Paul Heyse
Professor sözlərini bitirən kimi qız şıltaqlıla dilləndi: «Kiminsə bu maraqlı əhvalata dodaq büzməsinə qətiyyətlə etiraz edirəm, çünki bir dəfə mənim sevimli qaynım da xanım Abiqayl haqqında nəsə gəvələmək istəmişdi. Bu, gözəl bir tamaşaya baxdıqdan sonra qayıdıb hələ də orada gördüklərinin və eşitdiklərinin təsiri altında uçduğun vaxt hansısa bir „ağıllı cənab“ın tamaşanı tənqid atəşinə tutaraq üstünə buz kimi soyuq su çiləməyinə bənzəyir. Hansı ki, o sözlər səni göydən yerə endirir.
Ona görə də heç kəsin freyleyn Blandina barədə müxtəlif məzmunlu ağıllı — »subyektiv”, ya da «obyektiv» fərqi yoxdur — mülahizələrinə qulaq asmaq fikrim yoxdur. Bunu unutma, sevimli qaynım! Əgər bu əhvalat həqiqət, yaxud uydurma olsa belə (bilmirəm onu başqa necə adlandırmaq olar, amma mən poetik fantaziyaları nəzərdə tuturam) bütün hallarda professora minnətdar olmalyıq. Ona görə ki, bunun puh olması… nə isə, bu barədə bəsdir! Artıq sirrin üzünə düşən pərdəni götürmək istədiymi hiss edirəm. Özümüzdən asılı olmayaraq, nə qədər uzaq qaçmaq istəsək belə, müdrik əsrimizin həyəcan azarına yoluxmalı oluruq. Nə qədər ki, gecə yarısını keçməyib, tələsməliyik. İndi də Yuliya xalanın növbəsidir”.
Qohumluq əlaqələrinə görə çoxdan «xala» titulu qazanan və belə müzakirələr zamanı adətən dil boğza qoymayan yaşlı qadın, nədənsə bu axşam çox sakit idi. Dünyadakı qeyri-adi hadisələr barədə nə isə deyilən zaman çox vaxt başının hərəkəti ilə razılıq əlaməti kimi deyilənləri təsdiq edirdi.
İndi fikirlərini öyrənmək üçün məxsusi olaraq ona müraciət olunanda Yuluya xala söhbətə qoşuldu: «Qoy məni axmaq, ya da bəs qədər sadəlövh hesab eləsinlər, amma ruhun sahibi bu dünyada görəcəyi hansısa vacib bir işi yarıda saxlayıb gedibsə, onun yenidən qayıdacağına inanıram. Mənəvi borc hissi heç diriləri də rahat buraxmır; elə mən özüm dəfələrlə qorxu içində yuxudan ayılmışam — özü də təkcə cavanlıqda yox, ağ saçlarıma baxmayaraq, elə indinin özündə də. Belə hallar adətən gün ərzində hər hansısa bir bədbəxtliyinin, ya da xoşagəlməz hadisənin qarşısını almaq üçün görəcəyim işi unutduğum zaman baş verir. Elə mən özüm də bəzi şeylər yaşamışam. Gördüklərimi isə yuxuda deyil, gerçəkdə, öz gözlərimlə görmüşəm — xatırlayanda elə indi də xaç çəkirəm.
Bilirsiniz ki, mən Badenli pastorun qızıyam, məndən başqa ailəmizdə oğlanlı-qızlı on üç uşaq olub. Evimizdə „canlı oyuncaqlar“ın əlindən tərpənməyə yer olmasa da, mənim sevimli „oyuncağım“ özgə uşağı — bizim dyaçokun qızı idi. Beş-altı yaşı olardı (mənim isə on üç yaşım vardı) və mən sadəcə onun üçün əldən gedirdim. Qızcığaz çox gözəl olmasa da, ağıllı idi. Başqa işim-gücüm olmasa idi, bütün günümü onunla keçirərdim: onu gəzməyə aparır, oynayır, gəlincikləri üçün don tikir, əlimə düşən şirniyyatı özüm yemir, onun üçün daşıyırdım. Şirniyyatlar isə o qədər də çox olmurdu, etiraf edim ki, bütün pastor ailələrində olduğu kimi, bzim pastor atamızın çoxuşaqlı ailəsində də demək olar ki, hamımız bir qarın ac, bir qarın tox dolanırdıq. Amma ad günləri, böyük bayramlar da olurdu axı — bir sözlə, payıma düşən qənimətin böyük hissəsini balaca Lizavitaya — sevimli qızcığazımın adı elə idi — verirdim. Onu da deyim ki, o, çox qəribə qız idi, nə mənim azğın, nadinc qardaşlarıma, nə də tərbiyəm altında böyüyən, yaxşısını da, pisini də əzbərdən bilidiyim bacılarıma oxşayırdı.
