(“Karantin zədəsi”ni oxuyan belə düşünər də)
Dünyanın gözəllik arzusunun, estetik tamlığının sözlə ifadə olunan inikası bədii yaradıcılıqdır. Başqa sözlə desək, bədii yaradıcılıq söz adamının öz aspektlərini (hadisəyə münasibəti, özünəməxsus nöqteyi – nəzəri) ifadə etmək bacarığıdır. Yenilik yarada bilməyən yaradıcılıq heç vaxt çox yaşamır.
Mövzu, ideya kasadlığından əziyyət çəkənlərə Cəfər Cabbarlının “mövzu özü məni tapdı” deyimini misal çəkirəm. “Əmək yaradıcı insanın qüdrəti və sevincidir” (Romen Rollan). Bir çox sənət sahələrində uğur qazananlar “əməkdar” titulu ilə mükafatlandırılırlar. Anlaya bilmirəm, söz adamı yaradıcılığına əmək sərf eləmirmi? Bu şirin əzablı zehni əməyi qiymətləndirmək üçün sözün doğuluşunun, yanğısının, ona xidmətin, həzzini, xoşbəxtliyini yaşamaq lazımdır.
Mübaliğəsiz deyə bilərəm ki, Pərvanə Bayramqızı “Əməkdar söz və qələm” sahibi tituluna layiqdir. Kitabın yaxın dostu, himayəçisi, qoruyucusu olmaq bəşərə ən müqəddəs xidmətdir. Pərvanə xanım belə iş adamıdır. O, yorulmur, işindən həzz alır, gözəlliyi duyur və təbliğ edir, eybəcərliyi görür və qamçılayır, onu gözəlləşdirməyin, islah olunmasa məhv etməyin yollarını axtarır, inanır ki, eybəcərliyin xislətini dəyişdirsək dünya düzələr.
Ömrümüzün son illərində – gözünü bərəldən, simasını bozardan, dişlərini qıcayan Koronavirus adlı taclı mələyin əlində əsir qaldığımız vaxtda Pərvanə Bayramqızı “Karantin zədəsi”ndən müalicənin yolunu tapıb – söz məcunu, yox ey, “karantin statusları” ilə. Karantin mövzusu özü Pərvanə xanımı tapıb. Bilib ki onu ən çox “yaşadacaq” qələm sahiblərindən biri Pərvanə xanım olacaq. Yazıçı xanım “Karantin zədəsi” ilə “Karantin xoşbəxtliyi”ni birləşdirib yeni vaksin tapıb immunitet yaratmağı bacarıbmı? Məncə, hə. Söz ən yaxşı loğmanmış…
O, ali mənəvi dəyərləri – insana sevgini, mərhəmət, məsuliyyət, alicənablıq, millət, torpaq, Vətən hisslərini insanlara “yoluxdurmaq” amacı ilə “Karantin zədəsi”ini yazıb. Əmin olub ki, insanlar bu ali mənəvi dəyərlərə tam “yoluxsa”, hamımız “Karantin xoşbəxtliyi” yaşayacağıq. Heyf ki, o mənəvi gözəlliklər içdən gəlir, yoluxmur, varındısa həmişə sənlə olacaq, yoxundusa, düzəlməyin çətin məsələdi…
İnsanlığın bu günkü, gələcək xislətini düşünən Pərvanə xanımdan karantin narahatlığı əl çəkmir:
“Pandemiya zamanının, karantin dövrünün uşaqları böyüyəndə “maskalanmış”, bir-birindən çəkinib kənarda dayanan vətəndaşlarmı olacaq, bilmirik. Yəqin ki, onlar belə rəftara normal baxacaqlar. Görüşmək, canlı ünsiyyət, toplaşıb “toplantı” etmək onlara yad olacaq… Bünövrədən “sürünənlər” sinfinə aid olan təhsilimiz bu il heç sürünə də bilmədi, torpağa yapışıb qaldı”…
