Cübran Xəlil
Camaat huri (Livanlılarda müqəddəs ata) Samaana ruhani və dini məsələlər üzrə böyük nüfuz sahibinə baxan kimi baxırdılar. Zira, günahların səbəbləri, cənnət, cəhənnəm və qır qazanı haqqında heç kim ondan çox bilmirdi.
Onun işi Şimali Livanın kəndlərini gəzmək və moizələr oxumaqla camaatın nəfsini günahlardan çəkindirmək və iblisin qurduğu tələlərdən onları xəbərdar etməkdən ibarət idi. İblis hurinin ən qatı düşməni idi və Samaan gecə-gündüz onunla müharibə aparırdı.
Fəllahlar (Livan kəndliləri) huri Samaana hörmət edir, onun moizə və dualarının müqabilini böyük həvəslə qızıl və gümüşlə ödəyirdilər; yığılan məhsulda da Samaanın öz payı vardı.
Payız günlərinin birində huri Samaan səhralıqdan keçərək ucqar bir kəndə doğru yollanarkən qəfildən həzin bir inilti eşitdi. Ətrafına boylanaraq baxanda yolun kənarında, otun üzərində uzanılı halda çılpaq bir kişi gördü. O, ağır yaralanmışdı, yarasından hələ də qanın sızdığını görmək olurdu. “Mənə yazığın gəlsin, – deyə yaralı yalvardı, – məni xilas elə, ölürəm!”
Huri Samaan qətiyyətsiz şəkildə yaralıya baxdı və öz-özünə fikirləşdi: “Yəqin quldurdur, yoldan keçəni soymaq istəyib, əvəzində özü zərər çəkib… Onun artıq son nəfəsidir, məni onun yanında görsələr elə biləcəklər ki, mən öldürmüşəm onu”.
O öz yoluna davam etmək istəyəndə yaralı bir də dilləndi:
“Tək qoyma məni burda, sən getsən, mən yəqin öləsiyəm”.
Huri Samaan yenə düşündü, yaralıya kömək etmək istəmədiyini anlayınca sarsıldı və rəngi ağarmış halda dodaqları əsə-əsə öz-özünə: “Bu, yəqin kimsəsiz dağlarda sərgərdan gəzən dəlilərdən birisi olacaq,” – deyə pıçıldadı. “Onun yarası dəhşətlidi. Mən nə edə bilərəm axı? Qəlblərin həkimi bədən xəstəliklərini sağalda bilməz”.
Yoluna düzəlmək istəyəndə yaralı dağı-daşı əridə biləcək səslə çağırdı: “Yaxın gəl, biz səninlə uzun zamandan bəri dost olmuşuq. Sən huri Samaan, müqəddəs atasan, mən isə nə quldur, nə də ki, dəliyəm. Qoyma məni bu kimsəsiz yerdə ölüm, yaxın gəl, mən sənə kim olduğumu deyəcəm”.
Huri Samaan can verənə yaxınlaşıb ona sarı əyildi. O, qarşısında tanış olmayan, ziddiyyətli bir sifət gördü. Bu üzün cizgilərində sanki ağılla biclik, eybəcərliklə gözəllik, məkrlə yumşaqlıq birləşmişdi. O dikələrək səndirlədi: “Sən kimsən?”– deyə soruşdu. Can verən zəif səslə cavab verdi: “Qorxma, mənim atam, biz səninlə çoxdan dostuq. Kömək elə mənə qalxım, yaxındakı bulağa çatdır məni. Yaralarımı yu və öz yaylığınla bağla”.
Huri çığırdı: “De görüm, axı sən kimsən? Mən səni tanımıram, yadıma da gəlmir ki, səninlə hardasa görüşmüş olam”.
Yaralı xırıldadı: “Yaxşı bilirsən, mən kiməm. Min dəfə görmüsən məni. Canından əzizəm sənə mən”.
