Frensis Skott Fitscerald
Biz qədim fransız qəsrlərindən danışırdıq, sonra söhbət orta əsr dəhşətlərinə, deyək ki, XI Lüdovikin kardinal Balünü altı il ərzində saxladığı dəmir qəfəsə və ya daş kisələrə keçdi. Daş kisələri mən öz gözlərimlə görmüşdüm. Bu, sadəcə, dərinliyi otuz-qırx fut olan quru quyudur, dustağı onun içinə atırdılar və onun xilasına ümid olmurdu. Onların məni göstərdiyi təsir indiyədək yadımdadır, bu heç təəccüblü də deyil, klaustrafobiyaya olan meylim ucbatından mən hətta qatarın kupesində də özümü pis hiss edirəm. Ona görə də həkim bu əhvalatı danışmağa başlayanda mən sevindim, çünki onun əvvəlinin diri-diri basdırılanlarla heç bir əlaqəsi yox idi.
Bu dünyada missis Kinq adlı gənc bir qadın yaşayırmış, o öz əri ilə birlikdə xoşbəxt ömür sürürmüş. Onların kifayət qədər pulu vardı, bir-birini sevirdilər, lakin missis Kinq ikinci uşağını dünyaya gətirərkən uzunmüddətli komaya düşdü, ayılanda isə onda adi doğum sonrası şizofreniya halı – “şəxsiyyətin ikiləşməsi” baş verdi. Onun sayıqlaması İstiqlaliyyət Bəyannaməsi ilə əlaqəli idi, amma bunun hekayəyə heç bir aidiyyəti yoxdur. Qadın özünə gəlməyə başlayanda onun ruhi pozğunluğu da keçib getməyə başladı. Onuncu ayın tamamında o özünü çox sağlam hiss edirdi və xəstəxananı tərk edəcəyi günü səbirsizliklə gözləyirdi.
Onun iyirmi bir yaşı təzəcə olmuşdu, simasından gənclik və mülayimlik yağırdı, bir sözlə, bütün xəstəxana heyəti ona qarşı xüsusi rəğbət hiss edirdi. Onun özünü xeyli yaxşı hiss etdiyini gördükdə həkimlər qərara gəldilər ki, missis Kinqi əri ilə birlikdə kiçik bir istirahətə göndərsinlər və bu xəbər o dəqiqə bütün söhbətlərin əsas mövzusuna çevrildi. Tibb bacılarından biri onunla birlikdə Filadelfiyaya yeni paltar almaq üçün yollandı, digər bir tibb bacısı missis Kinqin əri ilə birlikdə Meksikaya etdiyi qeyri-adi səyahət hekayəsini hamıya danışırdı. Onun bəzən xəstəxanaya gətirilən körpələri isə hamının xoşuna gəlirdi. Beş günlük səyahət Virciniya-Biçə olacaqdı.
Onun səyahətə necə hazırlaşdığını, çamadanını necə diqqətlə yığdığını, özünü qaydaya saldığını, saçlarını burduğunu və bütün bu sevimli xırdalıqlara qapıldığını görmək çox xoş idi. Təyin olunmuş vaxta yarım saat qalmış o, artıq hazır idi və qaldığı mərtəbənin xəstələri ilə sağollaşırdı. Onun paltarı dəniz dalğası rəngində idi, şlyapası isə aprel tufanından sonrakı yüngül buluda bənzəyirdi. Xəstəliyin üzərinə kədər və azacıq qorxu qondurduğu arıq, gözəl çöhrəsi xoşbəxtlik hissilə alışıb yanırdı.
— Yeganə arzum – heç nə etməməkdir, – o deyirdi. – Düz üç gün ürəyim istəyən vaxt oyanıb, gecə saat on ikidən tez yatmayacağam. Bundan əlavə də, özümə çimərlik geyimi alacaq və naharımı özüm sifariş edəcəyəm.
