Qəzənfər KAZIMOV, professor
Koqeziyanın struktur təşkili üçün bir sıra vasitələrdən istifadə edilir. Bunlar aşağıdakılardır:
- Prosodik vasitələr;
- Morfoloji vasitələr;
- Sintaktik vasitələr.
P r o s o d i y a – nitqin seqmentüstü (sverxseqment) xüsusiyyətlərinin ümumi adı olub, tonun yüksəkliyi, uzunluğu, gücü, amplitududur. “Prosodik vasitələr” dedikdə nitq axını prosesində cümlənin aldığı tonal vəziyyət, ritmik-melodik axın, temp, fasilə, vurğu və s. nəzərdə tutulur. Hər bir sintaktik bütövün tərtibindən asılı olaraq özünəməxsus intonasiyası olur. Hər bir cümlənin tema hissəsi remaya nisbətən yüksək tonla tələffüz edilir. Lakin temadan fərqli olaraq, rema məntiqi vurğulu olur. Sintaktik bütövü təşkil edən hər bir cümlə yazıda nöqtə ilə qapanma imkanı verən xüsusi fasilə ilə bitir. Ardıcıl düzülən cümlələrin hər bir əvvəlincisi prosodiya imkanları ilə sonrakına yol açır, sonrakını tələb edir. Bu zaman, qayda üzrə, yeni sintaktik bütövə keçilərkən daha aydın fasilə edilməlidir. Lakin çox zaman bir mikrotema o birinin içərisində doğulduğundan bu cür fərqli fasiləyə ehtiyac olmur. Məsələn:
Səhərdən bəri ətraf obalara adamlar getmiş, heç biri xeyir xəbər gətirməmişdi. Axşamdan, elə bil, hamı yasa batmışdı. Qohum-qardaşı Dədə bəyə ürək-dirək verməyə yığılmışdı. Uşaqları alaçıqlardan bayıra buraxmırdılar. Oynayıb-güləndə Dədə bəyin xətrinə dəyə bilərdi. Atları sürüb ilxıya qatmışdılar. Biri atlı getsə, onun yadına Alapaçanı salardı. (F.Kərimzadə)
“Qayğı” adlandırıla bilən bu sintaktik bütövdə atı oğurlanmış igid Dədə bəyə tayfasının qayğısı, hörməti ifadə olunmuşdur: atı axtarırlar; oynayıb-gülmürlər ki, Dədə bəyin qəlbinə dəyər, at minmirlər ki, çox sevdiyi Alapaça yadına düşür. Sintaktik bütöv açıq sıralı sadalama intonasiyası ilə tələffüz edilir. Lakin sintaktik bütövdə qapanma da vardır: birinci cümlədə adı çəkilmədən axtarıldığı qeyd edilən Alapaçanın son cümlədə yada salınması ilə dövrə qapanmış olur.
Qeyd edilən mətn bir sintaktik bütövdən ibarətdir və sonunda aydın fasilə vardır. Lakin çox zaman belə bir abzasda bir neçə mikrotema düzülmüş olur:
Dərslərdən hələ çətinlik çəkmirəm, hələ dərslər qızışmayıb. Dünən coğrafiya müəllimimiz Tamaşa sinifdə elektrik pilətəsində qayqanaq bişirdi, o biri sinifdən də qızını çağırdı, ana-bala qayğanaq yedilər, biz də dərs oxuduq. Tamaşa müəllimin qızı üçüncü sinifdə oxuyur, elə bil, kukladır, ağzı-burnu bapbalaca, gözləri qapqara, yanaqları qıpqırmızı. Tamaşa müəllim sinifdə pilətənin üstündə hərdən süd qaynadır. Neynəsin, evdə vaxtı olmur axı. Süd daşanda hamımız çığırırıq: “Süd daşdı!” Biz qışqıranda Tamaşa müəllim bizə acıqlanır. Deyir: “Nə olub, bura bazar-zad deyil ki? Sinifdə qışqırmazlar”.(İ.Məlikzadə)
Müəllif uşaq dili ilə əvvəlcə dərs haqqında mə’lumat vermiş, sonra dərsin “keyfiyyətini” izah etmək üçün müəllimin qayğanaq bişirməsindən və uşaqların gözü baxa-baxa dərs prosesində öz qızı ilə qayğanaq yeməsindən danışmış, bu fürsətdən istifadə edərək yeni mikrotemaya – müəllimin qızının təsvirinə keçmiş və nəhayət, müəllim və məktəb haqqında təəssüratı genişləndirmək üçün süd qaynatmaq mövzusu ilə ikinci (qayğanaq) temasını gücləndirmişdir. Son cümlələr “pedaqoji etika”nın daha ətraflı təsvirini verir: uşaqların “Süd daşdı!” deyə qışqırmaları, müəllimin “Bura bazar deyil” sözləri məktəbin bazar deyilsə, məktəb də olmadığını göstərir. Bu mətndə mikrotemalar (məktəb, qayğanaq, qızın təsviri, süd, “məktəb etikası”) bir-birinə calanmışdır, ona görə də heç biri aydın fasilə ilə ayrılmır.