Huri qeyzlənərək söylədi: “Ax səni yalançı! Ölüm ayağında adam yalan danışmamalıdı. Mən sənin idbar sifətini heç zaman görməmişəm. Deməsən sən kimsən, səni elə beləcə qanı axa-axa qoyub gedəcəm. Öl, cəhənnəm ol”. Yaralı dikələrək hurinin gözlərinə diqqətlə baxdı və onun dodaqlarında bic təbəssüm oynadı; yumşaq, sakit və dərin səslə: “Mən – İblisəm”, – dedi.
Bu sözləri eşidəndə huri Samaan dəhşətə gələrək elə çığırdı ki, səsi bütün vadiyə düşdü. Yalnız indi can verənin kənd kilsəsinin divarından asılmış, qiyamət gününü əks etdirən şəkildəki demonları xatırlatdığını sezməyə başladı.
“Allah qəsdən mənə sənin cəhənnəmlik sifətini göstərdi ki, mən daha çox nifrət edim sənə! Səni görüm lənətə gələsən!” – deyə qışqırdı.
İblis söylədi: “Tələsmə, müqəddəs ata, vaxtı da boş-boş söhbətlərlə alma. Yaxşısı budur, yaxın gəl və mənim yaralarımı sarı, nə qədər ki, həyat tamamilə tərk etməmişdir bu bədəni” .
Huri cavabında: “Hər gün Allahın prosvirasına (Kilsədə ibadət vaxtı yeyilən fətir. Xristian təsəvvürlərinə görə İsanın bədəni) toxunan əl sənin cəhənnəm tullantılarından yaradılmış bədəninə toxunmayacaq! Öl, əbədiyyətin dili və bəşəriyyətin ağzı ilə lənətlənmiş məxluq. Öl, zira, sən əbədiyyətin düşməni və bəşəriyyətin qənimisən”.
İblis ağrı içində hərəkətə gəlib, dirsəkləndi və cavab verdi: “Sən nə danışdığını bilmirsən və ruhunu nə boyda günahla yüklədiyinin fərqində də deyilsən. Bir qulaq as mənim hekayətimə. Mən bu kimsəsiz vadilərdə gəzişdiyim zaman bir dəstə mələyə rast gəldim. Məni amansızcasına əzişdirdilər. Əgər onlardan birinin iti qılıncı olmasaydı, mən onların hamısının axırına çıxa bilərdim. Amma bir silahsız silahlıya qarşı nə edə bilər ki?”
İblis bir anlığa susdu, sinəsində qaralan yarasını əli ilə örtüb sözünə davam etdi: “Silahlı mələk – deyəsən o, Mikayıl idi – mahir döyüşçü idi və əgər mən yerə yatıb özümü ölülüyə vurmasaydım, məni öldürməyənə qədər əl çəkməyəcəkdi”.
Huri gözlərini göyə tutub təntənəli bir şəkildə söylədi: “Eşq olsun Mikayıla ki, bəşəriyyəti mənfur düşməndən xilas elədi”!
İblis etiraz etdi: “Mənim bəşəriyyətə qarşı düşmənçiliyim sənin özünə qarşı düşmənçiliyindən böyük deyil. Sən Mikayılı tərifləyirsən. Hansı ki, onun sənə heç bir xeyiri dəyməyib. Məni bu ağır dəqiqələrimdə lənətləsən də, bil ki, sənin firavanlığının və səadətinin səbəbi mən olmuşam və indi də mənəm. Sən mənim xeyirxahlığımı dansan da, mənə minnətdar olmaq istəməsən də, həmişə mənim sayəmdə dolanmısan. Məgər sən indi o qədər varlısan ki, daha heç nəyə ehtiyacın yoxdur? Məgər bilmirsən ki, sənin arvadının və çoxsaylı uşaqlarının çörəyi kəsilə bilər mən ölsəm? De görüm onda nə edəcəksən? Nə işlə məşğul olacaqsan, mənim adım belə qalmasa? İyirmi beş ildir ki, sən bu dağlarda gəzir, insanları mənim tələlərimdən agah edirsən; camaat isə sənin bu