi xalq dili kimi verilmişdir. Çobanların pyesdəki mövqeyi ədibin nikbinliyi ilə əlaqədardır. Bununla ədib demək istəyir ki, müxtəlif qrup və təbəqələr ana dilini zibilləməyə və korlamağa çalışsalar da, geniş kütlə öz dilini qoruyur və yaşadır. Çobanların mahnısındakı ”Dərs almayıb, haqdı ki, heç birimiz”, ”Qardaşlıqda vəfalıdır çobanlar”, ”Hiyyəti çünki alidir çobanlar” misraları onların burjua, mülkədar və ruhani nümayəndələrinə tamamilə əks mövqedə durduqlarını göstərmək üçündür: zəhmətkeş xalqın nümayəndələri (və beləliklə əsl xalq) müxtəlif şəhərlərdə ali təhsil almamışsa da, ”qardaşlıqda vəfalıdır”, dilə, milli mədəniyyətə, milli bütövlüyə münasibətdə ”niyyətləri alidir” və kütlənin bu cür nümayəndələri bir-birini yaxşı başa düşür.

Əsər son dərəcə tendensiyalıdır. Pyesin pafosu komik yolla açılır və dramaturqun vəhdət, birlik, mədəniyyət və dil məsələlərinə necə aydın nəzərlə baxdığı onun böyüklüyünü bir daha təsdiq edir.

Milli qurtuluş və ana dili mövzusu C. Məmmədquluzadənin ”Dəli yığıncağı” (1927) pyesində də kəskin satirik planda işlənmişdir. Pyesdəki hadisələr Cənubi Azərbaycanda cərəyan edir. Ana dilinə münasibətdə tənqid və ifşa hədəfi şəhər hakimi həzrət Əşrəf, onun dəliləri sağaltmaq üçün gətirdiyi həkim Lalbyuz və şəhərin mö’təbər hacılarıdır. Həzrət Əşrəf yerli xalqın — azərbaycanlıların dilində bircə ”pul” sözünü bilir. Onun pyesdə ilk və son sözü də ”pul”dur. Həzrət Əşrəfin bu dildən və bu dildə danışanlardan zəhləsi gedir. Ümumən həzrət Əşrəflə bağlı epizodlar sarkazmlarla doludur.

”Hacı Hayib. (Üzü camaata) Hacılar, burada bir vacib məsələ var ki, ondan ötəri də həzrət Əşrəf sizi buraya də’vət edib, amma and verirəm sizi uzun qollu həzrət Abbasa, burada, əgər mümkünsə, türkcə danışmayaq, çünki həzrət Əşrəfin mənə qeyzi tutur.

Hacı Cəfər Kompani. (Hacı Hayibə) Hacı ağa, and verirəm səni pənctəni-ali-əbayə, bu dəfəliyə bizi əfv buyurunuz və mətləbi bizim dildə bəyan ediniz ki, başa düşək; çünki necə də ki, sizə mə’lumdur, həzrət Əşrəf fərmayiş etdikləri dilə biz heç birimiz aşina deyilik. (Qorxusundan bir qədər yavaş deyir) Doğrusu, hacı ağa, peyğəmbərə and olsun, həzrət Əşrəfin xidmətində bundan sonra heç danışmayaq, heç danışmayaq (sağ əlini basır ağzına).

Hacı Məhəmmədəli. Heç danışmayaq, heç danışmayaq (Bu da əlini ağzına basır).

Hacı Xudaverdi. Heç danışmayaq, heç danışmayaq (Bu da əlini ağzına basır).”

