1786-cı ilin qış axşamlarının birində Vyana şəhərinin kənarında balaca bir evdə kor qoca – qrafinya Tunun keçmiş aşpazı son saatlarını yaşayırdı. Əslində, bu heç ev də deyildi, bağın lap qırağında hasara bitişik köhnə gözətçi daxması idi.
Aşpazla birgə burada onun on səkkiz yaşlı qızı Mariya da yaşayırdı. Gözətçi daxmasının bütün avadanlığı çarpayıdan, ayaqları qırıq skamyalardan, yöndəmsiz masadan, üstü çatlarla örtülmüş saxsı qablardan və köhnə klavesindən ibarət idi.
Can üstə olan aşpaz qızına dedi:
– Mən heç vaxt keşişləri və rahibləri sevməmişəm. Günahlarımı yumaq üçün etiraf etməyə keşiş çağıra bilmərəm, amma ölümqabağı vicdanımı təmizləməliyəm.
– Bəs mən nə edim? – deyə Mariya təşvişlə soruşdu.
– Küçəyə çıx və ilk rast gəldiyin adamdan bizə gəlməyini xahiş elə.
Mariya bağın paslanmış qapısını zorla açıb qaranlıq küçəyə çıxdı. Bir hənirti eşitmək ümidi ilə xeyli gözlədi. Nəhayət, ona elə gəldi ki, hasarın dibi ilə kimsə zümzümə edə-edə yaxınlaşır. Mariya səs gələn tərəfə bir neçə addım atdı, yolla gələn adamla toqquşdu, diksinib qışqırdı. Adam dayandı və soruşdu:
– Burada kim var?
Mariya onun əlindən yapışıb titrək səslə atasının xahişini çatdırdı.
– Yaxşı, – deyə adam sakitcə dedi, – düzdür, mən keşiş deyiləm, amma bunun əhəmiyyəti yoxdur. Gedək.
Onlar evə daxil oldular. Şam işığında Mariya gətirdiyi adamı gözdən keçirdi. Bu, arıq, bəstəboy bir gənc idi. Sadə, amma zövqlə geyinmişdi. O, uşaq kimi başını silkələyərək pudralı parikini düzəltdi, kətili çarpayıya yaxınlaşdırıb oturdu, əyilərək qocanın üzünə baxdı və gümrah səslə:
– Danışın! – dedi. – Günahlarınızı etiraf edin. Bəlkə, son dəqiqələrinizi yüngülləşdirə, ürəyinizdəki yükü götürə bildim.
Qoca ağır nəfəs ala-ala sözə başladı:
– Çox illər əvvəl arvadım vərəm xəstəliyinə tutuldu. Həkim ona cürbəcür bahalı dərmanlar yazıb yaxşı yedirtməyi tapşırmışdı. Mən çarəsiz qalıb qrafinya Tunun servizindən bir dənə kiçik qızıl boşqab oğurladım. Onu xırda parçalara bölüb satdım. İndi mənə bunu xatırlamaq çox ağır gəlir.
– Bəs qrafinyanın xidmətçilərindən kimsə buna görə cəzalandırıldımı?
– And içirəm, cənab, heç kəs, – deyə qoca cavab verdi və ağladı. – Bilsəydim ki, qızıl mənim Martama kömək etməyəcək, heç oğurlayardımmı?!
Naməlum adam əlini qocanın kor gözlərinin üstünə qoyaraq dedi:
– Qulaq asın, sizin insanlar qarşısında təqsiriniz yoxdur. Sizin hərəkətiniz günah deyil. Əksinə, bəlkə də, məhəbbət naminə edilmiş qəhrəmanlıqdır. İndi isə mənə son arzunuzu söyləyin.
Can verən qoca gülümsündü və bərkdən dedi:
– Mən Martanı bir dəfə də görmək istəyərdim, özü də gəncliyimdə rast gəldiyim kimi. Günəşi və bu bağı baharda, gül açan vaxt görmək istəyərdim. Amma bu, mümkün deyil, cənab. Axmaq sözlərimə görə məni bağışlayın. Görünür, xəstəlik mənim ağlımı lap çaşdırıb.
Naməlun adam:
– Yaxşı, – dedi və qalxdı. – Dinləyin. Dinləyin və baxın.
O, otağın küncündəki klavesinə yanaşıb çalmağa başladı. Uzun illərdən bəri klavesin ilk dəfə idi ki, tam səsi ilə dillənirdi. Qoca:
– Mən görürəm, cənab! – dedi və çarpayısında dikəldi. – Mən Marta ilə rastlaşdığım günü görürəm.
Naməlum adam gözünü qara pəncərəyə dikərək çalırdı.
– İndi necə, – deyə o çalmaqda davam edərək soruşdu, – bir şey görürsünüzmü? Siz məgər görmürsünüz ki, haradansa yuxarıdan ilıq işıq süzülür, sizin qoca ağacların budaqlarında ağ çiçəklər açılır. Baxın, daş hasarın üzərinə günəşin ilk şüası düşdü, onu isitdi və artıq ondan buxar çıxır. Bu, görünür, yaş mamırdan çıxan buxardır.
– Mən bütün bunları görürəm! – deyə qoca qışqırdı. – Allah xatirinə mənə yaxınlaşın.
Naməlum adam qalxıb çarpayıya yaxınlaşdı. Qoca nəfəsi kəsilə-kəsilə:
– Mən hər şeyi çox illər bundan qabaqkı kimi aydın görürdüm, – dedi. – Ancaq mən adınızı bilmədən ölmək istəməzdim… Adınız?!
– Mənim adım Volfqanq Amadey Motsartdır, – deyə naməlum adam cavab verdi.
portal.azertag.az