Qəzənfər KAZIMOV, professor
Mətnin k o m p o n e n t l ə r i dedikdə, onun tərkibinə daxil olan cümlələr nəzərdə tutulur. Sintaktik bütövlərin tərkibində cümlələr müxtəlif vasitələrlə əlaqələnir. Şifahi nitqdə ən universal vasitə i n t o n a s i y a d ı r. Sintaktik bütöv daxilində hər bir cümlə yüksələn tonla başlayır, sonra ton tədricən alçalır və fasilə ilə kəsilir. Fasilə yazıda nöqtə və ya nöqtə hüququnda sual və nida işarələri ilə qeyd olunur. Qayda üzrə, sintaktik bütövün sonunda ayrı-ayrı cümlələr arasındakı fasiləyə nisbətən daha uzun, daha aydın fasilə olmalıdır. Lakin çox zaman bir sintaktik bütöv o birinin – özündən əvvəlkinin içərisində doğulduğundan qeyd edilən fasilə mümkün olmur.
Mətnin komponentlərini əlaqələndirən başqa vasitələr də vardır. Sintaktik bütövü təşkil edən cümlələrin xəbərlərinin əksərən zamanca uyqunluğu, əvəzliklərdən, sinonim vasitələrdən istifadə, paralelizm, cümlənin əvvəlində işlənərək onu mətnin əvvəlki cümlələri ilə əlaqələndirən tabesizlik və tabelilik bağlayıcıları, uyğun söz sırası, mikrotemanın təkrarlar vasitəsilə şərhi və s. belə vasitələrdəndir. Aşağıdakı sintaktik bütövə diqqət yetirək:
Gün qüruba əyilmişdi. Kirs dağının üstünə toplaşan qara buludlar bir-biri ilə vuruşan əjdahalara oxşayırdı. Amma o əjdahalarda güc, taqət qalmamışdı. Tökülən qanları özlərini və səmanı qan rənginə boyamışdı. İndi daha yavaş-yavaş, halsız-halsız bir-birlərinə ağız atır, quyruqlarını, qanadlarını uzadıb çəkir, elə bil, can verirdilər. Onların arxasında isə nəhəng bir kürədən çıxan, məcməyiyə oxşayan günəş, elə bil, qanlı döyüşdən qorxub Kirs dağının arxasında gizlənib yaxasını qurtarmağa çalışırdı. (F.Kərimzadə)
Günəşin qürubu mikroteması üzərində qurulmuş bu sintaktik bütöv altı sadə cümlədən ibarətdir. İlk cümlə mikrotemanın başlanğıc cümləsidir: Gün qüruba əyilmişdi. Ortadakı dörd cümlə mövzunun inkişafı, açılışı ilə bağlıdır. Son cümlə sintaktik bütövün nəticəsidir, onu qapayan cümlədir, çünki başqa sözlə yenə də günəşin qürubda olduğu ifadə edilmişdir. İlk cümlədən sonrakı üç cümlə vasitəsilə qürubun daha geniş və obrazlı təsviri verilmişdir: buludların sakit və yorğun hərəkəti, qan rəngi qürub əlamətləridir. Bu cümlələrdə ilk cümlədəki gün və qürub sözləri təkrar edilməsə də, qürub mənzərəsinin bu cür təsviri yalnız günəşi və qürubu yada salır. Ortadakı dördüncü cümlə də günəşin qürubu ilə əlaqədar tədricən buludların hərəkətinin ləngidiyini göstərir. Bütün cümlələrin fe`li xəbərləri, demək olar ki, eyni şəkildə – xəbər formasının indiki və keçmiş zamanının hekayəsindədir. Zaman uyuşmaları ilə yanaşı, sinonimlik, məcazilik də cümlələri bir-birinə bağlamışdır. Orta-inkişaf cümlələrinin birincisində qara buludlar əjdahalara bənzədilir. Buna görə də ikinci cümlədə bulud əvəzinə, cümlənin subyekti kimi əjdaha sözü işlədilir. Bulud və əjdaha sözləri bu məqamda sinonimləşərək sonrakı cümləni əvvəlkinə bağlayır. Bu sahədə ikinci cümlənin əvvəlində işlənmiş amma tabesizlik bağlayıcısının da mühüm rolu vardır. Üçüncü cümlədə batmaqda olan günəşin buludları qırmızı rəngə boyaması ilə əjdahaların vuruşmasından tökülə bilən qanlar assosasiya əsasında sonrakı cümlənin subyektinə çevrilir. Dördüncü cümlədə artıq bulud-əjdahaların adı çəkilmədən vəziyyəti təsvir edilir. Həmin cümlənin əvvəlkinə bağlanmasında determinant zaman zərfliyinin (indi sözü) situasiya ilə bağlı köməyi vardır . Son cümlədə bütün bu prosesləri doğuran günəş isə bağlayıcısının köməyi ilə yenidən ilk cümlə ilə bağlanır və mikrotemanı yekunlaşdırır. Bir neçə cümlədə işlənmiş elə bil ara sözü də komponentləri əlaqələndirən vasitələrdəndir. Gün, günəş, qürub sözləri yalnız ilk və son cümlələrdə işlənsə də, bütün mətn günəşin qürubunun təsvirinə həsr olunmuşdur. Müəllifin üslubu elədir ki, sintaktik bütövün bütün cümlələrində üzvlər “mübtəda – xəbər”, “mübtəda zonası – xəbər zonası” şəklində sıralanmışdır.
