Fətəli şah Qacar tarixdə məşhur olan əlqab və ünvanların sahibi, kefcil, arvadbaz Qacar şahlarından birisidir. Elə vaxt olurdu ki, hərəmxanasında 150 qadın olurdu. Fətəli şahın 40 -dan çox daimi arvadı var idi ki,onlar da ancaq Qacar nəslinə mənsub idilər. Qalan arvadlar gəldi-gedər idiər. Onlar öz yerlərini özlərindən cavan və gözəl qadınlara verirdilər. Fətəli şahın arvadlarından biri İbrahim xan Qarabağlının qızı idi. O, Tehrana hərəkət edərkən özü ilə 200 nəfər atlı gətirmişdi. Onlar da Qarabağın görkəmli adamları, Ağabacının evində qalıb, atasının xərcilə onun xidmətində olanlar idi. Ağabacı gözəl, füsünkar, hündür boylu, gözəl qamətli, xurmayi saçlı və yapışıqlı üzlü və çox ağıllı idi. Bu azəri qızının təbii gözəlliyindən əlavə lətif danışığı, gözəl şe’r təbi var idi. Özü də yaxşı şe’rşünas idi. Ədəbi məclis və məhfillərdə hazır olar, pərdə arxasında əyləşib müzakirələrdə iştirak edərdi. Bu təb sahibi olan gözəl qızın qəlbi tez inciyərdi.
Yüzlərlə onu istəyən rus və iranlı əyanlara göz yumub bir dünya ümid və arzu ilə şah sarayına gəlmişdi. Heç kəs bilmədi ki,Ağabacı, zifaf gecəsi qadın düşgünü şahın nə üçün xoşuna gəlmədi. Şah ona bir dəqiqə belə məhəbbət etmədən onun otağından çıxaraq getdi. Bir daha gözəl Ağabacı tərəfə baxmadı.Vəziyyət belə olmuşdu: Bu münasibətlə sarayda təşkil olunan məclisdən sonra gəlini zifaf otağına apardılar. Şah da gecəni keçirmək üçün oraya getdi. Lakin şah gecə yarısı qəmgin otaqdan çıxıb, başqa bir qadının yataq otağına getdi Səhər tezdən Ağabacı qızarmış və yaşlı gözlərilə Qarabağ atlılarının rəisini çağırıb ona göstəriş verdi ki, Qarabağa qayıtmaq tədarükü görsün. Bu qəziyədən xəbər tutan şah daha da qəzəblənib, Ağabacının getməsinə icazə vermədi. Bir neçə saatdan sonra hərəmxananın xanə bacısı şaha Ağabacının yazdığı kağızı gətirdi. Fətəli şah məktubu alıb, o qəmgin, sınıq qəlbli qızın məktubunu oxudu. Amma onun soyuq ahı şahın daş qəlbinə tə’sir etmədi, şah məhəbbət göstərmədi.Ağabacı məktubun başında özünün bir şe’ rini yazmışdı.
O şe’rin əldə olan bir beyti belədir:
Yarım gecə gəldi, gecə qaldı, gecə getdi,
Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
Azəri şe’rinə bələd olanlar bilirlər ki, bu şe’r nə qədər lətif və nə qədər şairənin yanıqlı ürəyinin sözlərini tərənnüm edir. Bundan sonra Ağabacı şahı görmədi,gecəsi-gündüzü ağlar keçdi. İki ildən sonra Hacıbüddövlə və başqa şahzadələrin xahişini şah qəbul edib, Ağabacını yanındakı 200 nəfər atlı ilə Quma getməsinə, orada qalıb oranın maliyyatından öz xeyirlərinə istifadə etməyə icazə verdi. Beləliklə, Ağabacı Quma gedib orda qaldı. Yenə də şahın məhəbbətini cəlb etməkdən əl çəkməyib fəaliyyətdə davam edir,müxtəlif vasitələrlə şahın məhəbbətini qazanmağa çalışırdı.Gözəl şe’rlər, saysız müfəssəl aşiqanə məktublar yazan, bu gözəl qız, şahın məhəbbətini qazana bilmirdi. Bir gün Ağabacıya dedilər ki, Hindistandsn Quma qəribə bir cadugər gəlib. Ağabacı onu tezliklə hüzuruna istədi. İndi məlum olur ki,bu Hindistanlı cadugər yaxşı psixoloq imiş.Ağabacı sınıq qəlbi ilə, gözü yaşlı danışdığı sözlərə diqqətlə qulaq asdıqdan sonra dedi: Sizin əriniz Şah olmaqdan əvvəl kişidir. O şah olduğu üçün bir qədər xudpəsənddir, başqa kişilərdən daha çox qısqancdır. Kişi nə qədər arvadını sevməsə onu özgəsinə verməyə razı olmaz.Gördü ki, arvad başqalarına meyl edir, o zaman o həsədə düçar olar. Ağabacı o saat dedi: Mən sizin məqsədinizi başa düşdüm. Necə ola bilər ki, Fətəli Şah kimi bir şəxsin qarşısında belə iş edəsən. O dəqiqə bizim ölüm hökmümüzü verər! Hindli kişi gülərək dedi: Sizin əqidənzcə belə məhrumiyyətlərə dözməkdən ölüm yaxşı deyilmi? Ağabacı qəmgin gözlərini yaşla doldurub, başını tərpətməklə qocanın dediklərini təstiqlədi. Bir neçə gündən sonra şaha yaxın olan Qum alimlərindən birisi bir məktub yazır. Şahdan Ağabacıya talaq verməsini, onun vətəninə qayıtmasını və orda Qarabağ bəyzadələrindən birisilə evlənməsi üçün icazə verməsini xahiş edir və eyni zamanda həmən adama Ağabacının məhəbbətinin olmasını da deyir. Kağız şahın əlinə çatan kimi rəngi qaçır, gözləri qızarır və dərhal Quma hərəkət etmək üçün tədarük görülməsinə əmr verir. Ayətullanın məktubundan xəbərdar olan Ağabacı və onun adamları bu fikirdə idilər ki, şah Ağabacını öldürməyə gəlir.