moizələrinin müqabilini qızılla, tarlalarının məhsulu ilə ödəyir. Nə verəcəklər sabah sənə, əgər bu gün bilsələr ki, onların düşməni İblis artıq ölüb və onun hiylələri daha onlarçün qorxulu deyil? Nə işə yarayacaqsan, İblisin ölümündən sonra? Məgər sənə, müdrik din xadiminə, məlum deyilmi ki, məhz iblisin varlığı keşişlərin peyda olmasına səbəb olmuşdur və bu köhnəlmiş ədavətə səbəb qızıl və gümüşlər dindarların cibindən siz vaizlərin və ruhani ustadların cibinə axmaqda davam edir? Məgər sənin kimi bir üləma bilmirmi ki, səbəbin aradan qalxması ilə nəticə də yoxa çıxacaq? Mənim ölümümü sən necə arzulaya bilərsən, bilə-bilə ki, bununla həm mövqeyini itirəcək, həm maaşından məhrum olacaq, həm də arvad-uşağını ac qoyacaqsan? ”
İblis bir anlığa susdu və üzündən yalvarış dolu ifadəni silərək sözünə əminliklə davam etdi: “Özündən razı görünsən də, vallah səfehsən. Qulaq as, mən sənə bizi bir-birimizə bağlayan həqiqəti söyləyim. İnsan ilk dəfə günəşi görəndə əllərini uzadaraq söylədi: “Bu göy qübbəsinin arxasında böyük Allah vardır, xeyirin yaradıcısı!” Sonra isə kürəyini işığa çevirdi və yerdəki kölgəsini görüb dedi: “Torpağın dərinliyində qorxulu iblis yaşayır, şər törədicisi”. Və o özlüyündə: “Mən iki qüdrətli qüvvə arasındayam. Birinə sığınmalı, digəri ilə döyüşməliyəm”, – deyə düşündü.
Beləcə əsrlər bir-birini əvəz edir, insansa əvvəlki tək iki qüvvə arasında yaşayırdı: onlardan birinə şükr eləyirdi, çünki bu qüvvə onun ruhunu göylərə qaldırırdı; digərini isə lənətləyirdi, çünki o onun ruhunu zülmətə qərq edirdi. Lakin o nə şükranlığın mənasını anlayır, nə lənətin əhəmiyyətini dərk edirdi və beləcə onu çiçəklərlə bəzəyən yay və onu əsim-əsim əsdirən qış arasında bir ağac təki yaşayırdı. Məhz sivilizasiyanın səhərində insan cəmiyyətində ailə, sonra isə tayfa yarananda, bacarıq və meyllər əsasında əmək bölgüsü yaranıb tayfanın bir qismi əkinçilik, digəri ev tikintisi, bir başqaları toxuculuq və ovçuluqla məşğul olmağa başlayanda, yer üzündə ilk din xadimləri yarandı. Və birinci dəfə insan həyati əhəmiyyət daşımayan və heç bir təbii ehtiyacı ödəməyən bir fəaliyyətlə məşğul olmağa başladı”.
İblis bir anlığa fasilə verdi. Sonra elə güldü ki, qəhqəhəsi bütün vadiyə yayıldı. Lakin gülüşü ona həm də onun yarasını xatırlatdı və o, ağrıdan üzü əyilmiş halda böyründən yapışdı. Özünü düzəldib sözünə davam etdi: “Hə, elə o zamandan din xadimləri yarandı. Bu hadisə belə olmuşdu. TayfadaLa Visadlı birisi vardı. Adının mənasının nə olduğunu bilmirəm. O, ağıllı, lakin çox tənbəl idi. Əkinçilikdən, maldarlıqdan və ovçuluqdan, bir sözlə, əzələ gərginliyi tələb edən bütün işlərdən zəhləsi gedirdi. O zamanlar qidanı yalnız zəhmətlə əldə etmək mümkün olduğundan,La Visgecələrin çoxunu ac qarına yuxulamalı olurdu. Bir yay axşamı tayfa üzvləri başçının alaçığının