Firidun AĞAZADƏ
Biz “ƏT” sözünü çox sevərik. Hər mənada. Ona görə də “ƏT” sözünü orfoqrafiyamızda da böyük hərflə yazmaq təklifi olsa təəccüblü olmasın gərək – sözün əvvəlində də, ortasında da, sözün axırında da. FADMM nə deyəcək, bu ayrı məsələdir. Mən bu yazıda buna əməl edirəm, görüm necə olur.
O gün görürəm, yol qırağında bir qəssab dükanı açılıb, alnında yazılıb: “BərəkƏT”. Adamı uzaqdan çağırır. İş yerimizin yanında da neçə ildi bir “QoçƏT” restoranı açılıb… Pah! Müştəri sel kimi… “ƏT”i nə bilmisiz? Bəli, biz “ƏT” sözünü sevərik. Nədən ki, sevdiyimiz təamlar ƏTdəndir. Və ƏTnəndir, necə ki, “peraşki” ƏTnən və kartofnan olur. Löyün-löyün xörəklər bişirərik ƏTdən. Dünyanın ən qədim və zəngin mƏTbəxlərindən biridir Azərbaycan mƏTbəxi. Maddi mədəniyyƏTimizn mühüm tərkib hissəsidir. Bu mƏTbəxin tarixi var, fəlsəfəsi var. Hələ süfrə psixologiyası, adƏT-ənənələri, gigiyenası, avadanlığı, etikası, estetikası… Azərbaycan mƏTbəxində qədimdən qaramal və davar, həmçinin ov heyvanlarının və quşların ƏTindən istifadə edilir. Yaxın illərə qədər dəvə ƏTindən də yeməklər hazırlanırdı. ƏTin uzun müddƏT saxlanması üçün onu qovurub küplərə (və ya qarına) doldurur, həmçinin qurudur və qaxac, qovurma hazırlayırdılar. Bozbaş neçə cür, piti neçə növ, xaş, kəllə-paça, soyutma, buğlama, bozartma, kabablar, ƏT qızartmaları, cızbız və sair həmişə bişirilən ƏT xörəklərimizdən olub. Qiymələnmiş və ya döyülmüş ƏTdən küftələr –löyün-löyün, dolmalar – çeşid-çeşid, tavakababı, lüləkabab və sair. Umsuq olmayın, lütfən!
“Bir gəncin manifesti” romanı yadınızdadı? Mir Cəlal? “…Yer donmuşdu, soyuq adamı qılınc kimi kəsirdi. Bahar isə köhnə çarıqla, yalınqat paltarla qəssab dükanının qapısında əsim-əsim əsirdi…. O, günortayadək gözlədi, çox acmışdı… Qəssabxananın yanındakı başqa bir xanadan qızardılmış ƏT iyi gəlirdi… Ərbablar günorta yeməyinə tələsirdi… Bahar umsuq olurdu…”. – Belə “ƏT” xatirəsi olmaz olsun! Lütfən, umsuq olmayın!
Böyük Mirzə Ələkbər Sabirdən bir haşiyə edək, sonra sözümüzə davam edərik.
…О qədər xoşlanıram tüstüsü çıxcaq kababın —
Ac pişik tək cumuram şövq ilə birbaşa ƏTə!
Görürəm ta əti qəssab dükanında asılıb,
Az qalır it kimi nəfsim hürə, dırmaşa ƏTə!
…Nuş olur canıma ət, xasə о həngamədə kim,
Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ƏTə!
…Əti çox istəyirəm, leyk pulu ondan da çox,
Nola, quzğun kimi ta müftə qonam laşa, ƏTə!
…Filhəqiqət yeməli şeydir əgər pulsuz ola,
Yaramır pul verilə hər quruya, yaşa, ƏTə!
Oylə zəhləm gedir, allah da bilir, millətdən,
Oluram süst adı gəlcək, dönürəm daşa, ƏTə!
…Adı puldursa pulun, leyk özü can yonqarıdır,
Vermək olmur qohuma, qonşuya, qardaşa, ƏTə!