Ömrümüz pilləli nərdivana bənzəyir, müxtəlf mərlələli zaman kəsiyidir. Bəşər tarixinə nəzər salsaq, ən uzun ömür də bir andır. Təəssüf ki, həmin bir anın hansısa onda biri, yüzdə biri, mində biri “Karantin fəsli”nə düşdü. Ömrümüzün beşinci – “Karantin fəsli”nin gününün, ayının ayrı-ayrı anlarına Pərvanə Bayramqızı “Karantin statusları” ilə həyat bəxş edib, qəttəzə yeni tarix yazıb. Adının “Karantin statusları” olmasına baxmayın, əslində yaradıcılıqda təkrarolunmaz, uğurlu janrdır. Bu statuslar bütün dərd-sərimiz, kövrək kədərimiz, maskalanmış halımız, oğurlanmış, icazəli azadlığımız haqqında elegiya, məzhəkə, yumoreskayabənzər yaradıcılıq üslubudur. Yəni “ağlamalinsi” və “gülməlinski”. “Koronavirus ədəbiyyatı” dövrü Pərvanə xanımın da statuslarında, hekayə və publisistikasında yaşayacaq. Tarixin yaxşısı pisi olmur, qürurverici və utanmalı anları olur. Ömrümüzün “Korona zədəsi” almış bir neçə ilində həm də “Korona xoşbəxtliyi” də yaşamaq olarmış, qəlbimiz işıqlı, həyatsevər, xeyirxah duyğulara bələnsə, yaradıcılıq ləzzəti yaşasa. Bu da bir imtahansa, burdan qalib çıxanlar aradabir “Koronaqoca”sının bəd rəftarından, şorgöz baxışından, acgözlüyündən şikayətlənsə də, sevimli “qoca”sından razıdırlar: “İndi bu “evdə qal” rejimi mənimüçün göydəndüşmə oldu”. Bir də Pərvanə xanımın yanaşmasımı, baxış bucağımı deyim, yaxud təsəllisimi tamam ayrı ovqata kökləyir insanı. Doğrudan ey:
“Birdən elə dönəm gələr ki evimizi əlimizdən alıb “çöldə qal”, “açıq havada yaşa, pozitiv ol!” sloqanı ilə də ömür sürəsi olarıq. Cəhənnəm, elədənsə belə yaxşıdı”.
Biz doğulandan nənələrimiz qulaqlarımıza nağıllar doldurub qızılgülə batırıb şirin yuxuyla qatıblar başımızı. Bir vaxt yuxudan ayılanda gözlərimizi açar-açmaz:
“İlhamə Quliyeva sinəsinə döyə-döyə (cavan bir oğlanın gözünün içinə baxa-baxa – V.O.) “Yaşın nə fərqi var ki…” oxudu. Buna da təzəlikcə istəyirdim inanam, koronavirus söhbəti imkan vermədi. “Yaşın nə fərqi var ki…” Niyə yoxdur? Onda niyə 65-dən yuxarıları evdən çölə buraxmırlar? Heyif Qatır Məmməd…, yox ey, İlhamə xanım bu günü görmədi”…
“Korona zədəsi” bizim – Pərvanə xanımın və mənim beynimizi zədələyibmi, yoxsa təzələyibmi, dəqiq bilmirəm, biz hardan bilək, TƏBİB ha deyilik? Məmurların ürəyi evləri kimi çoxmərtəbəli və çoxmənzilli olsa da geniş deyil, onların “qonaq” qəbul etməklə heç arası yoxdu. Bütün evləri, mərtəbələri, otaqları qamarlayacaqlar ki, dəymə hamısı mənimdir. Yazıçı qurd ürəyi yeyib, onun yazdıqlarını şərh edən, fikirlərini təsdiqləyən mən də. Korona zədəsindən əvvəl də, indi də cəsarətli Pərvanə Bayramqızı xeyirxah təklif irəli sürür, mən də tam razıyam:
“Darvazasında ot bitən, istifadə etmədiyiniz evləri verin illərlə kirayədə yaşayan, uşağına rahat şərait verə bilməyən ailələrə. Bir gün əlinizdən çıxmaqdansa bu yaxşıdır, kimsə istifadə edər”.