Getmək vaxtı gəlib çatdıqda missis Kinq qərara gəldi ki, ərini palatada deyil, vestibüldə gözləsin. Çamadanı aparan sanitarla birlikdə o, dəhlizi keçib getdi və aşağı düşdü, yolüstü isə o, qarşısına çıxan xəstələrə əl edir və onların bu möcüzəvi səyahətə gedə bilməyəcəkləri üçün təəssüflənirdi. Baş həkim ona yaxşı yol arzuladı, iki tibb bacısı hansısa səbəbdən ona yaxınlaşdı, amma heç cür ondan əl çəkmək bilmədilər – missis Kinqin sevinc hissi hamını özünə cəzb edirdi.
— Gündə qaralmaq sizə çox yaraşacaq, missis Kinq.
— Bizə açıqca yollamağı unutmayın ha!
Missis Kinq palatasından çıxan vaxt xəstəxanaya gələn yolda yük maşını ərinin maşınına çırpılmışdı. Həkimlərin fikrincə, daxili orqanlarından ağır xəsarət almış ər ölmək üzrə idi. Bu bədbəxt hadisə haqqında ilk xəbər alan vestibüldən şüşə ilə ayrılmış balaca otaqda növbə çəkən telefonçu qız idi. Telefonçu qız missis Kinqi şüşənin arxasından görmüşdü və onun telefon söhbətini eşitdiyindən narahat idi, odur ki o, baş tibb bacısından təcili olaraq aşağı düşməyi xahiş etdi. Dəhşətə gəlmiş tibb bacısı özünü tez həkimin yanına yetirdi, o isə öz növbəsində belə qərar verdi ki, ər sağ ikən missis Kinqə bədbəxt xəbəri vermək lazım deyil, sadəcə, ərinin həmin gün gələ bilməyəcəyini demək lazımdır.
Missis Kinq təəssüfünü gizlədə bilmədi.
— Özüm də başa düşürəm ki, kədərlənmək axmaqlıqdır, – o deyirdi, – görün neçə ay gözləmişəm, bircə gün də gözləyərəm. O, sabah gələcəyinə söz verib, eləmi?
Baş tibb bacısı nə deyəcəyini bilməsə də, missis Kinqi birtəhər razı saldı ki, palatasına qayıtsın. Sonra isə onun yanına ən təcrübəli və hislərini cilovlamağı bacaran baxıcı qoydular ki, o, missis Kinqin növbəti səhərədək qəzet oxumasına və digər xəstələrlə danışmasına imkan verməsin. Sonrasını isə zaman göstərəcəkdi.
Ertəsi gün ər hələ də sağ idi, həkimlərsə hələ də gözləyirdilər. Günortaya yaxın baxıcı qadınlardan biri missis Kinqə rast gəldi. O, eynilə bir gün əvvəlki kimi geyinmişdi, amma bu dəfə çamadanını özü daşıyırdı.
— Həyat yoldaşım indilərdə gələcək, – missis Kinq izah etdi, – dünən gəlməsinə işləri mane oldu, amma bu gün elə həmin vaxt o, mütləq gələcək.
Baxıcı onu ötürmək qərarına gəldi. Missis Kinq xəstəxana daxilində rahat hərəkət etmək azadlığına malik idi, ona görə də baxıcı onu öz palatasına qayıtması üçün məcbur etməyə cəsarət etmədi, izahat verməkdən isə qorxdu, çünki artıq bir şey deyəcəyindən ehtiyat edirdi. Onlar vestibülə girdikdə baxıcı telefonçu qıza gizlincə işarə etdi və xoşbəxtlikdən, o, məsələnin nə yerdə olduğunu anladı.
Missis Kinq özünə son kərə güzgüdə nəzər saldıqdan sonra dedi:
— İstəyirəm ki, hər zaman məhz belə bir şlyapam olsun və mən belə xoşbəxt olum.
Bir dəqiqə sonra üz-gözünü turşutmuş baş tibb bacısı gəldi.
— Necə?! Corc bu gün də gəlməyəcək?
— Təəssüf edirəm! Heç bir şey etmək mümkün deyil, bir az səbirli olmaq lazımdır.