Qızın üç yaşı olanda atamı kənddəki kiçik kilsəyə pastor təyin etmişdilər, həmin kilsənin dyaçoku da Lizavetanın atası idi. Qızcığaz o dəqiqə diqqətmi çəkdi: onun qəribə, qonur gözləri vardı, hundan başqa o, heç vaxt ağlamaz, gülməzdi — sakitcə, lap böyük adamlar kimi ətrafa baxardı. Di gəl qısa donu əyninə keçirib yalın ayaqları ilə taladakı kəpənəklərin arxasıca qaçanda isə cəld və yorulmaz olurdu. Onlardan birini tutan kimi ehtiyatla balaca ovcunun içində tutub saxlayır, sonra ovcunu açıb buraxırdı. Saatlarla evin kandarında oturub ayağının yanına atdığı çörək qırıntılarını dimdikləməyə yüyürən toyuqlara, ya da kilsənin damında yuva quran, günəşin şüaları altında bərq vuran səmada uçuşan qaranquşlara baxırdı. Lizavetanın oyun oynamaq, vaxtını keçirmək üçün özündən başqa qardaş-bacısı yox idi, qızın diqqətini çəkən yeganə oyuncaqlar isə canlılar olurdu. Bu bənzərsiz gözəlçə ilə tanışlığımızın ilk günlərindən gəlinciyi olmadığı üçün narahatlıq keçirməyə başlamışdım, çünki on bir-on iki yaşım olmasına baxmayaraq, özümü hələ də gəlinciksiz təsəvvür edə bilmirdim. Ona görə də gəlinciklərimdən birinin üz-gözünü, əl ayağını yuyub təmizləyəndən, təzə don tikəndən sonra onu qızcığaza bağışladım. Elə indi də o canlı, gözəl qızcığazın hədiyyəmə necə heyrətlə baxdığını, azacıq qızararaq başını razılıqla tərpətdiyini xatırlayıram. Daha sonra o, hədiyyəmi bir kənara qoyub ona gözünün ucu ilə də baxmadı. Küsdüm. Genişürəkliliyimlə nə qədər fəxr etsəm də, ürəyimə qəribə bir hiss doldu. „Bəlkə — fikirləşidm, — gəlinciyin heç bir bəzək-düzəyi olmayan donu qızın xoşuna gəlməyib“. Amma qızıl toxumalı bafta ilə naxış vurduğum təzə don da bir şeyə yaramadı. Lizavetanın gəlincikləri sevməməyi ilə razılaşmaqdan başqa əlacım qalmadı və qızın bu xasiyyəti məni də gəliciklərlə vaxt keçirməkdən usandırdı. Ondan sonra mənim gəlinciyim bu qızcığaz oldu və qızın əlindən yapışa bilmədiyim üçün, Lizaveta ilə əl-ələ verib atılıb-düşə bilmədyim üçün özümü çox bədbəxt hesab edirdim.
Bizim onunla oynamağımıza hamı xeyirxahlıq kimi baxırdı, çünki əsl həqiqətdə heç kəs onun qayğısına qalmırdı. Valideynlərinin işi başlarından aşırdı: bədbəxt anası təəssərüfat işlərini görür, atası isə bostanda işləməyə, inəyi yemləməyə, sağmağa məcbur olurdu. İnək də qızın sevimli oyuncaqlarından biri idi, qız bu iri, sakit canlı ilə necə rəftar etməyin yolunu bilmədiyi üçün, həyətdəki, bağçadakı, kənd yolundakı daha kiçik canlılarla oynamağa üstünlük verirdi.
Dayanıb onlarla rəftarına baxmaq çox maraqlı idi, adama elə gəlirdi ki, qızcığaz onların dilini başa düşür. Bəzən onun müxtəlif canlıların səsini yamsılamağının şahidi olurdum: göyərçin quqqultusu, arı vızıltısı, bəzi quşların səsi. Ona diqqət kəsildiyimi hiss edən kimi, susurdu.