Həzrət Əşrəfin simasında Mirzə Cəlil xalqın dilinə və mədəniyyətinə həqarətlə baxan, ”pul-pul” deyə mənliyinin yalnız sərvətlə bağlı olduğunu göstərən hakimlərin tipik sarkastik obrazını yaratmışdır. Varlı və ”mö’təbər” hacılar— tacirlər tülkü kimi qorxaq və yaltaq adamlardır. Həzrət Əşrəfin onlara həqarətlə baxdığını görsələr, bilsələr də, səslərini çıxarmaq iqtidarında deyillər, əksinə, əllərini ağızlarına basaraq danışmayacaqlarını əhd edirlər. Dəliləri sağaltmaq üçün çağırılmış həkim Lalbyuz da yerli camaatın dilini bilmir. Bəs o, ruhi xəstəliyə tutulmuş adamlara — dəlilərə necə kömək edəcək? Onların şikayətlərini necə dinləyəcək? — bu kimi suallar hacıları az maraqlandırır, onlar dili bilib-bilməməkdə bir şey görmürlər. Hacıların bu işə münasibəti bir mürgüləyən adamın münasibəti mənziləsindədir. Əsərdə hacıların laqeydliyi, riyakarlığı, maymaqlığı komik yolla böyük faciəvilik ifadə edir. Hacı Məhəmmədəli kimi tək-tək adamların şübhə və təəccübü belə bir qaranlıq mühitdə heç bir iş görə bilmir:

”Hacı Məhəmmədəli… . həkim bax buna deyərlər ey! Amma heyf ki, deyəsən, bizim dili yaxşı bilmir.

Hacı Cəfər. Yə’ni, hacı ağa, nə eybi var ki, bilmir?

Hacı Xudaverdi. Yə’ni, hacı ağa, bizim dildə nə mətləb var ki, onu bilsin, ya bilməsin? Biləndə nə olacaq, bilməyəndə nə olacaq?

Hacı Məhəmmədəli (hacılara). Hacı ağa, and olsun allaha, mən ona təəccüb eləyirəm ki, bu zalım oğlu bizim dili bilməyə-bilməyə, dəlilərə necə müalicə edəcək?.. Burada dəlinin əhvalını yoxlamaq məsələsi var…

Hacı Hayib. Yə’ni hacı Məhəmmədəli ağa, dili bilməkdə, ya bilməməkdə bir mətləb yoxdur. Odur, həzrət Əşrəf də bizim dili bilmir; indi görək bunun bilməməyinin kimə nə zərəri var?. .

Hacı Məhəmmədəli. Xeyr, məni əfv buyurasınız, hacı ağa! Həzrət Əşrəfin işi bir özgədir: o, hakimdi, onun vəzifəsi ancaq əmr etməkdi, çığırıb-bağırmaqdı ki, burada bir özgə dili bilmək əsla lazım deyil; amma həkim bir az bilsə, nə eybi var?. .”

Göründüyü kimi, hər bir replika repartyorun təfəkkürünü, məsləkini, hər şey bir yana, milli dilə dəhşətli laqeydliyini güzgü kimi göstərir. ”Yə’ni bizim dili bilsə nə olacaq, bilməsə nə olacaq” sözləri, doğrudan, ticarət işçisinin dilə də ticarət əşyası kimi baxdığını, belələrinin öz ticarətlərindən başqa heç nə düşünmədiklərini sübut edir. Dəhşətli burasıdır ki, belələri həm də millətin müqəddəratını həll edənlərdir, hakimlərə daha yaxın olanlardır. Lalbyuz cibində lüğət gəzdirir. Lüğətdən öyrəndiyi tək-tək sözləri təhrif olunmuş şəkildə tələffüz edir. Hiss olunur ki, bu dil, bu ruh onun təbiətinə tamamilə yaddır. Çox çətinliklə qurduğu ”Sənin ad nə?” cümləsini dəlilər lağa qoyur, onu öz yanında yamsılamağa başlayırlar. Pyesin sonunda Lalbyuz daha gülünc vəziyyətə düşür, dəlilərlə ağıllıları ayıra bilmir. Dəlilərdən Cinni Mustafanın yumruğunu göstərərək dediyi: ”Hə, belə məəttəl qalarsan!.. Sən həpənd də bizim dilimizi bilməyə-bilməyə dəliliyə müalicə eləmək xəyalına düşübsən” sözləri Lalbyuza verilən qiyməti bir növ yekunlaşdırır. Həzrət Əşrəfin və Lalbyuzun simasında xalqın dərdinə əlac eləmək iqtidarına malik olmayan, xalqdan çox uzaq olan hakim və həkimlər ifşa edilmişdir. Hakimin ”çığırıb-bağırmaqdan” və pul yığmaqdan başqa heç bir işi olmadığı kimi, Lalbyuz da xalqa qarşı buz kimi soyuqdur, xalqın dilini bilmir, laldır. Şübhəsiz, ədib ”Lalbyuz” adını da ona bu mə’nada vermişdir.