Koqeziyanın m o r f o l o j i vasitələri də zəngin və genişdir. Bu qrupa həm əsas nitq hissələri, həm də köməkçi nitq hissələri daxildir.
Morfoloji vasitələri öz xarakterinə görə üç qrupa ayırmaq olar:
Sinonim məqamda işlənən sözlər;
Əvəzliklər;
Köməkçi nitq hissələri.
Bütün əsas nitq hissələri mətnin komponentlərinin bağlanmasında fəal iştirak edir. Bir cümlədə ifadə olunan fikir sonrakı cümlədə (və ya sonrakı cümlələrdən birində) bir vasitə ilə xatırlanır, qeyd edilir, yaxud həmin anlayışa işarə edilir. Bu məqamda həqiqi sinonimliyin (sinonim sözlərin) də rolu vardır, lakin sinonim cərgənin üzvü olmayan başqa sözlər də həmin funksiyanı yerinə yetirə bilir. Aşağıdakı misala nəzər salaq:
Kişi, doğrusu, siftə elə bildi, gedib, Suğra köçüb. Bircə anın içində uçub. İnsan belədi. Özü də ölməzdən, ayrılmazdan qabaq elə məhrəmləşir, şirinləşir, qılıqlı olur! Tanış-biliş də onu ancaq bu son görüşün xatirəsi ilə yad edir. (S.Əhmədov)
Birinci cümlədə getmək, köçmək, ikinci cümlədə uçmaq, dördüncü cümlədə ölmək, ayrılmaq (ölməzdən, ayrılmazdan qabaq) sözləri, axırıncı cümlədə son görüş birləşməsi eyni mə`nadadır və prosodik vasitələrlə yanaşı, mətnin komponentlərini əlaqələndirən mühüm vasitələr kimi çıxış etmişdir. Bu cür əlaqə prosesində sözlərin nitq hissələrinə mənsubiyyəti deyil, semantik yaxınlığı həlledicidir. Semantik yaxınlıq isə həm sinonim cərgə hesabına, həm də sözlərin məcazi, metaforik mə`naları əsasında yaradılır. Verdiyimiz sintaktik bütövü ayrıca (makromətni nəzərə almadan) təhlil etsək, gedib – köçüb – uçub – ölməzdən – ayrılmazdan – son görüş cərgəsində birinci söz hələ həqiqi fikri çatdıra bilmir və həmin söz (gedib) öz həqiqi mə`nasında başa düşülə bilər. Heç ikinci söz də fikri çatdırmır. Lakin mə`nanı dərinləşdirir – getmək ayrı, köçmək ayrı. Köçmək daha uzaq getməkdir. Lakin ağla gəlsə, bu sözdə dünyadan köçmək mə`nası da var. Üçüncü söz – uçub sözü getməyin, köçməyin tamamilə başqa bir istiqamətdə olduğunu, o sözlərdəki metaforikliyi başa salır. Artıq bundan sonra yazıçı ölüm, ayrılıq sözlərini işlədir. Bunlar isə həqiqətdə “son görüş”dür. Mə`na bağlılığının bu cür ifadəsi müxtəlif nitq hissələrini işə cəlb edir. Ona görə də dilçilik ədəbiyyatında mətnin komponentlərini əlaqələndirən bu cür vasitələr l e k s i k v a s i t ə l ə r də adlandırılır.