Öz aramızdı düşünməyə dəyər, həm də qorxmağa. Maşallah, qorxunun qorxulu düşməni cəsarət bizdə də varmış…
Böyük Türkün böyük ürəyi, qorxubilməz gözü, düşmənə qan udduran, nəfəsini kəsən əlləri, şax duruşu, uca başı ona dost da qazandırıb, xain düşmən də. Yazıçı xanımın bu statusu da “viruslu” olsa da, əlləri çənəyə dayayıb fikirləşməyə dəyər:
“31 mart 2020-ci ildə bomboş Bakı küçələri 1918-ci il 31 martda başqa bir virusun (ermənilərin) əməlindən cəsədlərlə dolu olub. Hansı daha təhlükəlidir? Koronavirus, yoxsa düşmən?”.
“Test sualı – Aşağıda adı çəkilən şairlərdən hansı koronavirusa aid şeir yazıb? Və yaxud koronavirusa daha çox status həsr edən feysbuk istifadəçisi kimdir?”
“Karantin zədəsi”ndəki test sualının birinci hissəsini dəqiq bilmirəm, çünki “aşağıda adları çəkilməyib”, diqqətim mənə xəyanət etmirsə Aysel Xanlarqızı Səfərlidir, ikinci hissəsinə isə gözüyumulu, düşünüb-daşınmadan cavab verərəm – Pərvanə Bayramqızı. O, bu statuslara “Virusnamələr” deməyi ilə gizli sirrini açdı. Pərvanə xanım “Koronaqoca”sına gizli məktublar yazır, nəsə pıçıldayırmış. Nəsibə Zeynalova demişkən, imanımı yandıra bilmərəm, “Virusnamələr” yazanda dodaqları tərpəşmirdi axı. Ancaq deyəsən “Korona xoşbəxtliyi” yaşayırdı….
Hə, yadımdan çıxmamış bir məsləhət də verim. Gərək koronavirus vaxtında millət vəkilləri seçməyək. Yoxsa millət vəkili olmaq üçün koronanənələrin və koronaqocaların üzündən, gözündən, nə bilim daha harasından öpmək üçün “oçered”ə dayanan namizədlər milli məclisi də yoluxduracaqlar. Deyəcəksiniz, yoluxmuşun nə qorxusu?.. Bir də gəlin gözəl – göyçək nənələrə imkan verməyək ki, namizədlərlə öpüşsünlər, babalar da xəstələnər…
Pərvanə xanıma görə, “it bağdan açılmaq kimi açılmaq” məsəlinin əsl məqamı karantin bitən günün səhəridir”. Ay Pərvanə xanım, guya karantin bitəndə “Koronamadam” yaxamızdan əl çəkəcək ki? Girəcək evə, oturub divanın yumşaq yerində oxuyacaq: “səni sevəcəyəm, sən sevməsən də”. Başbilən TƏBİB-çilər havayı demirlər ki, onu sevin, o, bizim həyat tərzimizə çevriləcək, yəni həddən artıq vəfalı madamdır, evdən çıxıb bizim başımızı aşağı eləməyəcək.
Gör nə günlərə qaldıq ki, (Edilyanın əlində qalan xaltalı Balaş kimi) ağgünlü itə də paxıllığımız tutur. Bir yazıçı dostumuz hekayəsindəki itə General adı qoymuşdu. Deyirdi ki, rüşvətxor məmurun itidi, çoxumuzdan komfort həyat yaşayır, bir gün məmurun sürüşkən xanımının qəzəbinə tuş gəlir, onun kef çəkməsinə razı olmur və zibillik itinə çevrilir. Uzaqgörəndir yazıçı dostumuz, bəzi generalların taleyini öncədən görürmüş. “Bu karantin rejimində “sms-icazə” olmadan azad dolaşan itlərə (bəli, Pərvanə xanım belə itlərə “sülənən” sözü yaraşmır) həsəd aparmasaq, azadlıq bizdən küsər.