* * *

Doğrudur, ”Danabaş kəndinin məktəbi” pyesində maarif və məktəb məsələlərindən, həmin məsələlərə yuxarıların və aşağıların münasibətindən bəhs olunur, lakin burada da konflikt ana dili mövzusu ilə bağlıdır. Danabaş kəndinə gəlmiş çar mə’murları kənddə məktəb açmaq istədikdlərini başa salmağa çalışırlar. İlk dəfə sözə qazı başlayır: ”Əlhəmdi lillahil-əhədil-vahidil-mütəqəddəsi min külli ziddin və niddin…” Axıra qədər nitqini bu şəkildə davam etdirir. Onun danışığından heç bir şey başa düşməyən kəndlilər tez-tez ”amin” deyirlər. Sonra naçalnik danışır. Camaat onun da sözlərindən heç nə başa düşmür. Kəndlilər dilmancın və Molla Mövlamverdinin nitqindən də bir şey anlamırlar. Bunların ardınca inspektor danışır. Söz yox, kəndlilər onun dediklərini də lal-dinməz dinləyirlər. İnspektorun nə danışdığını başa düşməsələr də, əsl mərəkə onun nitqi ilə əlaqədar başlayır. İnspektor deyəndə ki, kənd uşaqları bu məktəbdə təhsil almaqla hər bir inzibatçının, hər bir soldatın dilini başa düşəcəklər, camaat ”soldat” sözünü eşidən kimi vahiməyə düşür. Hamı belə düşünür ki, kənd uşaqlarını soldat aparmaq üçün siyahıya almağa gəliblər. Ona görə də kəndlilər öz uşaqlarını camaatın arasından çıxarıb gizləməyə, çar mə’murlarını aldatmağa, rüşvət yolu ilə uşaqların canını siyahıdan qurtarmağa çalışırlar. Hamı təşviş və həyəcan içindədir. qadınların şaxseyi, uşaqların gərmə qalağında gizlədilməsi də bu sözdən sonra, bu sözün törətdiyi vahimə ilə baş verir.

Hadisələrin bu cür qurulması yenə də ədibin yaradıcılığından qırmızı bir xətt kimi keçən ana dili mövzusu ilə bağlıdır. Yazıçı, üst qatda komizm, alt qatda faciə, demək istəyir ki, təşəbbüs qiymətlidir, lakin hərə bir qarışıq jarqonda danışdığı üçün kəndliləri başa sala bilmirlər.

Pyesdəki müəllim Həsənov ”Anamın kitabı” əsərindəki Rüstəm bəyə oxşasa da, daha kəskin satirik tipdir. O öz dilində predpisaniya, smatritel, zvukovoy metod, obrazovannı, tablitsa umnajeniya, qorodskoy şkola, zvukovoy sposob, pazdravit, predmetni urok, klas (otağı), malades, bezabed, dejurni, razboynik, storoj, uçeniye svet, ne uçeniye tma… kimi söz və ifadələr işlədir, kəndlilərlə dil tapa bilməməsinin səbəbini belə izah edir: ”Kərbəlayı, doğrusu budur ki, mən səni başa sala bilmənəm. Səbəb bu ki, sən mən oxuduğum dili və elmləri bilmirsən; sən seminariya qurtarmamısan.”