Mətnin komponentlərinin əlaqələndirilməsində əvəzliklərin rolu daha böyükdür. Əvəzliklər əvvəlcə deyilmiş, söylənmiş bir sözü, bir ifadəni, bir cümləni, bir sintaktik bütövü əvəz edə bildiyi kimi, böyük bir mətni, bir romanı, bir epopeyanı da əvəz edə bilir. Buna görə də təkcə sintaktik bütövlərin komponentlərini deyil, müxtəlif sintaktik bütövləri də əlaqələndirən əsas vasitə kimi çıxış edir. Əvvəlcə söylənmiş böyük bir fikri bu sözünün vasitəsilə mətnin sonrakı cümlələri ilə bağlamaq mümkündür. Bu hal dildə təkrarın qarşısını alan mühüm və ən kütləvi bir prosesdir və sintaktik bütövlərin bir-biri ilə əlaqəsinə, bağlanmasına, i n t e q r a-s i y a s ı n a səbəb olur. Məsələn:
Ülkər şüşəbəndə qalxdı. O hamıdan sonra yatmağa gedirdi. Bu da öz yanından evin anası kimiydi, gərək uşaqları yatırdıb, sonra özü başını ata idi yatağa. Bundan artıq, çox oxuyurdu, gecə saat birə, ikiyəcən oradaca əyləşib gözünün qarasını aparır, çalışırdı. (S.Əhmədov)
Birinci cümlədəki Ülkər sözü ikinci cümlədə təkrara yol verməmək üçün o sözü ilə əvəz edilmişdir. Ailə üzvlərini sadalamamaq üçün ikinci cümlədə hamı sözü işlədilmişdir. Üçüncü cümlədəki bu da, özü də sözləri yenə də Ülkər sözünün əvəzində işlənmişdir. Dördüncü cümlədəki bundan artıq sözləri bundan əlavə mə`nasındadır və əvvəlki üç cümlədəki fikri ümumiləşdirmişdir. Beləliklə, mətnin komponentləri təkrara yol vermədən əvəzliklərin köməyi ilə ustalıqla əlaqələndirilmişdir. Bir anlığa dildə əvəzliklərin olmadığını təsəvvür etsək, nə qədər təkrarların ortaya çıxacağını düşünmək çətin deyildir.
Onu da qeyd etmək lazımdır ki, dil əvəzlikləri yalnız təkrardan qaçma vasitəsi kimi yaratmamışdır. Elə hallar var ki, əvəzlikləri atıb, yerinə onun əvəz etdiyi sözləri və birləşmələri qoymaq mümkün olmur və ya bu cür əməliyyat mətni eybəcərləşdirir. Deməli, əvəzliklər müstəqil əlaqələndirici vasitə kimi də fəaliyyət göstərir.
K ö m ə k ç i n i t q h i s s ə l ə r i mətn komponentlərini əlaqələndirən fəal morfoloji vasitələrdəndir. Bu sahədə bağlayıcıların, modal sözlərin və ədatların rolu daha artıq nəzərə çarpır. Qeyd etdiyimiz köməkçi nitq hissələri söz birləşmələrinin tərəflərini, cümlə üzvlərini, mürəkkəb cümlələrin komponentlərini, qarışıq tipli mürəkkəb cümlələrin tərkib hissələrini, sintaktik bütövləri təşkil edən söyləmləri əlaqələndirməklə yanaşı, müxtəlif mətnləri, makromətnin tərkib hissələrini də əlaqələndirir.
Sintaktik bütövlərin komponentlərinin əlaqələndirilməsində bütün tabesizlik və tabelilik bağlayıcıları iştirak edir. Məsələn:
Və o qorxunun Bənövşənin də xatirində qala biləcəyini düşünəndə Teymurun ürəyindən bir isti ümid keçdi, işıq keçdi, çünki bu dünyada hələ Bənövşə vardı, demək, hər şey qurtarmamışdı. Bənövşə isə vardı. Bir il, il yarım olardı ki, onu Teymur görürdü və indi Teymur istəsəydi, Bənövşəyə zəng eləyə bilərdi, onunla görüşə bilərdi, danışa bilərdi. Amma bu görüşdən Teymur qorxurdu, çünki Buzbulaq vardı, ürəkdə məğrurluq vardı. Çünki bir il, il yarım idi ki, Bənövşə ərdən çıxmışdı. Bənövşənin yekəcə qızı vardı. İndi, Bənövşəyə bircə dəfə zəng eləmək Teymurun nəzərində bütün bunların üstündən həmişəlik qələm çəkmək demək idi. Buna görə də Bənövşəni təsadüfdən təsadüfə görmək Teymura daha çox sərf eləyirdi. Və belə görüşlər zamanı onlar çox vaxt Buzbulaqdan danışardılar. Bəlkə ona görə ki, danışmağa ayrı mövzu yox idi. (Ə.Əylisli)