Sintaktik bütövlərin həmişə bu şəkildə qurulması məcburi deyildir. Mətnin məzmunundan, temasından, müəllifin üslubundan, yazı manerasından, əsərin forma və janrından asılı olaraq sintaktik bütövlər başqa cür də qurula bilər. Əks sıradan, başqa zaman-növ formalarından, başqa bağlayıcı vasitələrdən istifadə oluna bilər. Hər şey mövzudan, janrdan və mьəllif üslubundan asılıdır. Lakin qayda üzrə mikrotemanın hüdudları gözlənilməlidir.
Sintaktik bütövlərin sərhədlərini müəyyənləşdirmək bir çox hallarda çətinlik törədir. Elə düşünmək olmaz ki, hər hansı bir makromətndə sintaktik bütövlər ardıcıl şəkildə düzülmüşdür. Bir mikromətnin elementləri digər mətnin içərisində doğulur, mətnlər çarpazlaşır, bə`zən üst-üstə düşür, ona görə də mikromətnlərin sərhədləri bə’zən aydın görünmür. Bə`zi mikrotemalar bir-iki cümlə ilə başa çatdığı halda, bə`ziləri bütöv səhifələrlə yer tutur, müəllif eyni mövzuya bir neçə dəfə qayıda bilir, hər dəfə mövzunu yeni çalarlarla izah edir. Mövzu mövzuya qarışır. Mövzunun da kiçiyi və tutumlusu var, müəllif istəyindən, müəllifin savad və bilik dərəcəsindən, dünyagörüşündən asılı olaraq, mövzu ilə davranmaq, onu lazımi nisbətdə şərh etmək qabiliyyəti var. Ötəri toxunmaq, ətraflı şərh etmək istəyi var. Müəllif üslubunun zəifliyi, naqisliyi və eyni zamanda kamilliyi, səlisliyi kimi məsələlər var. Buna görə də hər mətnə eyni cür baxmaqla ümumi nəticələrə gəlmək mümkün deyildir. Üslubun, janrın, bədii və elmi əsərin bəsitliyinin, kamilliyinin, dərinliyinin bu sahədə böyük əhəmiyyəti var. Bütün bunlar mikromətnin sərhədlərini dərhal görməyə imkan vermir. Elə buna görə də bir sıra dilçilər (L.Q.Fridman, M.Z.Zəkiyev və b.) belə bir qənaətə gəlmişlər ki, mikromətnin dəqiq başlama və qurtarma sərhədi ola bilməz. Bir sıra dilçilər sintaktik bütövlər üçün sərhəd cızmağın vacib olmadığını bildirmişlər. Lakin bir halda ki, dilin söz birləşməsi və ya cümlə kimi, lakin onlardan böyük bir sintaktik vahidindən söhbət gedir, onun sərhədləri olmalıdır, onun nə ilə başlayıb nə ilə qurtardığı, başqa dil vahidlərindən nə ilə fərqləndiyi bilinməlidir. Bu cəhətləri nəzərə alan dilçilər sintaktik bütövlərin sərhədini müəyyənləşdirmək üçün müxtəlif prinsiplər irəli sürmüşlər. Bə`zi alimlərin fikrinə görə, mətnin sərhədlərini fonoloji cəhətə əsasən, yə`ni sintaktik bütövün başa çatdığını göstərən daha aydın pauzaya əsasən müəyyənləşdirmək olar (xarici dilçilərdən V.Dressler bu fikirdə olmuşdur).3 Mətn sintaksisi ilə məşğul olan dilçilərdən Ə. Xəlilov sintaktik bütövün təşkilində daha böyük rolu olan mərkəzi cümləni tapıb, təhlili onun üzərində qurmağı məsləhət görmüşdür: ”Mərkəzi cümlənin izahına xidmət edən (mərkəzi cümlədən həm əvvəl, həm də sonra işlənən cümlələr nəzərdə tutulur – Q. K. ) cümlə və ya cümlələr qrupunun sərhədləri mürəkkəb bütövün sərhədləri ilə üst-üstə düşür”.4