Dil məsələsi, ümumxalq dilinə münasibət C. Məmmədquluzadəni ömür boyu düşündürmüşdür. İlk böyük əsəri ”Danabaş kəndinin əhvalatları”nda ”ərəb dərsində özünü çox güclü” bilən molla ilə lağlağı Sadığın qarşılaşdığı səhnə ədibin bədii yaradıcılıqda dil mövzusunu işləməsinin, həm də demək olar ki, həmişə bu mövzunu satirik planda işləməklə ana dilinin isti axarının qarşısını kəsmək istəyənləri satiranın haça dili ilə zəhərləməsinin ekspozisiyası sayıla bilər. ”Ayama” sözünü ”avam sözü” adlandıran mollanın simasında ana dilini bəyənməyən, ərəb dilinə bələd olmadığı və bu dildə ən zəruri məfhumların adlarını belə bilmədiyi halda, bu dildə camaatın gözünə kül üfürməyə çalışan, bu dilin ”böyüklüyünü” təbliğ edən ruhanilərin gülünc vəziyyətə salınması ibrətamiz olub, ədibin sonrakı nəsr əsərlərində də davam etdirilmişdir. Yazıçı sovet dövründə yazdığı bir sıra nəsr əsərlərində dilin və dilçiliyin mühüm məsələlərinə toxunmuş, ”Sirkə” və ”Şe’r bülbülləri” hekayələrini isə bütövlükdə ana dilinin bə’zi aktual məsələlərinə həsr etmişdir.

* * *

XX əsrin əvvəllərində, hətta Sovet hakimiyyətinin ilk illərində də bə’ziləri Azərbaycan dilində xüsusən söz sonunda ”x” səsinin varlığını inkar edirdilər. Bu səsin əleyhdarları onun milli ədəbi dilimizə yabançı olduğunu, tərkibində ”x” işlənən bir çox xalis Azərbaycan sözlərində guya əslində ”x” deyil, ”q” olduğunu iddia edirdilər. C. Məmmədquluzadə 1925-ci ildə ayrıca kitab halında nəşr etdirdiyi ”Sirkə” hekayəsini belələrinə cavab məqsədilə yazmışdır.

Hekayədə dörd ədib təsvir olunur. Ədiblərdən biri — Əhməd Fitrət təzə kütüm balığı aldığını xatırladıb, o biri ədibləri evinə qonaq də’vət edir. Bişirilmiş təzə balıq süfrəyə qoyulduqda ədiblər arasında ”balıq” sözünün tələffüzü ilə əlaqədar mübahisə başlayır. Hamı bu sözün ”balıx” şəklində tələffüzünü düzgün sayır, lakin Əhməd Fitrət bu fikrə qəti e’tiraz edir, ədibləri ”ata-baba tələffüzünə” uymaqda, ”dilin qanununu bilməməkdə” təqsirləndirir: ”Mərhum atamız, doğrudur, balıx deyibdir, amma biz gərək balıq deyək, nəinki balıx. ” Onun fikrincə, ümumxalq tələffüzü ilə ədəbi tələffüz ciddi şəkildə fərqlənməli imiş: ”… nə bir qanun tanıyırıq, nə bir ahəngə tabe oluruq, elə başımızı aşağı salıb Kəblə Məhəmməd Cəfər və Fatma xalalar kimi deyirik, elə ata-babalarımız və cici-bacılarımız deyən kimi, biz də gərək balığa balıx deyək?” Əhməd Fitrət heç kəslə razılaşmır və ”Asimbəyin dil barəsində tətəbüatını” şərh etməyə çalışır. C. Məmmədquluzadə hekayənin həmin hissəsində ”burada ana dilinin nə dəxli var?” deyən Əhməd Fitrətin sözünü yarımçıq kəsir və ”balıx-balıx” deyən ev yiyəsi qoca arvadın—ananın sözlərini verir. Yazıçı bu gözlənilməzliyi qəsdən qurur və demək istəyir ki, dilə zorla qanunlar calamağa çalışan asimbəyləri bir kənara atmaq, ananı, bu dili yaşadanları dinləmək lazımdır.