Bu mətnin komponentlərinin əlaqələndirilməsində və, amma, isə, də tabesizlik, çünki, ki, buna görə də, ona görə ki tabelilik bağlayıcılırından istifadə edilmişdir. Və bağlayıcısı mətndə üç dəfə işlənmişdir. Birinci cümlənin əvvəlində işlənmiş və bağlayıcısının funksiyası daha böyükdür – verdiyimiz sintaktik bütövü əvvəlki sintaktik bütövlə əlaqələndirmişdir. İkinci və bağlayıcısı tabesiz mürəkkəb cümlənin komponentlərini bir-birinə bağlamışdır. Axırıncı və bağlayıcısı aid olduğu cümləni bir neçə cümlədə ara vermiş olan “Görüş” mikrotemasına qaytarmışdır. Amma bağlayıcısı üçüncü və dördüncü cümlələri qarşılaşdırma əsasında əlaqələndirmişdir. İkinci cümlədəki isə bağlayıcısı həmin cümlədəki Bənövşə sözünü əvvəlki cümlə ilə kvaziqarşılaşdırma yolu ilə əlaqələndirmişdir. Mətndə çünki bağlayıcısı da üç dəfə işlənmişdir – ikisində səbəb budaq cümləsini baş cümləyə bağlamış, üçüncüsündə müstəqil cümlənin əvvəlində işlənməklə həmin cümlə ilə əvvəlki cümlələr arasında əlaqə yaratmışdır. İki dəfə işlənmiş ki bağlayıcısı hər iki halda mübtəda budaq cümləsini baş cümləyə bağlamışdır. Müstəqil cümlənin əvvəlindəki buna görə də bağlayıcısı aid olduğu cümlə ilə əvvəlki cümlə arasında səbəb-nəticə əlaqəsi yaratmışdır. Son müstəqil cümlədəki ona görə ki bağlayıcısı isə təbii səbəb-nəticə əlaqəsinin sırasını pozmuş, özündən əvvəlki nəticənin səbəbini aydınlaşdırmışdır. Hər bir mikromətn bağlayıcılardan bu qədər geniş istifadə əsasında qurulmasa da, nitq gerçəkliyi bu cür hallara geniş imkan verir və bu hal mətn strukturlarının formalaşmasında bağlayıcıların rolunu aydın göstərir.
Modal sözlərin və ədatların da mətnin qrammatik formalaşmasında imkanları genişdir:
Əlbəttə, bu “nə isə”yə, ən başlıca, Dolçanın yox olmağı daxil idi. Düz altı gün, altı gecə idi ki, Dolça yox idi və hətta Ağababa fikirləşdi ki, yəqin, Dolça Bakıya gedib, orda bu kirayənişinləri tapıb və indi orda onlarla qalır; Ağababa bunu fikirləşdi və narahat oldu, çünki Dolça gedib onları tapsaydı da, o adamlar Dolçanı saxlamazdılar yanlarında; sonra Ağababa qayalığa düşüb Dolçanı axtardı ki, bəlkə qayalıqdadı Dolça və kəndin uşaqları qayalıqların arasını gəzən Ağababanı görüb qaçıb dağılışdılar, amma bütün bu yerlərdə Dolçanın izi-sorağı da yox idi və ümumiyyətlə, elə bil, kimsə Ağababaya deyirdi ki, Dolça buralarda deyil və Dolça məsələsi qurtardı daha. (Elçin)
Mətnin qurulmasında əlbəttə, ən başlıca, yəqin, bəlkə, ümumiyyətlə, elə bil modal sözlərindən, düz, da, daha, ən ədatlarından istifadə edilmişdir. Əlbəttə modal sözü bu sintaktik bütövü özündən əvvəlki ilə müsbət mə`nada bağlayır; ilk cümlədəki ən başlıca sözləri bir çox məsələləri istisna edir, çatışmazlığın başlıca olaraq son günlər qonşunun köçüb getməsi ilə eyni vaxtda yoxa çıxmış Dolça adlı itlə bağlı olduğunu göstərir. İkinci cümlədə it sahibi bir halda gümanlı şəkildə yəqin edir ki, Dolça qonşularla şəhərə gedib, lakin bəlkə sözü göstərir ki, Ağababa tərəddüddədir, ona görə də iti qayalıqlar arasında da axtarır. Son məqamda bu düşüncə və axtarışlar ümumiyyətlə sözü ilə ümumiləşdirilir və Ağababa bu qənaətə gəlir ki, Dolça bu ətrafda deyil. Söz yox, bunu ona şəxsən deyən yoxdur, bu məqamda yazıçı təbii olaraq qeyri-reallıq bildirən elə bil modal sözündən istifadə edir. Fikrə qətilik çaları vermək üçün düz, daha, ən, qarşılaşdırma çaları üçün da ədatı da müəllifə kömək etmişdir. Mətndə beş dəfə işlənmiş və, üç dəfə işlənmiş ki, hər biri bir dəfə işlənmiş çünki, hətta, amma, da bağlayıcılarını da nəzərə alsaq, köməkçi nitq hissələrinin koqeziyanın struktur təşkilində rolunu təsəvvür etmək mümkündür.
