- Ədəbiyyat

Yusif Vəzir Çəmənzəminli. Əziz

Ballı xala qabı eşib, bir qızarmış iri kələm dolması tapıb, oğlu Qulunun ağzına uzatdı.
– Qurbanın olsun anan, buncuğazı ye!

Qulu cavabında “iştaham yoxdur” dedisə də, Ballı xala dolmanı bir az da irəli uzatdı:
– Yox, vallah yeyəcəksən!
– A kişi, yemirəm!
– Yox, yeyəcəksən!

Qulunun iştahası yox idisə də, axırda əlacı kəsilib, rəngsiz dodaqlarını aralayıb, dolmanı içəri ötürdü.
Ballı xalanın dul qızı Güldəstə dolma qabına bir tikə vuranda əlinə bir qırmızı üzək keçib, cəld qovzadı:
– Qulu, bunuca ye!
– A kişi, yemirəm!
– Bıy, ədə bir ağzını aç!

Qulu istədi saralmış üzünü turşaldıb, bacısına acıqlansın, bir vaxt gördü üzəyin ucu ağzına yetib, yağı damcılayır. Əlacı kəsilib, yenə rəngsiz dodaqlarını araladı və üzəyi içəri ötürdü.
Qulu üzəyi bir əngindən o biri ənginə aparıb, asta-asta çeynəyirdi, bir də gördü xalası kor Qızxanım qabdan bir sümük tapıb, apardı qıpıq gözlərinin qabağına və bir az o yan-bu yana çöndərib zənn ilə baxdıqdan sonra çığırdı:
– Qulu, xalan kor olsun, bircə bu sümüyü gəmir!

Qulu dolu ağzını çöndərib, ütük qaşlarını qovzuyub; altı-üstü şişmiş gözlərini süzməkdə xalasına nə deyəcək idisə, beş-altı yerdən onun sözünü kəsib çığırışdılar:
– Bıy, bəs adam şikəst xalasının sözünü yerə salar?! Ye, nədir ki, bir sümükdür, dayna!

Qulu səsini xırp kəsib, sümüyü qapdı.

Ballı xalanın əri evindən döyülüb qovulmuş qızı Xırda bir yaxşı tikə tutub, gözləyirdi ki, Quluya versin. Qulu bunu görcək ağzında əzilmiş üzəyi bir əgkinə yığıb, bacısının üstünə çığıranda üzəyin bir parçası gedib boğazında qaldı və öskürməyə başladı.

Bir dəqiqədə ev səs ilə doldu:
– Su, su! Gədəcik öldü!

Ballı xala Qulunun dalına əli ilə döyəcləyib deyirdi:
– Hamısı sənin! Hamısı sənin!

Əri Kərbəlayı Gülüməli karıxdığından elə barmaqlarını yalaya-yalaya qalmışdı; dul bacı su gətirirdi; döyülüb qovulmuş bacı o baş-bu başa yüyürüb çığırırdı.

Xala başını Qulunun üzünə yavıqlaşdırdı ki, ağzını tapıb, əlini soxsun…
– Xoşbəxtlik üz verdi – üzək Qulunun boğazından ötüb getdi və külfət sakit olub, öz xüsusi işlərinə məşğul oldu.

Yatmaq vaxtı yetişdi; həyətə yüz mütəkkə getdi. Ağacların altında yatacaqlar salındı. Qulunu dörd-beş adam yatırmağa apardı. Ballı xala irəlidədi və “başıma dönüm, çöl soyuqdur” deyib Qulunun üstə bir qış yorğanı saldı; dul qız nənəsinin sözünü təsdiq edib, birini də o saldı; qovulmuş qız da bir cecim tapıb gətirdi. Xala gözünün üstə əlini qoyub, bir göyə baxdı və sonra nə fikir elədisə gödək tumanı atıla-atıla yatacağına tərəf getdi və əlini sürtüb, dəstə ilə çıxmış yeddi-səkkiz tumanı tapıb, Qulunun üstə saldı.

Kərbəlayı Gülüməli gecə papağını geyib, bərk səslə:
– Ay uşaq, Qulu rahat oldumu?

Elə ki beş-altı yerdən “rahat oldu” deyə səs gəldi, Kərbəlayı aftafanı götürüb, öskürə-öskürə həyətin dibinə getdi. Qulu gecə sabaha kimi istidən yata bilməyib, o yan-bu yana çöyrükdü və hər çöyrükəndə də üstündən bir yorğan sürüşüb düşdü. Belə oldu ki, axırda üstünü tamam açdı və bu surətlə yuxuya getdi.

Sabah evə qarışıqlıq düşmüşdü. Qulu azarlamışdı. Kərbəlayı Gülüməli ağ tumanlı həkim dəlləyin yanına yüyürürdü. Ballı xala keçi piyi axtarırdı ki, Qulunu piyləsin; qızlar ağlaşırdılar. Xala da üzərlik yandırıb, Qulunu tüstüyə verirdi.

portal.azertag.az