Missis Kinq kədərlə gülümsədi.
— Mənsə elə arzulayırdım ki, Corca öz yeni paltarımı göstərim.
— Yaxşı görək, paltarınız hələ də yenidir.
— Bəlkə, hələ sabah da belə qəşəng görünəcək? Mən elə xoşbəxtəm ki, bir günə görə kədərləndiyim üçün hətta utanıram da.
— Bu qədər narahatçılığa səbəb yoxdur.
Ər elə həmin gecə öldü, səhər isə necə hərəkət edəcəkləri barədə məşvərət zamanı həkimlər arasında mübahisə düşdü, axı demək də, deməmək də, eyni dərəcədə təhlükəli idi. Nəhayət, qərara aldılar ki, əri uzaq səfərə “göndərsinlər” və bu yolla missis Kinqin əri ilə tezliklə görüşəcəyinə olan ümidini kəssinlər. O, ərinin gəlməməyi ilə barışanda ona həqiqəti açacaqdılar.
Həkimlər artıq dağılışdıqda onlardan biri həmkarlarını saxlayıb dəhlizin uzaq küncünə işarə etdi. Missid Kinq əlində çamadan vestibülə tərəf gedirdi.
Həkim Piri – onun müalicə həkimi səsli ah çəkdi.
— Vəziyyət bundan betər ola bilməz. Bəlkə, ona hər şeyi elə indi danışaq? Qadın ərindən həftədə iki dəfə məktub almağa alışdığı halda ona səfər haqda yalan uydurmağın mənası nədir ki? Desək, xəstədir, yenə də problemlə qarşılaşacağıq, yalvaracaq ki, ona baş çəkməsi üçün izin verək. Xəstəsini mənimki ilə dəyişmək arzusunda olan varmı?
2
Məşvərətdən dərhal sonra həkimlərdən biri məzuniyyətə yollandı. İki həftə sonra qayıtdıqda o, xəstəxananın dəhlizində ona tərəf gələn kiçik izdiham qarşısında donub qaldı. Ona sarı əlində çamadan olan sanitar, baxıcı və dəniz dalğası rəngli donla aprel şlyapasında olan missis Kinq gəlirdi.
— Salam, həkim, – deyə missis Kinq ona müraciət etdi, – mən çıxıb gedirəm. Yoldaşım indi gəlib məni Virciniya-Biçə aparacaq. Onu aşağıda qarşılayacağam ki, məni gözləməli olmasın.
Həkim onun gözlərinin içinə baxdı, onun gözləri körpəninkitək aydın idi və xoşbəxtlik saçırdı. Baxıcı həkimə işarə ilə bildirdi ki, hər şey öz qaydasındadır, ona görə də həkim təzim edib havanın çox gözəl olduğunu qeyd etdi.
— Elədir, bu gün gözəl gündür, – missis Kinq cavab verdi. – Amma bu gün hətta yağış yağsaydı belə, yenə də mənim üçün gözəl olacaqdı.
Həkim onun arxasınca çaşqınlıq və kədər içində baxdı. “Bu yalanı bu qədər uzatmaq nəyə lazımdır axı? – o düşündü. – Görəsən, onlar nəyə ümid edirlər?”
Həkim Pirini görən kimi o, bu sualı ona ünvanladı.
— Biz ona həqiqəti deməyə cəhd etdik, ancaq o, gülərək dedi ki, bizim onun sağlamlığını bu yolla yoxlamağımızı düzgün hesab etmir, – həkim Piri cavab verdi. – Bax burada “ağlasığmaz” sözünü birbaşa ilk anlamında istifadə etmək olar – onun ağlı ərinin ölümü haqqında məlumatı qəbul etməkdən imtina edir.
— Axı bu, sonsuz şəkildə davam edə bilməz!