Mətnin komponentləri arasında bağlılıq yaradan köməkçi nitq hissələrinin çox az bir qismi (və, da, həm, yə`ni və s. bağlayıcılar) fikrin ifadəsinə bir qədər neytral münasibətdə olsa da, əksər bağlayıcı, ədat və modal sözlər qabarıq subyektiv münasibət ifadə edir və tematik proqressiyanın gedişinə danışanın, yazanın münsibətini aydınlaşdırmağa, münasibətləri dəqiqləşdirməyə, zənginləşdirməyə kömək edir.
Mətn komponentlərinin əlaqələndirilməsində, prosodik və morfoloji vasitələrlə yanaşı, s i n t a k t i k vasitələrin də rolu böyükdür. Adətən, sintaktik vasitələrə söz sırası, təkrarlar, paralellik və s. daxil edilir.
S ö z s ı r a s ı mətnin təşkilində həm qrammatik, həm də üslubi funksiya daşıyır. Başqa sözlə, söz sırası həm bilavasitə əlaqələrin yaranmasına, komponentlərin bir-biri ilə qrammatik əlaqəsinə kömək edir, həm də emosionallığa xidmət edir. Bir cəhəti də nəzərə almaq lazımdır ki, sintaktik bütövü təşkil edən hər bir komponentdə sözlərin sırası mətnin qurulma texnikasına daxil olduğu kimi, hər bir komponentin sırası da bu prosesdə fəal sintaktik gücə malikdir. Ona görə də “sıra” anlayışını mətn sintaksisindən danışarkən həm sözlərin, həm də komponentlərin sırası kimi anlamaq lazımdır. Bunu da yadda saxlamaq vacibdir ki, bunlar bir-biri ilə sıx bağlı olan, biri digərini şərtləndirən vasitələrdir.
Sintaktik bütövləri təşkil edən komponentlərin (cümlələrin) sırası, düzümü prinsipləri barədə dilçilikdə aydın fikir vardır. Sintaktik bütövlərin giriş, izah və yekun cümlələrdən ibarət olduğu qəbul edildiyi üçün bu ardıcıllığı komponentlərin sırasında da görə bilirik.
Misala diqqət yetirək:
Bayram yüzlükləri aldı. Bir o üzünə, bir bu üzünə baxdı. Doğrudan da, bu pullarla kefi istədiyi yerdə gözəl bir mənzil tuta bilərdi. Arvadı Gözəli, anası Pərini və oğlu Bahadırı gətirib rahatca dolana bilərdi. O, birdən bəyin razı halda gülümsəyən dodaqlarını gördü. Sonra yenə yüzlüklərə baxdı: “Peşkəş vermirsən, bəy, mənim ağzımı piyləyirsən” deyə tərəddüd və şübhə ilə fikrindən keçirtdi. (H.Mehdi)
Müəllifin hər bir cümləsi ədəbi dil normalarına uyğun şəkildə, obyektiv söz sırası əsasında qurulmuşdur. Sintaktik bütövün təşkilində də obyektiv sıra əsasdır: ilk cümlə “giriş cümlə”, son cümlə “yekun cümlə”dir. Aradakı dörd cümlə izahedici cümlələrdir. Sıra elədir ki, hər bir əvvəlki cümlə sonrakı üçün zəmin yaratmışdır. Əgər birinci cümlə olmasa idi, ikinci cümlədə nədən söhbət getdiyi bilinməzdi. Əgər əvvəlki iki cümlə olmasa idi, üçüncü cümlədə bu sözü ilə hansı pullara işarə edildiyi bilinməz, dördüncü cümlədə Bayramın öz arvadını, anasını və oğlunu şəhərə gətirməklə rahat dolana biləcəyinin söbəbi aydın olmazdı. Bütün əvvəlki cümlələr olmasa idi, bəyin dodaqlarının nə üçün təbəssümlə gülümsədiyi qaranlıq qalardı. Və nəticədə, komponentlərin bu cür əlaqəli gedişində “peşkəş səxavəti”nin məqsədi aydınlaşmaz, bəyin məqsədini Bayram dərk edə bilməzdi.