qabağına yığışaraq öz qayğılarını müzakirə edən zaman kimsə ayı göstərərək çığırdı: “Gecənin allahına baxın! Onun üzü qaralmış, gözəlliyi yoxa çıxmışdır, o, göydən asılan bir qara daş parçasına dönmüşdür”. Başlarını qaldırıb göyə baxan insanlar dəhşətə gəlib əsməyə başladılar. Sanki zülmət özü əlləri ilə onların ürəklərini sıxırdı, zira, onlar görünməmiş bir mənzərənin şahidi olurdular: gecənin allahı getdikcə qara dairə formasını alır, sanki qara pərdə ilə hər yeri örtərək torpağın rəngini dəyişir, dağları, daşları görünməz edirdi. Bu zaman əvvəllər ayın batmasını müşahidə etmişLa Visvəziyyətdən faydalanmaq məqamının yetişdiyini anlayıb irəli yeridi, əllərini göyə uzadaraq var səsi ilə danışmağa başladı: “Diz çökün və başınıza kül ələyin. Qara şər allahı işıqlı gecə allahına hücum etmişdir: əgər o qalib gəlsə, bizim hamımız öləcəyik, yox əgər məğlub olsa – yaşayacağıq. Diz çökün, dua edin və başınıza kül tökün. Gözlərinizi yumun və göyə baxmayın, kim xeyir allahının şər allahı ilə döyüşünü görsə, gözünün işığını və ağlını itirəcək, ömrünün axırınadək kor və dəli qalacaqdır. Başınızı aşağı əyin və ürəklərinizdə xeyir allahına qələbə arzulayın”.
BeləcəLa Visheç kimin eşitmədiyi qorxulu ifadələr uydurmaqda davam edərək xeyli danışdı. Bir qədər sonra ay yenidən öz gözəlliyi ilə işıqlanmağa başlayanda, o, səsini bir qədər də ucaldaraq sevinclə elan etdi: “İndi isə qalxın, ay camaat, göyə baxın; gecənin allahı düşmənə qalib gəlmiş və budur o yenidən ulduzlar arasında öz səyahətini davam etdirir. Bilin ki, öz dualarınızla siz ona qaranlığın şərini üstələməyə kömək etmiş oldunuz. Budur o indi daha əzəmətli və daha gözəl olmuşdur”.
Adamlar qalxaraq aya baxdılar. Ay əvvəlki tək parlaq işıqla işıqlanırdı. Adamların qorxusu əminliklə, həyəcanı isə sevinclə əvəz olundu. Onlar yallı getdilər, dəf və şeypurlarını çaldılar, vadinin ən ucqar guşəsi belə onların sevinc sədaları ilə doldu.
Elə həmin gecə tayfanın başçısıLa Visiyanına çağırıb dedi: “Sən bu gün görünməmiş bir iş gördün. Heç birimizin anlaya bilmədiyi gizli sirrə vaqif olduğunu nümayiş etdirdin. Odur ki, səni təbrik edirəm, bu gündən tayfada məndən sonra ən ali şəxs olacaqsan. Mən tayfanın ən güclüsü və cəsarətlisi, sən – ən çox biləni və müdriki; bizimlə allahlar arasında vasitəçi ol, onların iradəsi, arzuları və istəklərindən bizi xəbərdar elə, allahların xeyir-duasını qazanmaqda bizə yardımçı ol”.
La Vishiyləsində bir addım da irəli gedərək onu əmin etdi: “Mən yuxuda allahların mənə açdığı bütün sirrləri sənə söyləyəcəm, zira, mən səninlə onlar arasında vasitəçiyəm”. Tayfa başçısı sevincindənLa Visə iki ayğır, yeddi inək, yetmiş qoyun və yetmiş quzu bağışladı və söylədi: “Əmr edəcəm, sənə yaxşı bir ev tiksinlər və hər payızda məhsulun müəyyən hissəsi sənə çatacaq, ağa kimi yaşayacaqsan”.