Ədib sonralar türkoloji qurultayla əlaqədar bu məsələyə yenə toxunmuşdur. 1

O vaxtdan keçən müddət ərzində orfoqrafiya qaydalarına dəfələrlə baxılmış, orfoqrafiya və orfoepiya normaları dəqiqləşdirilməklə yanaşı, onların yaxınlaşmasına, fərqlərinin azaldılmasına xeyli sə’y edilmişdir.

Orfoqrafiyanın xəlqiliyi və demokratizmi fonetik prinsiplə daha çox bağlıdır. İndiki orfoqrafiyamızda isə fonetik prinsip aparıcı rola malikdir. ”X” səsinin, ümumxalq dilində olduğu kimi, sözün tərkibində hər üç vəziyyətdə —əvvəldə, ortada, təkhecalı və bə’zi çoxhecalı sözlərin sonunda qanuni şəkildə işlədilməsi və bu halın orfoqrafik cəhətdən təsbit edilməsi geniş xalq kütləsinin tələffüz tərzini rəhbər tutanların, o cümlədən görkəmli ədibimizin böyük qələbəsidir.

Lakin burada bir məsələ də var: hörmətli ədibimizin misal gətirdiyi ”balıx”sözü və bu qəbildən olan ”otax”, ”papax”, ”yatax” tipli sözlər orfoqrafiya qaydalarına görə yenə balıq, otaq, papaq, yataq şəklində yazılır. Orfoqrafiyamızın bu cəhətini nəzərə alaraq, oxucu güman edə bilər ki, Əhməd Fitrət ”balıq” deyəndə haqlı imiş. Halbuki ədib bu sahədə Əhməd Fitrətə hüsn-rəğbət bəsləməmiş, onu ədəbi dili sün’i surətdə xalq dilindən təcrid etməyə çalışanların nümayəndəsi kimi, satirik planda vermiş, tənqid etmişdir.

Bu başdan qeyd etməliyik ki, C. Məmmədquluzadənin bu sahədə duyğusu xəlqiliklə yanaşı, elmi-filoloji cəhətdən də tamamilə məntiqidir və dilçilikdə öz hökmünü saxlamaqdadır.

Hekayədə yazıdan deyil, tələffüzdən söhbət gedir. ”Q” yazılmasına baxmayaraq, hamı balıq, papaq, yataq, otaq tipli sözlərin sonunda ”x” tələffüz edir və orfoepiya qaydalarından danışan görkəmli mütəxəssislər — Ə. Dəmirçizadə, Ə. Əfəndizadə və başqaları bu cür tələffüzü elmi cəhətdən düzgün hesab edirlər.Bu, C. Məmmədquluzadənin istəklərinə də tamamilə uyğundur: ”Mən ölüm, ay Əhməd Fitrət, o yediyin balığın adını ata-ananız balıx qoyub, sən də elə balıx de, balıq demə.”

Bu cür sözlərin imlasına gəlincə, başqa bir məsələ ortaya çıxır. Bir az əvvəl deyildiyi kimi, belə sözlərin sonunda ”q” yazılır və məktəb dərsliklərində söz sonundakı ”q”-nin iki sait arasında ”ğ”-yə keçməsindən danışılır. Həm ”q”, həm də ”ğ” cingiltili samitdir. Belə olduqda, bir cingiltili samitin başqa bir cingiltili samitə keçməsinin (q > ğ) nə mə’nası varmış? Başqa samitlərdə belə bir hal, belə bir qanunauyğunluq müşahidə olunmur.

