- Dil

Aygün ƏZİZ. Bunu İvandan, Condan tələb edə bilmərik…

Dövlət dili haqqında qanuna rəsmi dəyişiklik etmək vaxtı çatıb! Təklif edirəm Azərbaycan Respublikasının rəsmi dövlət dili olaraq Azərbaycan dili ilə yanaşı ingilis və rus dillərini də əlavə etsinlər. Niyə? Deyim də. Müstəqillik qazandığımız 1991-ci ildən bəri dövlətimizin rəsmi dili Azərbaycan dili olsa da, Sovet dönəmindən bəri heç nə dəyişməyib. Rus dili yenə dövlət dili səviyyəsində qüvvədədir. Yazılmış qanunda əks olunmasa da, yazılmamış qanunda öz qüdrəti-mövqeyini saxlayıb. Hələ üstəlik ingilis və amerikalılar gəldiyinə görə bu dillər də mütləqi-şərt bilməli olduğumuz dillər sırasındadır. Mən dil bilməyin tərəfdarıyam, poliqlotlar qibtə etdiyim şəxslərdir, özüm ingilis dilini peşəkar səviyyədə bilirəm, rus dilini də həmçinin. Amma məni ağrıdan odur ki, bu dillər niyə Azərbaycan Respublikasında, azərbaycanlıların yaşadığı, sayca dominantlıq etdiyi ölkədə, müstəqil bir respublikada insanlara hörməti, qiyməti, dəyəri rus və ingilis dillərini bilməsi ilə verirlər?

İş elanlarının 95 faizində 3 dil MÜTLƏQ BİLMƏLİ olduğunuz dillərdir: Azərbaycan, rus və ingilis dilləri! Niyə də. ay qardaş, ay bacı, niyə??? Əgər şirkətiniz birbaşa Rusiya və ya ingilisdilli hər hansı bir ölkəyə bağlı deyilsə, niyə bu şərtləri qoyursunuz? Ofisdə söhbətləşəndə “çuşka” (ifadəyə görə üzr istəyirəm, amma Sovet dönəmindən bəri rus dilini zəif bilənlər və ya heç bilməyənlər üçün geninə-boluna təhqiramiz formada işlədilən bu söz yenə də öz qüvvəsini itirməyib) olmayan həmkarlarmı axtarırlar, görəsən?! Qazaxıstanda, Gürcüstanda öz dillərində danışmayan, danışa billəyən əcnəbilər tərcüməçilərdən istifadə edirlər. Bəs biz niyə dilimizin təəssübünü çəkmirik? Biz niyə öz dilimizə xor baxırıq? İndi kimsə fikirləşəcək ki, bizim dilimiz BMT-nin qəbul etdiyi 6 dildən biri deyil! Gülməyim gəlir bu fikrə. Onda BMT-nin, o biri-bu birinin lap xoşuna gəlmək üçün dilimizdən də, mədəniyyətimizdən də, hər şeyimizdən imtina edək, ruslaşaq, ingilisləşək, nə bilim almanlaşaq, ərəbləşək… Olmaz axı belə!

Şəhərimizin sırf əcnəbilər üçün bəzədilib-düzənildiyi mərkəzi küçələrindən keçəndə elə bil ingilisdilli bir ölkənin küçəsindəsən. Obyektlər Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdiyinə görə onlar bu işlərə cavabdehdirlər. Niyə AZƏRBAYCANda məkan, yer adları ingilis dilində qoyulmalıdır?! Nə olsun əcnəbilər var?! Onda düşünürəm, biz gedib İngiltərədə və ya başqa hər hansı bir ölkədə öz əlifbamızda, öz şriftlərimizlə yazılmış obyektlər aça bilərikmi? Kimsə/kimlərsə deyəcək ki, onlar bu sözləri başa düşməyəndən sonra niyə belə şey edəsən ki?! Əcəbdir! Bəs mən niyə onların sözlərini öz ölkəmdə öyrənməliyəm?!

Yadıma 2000-ci illərdə Bakıda, Natəvanın heykəli tərəfdə fəaliyyət göstərən bir klubun adı düşdü: “The Camel’s Toe Baku…”. Burada əsəbimdən NO COMMENT yazmaq keçdi fikrimdən. Yəni ələ salınmağın bundan o tərəfi ola bilməz daha. Bu adın kluba qoyulmasına icazə verən səlahiyyətli orqan, görəsən, bilirdimi mənasını? Çox güman ki, yox! Amma o adda bar-klub çox populyar idi və əcnəbilərin necə xısın-xısın gülüb öz aralarında zarafatlar etdiyinin şahidi olmuşam.

Biz öz dilimizə, öz mədəniyyətimizə, öz milli kimliyimizə hörmət etməsək, bunu İvandan, Condan tələb edə bilmərik.

Başınızı ağrıtdım. Nöqtəni qoymazdan qabaq bir şey də deyim. Hamı artıq bilir ki, son illər Çin dünyaya meydan oxuyur və iqtisadiyyatı ilə dünyanı tam olaraq əlinə keçirəcək. Bakıda Çin dilini yaxşı öyrədən kurs varsa, mənə deyin. İndidən öyrənim ki, onlar burada olanda yanlarında xəcalətli olmayım. Elə Azərbaycanda çinlilərlə Çin dilində danışım.