La Visgetmək üçün qalxdı, lakin tayfa başçısı onu saxlayıb soruşdu: “Bu şər allahı dediyin kimdir ki, gecənin işıqlı allahı ilə döyüşə girməyə cəsarət edir? Biz əvvəllər heç onun barəsində eşitməmişdik”.La Visalnını ovuşduraraq ona belə cavab verdi: “Mənim ağam, bil ki, qədim zamanlarda, onda ki, hələ insan da yaranmamışdı, bütün allahlar Süd Yolunun arxasında can bir qəlbdə yaşayırdılar. Onlara allahlar allahı şahlıq edirdi. O, bacarıqda hamıdan üstün idi və əbədiyyətin qanunlarında gizlədilmiş bir çox sirrlərin açarı yalnız onda idi. Lakin on ikinci əbədiyyətin yeddinci əsrində allahların allahına nifrətlə dolu olan Baatar öz atasına belə söylədi: “Nə üçün sən bütün yaradılmışlar üzərində mütləq hakimiyyətindən əl çəkmirsən, varlığın və əbədiyyətin sirlərini bizdən gizlədirsən? Məgər biz sənin ölümsüzlüyündə və gücündə sənə bərabər olan oğul və qızların deyilikmi?”
Allahların allahı qəzəblənərək cavab verdi: “Mütləq hakimiyyəti, sirri və qüdrəti mən əbədi olaraq özümçün saxlayacam, zira, mənəm hər şeyin əvvəli və hər şeyin sonu”. Baatar söylədi: “Əgər sən öz güc və qüdrətini mənimlə bölüşməsən, mən və mənim övladlarım və övladlarımın da övladları sənə asi olacağıq!” Onda allahların allahı göylərin ənginliyindəki taxtından qalxaraq Süd Yolunu qılınc edib belinə bağladı, günəşi isə qalxan kimi sinəsinə tutaraq elə bağırdı ki, sonsuzluq lərzəyə gəldi: “Şər üsyankar! Rədd ol, qaranlıq və rəzalətin hökm sürdüyü aşağı dünyaya və orada qal, nə qədər ki, günəş külə dönməyəcək və ulduzlar toz olub səpələnməyəcək”. O saatdan etibarən Baatar ali dünyadan şər ruhların yaşadığı aşağı dünyaya sürgün edildi. O, and içdi həyatın sirrinə ki, dünyanın sonunadək atası və qardaşları ilə mübarizə aparacaq, onlara iman gətirən hər bir ruha qarşı duracaqdır”.
La Visə diqqətlə qulaq asan tayfa başçısının rəngi saralmış, alnı isə qırışmışdı. O soruşdu: “Deməli, şər allahının adı Baatardır?”La Viscavab verdi: “Allahların yanında onun adı Baatar idi. Aşağı dünyada isə o özünə başqa adlar götürdü: Baalzebul, Balial, Şeytan, Əhrimən, Mara, Abdon, Devil və nəhayət İblis. Ən məşhuru İblisdir”.
Başçı “İblis” kəlməsini küləyin əsdirdiyi quru yarpaqların xışıltısını xatırladan titrəyən səsi ilə bir neçə dəfə təkrarlayandan sonra soruşdu: “Bəs nə üçün İblis allahlara olan nifrətini insanlara da yönəltmişdir?”
La Viscəld cavab verdi: “İblis ona görə insanlara nifrət edir ki, onlar onun qardaş və bacılarının törəmələridirlər”. “Deməli, İblis insanlara qohum düşür?”— deyə başçı səsləndi. La Visqəsdən dumanlı şəkildə cavab verdi: “Bəli, mənim ağam. Buna baxmayaraq onların ən qatı düşmənidir: gündüzlər o, insanlara fəlakət, gecələr isə qorxulu yuxular gətirir. O bir qüvvədir ki, fırtınanı onların evlərinə doğru istiqamətləndirir, əkinlərini yandırıb külə döndərir, özlərini və heyvanlarını cürbəcür xəstəliklərə düçar edərək tələf edir. O, qüdrətli, kinli və məkrli allahdır. O, insanların dərdinə sevinir, sevincinə qüssələnir və biz onun davranışını və xasiyyətini yaxşıca öyrənməliyik ki, onun şərindən uzaq ola bilək, tələlərinə düşməyək”.
Başçı başını tutub pıçıldadı: “Mən indi bildim fırtınanı bizim evlərimizə yönəldən və heyvanlarımızı tələf edən hansı qüvvədir. Bir azdan bu hamıya ayan olacaq və insanlar sənLa Visə alqış deyəcəklər. Zira, sən onların qatı düşmənlərinin sirrinin üstünü açmış və onun tələlərindən qurtulmağın yollarını öyrənmisən”.