Dilimizdə cingiltiləşmə adlanan möhkəm bir qanun vardır və bu qanuna əsasən bə’zi çoxhecalı sözlərin sonunda işlənən b, d, c, z səsləri bir qədər karlaşmış tələffüz edilir, lakin əlverişli şəraitə — iki sait ara-sına düşdükdə öz əslinə qayıdır, cingiltili əslini bərpa edir. Bu qanuna əsasən, fərz edək ki, balıq, papaq, otaq… sözlərinin sonundakı ”q” karlaşmış ”k” səsidir (Əhməd Fitrət məhz bu cür iddia edir) və bu səs qayda üzrə iki sait arasında yenə cingiltiləşə bilər. Cingiltiləşmə ilə əlaqədar belə bir qanunauyğunluq da var ki, hər bir karlaşmış səs cingiltiləşərkən başqa səsə deyil, mütləq onunla məxrəc e’tibarilə eyni olan səsə — öz cingiltili qarşılığına (məsələn: t — d-yə, ç — c-yə və s. ) çevrilməlidir. Lakin ”balıq” sözünün sonundakı ”q” səsi sanki bu qanuna tabe olmur. Əgər burada həqiqətən ”q” karlaşsa idi, əlverişli şəraitdə yenidən ”q” səsinə çevrilməli, ”ğ”-yə keçməməli idi; çünki ”q” və ”ğ” tamamilə başqa məxrəcli səslərdir: ”q” dilarxası, ”ğ” dildibi-boğaz samitidir; birincisi kipləşən, ikincisi sürtünəndir. Dilarxası samitin dildibi-boğaz samitinə çevrilməsi qanunauyğun deyildir.

Əgər biz də böyük ədibimiz C. Məmmədquluzadə kimi, canlı tələffüzü, ümumxalq ifadə tərzini, nəhayət, orfoepik tələffüzü əsas götürsək, məsələ asanlıqla həll edilmiş olar: balıq, papaq, otaq… sözlərini hamı balıx, papax, otax… şəklində tələffüz edir və bu cür tələffüz orfoepik cəhətdən düzgün hesab olunur. ”X” səsinin cingiltili qarşılığı ”ğ”-dir. Sürtünən səs olduğundan ”x”-nin tələffüzü zamanı ”k”-ya nisbətən nitq aparatı asan işləyir və buna görə də ”balıq” tipli sözlərin sonunda bir qayda olaraq ”x” tələffüz olunur. Xalis Azərbaycan sözlərində söz sonunda ”x”-nin ”ğ”-yə keçməsi isə tamamilə təbii və qanunauyğundur. Bütün bunlar göstərir ki, ”x” ilə tələffüz edilən və bu cür tələffüzü hər cəhətdən doğru sayılan bir səsin imlasını müəyyən şəraitdə — ”balıq” tipli sözlərin sonunda tarixi-ən’ənəvi prinsipə görə ”q” ilə sabitləşdirmiş olsaq da, əsl mahiyyət canlı xalq dilində C. Məmmədquluzadənin müşahidə etdiyi şəkildə qalır və böyük ədibin həqiqəti müşahidə qabiliyyətinin son dərəcə güclü olduğunu bir daha sübut edir.