Başqa uşaqlara baxanda o, adam kimi danışmağı çox gec öyrənmişdi və çox təsadüfi hallarda danışırdı, amma mənim balaca bacıların səhərdən axşama qədər dil boğaza qoymadan bildiklırini də, bilmədikərini də gəvələyirdilər. Valideynlərim boş vaxtım olan kimi nədən Lizavetanın yanına tələsdiyimin sirrini anlaya bilmirdilər. Lizavetın üzümə xəfif gülümsəməyi, ya da ürkək nəvazişi belə mənim üçün istənilən şirniyyatdan, elə məktəbdə qazandığım uğurdan da üstün idi. İki illik yaxın dostluğumuzdan az sonra, əzizimin beş yaşı tamam olanda atası onun üçün bir neçə cüt dovşan aldı, sonra da həmin dovşanlar üçün bağçanın başında, qəfəsdə yer düzəltdi. Ailə kələmdən və çuğundurdan ibarət olan yeməklərinə hər iki bazar günündən bir nə isə isti yemək də əlavə etmək istəyirdi, çünki başqa günlərdə onların süfrəsində demək olar ki, ət olmurdu. Bu balaca Lizaveta üçün əsl sürpriz idi. Məsələ onda idi ki, əlində bir şey olmayanda belə bütün başqa canlılar onun sığallarına qarşılıq göstərərdilər. Sığalı, insan qayğısını xoşlayan itlər, pişiklər üçün onlarn təsərrüfatında yer tapılmırdı. Amma bu balaca, yumru, ipək kimi yumşaq tükləri olan, özləri ailənin ağız tamını dəyişən, uşaq sevincinə dad qatan, bütünlüklə dyaçokun və arvadının qayğısı ilə əhatə olunan acgözləri yemləmək, elə ilk gündən hələ ki, məktəbə getməyən və bundan gözəl məşğuliyyəti ağlına sığşdırmayan balaca Lizavetaya tapşırıldı. Amma süfrəyə isti yemək gələndə, qızcığaz onların ətinin dadına baxmaqdan imtina etdi.
O, ailənin təzə sakinləri ilə digər canlılarla olduğu kimi, tezliklə dil tapa bildi. Bundan gözəl mənzərə təsəvvür etmək çətindir: elə ki, bu balaca qızcığaz qəfəsin qapsını qaldırırdı — bütün sürü (az zaman ərzində onlara təzə balalar da qatılmışdı) bir-birini itələyərək onun yanına tələsirdi. Onun donunun ətəyindən yapışır, yalın ayaqlarının üstündə gəzirdilər. Qızcığaz onların ac olduğunu hiss edəndə elə onların özü kimi kədərlə zarıyırdı. Onların balaca dayəsi əlinə bir çubuq alıb inadkarlar dovşanların yumru başına astaca vururdu. Sonra dəstəni başına yığıb evin kənarındakı zibilliyə aparır, orada olan kələm qırıntılarını, yarpaq, salat qalıqlaırını, qonşu evlərindən yığıb gətirdiyi müxtəlif ərzaq artıqlarını balaca dostlarına yedirdirdi. Qadınlar bu balaca qızcığazı və onun üzüyola, ehtiyac içində olan valideynlərini çox sevdiklərindən, əllərinə keçəni Lizavetaya verməkdən zövq alırdılar.
Sonra bu ciddi görkəmli dayə əlindəki çubuğu atmadan başının dəstəsini yığıb bostana tərəf aparırdı və bostanda saatlarla balaca dostlarının yeməyinə tamaşa edirdi. Arada kimin qarınqululuq etdiyini görürdüsə, əlindəki çubuğu işə salıb ədaləti bərpa edirdi. Onu bu məşğuliyyətdən ayırmaq mümkün deyildi. Başı onlara qarışdığından çox vaxt öz aclığını belə unudurdu.
Elə ki, qarınqulular azacıq da olsa ağızalrını yaşıl otlardan ayırırdılar, onda „yem anası“ əlini atıb dovşanlardan birinin — ya atanın, ya da ən cavan dovşanın — qulaqlarından yapışır, onu götürüb, sinəsinə sıxıb oxşayır, qualqarını qaşıyırdı və beləcə bir-bir hamısını əlindən keçirirdi. Sonra da dəstəni başına yığır, əlindəki çubuqla onları haylayaraq təzədən qəfəsə ötürürdü. Qəfəsdə də onların qabağına bir-iki kələm yarpağı atır, sonra yenə bir müddət dayanıb dovşanlara baxırdı.