Verərəm dinimi, imanımı, əmma pulumu
Vermərəm “Bəhlul” ağa, arxayın ol, aşa, ƏTə!
Bəli, biz ƏTi çox sevərik. Nədən ki, ƏT yeyən quş dimdiyindən bilinər. Burası var ki, sülh vaxtı biri-birimizin ƏTini yeyərik…, amma müharibə vaxtı düşmənin ətini yeyərik. Görmədiz, nə şücaƏT etdik, 44 günə qəsbkar düşmənin ƏTini necə şişə çəkdik Şişədə?!
Qonağı evə dəvƏT edərik, “dəv”ə gəlməsə də, “ƏT”ə gələr. İşimiz-gücümüz ƏTnəndi – söhbƏT edərik, niyyƏT edərik, yerli-yersiz töhmƏT, məzəmmƏT edərik, istəsək mürvƏT, mərhəmƏT edərik, qadınımıza şiddƏT edərik – lap cinayƏT etsək də. Nə illƏTdi, bilmirəm, zəhmƏTi sevəndə yan-yörəmizi cənnƏT edərik, sevməyəndə – xərabƏT: “Bura zibil atanın…”.
Təəssüf ki, hörmƏTi rüşvƏTnən edərik, rüşvƏTi hörmƏT kimi sunarıq…
O “Corat qutabı” deyilən “kƏTə” var ya, o da “qarın kƏTə”sidi, amma deyirlər də…
O gün görürəm, bir Zərdablı müəllim yazmış ki, “ƏT” hissəciyi ilə qurtaran sözlər ərəb-fars mənşəlidir, məsələn, müxalifƏT”. Elə belə də yazıb ha: “MüxalifƏT”. A kişi, başqa söz tapmadın? Bə bu “ƏT” sonluğunu görmürsən? Bu cür dadlı hissəciyi ərəbə-farsa verərlər? Yainki düşünürsən, “ƏT”i yalnız iqtidar yeməlidir, müxalif olan “ƏT” yeməməlidir?..Yoxsa siyasƏT eləyirsən? Bu qarışıq vaxtda bulanıq suda balıq tutub kayf, ləzzƏT eləmək istəyirsən?.. Başqa “məsələn” tapmadın?..
O qədər mötədilik… miyanə qalmağı sevərik: kimsə “hə, bəli” desə də, biz razılaşanda da “əvƏT” deyərik, etiraz edəndə də “əvƏT”. Ya da susmaq hüququmuzu özümüzdə saxlayarıq, türkün sözü, “oy” vermərik. Nədən ki, düşər-düşməzi olar.
Beş-altı sözümüzü də belə yazaq, görək ağ varaq (pardon, ağ ekran) necə götürür bu qəlƏTi: incəsənƏT, tƏTbiq, sürƏT, cürƏT, cəsarƏT, mədəniyyƏT, mƏTbuat, ictimaiyyƏT, diqqƏT, rəyasƏT, heyƏT, vüsƏT, təbiƏT, nƏTicə, səadƏT, sədaqƏT, mƏTbəə, ticarƏT, çƏTin, məişƏT, alƏT, adƏT… İki dənə də qorxulu söz yazım: dəhşƏT, vəhşƏT. Hanı o zərdablı müəllim, “ƏT”i sözümüzdən necə götürərsən? “Ət”i sümükdən ayırıb, “ƏT”nən sümüyün arasına girirsən?..
Biri də oğlunun adını “KəramƏT” qoymuş ki, mənası kərim olmaq, kərəm sahibi və qiymƏTli olmaq deməkdir. Dinimizə görə də, Allah insanı qiymƏTli bir varlıq kimi, yəni, kəramƏTli, mükərrəm yaradıb və bir çox şeyi onun ixtiyarına verib – əlbƏTtə, əgər imanlı və insaflı olsaq.
p.s. Üç-dörd gün qabaq bir rus filminə baxırdıq. Filmdə bir qadın rəfiqəsinə ərindən şikayƏTlənib deyirdi: “Ему хлеб и мясо поутру, хлеб и мясо днём и хлеб и мясо по вечеру”. Bu da rusun “ƏT”i.