Türkiyə “Bayraktar Akıncı” döyüş pilotsuz uçan aparatlarının (PUA) ixracına dair ilk müqaviləni imzalayıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Baykar Makina” İHA istehsalçısının baş direktoru Haluk Bayraktar bildirib.
“Baykar Makina”nın baş direktoru bu müqavilənin hansı ölkə ilə bağlandığını açıqlamayıb.
Onun mühərrikləri Ukrayna tərəfindən tədarük ediləcək. Müqaviləyə əsasən tədarük 2023-cü ilə planlaşdırılır.
Bayraktar, həmçinin “Bayraktar TB-2 PUA-larına tələbatın artdığını da qeyd edib. Onların alınması üçün 16 ölkə ilə müqavilə imzalanıb.
Qeyd edək ki, Türkiyə son illərdə təkcə silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün deyil, həm də ixrac üçün döyüş PUA-larının istehsalına başlayıb. Hazırda “Bayraktar TB-2” PUA-larını istifadə edən altı dövlət var: Azərbaycan, Qətər, Liviya, Mərakeş, Polşa və Ukrayna. Bu tip PUA-lardan Qarabağ, Suriya və Liviyada döyüş əməliyyatlarında istifadə edilib.