“Hesab edirəm ki, hansı əməllərin müharibə cinayəti sayıla biləcəyinə baxmaq üçün əraziyə monitorinq missiyaları göndərmək vacibdir. İndi biz birləşməliyik. Çünki bu, Avropa tarixində çox kritik andır”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel NATO xarici işlər nazirlərinin iclasında deyib.
“Biz bu günlərdə sərhədlərimizdə müharibənin şahidi oluruq. Prezident Vladimir Putinin Ukraynaya qarşı başlatdığı müharibə tamamilə əsassızdır. Bu savaş ciddi itkilərə, mülki insanların ölümünə səbəb olur. Rusiya Cenevre Konvensiyasının qəti qadağan etdiyi silahlardan istifadə edir. İndi transatlantik məkan hər zamankından daha çox vahid olmalıdır.
Biz Rusiya iqtisadiyyatına zərər vuracaq misli görünməmiş sanksiyalar paketi haqqında qəbul etmişik. Biz Ukraynanın özünü müdafiə etməsini dəstəkləyirik. Biz Ukrayna ordusunun, xalqının və hökumətinin cəsarətini həqiqətən, təqdir edirik”, – o bildirib.