Ketlin xanımla hardasa 15 il əvvəl Bakıda görüşmüşük. Onda nə Rusiya qoşunları Gürcüstana girmiş, nə Krım işğal olunmuşdu. Ona görə başqa mövzularda söhbət edirdik. Məlumat üçün deyim ki, Ketlin Kollinz Minnesota Universitetində siyasi elmlər üzrə adyunkt-professordur. Xüsusi mükafata layiq görülmüş “Clan Politics and Rejim Change in Central Asia” kitabının müəllifidir. Bu gün onun Rusiyanın işğal niyyəti ilə Ukraynaya hücumu, Qərbin, o cümlədən NATO ölkələrinin gördüyü və görmədiyi tədbirlər barədə analitik yazısına rast gəldim – daha doğrusu, özü göndərib. Çox aktual və sanballı hesab etdiyim yazının tərcümə edilib, oxuculara çatdırılmasını doğru hesab etdik.
Baş redaktorun qeydi
2022-ci il fevralın 4-də dünya 1939-cu il sentyabrın 1-i çox xatırladan Avropadakı suveren dövlətə hərbi müdaxilənin şahidi oldu.
Vladimir Putin Ukraynaya genişmiqyaslı – havadan, dənizdən və qurudan hücuma keçib. Bu hücum beynəlxalq hüququn, insan haqlarının və təməl əxlaqın kobud şəkildə pozulmasıdır. Rusiyanın işğalı təkcə Ukraynanın suverenliyinə və müstəqilliyinə qəsd deyil, bu, Putinin Ukrayna xalqının demokratik istəklərini məhv etmək üçün sonuncu cəhdidir.
Kiyev və Xarkovun küçələrindən biz bir çox ukraynalının “Biz azad millətik” dediyini eşitdik. Qadınlar və qocalar əllərinə “Kalaşnikov” avtomatlarını götürdülər və cəsarətlə bəyan etdilər ki, azadlıqları uğrunda ölüncə vuruşacaqlar. Bununla belə, Rusiya ordusu irəlilədikcə Avropa artıq 1,2 milyondan çox qaçqın, milyonlarla məcburi köçkün mülki əhali ilə dolub, ölən və yaralananların sayı artır. Bu, sürətlə inkişaf edən fəlakətli bir faciədir.
Bu faciəli hadisələrə nə səbəb oldu? Bəziləri iddia edirlər ki, əvvəllər rasional, ağıllı olan Putin COVID xəstəsidir, qəzəblənir və ya dəli olub. Digərləri bunun üçün NATO-nun genişlənməsini günahlandırır. “Bu, Qərbin günahıdır” akademik elitanın ümumi qəbul etdiyi rəy belə idi. Digərləri isə Rusiya təbliğatına uyub Prezident Zelenskini “faşizm”də və Ukraynanın “etnik ruslarına qarşı soyqırımı”da günahlandırır.
Bu faciəyə görə məsuliyyət böyük ölçüdə Putinin və onun təhlükəsizlik orqanları tərəfindən dəstəklənən əzəmətli Rusiya ambisiyalarının üzərinə düşür. Ukraynaya edilən bu müdaxilə əslində Putinin səkkiz ildə Ukraynaya ikinci hücumudur. Bu, onun ardıcıl, uzunmüddətli daxili və xarici siyasət gündəliyinin birbaşa təzahürüdür.
Hesablanmış səbr və sarsılmaz qətiyyətlə 22 il ərzində Putin amansızcasına bir-biri ilə sıx bağlı olan iki məqsədi həyata keçirib: birincisi, daxildə avtoritar hakimiyyətini möhkəmləndirmək, ikincisi, xaricdə Rusiyanı böyük dövlət kimi bərpa etmək.