Vallah qızıl parçası idi balaca Lizaveta!* „Canım mənim, -bir dəfə ona dedim,- bəs məktəbə gedəndə nə edəcəksən? Gərək Hannesleni də — onun sevimli dovşanının adı belə idi — çantana salıb məktəbə aparasan ki, ona orada kökə yedirdə biləsən“.
Qız iri, ciddi gözlərini mənə dikib dedi: „Onları burada tək saxlamqdansa, məktəbə getməmək yaxşıdır“.
Yazıq qızcığaz! Elə bil heç vaxt məktəb partası arxasında oturmayacağını bilirdi. Uşaqlıq xatirələrimi belə təfsilatı ilə danışdığım üçün məni üzrlü sayın, indi danışıb qurtaracağam.
Bir səhər, həftənin əvvəlində atamla dini məktəbdə bir yerdə oxuduğu dostunun evinə qonaq getdik, onun mən yaşda bir qızı var idi. Əvvəllər onunla möhkəm dostuluq etmişdim, amma bir neçə il olardı ki, görüşmürdük. Budur, yenə köhnə rəfiqəmlə bir yerdə idim, amma nədənsə onunla dostluğumdan əvvəlki zövqü ala bilmirdim. Rəfiqəm bu müddət ərzində yaxşı mütaliə etmişdi və burnunu çəkib özünü Tanrının möcüzələrindən, hər şeydən xəbər tutan alim kimi qələmə verirdi, mən isə onun yanında hələ də özünün Robinzonu, Lienhartı və Gertrudası ilə qalan miskin kəndçi qızı təsiri bağışlayırdım. Bundan başqa gün ərzində Lizavetanı görə bilmədiym ağlımdam çıxmırdı. İçimə dolan qəribə fikirlər nədənsə məni narahat edirdi. Zamanı çatanda alimçə rəfiqəmə „cəhənnəm ol“ deyib və evə qayıtmaqdan gözəl heç nə ola bilməzdi!
Kəndə çatanda artıq qaranlıq düşmüşü, adətən gecənin bu saatında şirin yuxuda olan dyaçokun evindən gələn işıq diqqətimi çəkdi. Elə bizim evimizdə də nə isı qeyri-adi bir canlanma hiss olunurdu; anam bizi qarşılamaq üçün narahatlıqla eşiyə çıxdı, atam ilə nəsə pıçıldaşdı, sonra acıyan baxışları ilə üzümə baxdı və tez məni yatmağa yolladı. Amma onun bu canfəşanlığı, məni gecə rahatlığından məhrum etməmək istəyi mənasız idi: baş verənləri bizim qoca Katrindən xəbər aldım və yuxum o dəqiqə ərşə çəkildi.
Təsəvvür edin: səhər, gözəl bir havada balaca Lizaveta dəstəsini başına toplayıb onları ümumi zibilxanaya — oralarda çoxlu yaşıl alaq otları bitmişdi — aparır, özü də çubuğu əlinə alıb bir kənarda oturaraq onların yeməyinə tamaşa edir. Elə o vaxt haradansa bir qəssabın şəyirdi yanında bir nataraz köpəklə orada peyda olur, onların yanından keçərkən dovşanlara tamaşa etmək üçün bir müddət dayanıb baxır. Bədbəxtliyə baxn da, elə o vaxt balaca, ağılsız dovşanlardan biri atılıb düz köpəyin ayağının dibinə düşür. Zarafat qanmayan köpək dovşanın peysərindən yapışır. Bunu görən mənim balaca Lizavetam əlindəki çubuğu çəkib özünü ora çatdırır. Bu vaxt dovşanı ağzından buraxan köpək dəyən zərbələri hiss edib hürərək özünü qızın üsütnə salır və Lizavetanın qolunu dişləyir. Əgər sahibi özünü vaxtında çatdırmasa idi, köpək qızı parçalayacaqmış.