Mətn sintaksisinin tədqiqatçılarından K. Abdullayev sintaktik bütövlərin sərhədlərini müəyyənləşdirmək üçün cümlənin strukturuna əsaslanmağı, cümlənin mühüm bir xarakter əlamətini mətnə tətbiq etməyi lazım bilmişdir. Müəllifin müəyyənləşdirdiyi bu prinsip türk dillərinin xarakterinə uyğundur və türk cümlə quruluşunun çərçivəliliyi prinsipinə əsaslanır:”Mütəxəssislər qeyd edirlər ki, ulu türk dilində cümlə məhz çərçivəli konstruksiyaya malik olmuşdur. O konstruksiya belə sxemləşdirilə bilər: mübtəda – ikinci dərəcəli üzv – xəbər – mübtəda”.5 Cümlənin çərçivəli quruluşunun son elementinin mübtəda olması barədə fikrində müəllif tam haqlıdır, çünki şəxs şəkilçilərinin şəxs əvəzliklərindən törəmiş olduğuna heç kəsdə şübhə yoxdur. Elə buna görə də müəllif yazır:”Cümlənin əvvəlində işlənən mübtəda nitq axarının hansı nöqtəsində qrammatik abstraklaşmaya mə`ruz qalaraq təkrar olunursa (yə`ni cümlənin əvvəlindəki subyekt ideyası sonda şəxs şəkilçiləri ilə təkrar olunursa – Q. K. ), o cümləyə nöqtə qoymaq olar”.6 Müəllifin fikrinə görə, hər bir cümlə başlanğıc, orta və sonluqdan ibarət olduğu, çərçivəli quruluşda olduğu kimi, hər bir mətn də bu cür başlanğıca, orta hissəyə və sonluğa malik olmalıdır və mətnin sərhədlərini bu yolla müəyyənləşdirmək mümkündür:”Mətni də eynilə cümlə kimi başlanğıc, orta və son mərhələlərə bölmək mümkündür. Mətnin başlanğıcı sanki bütün mətn quruluşunun əsas, tematik düyününə çevrilir, başqa sözlə, bu başlanğıc sanki cümlə quruluşundakı mübtədanın, yə`ni subyekt ideyasının yerinə yetirdiyi funksiyanı yerinə yetirir. Mətnin başlanğıcı, adətən, ümumi girişlə xarakterizə olunur ki, bu ümumi giriş də mətnin qurulması prosesi boyu tədricən konkretləşdirilir… mətnin başlanğıc mərhələsi formal baxımdan tam və ya natamam şəkildə nitq axarında təkrar edilir”, yə’ni son cümlə (və ya cümlələrlə) tamamlanır. 7
K. Abdullayevin təklif etdiyi bu analoji metod sintaktik bütövün strukturunu tam əhatə edir. Analogiyada subyekt ideyası və sonda onun təkrarı ilə cümlənin və mətnin qapanması əsas götürülür. Ə.Xəlilovun təklif etdiyi mərkəzi cümlə ideyası bu ideyanın bir növ əksinə qurulmuş, lakin mahiyyət e`tibarilə uyğun formasıdır. Aydın olur ki, ümumiyyətlə, sintaktik bütövlərin sərhədlərini müəyyənləşdirmək üçün qeyd edilən prinsiplərin hər biri faydalıdır və sintaktik bütövlərin hüdudlarını müəyyənləşdirərkən bunların hamısından istifadə etmək olar.