Daha dəqiq desək, Putin çox açıq şəkildə bildirdi ki, o, daxili, regional və qlobal miqyasda onun hakimiyyətinə təhlükə yaratmayan vassal dövlətlərin əhatəsində olan avtoritar Rusiyanı idarə etmək istəyir. Bu isə ən azı keçmiş sovet respublikalarının əksəriyyətinə nəzarət etmək deməkdir.
Putin həmçinin NATO-dan 1989-cu ildəki Soyuq Müharibə sərhədlərinə qayıtmasını tələb etdi ki, bu da demək olar ki, otuz il ərzində Avropanın böyük hissəsini bütöv, azad və demokratik saxlayan təhlükəsizlik strukturunun dağıdılması deməkdir. O, Rusiyanın Şərqi Avropada və SSRİ-də kommunizmin süqutundan əvvəl malik olduğu böyük dövlət statusunu və geniş təsir dairəsini geri almasını nəzərdə tutur.
Həqiqətən də, Putin əsrlər boyu Avropa və Asiyaya doğru genişlənən Böyük Rusiya Çar İmperiyasının qayıdışının başında özünü görür.
Putinin bu məqsədlərə çatmaq strategiyası 1999-cu ildə daxildə hakimiyyətin möhkəmlənməsi ilə başlayıb.
Əvvəl baş nazir, sonra isə prezident kimi Putin Çeçenistan müstəqillik hərəkatını yatırmaq üçün Qroznıda termobarik vakuum silahlarından istifadəyə və hətta zorlamaya icazə verib. Rus qoşunları bu müharibədə, əksəriyyəti mülki şəxslərdən ibarət 200.000-ə yaxın insanı qətlə yetirərək, öz vəhşiliklərini Oruell ruhunda “təmizləmə əməliyyatları” ilə gizlətdilər. Bu əməliyyatları bədnam DTK-nın varisi və Putinin şəxsi dayağı olan Federal Təhlükəsizlik Xidməti (FTX) idarə edib və aparıb.
Rusiya daxilindəki bu cür vəhşiliklər onun 2015-2016-cı illərdə Suriyada, indi isə Ukraynada müharibəni amansız aparmasından xəbər verirdi. Ukraynalı mülki vətəndaşlar indi Putinin terrorunun hədəfindədir, çünki onların yaşayış binaları, uşaq bağçaları və biznesləri də Rusiya raketləri ilə yerlə yeksan edilir.
22 ildir ki, Putin öz rəqiblərinə qarşı zorakılıq etməklə yanaşı demokratiyanı da dağıtmaq məşğul olub.
Dəfələrlə seçkiləri saxtalaşdırmaq və prezidentlik müddətini uzatmaq üçün konstitusiyanı marionet parlamentlə yenidən yazmaqla yanaşı, o, Anna Politkovskaya kimi tənqidi jurnalistləri və Boris Nemtsov kimi demokratik müxalifət liderlərini qətlə yetirirdi. Cəmi bir il əvvəl o, Putinin korrupsiyasına etiraz etmək üçün ölkə daxilində minlərlə insanı toplayan sonuncu müxalifət lideri Aleksey Navalnı həbs etdirdi.
Beynəlxalq cəbhədə Putin nəinki NATO-nun potensial genişlənməsinə zərbə vurmağa, həm də Rusiya sərhədlərində vassal dövlətlər yaratmağa çalışırdı.
Bu dövlətlər Rusiyaya sadiq və asılı olmalıdırlar. Onların avtoritar rejimləri onları Qərbə yönləndirmək üzrə xalqın təzyiqindən təcrid edir. Asılı avtokratiyaların yaradılması postsovet məkanında Rusiya hegemonluğunun bərpasının açarı idi.
Rusiya keçmiş sovet respublikaları olan Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan üzərində nəzarəti bərpa etmək üçün yumşaq gücdən uğurla istifadə etdi. Nə vaxt demokratiya tərəfdarı etiraz hərəkatları baş qaldırsa, Putin rusiyayönlü diktatorlarını dəstəkləmək üçün tez hərəkətə keçir, ən son belə hadisə bu ilin yanvarında Qazaxıstanda oldu.