Qolundan qan axmasına əhəmiyyət verməyən qızcığaz tez dovşana doğru qaçır, sən demə bu elə onun Hanneslesi imiş — heyvanı qucağına alıb, onu ətəyinə bükür, evə yüyürür, dəstəsəsi də qızcığazın arxasınca düşür. Evdə də qolunun yarasına fikir vermir və bir damcı qanı axmayan, sadəcə azacıq qorxan heyvanla bir yerdə cəld quyuya yaxınlaşır. Anası gəlib çıxanda, qızını bu halda görəndə balaca Lizaveta qolunun ağrıdığını deyir və o an huşunu itirir.
Qızı yatağa uzatdıqdan sonra hamamçını çağırırlar. Hamamçı da qızın yarasına baxır, üzünə mənalı bir ifadə əlavə edir və köpəyin quduz olub-olmadığı ilə maraqlanır. Qəssab şəyirdi də and-aman edir ki, köpək dəf kimi imiş. Sən demə yara dərin olduğundan damarı zədələyibmiş. Yaranı bağlayıb qanaxmanın qarşısını alsalar da, hamamçının dediyinə görə məsələ çox ciddi imiş və yaxınlıqdakı şəhərcikdən buz gətirib çıxarana qədər, soyuq kompresi tez-tez dəyişmək lazm imiş.
Vaxt itirmədən ora gedib balaca dostumun yanında olmaq istəsəm də, anam razılıq vermədi. Ancaq səhər açılandan sonra onlara gedə bildim. Qızcığaz qızdırmadan titrədərək yataqda oturmuşdu, yanında, yun örtüyün üstündə isə balaca Hannesle büzüşüb qalmışdı. Məndən və dovşanından başqa heç kəsi tanımayan qızcığaz tez-tez qızdırmadan alışıb-yanan balaca əlləri ilə dovşanı sığallayırdı. Ürək parçalayan bir mənzərə idi. Özümü hönkürüb ağlamaqdan zorla saxlaya bilirdim, nə qədər dilə tutmağa çalışsalar da, məni Lizavetanın yanından ayıra bilmədilər, o gün də, ondan sönrakı gün də qızın başının üstünü kəsdirib dayandım və ancaq səhərə yaxın bir qədər mürgülədim. Gözlərimi açanda isə sevimli dostum gözlərini əbədi yummuşdu.
Yaxınlıqdakı şəhərcikdən gələn həkim dedi ki, qızın qoluna bağlanan sarğı təmiz olmadığından və yaranın üstündə qızın donunun bir tikəsi qaldığından qana mikrob düşüb və qan zəhərlənib.
Bu hadisə həyatımın ilk ağır zərbəsi idi. Qəhərdən daş kimi donub qalmışdım, baş verənləri demək olar ki, görmürdüm. Üç gün sonra qızcığazı qəbiristanlığa aparıb dəfn etdikləri günü hələ də xatırlayıram, iki bacım qolumdan tutub məni aparırdı. Atamın matəm nitqindən bir şey anlamırdım. Lizavetanın balaca məzarını əklillərlə bəzəmişdilər, hərə bir ovuc torpaq götürüb balaca məzarın üstünə atırdı. Hönkürüb ağladım və anamdan məni evə aparıb yatağıma uzatmağını xahiş etdim. Yuxusuz gecələrimdın sonra ölü kimi yuxuya getdim. Mənimlə bərabər evin çatısında yatan kiçik bacılarımdan üçünün nə vaxt gəlib yatağa girdiklərimdən də xəbərim olmadı.
Yayın ortaları olduğundan dörd çarpayısı olan darısqal çatıda istidən nəfəs almaq olmurdu. Nəhayət, sinəmdə dəhşətli bir ağırlıq hiss etdim və bağıraraq yerimdən dik atıldım. Sinəmə çökmüş dəhşətdən yaxa qurtarmaq istəyirdim. Ay bütöv olduğundan otaq gündüz kimi işıqlı idi, bacılarımın necə yatıb yuxuladıqlarını aydınca görürdüm. Bir qədər özümü ələ alıb pəncərəni açmağa getdim. Heç çevrilməyə belə macal tapmamışdım ki, pəncərənin qarşısında olan qapının sakitcə açıldığını hiss etdim. Dünən dəfn etdiyimiz qızcığaz qapının kandarında dayanıb bərəlmiş gözləri ilə mənə baxırdı. Əynində tabuta qoyularkən geyindiyi ağ don var idi. Şabalıdı saçlarının ucu bir qədər dağılmışdı, rəngi çox solğun idi, amma bu, ölü solğunluğuna oxşamırdı. Bir sözlə, o heç də qəribə, xoşagəlməz təsir bağışlamırdı. Əvvəlcə bir az qorxdum, sonra bu hiss məni tərk etdi, sakitcə ona baxdım və dedim: „Bu, doğrudanmı sənsən, Lizaveta? Bura necə gəlmisən? Məndən bir istəyin yoxdur ki?“* Yazıq qızcığaz mənə cavab vermədi, sadəcə əlini yelləyib məni çağırdı .