”Şe’r bülbülləri”ndə kosmopolit ziyalılar, milli heysiyyətini itirmiş anlaşılmaz şe’r həvəskarları satira atəşinə tutulmuşdur. Müəllif o ziyalıların nadanlığına gülür ki, onlar Azərbaycan xalqının ruhuna yabançıdır, ərəb, fars, osmanlı dili və ədəbiyyatını zorla Azərbaycan mədəniyyətinə calamaq istəyirlər, o ziyalıları ifşa edir ki, onlar xalq üçün real əhəmiyyəti olmayan, real zəminlə bağlanmayan, dili qəliz ərəb, fars söz və tərkibləri ilə doldurulduğundan xalqın anlamadığı bayağı şe’r nümunələrinin aşiqidirlər, təbliğatçısıdırlar. Bu cür tənqid kök e’tibarilə M. F. Axundovun estetik görüşləri ilə bağlanır. C. Məmmədquluzadə də öz böyük ustadı kimi, ədəbiyyatı real həyatla bağlamaq, onun dilini sadələşdirmək, xəlqiləşdirmək, xalqın həqiqi xidmət vasitəsinə çevirmək istəyirdi. Buna görə də əsərdə məzmunsuz, ideyasız, forma və dil e’tibarilə xalq ruhuna yabançı olan şairlər və onların şe’rləri məsxərəyə qoyulur. Ədibin adını çəkmək istəmədiyi ”köhnə dostu” ”qüdəmayi-şüərayi-Azərbaycan Yeldainin divanı”nı və ”cahiliyyə əsrinin girənbaha şairi Səqərül-Qadirinin ”Məcməün-nəbiqə” əsərini tapıb baha qiymətə aldığı üçün olduqca sevinir. ”Şe’r bülbülləri” də bunlardır. Hə təhkiyyəçi-ədib, nə də şe’r bülbülləri aşiqinin texnikom tələbəsi olan oğlu və arvadı bu şe’rlərdən heç bir şey anlamırlar. Amma ədibin köhnə dostu oxuyur və ”ağzının köpüyü stəkan-nəlbəkiyə sıçraya-sıçraya” tə’rifləyir: ”Pəh-pəh!. . Hə qədər məziyyət! Zalım oğlu qiyamət eləyib!

Sima tühaf, nə yəşanir, olubdu xəlhə dilbər,

Ümuri-ğərb zəraf nə kar-kur səfihan.

… Demək, burada ”ğərb” kəlməsi ”ğayın”ın fəthi ilə soğan qabığını mə’na edir, ”ğayın”ın zəmmi ilə haman gül ağacıdır ki, şair onun qönçələrini öz yarına ehda etmək istəyir. ”

Bütün hekayə ev yiyəsinin oxuduğu bu cür şe’rlərin mə’nasızlığının satirik ifşası üzərində qurulmuşdur. Yazıçı demək istəyir ki, Yeldai və Səqərül-Qadiri kimi şairlər çoxdan ərəbləşiblər, onlar bizim xalqa heç nə verməyiblər və verə də bilməzlər.

Ədib gözlənilməz qarşılaşdırma üsulundan istifadə edərək, qonşu otaqda eşidilən gözəl xalq nağılını ”Şe’r bülbülləri”nə qarşı qoyur, bu nağılın şirin dili Yeldaini, Səqərül-Qadirini də unutdurur — bu cəhət dil və məzmun məsələsidir. Evdə qəflətən işıq sönür və şe’r dəlisinin oğlu işıqları düzəltdikdən sonra eyhamla deyir: ”Hə, dədə, nə olar ki, bir dəfə də bu çıraqları sənin o qəribə şairlərin yandıralar” — bu isə Yeldai və Səqərül-Qadirinin cəmiyyətin indiki inkişafı üçün heç bir praktik qiymətə malik olmadığının sübutu üçündür. Bütün bunlar göstərir ki, feodal ətalətinə səbəb olan ”şe’r nəş’əsi” və yabançı şe’r dili Mirzə Cəlilin ən çox nifrət bəslədiyi və daim satira qüvvəsi ilə yox etmək istədiyi mə’nəvi bəlalardandır.

İndi milli ədəbi dilimizin çox mühüm cəhətlərindən biri onun canlı xalq dilinə son dərəcə yaxınlığıdır. Xalqımız, bu sahədəki xidmətlərinə görə, Mirzə Cəlili həmişə olduğu kimi, anadan olmasının yüz illiyi günlərində də hörmətlə yad edir.

1967