Rusiya postsovet məkanında öz məqsədlərinə çatmaq üçün sərt gücdən də istifadə edib. 2008-ci ildə Putin Gürcüstanın demokratikləşməsinə və Qərbə oriyentasiyasına mane olmaq, NATO-yönümlü liderini legitimlikdən məhrum etmək üçün Gürcüstana tanklar göndərdi. Hərbi bacarıqsızlıq, o cümlədən yolun kənarında qəzaya uğramış tanklar, çox güman ki, o zaman Putinin daha da irəliləməsinə mane oldu. Bununla belə, Gürcüstan müharibəsindəki səhvlər kütləvi hərbi modernləşdirmə proqramına təkan verdi.
Rusiyadan sonra ən böyük keçmiş Sovet iqtisadiyyatı və Rusiya ilə Avropa arasında əbədi sərhəd olan Ukrayna iqtisadi, siyasi və geosiyasi baxımdan həmişə bu yenidən yaradılan imperiyanın ən mühüm hissəsi olub.
Bununla belə, Ukraynada xüsusilə 2014-cü ildən güclü olan demokratik hərəkat Putinin yolunda dayandı və bu, Rusiyanın postsovet məkanında hökmranlığını ən çətin hala gətirdi. Bu inadkarlıq, tarixi və imperiya presedenti ilə birləşərək, Putinin Ukraynaya münasibətini getdikcə daha sərt edib.
Tənqidlərə daha çox müqavimət göstərmək və hakimiyyətini qanuniləşdirmək üçün Putin Şərqi Avropada kommunist marionet diktaturaları tətbiq edən və Sovetlərin regional hegemonluğunu genişləndirən Sovet diktatoru İosif Stalini dəfələrlə təriflədi.
Ukrayna millətçiliyindən əsəbiləşən Stalin 1932-1933-cü illər arasında 3,9 milyondan 7 milyona qədər ukraynalının ölümünə səbəb olan soyqırım aclığına, Qolodomora görə məsuliyyət daşıyır. İkinci Dünya Müharibəsi illərində Stalin Hitlerə qarşı mübarizədə milyonlarla ukraynalını mənasızcasına qurban verməkdə davam etdi, onlara xain və xərc materialı kimi baxdı. Putin Stalinin Rusiyanın “böyük lideri” rolunu öz üzərinə götürməklə, həm də Rusiyanın gücünü genişləndirərkən Ukraynanın identikliyini və müstəqilliyini inkar edir və tapdalayır.
Ancaq açıq deyək: bu gün Ukrayna Rusiyanın təhlükəsizliyinə hücum təhlükəsi yaratmırdı.
Əslində, Ukrayna 1994-cü il Budapeşt Memorandumuna uyğun olaraq birtərəfli qaydada öz sərhədləri, suverenliyi və təhlükəsizliyi ilə bağlı Qərb və Rusiyanın zəmanəti müqabilində nüvə silahından imtina etdi. Ukrayna NATO üzvü deyil. Təxminən 18 ildir ki, NATO-ya üzvlüklə bağlı bitib-tükənməyən söhbətlərə baxmayaraq, Ukraynanın heç vaxt NATO-ya daxil olmaq üçün real şansı olmayıb. NATO yalnız məhdud müdafiə xarakterli hərbi təlim və yardım göstərdi. 200 minlik ordusu olan Ukrayna 900 minlik hərbi qüvvəsi ilə öyünən nüvə qonşusunu işğal etmək fikrində deyildi.
Bununla belə, Ukrayna hər iki cəbhədə – demokratikləşmənin daha yaxşı həyat gətirə biləcəyini sübut etməklə və Rusiyanın regional hegemonluğunu əngəlləməklə Putinin əsas gündəmini təhdid edib.