— Nəzəri olaraq, xeyr. Bir neçə gün öncə, o, çamadanını növbəti dəfə yığmağa başlayanda baxıcı onu bundan çəkindirməyə cəhd etdi. Mən dəhlizdən onun üz cizgilərini müşahidə edə bilirdim, o, dəlilik həddinə gəlib çatmışdı, özü də fikir verin ki, bütün müalicə müddəti ərzində ilk dəfə. Üz əzələləri gərgin hal aldı, gözlərdə soyuq parıltı əmələ gəldi, səs sərt və xırıltılı oldu və o, baxıcıya buz kimi soyuq tərzdə onun yalan danışdığını dedi. Vəziyyət kritik idi, bircə saniyə də belə davam etsəydi, sakit bir xəstə əvəzinə, kəskin qıcıqlanma tutması olan xəstə ilə üz-üzə qalacaqdıq. Bu an mən işə qarışıb baxıcıya əmr etdim ki, xəstəni vestibülə aparsın.
O, kiçik izdihamın əvvəlki qaydada palataya geri döndüyünü görüb susdu. Missis Kinq ayaq saxlayıb həkim Piriyə müraciət etdi:
— Həyat yoldaşımın gəlməsinə işləri mane olub. Çox kədərlidir, əlbəttə. O deyib ki, sabah gələcək, ancaq bu qədər gözləməyi bacardığım halda bircə günə görə təəssüflənmək gülüncdür.
— Sizinlə tamamilə raziyam, missis Kinq.
— Gedin əynimi dəyişim. Paltarım sabah da bugünkü qədər yeni görünməlidir. – O, şlyapasını başından çıxarıb onu diqqətlə nəzərdən keçirməyə başladı. – Baxın, ləkə düşüb. Ümidvaram ki, onu aparmaq mümkün olacaq. Onun gözünə dəyməz ki?
— Sizi əmin edirəm, onu heç görməyəcək də.
— Düz sözümdür, həkim, sabaha qədər gözləməli olacağım üçün qətiyyən təəssüf etmirəm. Vaxt elə tez keçir ki.
Həkimlər tək qaldıqda onlardan daha cavan olanı dedi:
— Bəlkə, uşaqlar… Axı iki uşağı var.
— Çətin ki, uşaqları ona kömək edə bilsinlər. O, ağlını itirdikdən bəri bu səyahət onun üçün sağalma simvoluna çevrilib. Bu ümidi onun əlindən alsaq, onun ağlı tamam itəcək, onda biz müalicəni lap başdan başlamalı olacağıq.
— Onun şansı var?
— Bax bunu əvvəlcədən demək tamamilə mümkünsüzdür. Mən sizə, sadəcə, onun bu gün aşağıya düşürülməsinə hansı səbəbdən icazə verildiyini izah etmək istəyirdim.
— Bəs sabah? Bəs birigün?
— Nə deyim, – həkim Piri cava verdi, – ümid ancaq ona qalır ki, əri bir gün orada olacaq…
Birdən bu əhvalatı danışan həkim sözünü yarımçıq qoydu. Bizim təkidlərimizdən sonra o, yalnız onu dedi ki, maraqlı heç bir şey baş vermədi və əlavə etdi ki, istənilən ürəyiyananlıq hissinin tez, ya gec sonu gəlib çatır, xəstələrin qəribəlikləri isə tibbi heyət üçün yenilik deyil.
— Bəs o, hələ də yoldaşını qarşılamağa gedir?
— Hə, təzə xəstələrdən başqa, heç kəs ona daha fikir vermir. Hər il onun şlyapasını özünə bildirmədən yenisi ilə əvəzləyib eynilə həminkindən alırlar, paltarı isə elə həminkidir. Hər dəfə o, bir az qəmgin olur, amma çalışır ki, bunu büruzə verməsin. O öz-özünə təskinlik verir. Mühakimə etməyə haqqımızın olub-olmadığını deyə bilmərəm, lakin o özünü bədbəxt hesab etmir, başqa xəstələrə isə onun nümunəsi, qəribə olsa da, çox yaxşı təsir edir. Allah xatirinə, bəsdir bu haqda danışdıq, yaxşısı budur, daş kisələr mövzusuna qayıdaq.
kayzen.az