Lakin bu cəhət də var ki, bə`zən izahedici cümlələr bir çox cümlələrin birliyindən ibarət olur. Yekun cümlələrdə də bu hal mümkündür. Odur ki belə mətnlərdə izahedici və yekun cümlələrin özünün də sırası, düzülüşü vacib şərtlərdəndir.
Sintaktik bütövlərin qurulmasında başqa hallar da müşahidə olunur. İnversiya nəticəsində sintaktik bütövün çıxış nöqtəsini təşkil edən giriş cümləsi ilə nüvəsini təşkil edən yekun cümləsi öz yerlərini dəyişə bilir, nəticədə birinci haldan – normal sıradan, obyektiv sıradan fərqli olaraq, subyektiv sıra yaranır. Beləliklə, normal söz sırası ilə yanaşı, bədii əsərlərdə emosional söz sırasından da istifadə edilir. Şe`rdə sözlərin və komponentlərin sırası daha çox dəyişə bilir.
Mətnin struktur-semantik təşkili t ə k r a r l a r olmadan mümkün deyil. Komponentlər arasında əlaqə yaradan mühüm vasitə kimi, təkrarlar mikrotemanın açılmasına, hadisələrin inkişafına, irəliləməsinə və nəhayət, mətnin qapanmasına kömək edir. Təkrar olunan element mətn daxilində aparıcı bir xətt kimi seçilir və daha çox yadda qalır. Hər cür nitq vasitələrinin – səslərin, sözlərin, birləşmə və ifadələrin, cümlələrin təkrarı mümkündür. Yazıçı üslubundan asılı olaraq, təkrarların müxtəlif növlərindən istifadə edilir. Məsələn:
Lüğətdə dirsək qolun iti sümüyünə deyirlər. Bu sümüyü xudavəndi-təbarəkü taala insanlara ondan ötrü verib ki, məişət mübarizəsində dirsəklə özlərinə yol açsınlar və bu dirsək müxtəlif insanlarda müxtəlif itilikdə olur: bə`zilərinin dirsəyi iti olur, bə`zilərinin dirsəyi kort olur. O ki dirsəyi kortlardır, onları mən tapşırıram misli və manəndi olmayan cənab allaha ki, onlara rəhm eləsin; ancaq mənim sözüm dirsəkləri itilər ilədir. (C.Məmmədquluzadə)
Mikromətndə söhbət dirsəkdən gedir. İlk cümlədə ümumi şəkildə dirsəyin fizioloji quruluşundan danışılır. Temanın açılışı gedişində müəllif sonrakı izahatını əsaslandırmaq üçün dirsəkdə kəskin itilik və kütlük-kortluq xüsusiyyətləri görür. Bu, dirsəyi iti olan həyasız və yaramaz adamların ictimai qaydalara əməl etmədən ətrafdakıları dirsəkləyib geri oturtmaları, özlərini irəli soxmaları prosesinin ifşası üçündür. Ona görə də müəllif yekun cümlədə qələmini dirsəyi itilərin ifşasına yönəldəcəyini bildirir.
Mətndə dirsək sözü altı dəfə təkrar olunmuşdur. Bə`zən dirsək sümüyü birləşməsinin ikinci tərəfi təkrar edilmişdir. Bu cür təkrar mətni bir tema ətrafında birləşdirir, mikrotemanın müəllif istəyinə müvafiq şəkildə açılışına kömək edir.
Təkrarlar tematik proqressiyaya səbəb olur, əvvəlki cümlənin reması sonrakı cümlənin temasına çevrilməklə tema – rema əvəzlənməsi ilə fikri inkişaf etdirir. Məsələn:
Qırmızı stolun dalında oturanların biri məktəbin direktoru Niftalı müəllim idi. Niftalı müəllim sarı zolaqlı köynək geyirdi və olduqca nazik boynuna olduqca yoğun bir qalstuk bağlayırdı. (Ə.Əylisli)
Bu misalda Niftalı müəllim sözləri birinci cümlənin reması, ikinci cümlənin temasıdır, birinci cümlədə “yeni”, ikinci cümlədə “mə`lum olan”dır, ona görə də ikinci cümlədə Niftalı müəllim haqqında onun geyimi ilə bağlı yeni mə`lumat verilmişdir.