Putin Ukraynaya qarşı niyyətini 2004-cü ildə Ukraynanın demokratik və Qərb yönümlü prezidentliyə namizədi Viktor Yuşşenkonu zəhərləməyə cəhd edərkən göstərib. Yuşşenko sağ olsa da, seçkilər rusiyayönlü namizəd Viktor Yanukoviçin xeyrinə saxtalaşdırılıb. Milyonlarla insan yeni ədalətli seçkilərlə yekunlaşan “narıncı inqilab” adlı dinc vətəndaş səfərbərliyinə etiraz etdi. Ukrayna Qərbə üz tutmağa başladı.
Bununla belə, Ukraynada demokratikləşmə prosesi bir neçə il səngidi: Yanukoviç 2010-cu ildə keçirilən növbəti seçkilərdə qalib gəldi və Ukraynanın istiqamətini yenidən Moskvaya çevirdi. 2013-cü ilin noyabrında Putinin təzyiqi altında Yanukoviç birdən Aİ ilə geniş şəkildə dəstəklənən iqtisadi assosiasiya sazişini rədd edərək və Rusiyanın iqtisadi hegemonluğuna tabe olmaqla ukraynalılara meydan oxudu.
2004-cü ildə olduğu kimi ukraynalılar yenidən “Ukrayna Avropadır” şüarları səsləndirərək kütləvi nümayişlər təşkil etdilər. “Avromaydan” həm Avropa ilə iqtisadi əlaqələri, həm də demokratiyanın yenilənməsini tələb edirdilər. Yanukoviç 2014-cü ilin fevralında zorakılıqla cavab verdi; hökumət snayperləri azı 100 silahsız nümayişçini öldürdü. Amma Ukrayna “Ləyaqət İnqilabı” (bu vətəndaş hərəkatı belə adlandırılırdı) qalib gəldi və Yanukoviç Rusiyaya qaçdı.
Ukraynaya nəzarəti itirəcəyindən narahat olan Putin, Krımı sirli “işarələri olmayan yaşıl adamlar” – Rusiya xüsusi təyinatlıları ilə işğal etməklə reaksiya verdi. Ardınca Rusiya Krımı ilhaq etdi. 2014-cü ilin martında rus təbliğatı yalandan iddia edirdi ki, əhali ya nasistləri, ya da Putini seçməlidir.
Qərb Putinin ehtiyatsız səhvə yol verdiyinə ümid edərək deyindi. Bunun əvəzində Putin Ukraynanın şərqindəki Donbasın böyük hissəsinin işğal etmək təşəbbüsü ilə hücuma keçdi. O, bu hərbi işğalı “rusiyapərəst separatçıların” hərəkətləri kimi pərdələyib. Yenə də Qərb çox az şey etdi.
1994-cü il Budapeşt Memorandumu praktiki olaraq müzakirə olunmadı. Prezident Obama xarici siyasətinin əsas dayağı kimi Rusiya ilə münasibətlərin “yenidən yüklənməsi”ni xilas etməyə çalışdı. Zəif sanksiyalar çox gec oldu. Yalnız Rusiya tərəfindən maliyyələşdirilən və təlim keçmiş “separatçıların” güclü Ukrayna millətçiliyinə və müdafiə sərmayəsinə investisiyalarda mübarizədə zəif fəaliyyəti Putinin irəliləməsinə mane oldu.
Buna baxmayaraq, Donbassdakı müharibə icazəsiz səkkiz il davam etdi. Qərb mediası və ekspertləri Rusiya dövlətinin heç bir əhəmiyyət kəsb etməyən, sadəcə, yerli “vətəndaş müharibəsi” barədə hekayətini qəbul etdilər.
Öz ölkəsində Putin növbəti səkkiz ili həm adi, həm də nüvə qüvvələrinin hərbi modernləşdirilməsini təşviq etməyə sərf etdi.