»Nə demək istəyirsən? — bir də xəbər aldım. — Yatmaq istəmirsən ki? Bəlkə səni ötürməyimi istəyirsən?”
O, yenə cavab vermədi və sifətinə əzab dolu bir ifadə alıb əlini yellətdi.
«Yaxşı, — onsuz sağlığında da onun sözündən çıxmırdım, — gözlə, indi gəlirəm». Ətəyimi əynimə çəkib corablarımı geyindiyim vaxt (bu müddət ərzində bacılarım yenə mışıl-mışıl yatırdı) qızcığazın sakitcə çevrildiyini və yalın ayaqları ilə sakitcə uzaqlaşdığını gördüm. Onun ardınca pəncələrim üstə mən də sakitcə otaqdan çıxdım, pillələri cırıldatmadan aşağı endim.
Sonra həmişə bağlı olan qapını astaca açıb Ay işığında gümüş kimi parıldayan küçəyə — bizi bağçadan və qəbiristanlıqdan ayıran küçəyə çıxdıq. Fikriləşirdim ki, qızcığaz məni məzarlıqdakı təzə evinə aparacaq. Qıza qarşı olan böyük sevgimə və onun arxasınca hara gəldi getməyə hazır olduğuma baxmayaraq, bir daha Lizavetadan hara getdiyimizi xəbər almaq istədim. O isə qəbiristanlığın hasarını balaca ağ bulud topası kimi dövrə vurub evlərinin önündə durdu.
«Görəsən orada nə titirib? — ürəyimdə heyrətləndim. — Bəlkə bədbəxt anasını görmək istəyir?» Amma yox, o evə getmədi. Addımlarını yeyinlədərək dyaçokun bostanına — sevimli dovşanlarının qəfəsinə tərəf irəlilədi. Bu vaxt ayaq saxladı, ilk dəfə çevrilib mənə baxdı və hər iki əlini yuxarı qaldırıb sanki məndən nə isə istədi. Elə ki, başımı tərpətdim, o da başını tərpədərək cavab verdi və geri — kələm ləklərinə doğru çəkildi, sanki məni irəli buraxmaq istəyirdi. Onun nə demək istədiyini əvvəlcə anlamadım, sadəcə fəhmimlə qəfəsə yaxınlaşıb balaca cəftəni açdım. Bu vaxt dünyasını dəyişən qızcığazın məndən nə istədiyini anladım. Lizavetanın dəstəsindəki böyük dovşanlar can verirdi, məni görəndə sadəcə qulaqlarını tərpətməyə taqətləri çatdı. Balacalardan isə bircəciyi — Hannesle sağ qalmışdı, amma o da elə zəifləmişdi ki, qırmızı gözlərini mənə zilləməkdən başqa heç nə edə bilmirdi. Qəfəsdə yeyəcək bir şey gözə dəymirdi, su qabı da boşalmışdı. Kimin ağlına gələrdi ki, bu dovşanları xilas etdiyi üçün həyatını verən qızcığaz öləndən sonra da onların qayğısına qala bilər. Dostlarının acından öləcəyini hiss edən Lizaveta onları ən vəfalı rəfiqəsinə — mənə etibar etməkdən başqa çarə tapmadığından, qəbrində rahat uyuya bilməmiş, kömək üçün yanıma gəlmişdi.
Geri çevrilib ona daha narahat olmamasını, məzarında rahat yatmasını, dovşanalrının qayğısına qalacağımı demək istəyirdim ki, sevimli kabusum itdi. Ay işığı ətrafı elə işıqlandırmışdı ki, kələm ləklərinin üstündəki yarpaqaları belə rahatca saymaq olurdu. Amma balaca Lizaveta bir də qayıtmadı”.
Çevirəni: Əyyub QİYAS
kayzen.az