Sintaktik bütövlərin sərhədlərinin müəyyənləşdirilməsi onun semantik sərhədlərinin öyrənilməsi əsasında mümkündür: mikrotema harada başlayır, nə şəkildə davam və inkişaf etdirilir, harada qurtarır. Bu hal onunla bağlıdır ki, sintaktik bütövlərin müstəqil strukturu olduğu kimi, semantik bütövlüyü də olur. Mətnin strukturu mikrotemanın semantik açılışı prosesində qurulur. Mikrotema haqqında mə`lumat verilən ilk cümlə onun sol sərhədini, son cümlə isə onun sağ sərhədini təşkil edir.
Sintaktik bütövlər məzmun və quruluşuna görə s t a t i k, dinamik və q a r ı ş ı q olmaqla üç növə ayrılır.
Statik sintaktik bütövlərin komponentlərinin xəbəri çox vaxt eyni quruluşlu ismi xəbərlərdən ibarət olur. Xəbərlər eyni zamanlı müxtəlif fe`l formaları ilə də ifadə oluna bilir. Komponentlərin paralelliyinin də bu sahədə rolu vardır. Məsələn:
Əynində ütülü pencək-şalvar, boynunda rezin saplaqlı qalstuk… Qulu da belə şofer idi və dünyada belə bir şoferin də olmağına bu balaca şəhərdə heç kəs təəccüb eləmirdi. (Ə.Əylisli)
Dinamik sintaktik bütövlərin komponentlərinin xəbərləri adətən fe`li xəbərdən ibarət olur və fe`li xəbərlər bir-birini əvəz edən müxtəlif iş və hadisələri bildirir. Bu cür mətnlərin qurulmasında həlledici vasitələr deyktik əvəzliklər, sinonim əvəzetmələr, təkrarlar və s.-dir. Məsələn:
Atası oğlunu həvəsləndirdi. Hər ikisi oxlarını hazırladılar. Qazlar uçub onların başı üstünə gələndə lələk olan oxlar yaylardan ayrıldı. Vıyıltı ilə yuxarı uçdu. Ordugahda heyrət nidaları qalxdı. Qazların ikisi də sinələrindəki oxlarla bərabər hərlənə-hərlənə gəlib yerə düşdü. (F.Kərimzadə)
Üçüncü cümlədə determinant zaman zərfliyi (qazlar uçub onların başı üstünə gələndə), son cümlədə tərz zərfliyi (sinələrindəki oxlarla bərabər hərlənə-hərlənə) nəzərə alınmazsa, cümlələr eyni quruluşludur, eyni ahəngdarlığa malikdir. Bütün cümlələrin xəbərləri (həvəsləndirdi, hazırladılar, ayrıldı, uçdu, qalxdı, düşdü) fe`li xəbərlərdən ibarətdir və hər biri yeni bir işi, hərəkəti ifadə edir. Birinci cümlədəki atası oğlunu (həvəsləndirdi) sözləri ikinci cümlədə hər ikisi sözləri ilə əvəz edilmişdir. Əvvəlki cümlələrdəki həvəsləndirdi, hazırladılar sözləri üçüncü cümlədəki oxlar yaylardan ayrıldı, vıyıltı ilə uçdu sözləri üçün zəmin yaratmışdır. İşin nəticəsi heyrət nidalarından bilinir. Heyrət nidalarına səbəb isə sinəsində ox olan qazların yerə düşməsidir. Üçüncü cümlədəki ox sözü dördüncü cümlədə təkrar edilməsə də, intonasiya və situasiya ilə bilinir.
Sintaktik bütövlərin qarışıq növündə həm dinamik, həm də statik formalardan istifadə edilmiş olur. Məsələn:
Səhərisi gün Rüstəm kişinin həyətində xeyli qız-gəlin var idi, xeyli arvad-uşaq var idi və bundan əlavə, bir dünya dumduru gün işığı da var idi ki, bir sarı xalça kimi həyətin dörd bir yanına sərilmişdi və o sarı xalçanın üstündə samovar qaynayırdı, ocaq tüstülənirdi, adamlar gəzişirdilər. Gün işığı Rüstəm kişinin həyətində günortayacan qaldı. O işıqda tarçı Vəli günortayacan tar çaldı. O işıqda günortayacan qızlar, arvadlar oynadılar, uşaqlar qaçışdılar, samovar qaynadı və ocaq tüstüləndi… Nahardan sonra ocaq söndü, amma günün işığı hələ çəkilməmişdi… (Ə.Əylisli)
Mikrotema “həyətdə gün işığı”dır – cümlələrdə gün işığı, sarı xalça, işıq, günün işığı şəkillərində ifadə olunmuşdur. Cümlələrin bir qismi (birinci cümlənin ki bağlayıcısına qədərki birinci yarısı və ikinci cümlə) statik, bir qismi dinamik xarakterdədir. Komponentlərin əlaqələnməsində təkrarların (o işıqda, var idi) rolu böyükdür.