Putinin 2015-ci il hərbi doktrinası Rusiyanın həm müdafiə, həm də hücum hərəkətlərinə hazırlaşmaq niyyətini bəyan edib. O, Rusiyanın “həyati vacib hesab etdiyi” dünya zonaları üzərində, o cümlədən keçmiş SSRİ ərazisində və ondan kənarda hökmranlığının davam etməsini vurğulayırdı. Rusiyanın müdafiə xərcləri ÜDM-in təqribən 4%-ə qədər yüksəldi. Müdafiə xərcləri neft gəlirləri ilə birlikdə artdı və bu, Sovet dövründən bəri görünməmiş səviyyədir.
Rusiya hərbi hava qüvvələrini gücləndirərək, kaset sursatları və qanadlı raketlərlə silahlanmış yeni qırıcılar və strateji bombardmançı təyyarələr hazırlayır. Sovet dövründən qalma tankları əvəz etdi və modernləşdirdi. O, inanılmaz dərəcədə dağıdıcı yeni “İskəndər-M” ballistik raket sistemlərini Kalininqradda və ən son olaraq Belarusda yerləşdirib, yeni hipersəs raketlərini sınaqdan keçirib və yeni nüvə enerjisi ilə işləyən pilotsuz uçan aparatı olan sualtı qayıq buraxıb. Rusiya yaşadığı kiber müharibəyə sərmayə qoyub və onu 2015-ci ildə Ukraynanın elektrik şəbəkəsinə zərbə endirərkən sınaqdan keçidir. Rusiyanın Suriyada Bəşər Əsədin qatil rejimini dəstəklədiyi son hərbi uğurları, xüsusən də ABŞ-ın Əfqanıstanda məğlub olması onu daha da gücləndirdi.
2017-ci ildən Rusiya işğal etdiyi Krımda yeni baza tikib, hərbi infrastrukturunu hazırlayıb və Ukrayna ilə sərhəddə hərbi təlimləri artırıb. Keçən ilin mart və aprel aylarında Rusiya kütləvi “təlimlər” üçün sərhədə 100 mindən çox hərbçi yerləşdirib. Bu qoşunların çoxu daimi kazarmalarına qayıtmadı.
Yanvara qədər Putinin Ukraynaya genişmiqyaslı işğala başlaması üçün siyasi, iqtisadi və geosiyasi şərait yetişmiş görünürdü.
O, daxili müxalifəti darmadağın etdi. Neftin qiyməti yüksəkdir. Avropanın təbii qaz ehtiyatları kiçikdir və qitənin böyük hissəsi Rusiya enerjisindən asılı vəziyyətə düşüb.
Rusiya təbii qazının Avropaya nəqlini iki dəfə artırmağı vəd edən “Şimal axını 2” qaz kəmərinin tikintisi başa çatmaq üzrədir.
COVID Qərbi iqtisadi cəhətdən zəiflətdi.
NATO Trampın prezidentliyi və daha sonra Baydenin Əfqanıstandan fəlakətli şəkildə çıxarılması ilə bölündü.
Ukraynanın sərhədlərində və sahillərində 200 minə yaxın hərbçinin yerləşməsi ilə gözlənilən işğalla bağlı xəbərdarlıq əlamətlərinə baxmayaraq, Qərb keçən həftəyə qədər tutarlı cavab vermək üçün razılığa gələ bilmədi.
Həqiqətən, Putin yəqin ki, Qərbin cavabının ən yaxşı halda zəif olacağını düşünüb. Qərb 2008-ci ildə və Rusiyanın hər işğalından sonra 2014-cü ildə təkrar danışmaqdan başqa bir şey etmədi. 2014-cü il sanksiyaları Rusiyanın ÜDM-ni 1%-dən çox azaltmayıb. Bu dəfə fərqli olacağına inanmaq üçün çox az səbəb var idi. 2022-ci ilin əvvəlində Rusiya qoşunları Ukrayna sərhədləri yaxınlığında toplaşmağa davam edərkən və prezident Bayden işğalın qaçılmaz olduğunu elan edərkən belə, Qərb Rusiyaya qarşı sanksiyaların nə dərəcədə tətbiq edilməli olması barədə mübahisə edirdi.