Başçının yanından evinə yollananLa Visbugünkü uğuruna özü də inanmır, sevincindən nəşələnirdi. Bu gün ilk dəfə idi ki, başçı və tayfanın digər üzvləri rahat yata bilmədilər; yuxuda onları qorxulu ruhlar incidir, şər qüvvələr qarabaqara izləyirdi”.
İblis danışmaqdan yorulmuş kimi bir anlığa susdu. Huri Samaan isə ona diqqətlə baxırdı. Onun üzündə çaşqınlıq ifadəsi donub qalmışdı və budur onun dodaqlarında xəstə bir təbəssüm dartılmağa başladı. İblis yenidən sözünə davam etdi: “Beləcə yer üzündə din xadimləri yarandı. Mənim səbəbimə.La Vismənimlə düşmənçiliyi özünə peşə seçən ilk şəxs oldu. Onun ölümündən sonra bu yeri onun oğlanları və nəvələri tutdular və bu peşə inkişaf etdi. O həddə qədər ki, o yalnız yetkin ağıl, həssas şüur, təmiz ürək və zəngin təxəyyülə malik insanların mənimsəyə biləcəyi müqəddəs bir sənət səviyyəsinə yüksəldi. Babildə insanlar mənimlə cadular vasitəsi ilə döyüşən kahin qarşısında gündə yeddi dəfə səcdə edirdilər; Nineviyada mənim gizli sirlərimi bilməyə iddialı şəxsi insanlarla allahları birləşdirən qızıl bənd sayırdılar; Fiva şəhərində mənim düşmənimi günəşin və ayın oğlu adlandırırdılar; Biblosda, Efesdə və Antioxiyada insanlar mənə öz uşaqlarını qurban verirdilər; Yerusalim və Romada isə camaat canını mənə nifrətdə ustalaşmış şəxslərə tapşırırdı.
Günəşin altında yaradılan hər bir şəhərdə mənim adım dinin, elmin, incəsənətin və fəlsəfənin məhək daşı idi. Mənə görə məbədlər tikilir, universitetlər və məktəblər yaradılır, saray və qalalar ucaldılırdı.
Mən insanlarda qətiyyət oyadan qətiyyətəm. Mən insanların əllərini hərəkətə gətirən ələm. Mən onların idrakına kəsər gətirən fikirəm. Mən – əbədi və ölümsüz İblisəm ki, özlərini diri saxlamaq üçün insanlar mənimlə döyüşməyə məhkumdurlar. Əgər onlar mənə qarşı durmasalar idrakları yuxulayar, tənbəllik canlarını alar, süstlük isə bədənlərini məhv edər.
Mən – ölümsüz və əbədi İblis, – kişilərin ağlında və qadınların ürəklərində əsən, onları həyəcanlandıran səssiz fırtınayam. Mənim qorxumdan onlar monastırlara üz tutur və orada məni öz qorxuları ilə təsdiq edirlər. Mənim iradəmlə onlar qumarxanalara, şənlik evlərinə yönəlir və orada mənim arzularıma itaət nümayiş etdirirlər; gecənin sükutunda dua oxuyaraq məni öz çarpayısından uzaqlaşdırmağa çalışan monarx məni öz yatağına çağıran fahişədən çox fərqlənmir.
Mən ölümsüz və əbədi İblisəm, qorxu təməli üzərində ucaldılmış monastır və səcdəgahların əsl memarı mənəm; mənəm şəhvət və həzz təməli üzərində qurulmuş əxlaqsızlıq yuvalarının daimi sakini. Mənim ölümümlə dünyadan qorxu və həzz yoxa çıxacaq və onların dalınca da insan ürəyinin ümid və arzuları. Həyat da simləri qırılmış ud kimi soyuq məzarlığı xatırladacaq.
Mən ölümsüz və əbədi İblisəm. Mən yalanın, riyanın, məkrin və alçaqlığın ilhamvericisiyəm və əgər bu xüsusiyyətlər dünyanı tərk edəsi olsa, bəşəriyyət baxımsız bağa bənzəyəcək ki, orda yalnız xeyir kollarının tikanları bitəcək.