Aşağıdakı nümunələrdə də mətn komponentləri eyni üsulla əlaqələndirilmişdir:
Bəlkə adicə su deyil bu, vücudu, sirri kimsəyə bəlli olmayan bir mayedir, bunu bu böyük çalaya Dağlarxan tökdürüb. Tökdürüb ki, Hüsnübəyim bu bərk mayenin üstü ilə narın-narın yerisin, batmasın burda? (İ. Məlikzadə)
Axı uca dağlar başında ümidli qoyub gəldiyi qaragözlü qız yadına düşəcək. Yadına düşsə, yəqin ki, vicdanı ağrıyacaq. Vicdanı ağrısa, yəqin ki, o ağrıya məlhəm tapacaq. (İ.Məlikzadə)
Əvvəlki cümlədə rema olanın sonrakında temaya çevrilməsi bu misallarda özünü daha aydın şəkildə göstərməkdədir.
Mikromətnlərdə təkrar olunan sözlər, birləşmə və ifadələr əksərən eyni mikrotema ətrafında dolanır, onun şərhinə xidmət edir. Lakin bə`zən ifadənin öz məzmunu mikrotema kimi seçilmiş olur və buna görə də həmin mikrotema ətrafında müxtəlif obyektlər birləşdirilir. Məsələn:
Nədənsə, o səhər tövlənin damında mənim Aslan kişiyə daha çox yazığım gəlirdi. Bir sürü qoyunu qabağına qatıb dağın döşü ilə, fışqırıq çala-çala, daşları yumbalada-yumbalada gedən çoban Səfərə yazığım gəlirdi. Müküşün ağacların arasında görünən palçığa, peyinə bulaşmış köhnə qaloşlarına yazığım gəlirdi. Özümə yazığım gəlirdi. Bizim kəndlə rayon mərkəzi arasında dayanmış dağın dolayı yolları ilə bir kişi eşşəyini sürüb gedirdi və nədənsə, mənim ona da ürəyim yanırdı. (Ə.Əylisli)
Nədənsə sözü ilə başlayıb həmin sözlə qapanan bu sintaktik bütövün teması yazığım gəlirdi frazeoloji vahidi ilə verilmişdir. Kövrəlmiş uşaq qəlbinin, özü də səbəbini bilmədən, tanıdığı və tanımadığı adamlara, hətta cansız varlıqlara da ürəyi yanır, yazığı gəlir.
Satirik və qeyri-satirik əsərlərin dilində təkrarlardan xüsusi bədiilik fiquru kimi istifadə edilir. Mirzə Cəlilin yaratdığı təkrar fiqurlarından mətbuatda bir qəlib kimi indi də istifadə olunur. Ədibin bədii üslubunda anaforik və epiforik təkrarların vəhdətdə götürülməsi halları müxtəlif obyektləri – ictimai həyatın eybəcərliklərini ümumiləşdirmək, bir tema ətrafında birləşdirmək üçün ən əlverişli üsullardandır. “Çox nigaranam” felyetonunda eyni ifadə azacıq dəyişikliklə, əsas sxem saxlanmaqla abzasın əvvəlində və sonunda təkrar edilmiş və bir sıra mikrotemalar ustalıqla birləşdirilmişdir:
Bir neçə şeydən yana çox nigaranam.
Biri budur ki…- Mən bundan çox nigaranam.
İkinci nigarançılığım budur ki… – Bundan da yana nigaranam.
Üçüncü nigarançılığım… – Bundan da yana nigaranam.16
Koqeziya əlamətlərindən biri də p a r a l e l l i k d i r. Sintaktik paralellik mətn komponentlərini əlaqələndirən mühüm vasitələrdəndir. Sintaktik bütöv daxilində qrammatik vasitələrin, sözlərin, birləşmələrin, ifadələrin təkrarı komponentlərin eyni strukturda, eyni dərəcədə ritmik şəkildə qurulmasına səbəb olur. Silsilə şəklində, simmetrik, düzxətli paralelizmlə yanaşı, şəbəkəli paralelizm də vardır.