“Evdə qal”ın buqələmun kimi yüz rəngi varmış, “evdə qal” həm də əlverişli yaradıcılıq mühiti imiş. Pərvanə xanım da karantin mahnılarının mətnini yazmağa başlayıb, əla ideyadı, heç kimin kitabı oxunmayan cəmiyyət çal-çağırdan, “Yanıq Kərəmi”yə qol-qanad açmaqdan ötrü “ölür”. Fərqi yoxdu, sözün, mətnin, təki diringə olsun. Yazıçının 2-ci karantin mahnılarından:
Yenə qumlu sahil, yenə karantin,
Bunu yaşamışdıq neçə il qabaq.
Cərimə kasıba dəyən dəyənək,
ÜST-tün, TƏBİB-in nəyini bəyənək?
Sms yazmaqdan barmaq döyənək,
Ömür karantində quş kimi “uşdu”.
Əsl romantik sevgidi. Hər dəfə karantin üzüqara qovulub yenidən qayıdan sevgili kimi qapını açıb içəri girəndə ona sevgimiz daha fövqəladə olur.
Biz keçmişə güllə atanlardanıq. Başımıza nə oyun gəlirsə (azar-bezar, sms-icazə, maskalanmaq, cərimə) unutqanlığımızın bədəlidir. Pərvanə xanım “araşdırma” aparıb xatırladır ki, TƏBİBin kökləri qədim zamanlara gedib çıxır:
Ciyərim yaralıdır,
TƏBİBə göndər məni.
Vurğulayıram ki, indiki TƏBİB Füzuli babamızın çağırdığı “ey təbib” deyil, çox da kəramətinə arxayın olmayın.
Gözünüz aydın, Pərvanə Bayramqızı, “yaradıcılıq oda”larımızı – sınıq-salxaq avtobusları, metronu par-par parıldayan, bəzəkli tanka bənzəyən avtomobilləri olmayan kasıb-kusuba qaytardılar. Sms-icazəsiz gəzməyi də. Ancaq bir şərtlə – altı aydan bir vaksinləşməliyik, maskanın altından xəlvəti gülümsəməliyik, toyda 151-ci adam olmamalıyıq, icazəli hava almalıyıq. Neyləyək, buna da min şükür (deyəsən bu şükür bizi üzüyola görüb, əcnəbiyə girişə bilmir), Bizim dözümümüzün dözümü, səbrimizin səbri qalındı. Bir təsəllimiz var ki, hələ çox “Korona şedevrləri” yaradacağıq.
Üçüncü Dünya müharibəsinin ildırımsürətli “Barbarossası” Korona adlı taclı (kişimi, qadınmı, təyin edə bilmirəm) geniş miqyaslı hücum əməliyyatına başlayandan, “evdə qal” sloqanı tüğyan etdiyi günlərdən bütün dünya gender bərabərliyindən hay-küy salır, sms-icazəni “dəstəkləyən” Pərvanə xanımın isə “üzü gülür”:
“Qadınlar ömürlərini sms-icazəylə başa vururlar. Öyrəşiblər, onların həyatında heç nə dəyişmir. Kişilərə əcəb olur, indi onlar başqasının icazəsiylə hərəkət etməyin əzabını yaşasınlar. Nə gözəldir; xanım baxır, o da üzünü belə görmədiyi kimdənsə icazə alıb evdən çıxır. Ürəkdən gülün, əzizlərim!”
Deyirəm, ömrümüzü qurban verdiyimiz qadınlardan fərqli olaraq kişilərin bir “düşmən”i çoxdur – qadınlar. Tanrının yazıq bəndəsiyik, çörəyimizin duzu həmişə az olub.
Bizə yandıx verən Rərvanə xanım 180 dərəcə çevrilib Makrona “canı yanır”. Qatı fenimizmdən əl çəkir:
“Makron koronavirusa yoluxubsa, ilk işi yanındakı ağbirçəyi yoluxdurmaq olacaq. Amma maa elə gəlir ki, virusdan canını qurtarsa da , qarının əlindən xilas ola bilməyəcək”.