Beləliklə, sintaktik bütövlər “söz birləşməsi – sadə cümlə – genişlənmiş sadə cümlə – mürəkkəb cümlə – qarışıq tipli mürəkkəb cümlə – sintaktik bütöv” silsiləsində sintaktik layların, sintaktik yarusun ən böyük vahididir. Əsl bitkin fikir sintaktik bütövlər vasitəsilə ifadə olunur. Biz fikirlərimizi bir-birindən təcrid olunmuş ayrı-ayrı cümlələrlə deyil, sintaktik bütövlərlə tamamlamış oluruq.
Sintaktik bütövlər həm dil, həm də nitq faktı kimi öyrənilir. Hər bir mətn müəyyən model əsasında qurulur. Modelin strukturu mə`lumdur: mikrotema haqqında ümumi mə`lumat verilir, sonra həmin mə`lumat genişləndirilir, tə`minedici şəkildə şərh edilir və sonda yekunlaşdırılır. Bu, modelin semantik tərəfidir. Müəyyən bir temanın həmin model əsasında qurulması üçün leksik vasitələr, söz birləşməsi və cümlə modelləri vardır. Eyni zamanda sözləri, sцz birləşmələrini və cümlələri əlaqələndirmək üçün leksik-qrammatik vasitələr (bağlayıcılar, modal sözlər, deyktik, prosodik vasitələr və s.) vardır. Bütün bunlar mətnin qurulmasına xidmət edən dil vasitələridir. Lakin danışan (və ya yazan) şəxs tərəfindən seçilmiş mikrotemanın bu ümumi prinsiplərə əsaslanmaqla necə qurulması, xüsusidən ümumiyə və ya əksinə getməsi, hansı cümlə strukturlarına (sadə və ya mürəkkəb, cüttərkibli və ya təktərkibli, müxtəsər və ya geniş, nəqli və ya ritorik və s.) əsaslanması, deyktik və prosodik vasitələri, bağlayıcı və modal sözləri necə seçməsi onun nitqini fərdiləşdirir, mətnin mə`lum modelinin fərdi nitq təzahürünü formalaşdırır. Misala diqqət yetirək:
Aləmşahbəyimin ürəyi sıxıldı. Qızıl gülün əyilmiş yarpağına oxşar dodağını inci parıltılı dişlərinin arasında sıxdı. Qəhər onu boğdu. Sonra bu qəhər əridi, suya çevrildi, ürəyinə axdı elə bil. Daha bu, sevincdən deyildi. Özünü zorla ələ aldı. (F.Kərimzadə)
Atasını itirmiş, anası Aləmşahbəyim, qardaşları və xidmətçiləri Səkinə ilə qalada dustaq olan yeddi yaşlı körpə İsmayıl Savalan dağının zirvəsinə çıxıb “Bu yanda Təbrizi, o yanda Dəmir qapı Dərbəndi” görmək istədiyini bildirdikdə ananı sevinc yaşları boğur, lakin İsmayıl qəflətən “Məni Savalana kimi apar, ətəyinə çatdır, özüm qalxacağam” dedikdə bir an əvvəlki sevinci dəhşətli bir qorxu, dərd və qəhər əvəz edir. Körpə İsmayıl dustaq olduqlarını bilmir. Şeyx Heydər qətlə yetirilib. Ağır və dəhşətli kədər içərisində ana bu körpə aslanın böyük arzularının qarşısına çəkilmiş nəhəng sədləri görür, İsmayılın dediklərini bir rəmz kimi başa düşür: “Sən məni qoru, müəyyən yaşa çatdır, zirvələri özüm qalxacağam”. Saxlamaq olacaqmı? Düşmənlər əhatəsində, düşmənlərin özləri tərəfindən “ağızda dil, gözdə gilə kimi qorunan” bu ailəni xilas edib, İsmayılı Savalanın ətəklərinə qədər aparmaq mümkün olacaqmı?
