Şuşada “Xalça muzeyi” Seyidli məhəlləsində Əbdülkərim bəy Mehmandarovun ikimərtəbəli şəxsi malikanəsində yaradılmışdı. Əbdülkərim bəy Qarabağda tanınmış və böyük nəslin övladı olub. Mehmandarovlara məxsus böyük və zəngin memarlıq kompleksinin bir hissəsindən yaşayış evləri, bir hissəsindən xəstəxana, ona bitişik məsciddən bir vaxtlar “Yaşıl aptek” muzeyi, ikimərtəbəli şəxsi mülkün ikinci mərtəbəsindən isə “Xalça muzeyi” kimi istifadə olunub.
Bu barədə AZƏRTAC-a Şuşadan olan Əməkdar müəllim, şair Əyyub Şırlanlı məlumat verib.
O, muzey haqqında bəhs edərkən deyib: “Muzeyin ən qədim xalı-gəbəsi XIX əsrin axırları- XX əsrin əvvəllərində toxunulan “Qoca” adlanırdı. Həmin xalça üç və əksər hallarda dörd hissədən ibarət olurdu. Muzeydə nümayiş olunan “Yusif və Züleyxa”, şabalıdı rəngli “Buta”, XVIII əsrin yadigarı olan “Vərnə” xalıları böyük maraq doğururdu. Süjetli xalça, yəni, “Atlı-itli” xalça təbii otlardan, ağac qabığından alınmış rənglərdən boyanmış iplərlə toxunmuşdu.
Muzeydəki “Malıbəyli” xalçasının hər bir naxışı məna və rəmz kəsb edirdi. Həmçinin burada Şuşada anadan olmuş xalqımızın məşhur xalçaçı-rəssamı Lətif Kərimovun öz əlləri ilə toxuduğu Vaqif və Füzuli portret xalçaları da vardı. Muzeydə nümayiş olunan Bəsti Şərifovanın Lətif Kərimovun 70 illiyinə həsr etdiyi xalça da maraq doğururdu.
XIX əsrə aid “Xanlıq” xalçasını şair Xurşidbanu Natəvanın toxuduğu deyilirdi. Hətta muzeydə 1555-1917-ci illərə aid Rusiya və Azərbaycan arasında aparılan iqtisadi əlaqələrə aid nümunələr də vardı. XIX əsrin “Dəryanur” xalçası öz gözəlliyi ilə tamaşaçıları heyran edirdi. XVII-XIX əsrlərdən əvvəl əvvəllər və qədimdə toxunmuş xalçalar da muzeyin eksponatları arasında idi”.