Mən ölümsüz və əbədi İblisəm. Günahın anası da mənəm, atası da. Əgər günah yox olsa, bütün günah döyüşçüləri və onların ailələri də yox olacaq.
Mənəm şərin ürəyi. Mənim ürəyimin dayanması ilə bəşərdə hər hansı hərəkət də dayanacaq. Sən bunumu istəyirsən? İstəyirsən ki, səbəb ölərək özü ilə birlikdə nəticəni də aparsın? Mənəm hər şeyin səbəbi! Sən imkan verəcəksən ki, mənim canım çıxsın bu səhralıqda? Sən doğrudan istəyirsən ki, səni mənimlə bağlayan əzəli əlaqə qırılsın? Cavab ver, din xadimi!”
İblis əllərini qabağa uzatdı, boynunu yuxarı qaldırıb dərindən nəfəs aldı; ağrı və əzabdan rəngi bozarmış halda o, əsrlərin Nil çayı sahilində qoruyub saxladığı heykəllərdən birinə çox bənzəyirdi. Huri Samaana parıldayan gözləri ilə baxıb yorğun səsi ilə davam etdi: “Danışmaq əldən saldı məni. Ölüm ayağında gücə qənaət etmək əvəzinə mən sənə adi həqiqətləri izah etməli oldum. İndi sən hər şeyi bilirsən. Seçim sənindir. İstəyirsən məni evinə apar və yaralarıma qulluq elə, istəyirsən at, get məni burda, ölümün əlində”.
Ona qulaq asa-asa huri Samaan məzlumcasına əllərini bir-birinə sürtürdü. Sonra isə üzr istəyirmiş kimi dilləndi: “Hə, sən çox şeyə açdın mənim gözümü. Cahilliyimə görə məni bağışla. Mən indi bildim ki, sən insanları azdırmaq üçün yaranmısan. Azmaq isə insan nəfsini dərk etmək üçün bir ölçüdür. Məhz bu ölçü ilə Uca Allah ruhları tərəziyə çəkir. Mən anladım ki, sənin ölümünlə azma, şirniklənmə də yoxa çıxacaq. Onunla bərabər insanı ayıq və ehtiyatlı olmağa sövq edən ruhani məqam da yox olacaqdır.
Sən yaşamalısan, çünki sən ölsən və insanlar bundan xəbər tutsalar, cəhənnəm qorxusu da yoxa çıxacaq, camaat ibadətdən uzaqlaşacaq və günaha batacaqdır.
Sən yaşamalısan, zira, insan nəslinin əxlaqsızlıqdan və günahdan xilas olması sənin həyatından asılıdır. O ki, qaldı mənə, mən sənə olan nifrətimi insanlara olan sevgimə qurban verəcəm”.
İblisi elə gülmək tutdu ki, yer əsdi. Dedi: “Sən necə də ağıllısan, müqəddəs ata! İlahiyyat sahəsində tayın-bərabərin yoxdu. Ağlının gücüylə sən mənim varlığımın mənasını mənim özümdən də yaxşı dərk etdin.
Hə, indi ki, bizi bir-birimizə bağlayan ilahi ehtiyacı yaxşıca anladıq, getmək lazımdır burdan. Yaxın gəl mənim qardaşım və məni evinizə apar. Mən o qədər də ağır deyiləm. Vadiyə gecə düşür, bəsdir bu torpağı qanımla suvardığım”.
Və huri Samaan qollarını çırmayıb əbasının ətəklərini belinə keçirtdi, İblisi dalına alıb evinə tərəf yollandı.
* * *
Sükuta qərq olmuş və gecənin qara pərdəsinə bələnmiş vadilərin arası ilə öz kəndinə doğru irəliləyən huri Samaanın beli arxasındakı çılpaq bədənin ağırlığından ikiqat əyilmiş, qara əbası və uzun saqqalı yaralının qanına batmışdı, dodaqları isə ölməkdə olan İblisin sağalması üçün oxuduğu duaları təkrarlayırdı.
kayzen.az