Yazıçı bu sualların heç biri ilə məşğul olmur. İsmayılın yuxarıdakı sualından sonra sevinc anında ananın ürəyinin qəfil sıxıldığını qeyd edir. Deməli, sevinc kədərə çevrilir. Qızıl gül yarpağını andıran dodağını inci dişləri arasında sıxması, yaranmış dəhşətli qəhər, ürəyə axan göz yaşları bu çıxılmaz vəziyyətin – kədərin, qorxunun obrazlı təsviridir. Özünü güclə ələ alması nəticədir. Mikrotemanın ifadəsi üçün altı sadə cümlədən istifadə edilmişdir. Elə bil modal sözü istisna olmaqla, cümlə üzvləri düz sıra ilə yerləşdirilmişdir. İkinci cümləyə mübtəda kimi o sözünü artırmaq olardı, müəllif artırmayıb. Beşinci cümlədəki deyktik bu sözü bütövlükdə əvvəlki cümləni əvəz edir. Mətnin əlaqələnməsində onu, özünü sözləri ilə yanaşı, xəbərlərin əsasən eyni quruluşda olması da müəyyən rola malikdir. Müəllif mətni bu cür qurmuşdur, lakin eyni sxemi saxlamaqla tam fərqli nitq vasitələrindən də istifadə edə bilərdi, gözəgörünməz səbəb-nəticə əlaqələrinin ifadəsi üçün buna görə də, ona görə də sözlərindən, ancaq və ki bağlayıcılarından, modal sözlərdən də istifadə edə bilərdi. Bütün bunlar (qeyd edilənlərə ehtiyac hiss edilməməsi) müəllifin fərdi nitq üslubudur. Bu üslub aydın dil modeli əsasında qurulmuşdur.
Məhz bu cür hallar nəzərə alınaraq, dilçilikdə mətnin emik (dilə aid) və etik (nitqə aid) səviyyələri, ilkin, dilə aid variantları ilə (invariant) əlavə variantları fərqləndirilir.8
Sintaktik bütövün tərtibi fikrin eksplisit və implisit ifadəsi əsasında mümkün olur. Sintaktik bütövlərdə fikir və hər bir bitmiş fikrin detalları əksərən real şəkildə, müxtəlif nitq vasitələri ilə ifadə olunur (eksplisit ifadə tərzi), lakin bir çox məsələlər mətnin əvvəlki və ya sonrakı cümlələrinə, situasiyaya əsaslandığından mətnin gedişində təsəvvür edilir, dil vasitələri ilə öz ifadəsini tapa bilmir və bir növ “gizli” verilmiş olur (implisit ifadə tərzi). Hər iki forma mikrotemanın açılışına xidmət edir. Məsələn:
Baqqal çarsısına yetişdim və bir qəpiyi uzatdım verdim buz satana. Bu da bir çuxur yerə əlini uzatdı, yarpaqların və samanın altından bir yekə buz parçası çıxartdı, mənim bir qəpiyimə baxdı və buza baxdı. Buzu iki böldü və yekəsini bir kələm yarpağına bükdü, verdi mənə. (C. Məmmədquluzadə)
“Buz” hekayəsindən götürülmüş bu parçada hadisələrin eksplisit təsviri aydındır: danışan şəxs (uşaq) qeyd edir ki, o, baqqal dükanına çatır, baqqala bir qəpik verir, buz satan baqqal çuxur yerdən buz çıxarır, sındırır və yarısını ona verir. Lakin bu mətndə hazırkı halda nitq vasitələri ilə ifadə edilməyən, yalnız təsəvvür olunan məqamlar da vardır: uşaq bir qəpiyi haradan alıb? Buz satan nə üçün buzu çuxur yerdən çıxarır və nə üçün bir qəpiyə baxır, buza baxır, sonra buzu sındırır? Buz uşağın nəyinə lazımdır? və s. Bu parçada müəllif bu sualların heç birinə cavab verməmişdir. Lakin implisit yolla bunların hamısı oxucuya çatdırılmışdır. Oxucu hekayənin əvvəlindən bilir ki, bu bir qəpiyi uşağın xəstə xalasının əri veribdir, buz da xəstəyə lazımdır. Oxucu ümumi həyat təcrübəsindən bilir ki, buzu isti və açıq yerdə saxlamaq olmaz. Və nəhayət, oxucu situasiyadan anlayır ki, baqqal götürdüyü buz parçasının bir qəpiklik olmadığını, çox olduğunu gözayarı müəyyənləşdirdiyi üçün buzu sındırır. Və eyni zamanda uşağın əlini üşütməməsi və ya tez əriməməsi mülahizələri ilə buzu kələm yarpağına bükür. Beləliklə, kiçik bir sintaktik bütövdə deyilənlər qədər də deyilməyənlər vardır. Yazıçının da ustalığı hər iki üsuldan istifadə etməklə fikrini oxucuya estetik keyfiyyətdə çatdırmasındadır.