Paralellik bə`zən mətn komponentlərində bir sözün, ifadənin təkrarı ilə yaranır. Həmin söz müstəqil mə`nalı söz də ola bilər, köməkçi söz də. Məsələn:
Kim bilir, bəlkə İslam dayı görür. İslam dayının baxdığı o yerdə, bəlkə, sərçələr, sağsağanlar hələ də öz dillərində danışırlar, orada günəş bəlkə hələ də dağların dalında yatmağa gedir… Bəlkə orda gündüzdür. Axşam çağıdır və otların üstündə bir kəpənək uçur, kəpənək maqqac axtarır… Bəlkə, axşamdır, cümə axşamıdır və haradasa qorxa-qorxa bir çıraq yanır. Çıraq “o dünyadan” gələnlərin yolunu gözləyir?. . Kim bilir, İslam dayının baxdığı o yerdə bəlkə heç nə yoxdur – bir qara zülmətdən savayı. (Ə.Əylisli)
Kim bilir sözləri ilə açılan və həmin sözlərlə qapanan bu sintaktik bütövün komponentlərinin paralel birləşməsində bəlkə modal sözü əsas vasitə kimi çıxış edir. Müəllif, gözləri kor olmuş İslamın düşüncələrini uşaq təsəvvüründə həmin sözün vasitəsilə araşdırmağa çalışmışdır. Bu cür mühakimə işıqlı dünyaya baxa bilməyən insan haqqında, onun duyğu və düşüncələri barədə paralel cümlələrlə təbii təəssürat yaradır.
Paralel işlənən komponentlər bə`zən yalnız bir-iki sözlə fərqlənə bilir. Bir-iki sözlə fərqlənməsinə baxmayaraq, komponentlər struktur-semantik müstəqilliyə malik olur. H.Arifin:
Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım!
İçək bulaqların bumbuz suyundan,
Lilpar olan yerdə dolça nə lazım! –
misralarından ikinci və dördüncüsü çəmən – xalça, lilpar – dolça sözləri ilə fərqlənir, qalan sözlər eynidir, ritm, ahəng, intonasiya, sual çalarlı nida da eynidir. Bu, tam paralellikdir.
Paralellik bə`zən calaqlı olur, biri digərinin içərisinə daxil edilmiş olur:
Orxanın yadına dağ düşdü, çəmən düşdü, suyu diş göynədən bulaq düşdü. Naxışı, bəzəyi otlardan, çiçəklərdən toxunmuş canlı bir xalça gəlib durdu gözlərinin qabağında. Elə bir xalça ki, bir ucu Orxanın ayaqlarının yanında, bir ucu göylə yerin birləşdiyi xətdə. Orxan quş olub o diyara uçmaq istədi, amma Səfasız. Oranın sükutu, həniri, ətri ilə təkbətək qalmağı arzuladı. O yerlərdən ötrü burnunun ucu göynədi. (İ.Məlikzadə)
Bu misaldan bir daha aydın olur ki, sintaktik paralelizmin təşkilində ən azı üç vasitə – təkrarlar, sinonimlik və ellipsis mühüm şərtlərdəndir. Əvvəlki iki cümlədə paralelizmin əsasında Orxanın yadına dağ düşdü sözləri durur. Birinci cümlədə ikinci, üçüncü sintaqmlar (çəmən düşdü, suyu diş göynədən bulaq düşdü), ikinci cümlədə isə həmin sözlərə sinonim olan gəlib durdu gözlərinin qabağında ifadəsi paralelliyi yaratmışdır. Təkrar və sinonimliklə yanaşı, ilk cümlədə Orxanın yadına birləşməsinin ellipsisi də həlledicidir. Son üç cümlədə paralellik sinonimlik əsasında qurulmuşdur: o yerlərə uçmaq istədi, təkbətək qalmaq arzuladı, burnunun ucu göynədi. Bu silsilənin birinci cümləsində amma Səfasız komponentində ellipsis var (amma Səfasız quş olub uçmaq istədi); həm də müəllif bu komponenti sonrakı cümlələrdə təkrar edə bilərdi, lakin etməyib.
Paralelizmin yaranmasında ellipsis nə qədər faydalıdırsa, bədii üslubda eyni sözlərin, ifadələrin, qrammatik vasitələrin tə`kidli təkrarı da o qədər mühüm emosional gücə malikdir. Bunu yuxarıdakı misalda dağ düşdü, çəmən düşdü, bulaq düşdü sözlərinin təbii-emosional təkrarı da təsdiq edir.