Yuxarıdakı statusdan ürəyi soyumur yazıçı xanımın. “Bunu yazmasa ürəyi partlayar”. Qoy yazsın, təki ürəyinə heç nə olmasın:
“Bayaq sms-icazəni qadınların kişilərdən aldıqları qisasları kimi qiymətləndirmişdim. Həmişə olduğu kimi, bu statusum da yaxşı qarşılandı. Gülən, ağlayan, təəccüblənən dostlara təşəkkür edirəm. Amma indi bildirəcəyim fikrin ürəyinizcə olub-olmamayacağını bilmirəm. Odur ki, yazıb da feysbukdan qaçacam. Əsl ədalət bilirsinizmi, nə vaxt zəfər çalacaq? – sms-icazəni rəsmən qadınlar verəndə! Bilirsiniz, qoçların qisası bir-birində qalmır. Hə, bir də… heç iki qoçun başı da bir qazanda qaynamır. Biz də elə-belə adam döyülük”.
Qoç kimi döyüşür, hələ bir qorxub feysbukdan qaçmaqdan danışır. Heç qorxana oxşamır…
Qazancının ən azı yarısını repetitor müəllimlərə, hazırlıq kurslarına xərcləyən valideynlər, gələcəkdə imtahana düşəcək dörd test sualını Pərvanə xanım bu gündən açıqlayır ki, siz cavabları tapıb kitab görəndə yuxusu gələn övladlarınızın beyninə doldurasınız:
“- Pandemiyada ən çox küyə gedən ölkə?
– Onlayn “tərslərlə” əvvəlki təhsil sisteminin oxşar və fərqli cəhətləri.
– Necə oldu ki, insanlar aclıqdan sağ çıxdılar?
– Həmin dövrdə vətəndaşların yeganə sevinci nə idi?”
Pərvanə xanım sualların cavabını bəyan etməyə macal tapmamış DİM onu bunkerə saldı…
“Xalqın-narodun” halına yanan yazıçılar ya “şəkər”ə tutulur, ya da “təzyiq”i qalxır. R.Bayramqızının dilindəki şəkər Koronaqocası gələndən yoxa çıxıb, “bir balaca zəhəri” var ki, ondan da gen-bol istifadə edib “sancır”. Sancmağının da yeri var, düz eləyir:
“190 manatı oğru “dərziyə sap verən kimi”, “şişin burnunda verdilər”, peyvənddən zərər çəkəndə maaş verəcəklər. Yenə kababxanalara müştəri qəbul edib, kitabxanalara oxucu buraxmasalar, mənim “şəkərim, “təzyiqim” qalxacaq”.
Bir hekayəsində “Koronaqoca”dan başqa heç bir simsarı olmayan tənha qocanın ona yardım gətirən, qulluğunda durmağa hazır olan şagirdinin müəlliminin evinə gəlməsini Pərvanə xanım öz aspekti ilə şərh edir – mərhəmət “Koronaqoca”nın ölümünə vəsilədir.
Yazıçı karantin rejiminin xeyirli tərəfini tapıb: “Dünyanı (insanlardan), (yoxsa insanabənzərlərdən – V.O.) Koronavirus xilas edəcək”. Deyəsən F.Dostoyevskininin dediyi gözəllik bir şey bacarmadı. “Dinsizin öhdəsindən imansız gələr” məsəlində atalarımız Dostoyevskidən daha uzaqgörənmiş…
Pərvanə xanımın karantin bənzətməsi: “Karantin dediyin dar ayaqqabılar kimidir, nə vaxtsa çıxarıb sakitləşəcəyik”.
Onun insanlığa çağırışı ibrətamizdir: “Ondan sonra çalışaq, həqiqəti dərk edək: Bir-birimizi bir an içində itirə bilərik. Bir-birimizi sevsək, qorusaq, dünya dağılmaz”.
Vasif Sadıqlı yazır ki, Pərvanə xanım heç nədən də yazanda heç nə də gözəl olur, onun yazdıqları da. Rus psixoloqu S.L.Rubinşteynin düşüncəsinə görə, yaradıcılıq insanın xüsusi növ fəaliyyəti olub ictimai əhəmiyyətli maddi və mənəvi dəyərlərin yaradılması prosesidir. Pərvanə Bayramqızının yaradıcılıq laboratoriyasında, yaradıcılıq odasında yaranan dəyərlər də bu günümüzün gerçəkliyi, sabahımızın, daha uzaq zamanların tarixidir.
Fevral 2022