Dediyimiz kimi, sintaktik bütövlər ayrı-ayrı cümlələrin struktur-semantik bağlılığı əsasında formalaşır. Sintaktik bütövü təşkil edən cümlələr onun k o m p o n e n t l ə r i hesab olunur. O cümlələri mətndən ayırıb təhlil etmək, onun vasitəsilə nə kimi informasiya verildiyini aydınlaşdırmaq da mümkündür. Lakin sintaktik bütövə daxil olan hər bir cümlənin dəqiq və konkret mə`nası yalnız bütövün daxilində düzgün müəyyənləşdirilə bilər. Cümlənin avtosemantik və sinsemantik təhlil üsulları vardır ki, bunlardan birincisində cümlə dil vahidi kimi, öz semantik tutumu əsasında ayrılıqda təhlil edilir, ikinci halda isə cümlənin nitq prosesində başqa cümlələrlə əlaqədə ifadə etdiyi mə`na nəzərə alınır. Məsələn:
Birdən Mirzə Əli cana gəldi. Oğlu qapıda göründü və gözləri ilə işarəsini verdi ki, atasının tapşırığını yerinə yetirib. O (Mirzə Əli), namaz qılırmış kimi Quranın qabağında diz çökdü:
-Qasım bəy, and olsun bu Qurani-Kəbirə, Qurani-Şərifə ki, Şeyx Heydər oğlu İsmayıl Biyəpiş torpağında yoxdur.
Bundan sonra o, Quranı bir daha öpüb yerinə qoydu və ayağa qalxdı. Bu vaxt Lələ bəyin dəmirağacdan asdığı beşikdə uzanan İsmayıl şirin bir yuxuya getmişdi. (F.Kərimzadə)
Əgər mətndən ayırıb təhlil etsək, bu cümlələrin əksəriyyətinin leksik semantikası ilə bağlı suallar meydana çıxar:
Birdən-birə Mirzə Əli niyə cana gəldi? “Oğlu” kimin oğlu idi və hansı tapşırığı yerinə yetirmişdi? Kişi niyə Qurana and içir? Həqiqətənmi Şeyx Heydər oğlu İsmayıl Biyəpiş torpağında yox idi? Son cümlədəki “bu vaxt” sözü hansı zamanı bildirir? Və s. Lakin bütövlükdə – birlikdə, sintaktik bütöv şəklində bu sualların hamısı aydındır. Bu aydınlığın səbəbi yalnız mikromətn deyil, makromətnin də burada rolu çoxdur: Böyük mərasimdir. Cəllad kimi dayanmış yekəburun, yekəpər, “dananın irtməyini qoparan” Qasım bəy körpə İsmayılı tələb edir. Biyəpiş mahalının hakimi, bütün varlığı ilə Qurana bağlı olan qoca Mirzə Əli Qurana and içməlidir ki, İsmayıl Biyəpiş torpağında yoxdur. Əslində isə İsmayıl Biyəpiş kəndlərindən birindədir. And içmək üçün kələyə əl atan Mirzə Əli oğlunu həmin kəndə göndərib. Qasım bəy Mirzə Əlini əsəbiliklə tələsdirir ki, and içsin. Oğlu qapıda görünəndə o, böyük arxayınlıqla and içmə mərasimini başa çatdırır. Mə`lum olur ki, kənddə İsmayılı torpaqdan qaldırıb dəmirağacdan asılmış beşikdə yatırdıblar. Mirzə Əli sözün hərfi mə`nasından istifadə edərək Qasım bəyi aldadıb yola salır, İsmayılı və Biyəpiş camaatını xilas edir. Mətn içərisində təhlil bütün bunları anlamağa imkan verdiyi üçün əlaqəli təhlil heç bir sual doğurmur. Beləliklə, sintaktik bütöv daxilində hər bir cümlə o birinin semantik imkanlarını üzə çıxarır.