Qərbin iyirmi ildir davam edən yanlış şərhi və Putini sakitləşdirməsi onun məğlubedilməzlik hissini durmadan gücləndirirdi.
Ancaq bu dəfə Putin, ehtimal ki, səhv etdi.
Ötən cümə günündən bəri tətbiq edilən sanksiyalar onun təsəvvür etdiyindən qat-qat sərtdir. Sanksiyalar “Şimal axını 2” layihəsinə son qoydu, Rusiya Mərkəzi Bankına və əksər Rusiya banklarına zərbə vurdu, SWIFT-ə çıxışı kəsdi, Rusiya aviaşirkətlərinin və bir çox sənaye sahələrinin hərəkətini əngəllədi, Putin və rus oliqarxlarına məxsus milyardlarla aktivləri hədəf aldı.
Rusiyanın bazarı çökür və rublun məzənnəsi sürətlə düşdü. Bu tədbirlər artıq Rusiya cəmiyyətinin və dövlətinin bütün səviyyələrini təhlükəli şəkildə sarsıdır. Suriya, Şimali Koreya və Çindən başqa bu ölkə də beynəlxalq təcrid vəziyyətindədir.
Əksinə, NATO qəfildən bir araya gəldi və onun üzvləri Ukrayna silahlı qüvvələrinə daha çox “Javelin”, “Stingers” və MiQ-29 da daxil olmaqla, ölümcül yeni hərbi yardım təklif edir. NATO Polşa və Baltikyanı ölkələrdə öz müdafiəsini gücləndirməkdə davam edir.
Prezident Zelenskinin rəhbərliyi ilə ukraynalılar birlik, güc, qəhrəman millətçiliklə cavab verdilər və onlara qalib gəlmək çətin olacaq.
Bununla belə, Putinin işğalına dərhal qlobal reaksiyaya baxmayaraq, Ukrayna artıq böyük dağıntılara məruz qalıb.
Heç bir sanksiya Putini dayandıra bilmədi. Qərbin yardımı çox gec gəldi, hərçənd Rusiyaya baha oturacaq. Biz daha çox şey edə bilərik və etməliyik. Biz hələ Putinin döyüş maşınının maliyyə mənbəyi olan Rusiya enerjisini hədəfə almamışıq. Nə qədər ki, imkan var, əhalini qorumaq üçün geniş hərbi yardım paketi tezliklə çatdırılmalıdır.
Bu kritik məqamda NATO-nun gələcəyini və Ukraynanın sağ qalmasını düşünərkən, bu hadisələrdən acı bir dərs almalıyıq – İkinci Dünya Müharibəsinin başlanmasından bəri səkkiz onillikdə unutduğumuz bir dərs var: sakitləşdirmə, barışdırma nəticə vermir.
Zəiflik və Qərb demokratiyaları ilə NATO müttəfiqləri arasında fikir ayrılıqları təcavüz və zorakılıq doğurur. Putinin geosiyasi ambisiyalarını dayandırmaq üçün Qərb möhkəm şəkildə Ukraynanın arxasında dayanmalı – mənəvi, siyasi, iqtisadi və daimi hərbi yardım etməlidir. Ukrayna süqut etsə, ekspansionist Rusiya NATO ilə sərhəddə olacaq.
Ketlin Kollinz, Minnesota Universitetində siyasi elmlər üzrə adyunkt-professoru. O, mükafata layiq görülmüş “Clan Politics and Rejim Change in Central Asia” kitabının müəllifidir.
Mənbə: twincities.com
Tərcümə kamilinfo-ya məxsusdur