Şəhərdə hay-küy qalxdı, şəhərin görməli adamları şahın pişvazına çıxdılar. Bütün şəhər əhli çoxdan şahı görməmişdilər. Ayağa qalxdılar, küçəni, bazarı bəzədilər. Bunların içərisəndə ancaq bir nəfər qəmli görünürdüsə, o da Ağabacı idi.
İnsanlar şahın zahiri qəzəb və narahatlığını gördükdə onlar da artıq qəmgin oldular. Şah Ağabacının qarşısında dayandı. O, gözəl qız əyilib şahın çəkmələrini öpdü və birdən Fətəli şahın qiyafəsi dəyişildi. O güldü, uzun bığları tərpəndi, ətrafındakılar başa düşdülər ki, şah Ağabacının təqsirindən keçdi. Hiylə işə yaradı. Qısqanclıq şahı vadar elədi, şah qızı görən kimi keçmiş işlərindən peşman oldu. Elə bil ki, şah o gecə zifaf otağında olanları yadından çıxartdı. Hacıbüddövləyə bir həftə Qumda qalmaq üçün tədarük görmək əmrini verdi. Şah o gecə Ağabacının otağına getdi…
Lakin yenə də gecə yarısı otaqdan qəmgin çıxaraq, sübhə qədər bağda gəzdi. O, gözəl Ağabacı bakirə olaraq qaldı. Hacıbüddövlə qalmaq işlərindən qurtarmamış, çağrılıb getmək üçün tədarük əmrini aldı.Şah axırıncı dəfə Ağabacını yanına çağırdı. O qızcığaz ağlar gözləri ilə qəmginliyini unudaraq yenə şahın hüzuruna gəlib, ədəblə qarşısında durdu. Şah ona yaxınlaşıb dedi: -Sizi sevirəm, ancaq Allah istəmədi ki, bizim dostluğumuz bundan daha irəli getsin. Məhz Sizə zülm eləməyim, icazə verirəm hər iş edirsiniz, edin. İstəyirsiniz Qarabağa gedin, istəyirsiniz burda qalın, həmişə bizim gözümüzün işığı olun! Amma məndən özünüzə ərlik gözləməyin! Nə deyirsiniz? Cavab verin!
Ağabacı dərhal dedi:-Mən öz fikrimi eləmişəm ki,həmişə şahın dərgahının kənizi olam və Həzrəti Mə’sumənin torpağında və şahi-cahanın himayəsində yaşayam. Bunu deyib hıçqıra-hıçqıra otaqdan çıxdı. Şah yenə onun yaşayışı üçün lazımı göstərişlər verib, əmr elədiki,Ağabacının həmişəlik yaşaması üçün bir bağ və qəsr tikdirilsin! Sonra şah Tehrana hərəkət etdi. Ağabacı ömrünün axırına kimi heç kəsə meyl etmədən bakirə qaldı.Deyilənə görə şah ona çox hörmət edirdi.Bayram günləri şahın Qacar nəslindən olan 40 arvadı hamıdan qabaq gələrdi. Ağabacı da onların yanında olardı .Ağabacı Qacarlar nəslindən olmamasına baxmayaraq, O, vəliəhdin anası Asiya xanımın yanında dayanarmış. Beləliklə,şah göstərirdi ki, ona başqa qadınlarından daha çox ehtiram göstərir. Ağabacının cavan olmasına baxmayaraq, şahın yanında o qədər ehtiramı var idi ki, ondan hər nə istəsə idi, o dərhal qəbul olardı. Ölümə məhkum olanlar Ağabacının vasitəsilə bağışlanardı.
Bu xeyirxah, alicənab, siyasətçi azəri əsilzadə xanım, Fətəli şahdan 6 il qabaq vəfat etdi. Fətəli şah onun xatirəsinə 1 ay matəm saxladı.
Mətn olduğu kimi təqdim edilib.
Ələkbər Müşiri Səlimi
“Zənanə süxənvər” əvvəlinci dəftər, Tehran,1335.
Faktlar “Xeyrati-hisan” və “Təzkirətül xəvatin”-dən götürülüb