Cümlənin kontekstdən kənar, gizli mə`nası presuppozisional mə`nadır. Presuppozisional mə`na kontekst və situasiya ilə müəyyənləşir. Presuppozisiya, adətən, universal mə`nalara aid olur, onların bilavasitə nitq vasitələri ilə ifadəsinə çox zaman ehtiyac olmur. Məsələn, Biz sabah Moskvaya uçuruq – cümləsinin presuppozisiyası təyyarə ilə; Mən yalnız maraqlı kitabları oxuyuram – cümləsinin presuppozisiyası Mən hər kitabı oxumuram cümləsidir.9 Fikrin presuppozisional ifadəsi fikrin implisit ifadə tərzidir. Mətnin qurulmasında bu cür ifadə tərzi eksplisit ifadə üsulundan az iş görmür. Birbaşa nitq vasitələri ilə ifadə olunan hökmlərin mə`nası arxasında daha çox mə`nalar gizlənmiş olur. Onların hamısının nitq vasitələri ilə (eksplisit) şərhi bir çox hallarda implisit ifadə tərzindəki zənginliyi və genişliyi ifadə edə bilmir. Lakin bu da var ki, presuppozisional ifadələrin dərk olunma dərəcəsi oxucunun savad və bilik dərəcəsi ilə bağlıdır.
Qeyd etdiklərimiz bir daha göstərir ki, hər bir mətn onu təşkil edən cümlələrin bir-biri ilə əlaqəsi, bağlılığı əsasında formalaşır. Bilirik ki, sintaksisdə əsas məsələ bağlılıqdır.Bağlılıq nəticəsində söz birləşmələri yaranır; əlaqə və bağlılıq nəticəsində cümlə formalaşır; cümlələr arasında əlaqə və bağlılıq nəticəsində sintaktik bütövlər, mikro və makro mətnlər təşəkkül tapır. Sintaksisin hər bir nöqtəsində özünü göstərən bağlılıq ümumi dilçilikdə ko q e z i y a adlanır (latınca kohaesus – svəzannıy, süeplennıy – bağlı, bağlanmış, qoşulmuş).
Mətn komponentləri arasında sintaktik koqeziya iki cür olur: a) mə`na bağlılığı; b) qrammatik (sintaktik) bağlılıq.
Adətən, dil işarələri sintaktik, semantik və praqmatik cəhətlərdən öyrənilir. Semantika- təsvir edilən obyektlə işarələr sisteminin münasibətlərini, sintaksis- işarələrin öz aralarındakı münasibətləri, praqmatika- işarələr sistemi ilə oxucu münasibətlərini öyrənir. Bu bölgü eyni dərəcədə sintaktik bütövlərə də aid edilir.10
Aydındır ki, hər bir mətnin semantikası həmin mətni təşkil edən dil işarələri vasitəsilə verilir. Ona görə də semantik tədqiqatın obyekti real şəkildə mövcud olanın dil işarələri ilə verilmə səviyyəsidir. Yə`ni semantik tədqiqat obyektiv şəkildə mövcud olanı deyil, dil işarələri vasitəsilə onun ifadə olunma imkanlarını öyrənir.11 Təbii ki, mə`na ilə işarələr sistemi üzvi şəkildə vəhdətdədir və bunları bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Çünki hər bir bitkin dil vahidi özündə iki cəhəti – həm fiziki, həm də mə`nəvi tərəfi cəmləşdirmiş olur, yə`ni onun həm səs qabığı, həm də mə`nası, məzmunu olur.
Obyektiv reallıq dil işarələri vasitəsilə obyektiv və ya subyektiv şəkildə təsvir oluna bilər. Bunlar müəllifin hadisələrə hissi-psixoloji münasibəti ilə bağlıdır: əgər mövcud olan əşya və hadisə haqqında tam və real mə`lumat verilirsə, informasiya obyektiv olacaqdır; emosional-psixoloji cəhətlər üstünlük təşkil edərsə, informasiya subyektiv olacaqdır.
Səs qabığı olmasa, mə`nanı, məzmunu ifadə etmək olmaz. Daim forma və məzmun vəhdətdədir. Lakin bu da var ki, nitqin səs qabığı, forması qarşıda duran məqsədin, verilməli olan informasiyanın ifadəsinə xidmət edir. Ona görə də düşünmək olar ki, mə`na formanı tələb edir, quruluş mə`na tələbi əsasında formalaşır. Lakin heç şübhəsiz, mə`nanın ifadə səviyyəsi müəllifin qabiliyyətindən asılı olduğu kimi, oxucunun anlama qabiliyyətindən də asılıdır.