Azərbaycan xalqında, azərbaycanlılarda qədim olan bir xüsusiyyət vardır. Bu da insanların bizim dinlərə dözümlülüyü, tolerantlığı, insanlara xoş arzularıdır.
Heydər Əliyev
Müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları arasındakı əlaqələr, dialoq bəşər sivilizasiyasının inkişafı, müxtəlif mədəniyyətlərin qorunub təkmilləşməsi üçün əsas amillərdəndir. Tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi bu baxımdan nümunə sayıla bilər. Ona görə də bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsinin Azərbaycan olduğunu rahatlıqla qeyd edə bilərik. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. İslamın bildirdiyi tolerantlığı yaşayan azərbaycanlılar dünyaya tolerantlıq nümunəsi göstərirlər. Ənənə halına gələn tolerantlıq Azərbaycanın milli sərvəti olaraq qəbul edilir.
Azərbaycana irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizm kimi hallar həmişə yad olub. Azərbaycan torpaqlarının erməni işğalçılarının təcavüzünə məruz qalmasına, Xocalı faciəsinin törədilməsinə baxmayaraq dinlərarası dialoq, tolerantlıq, ermənilərin mənsub olduğu dinin davamçılarına qarşı heç bir zəiflik göstərmədən davam etdi. Bu ənənənin dinlərin qarşıdurması kimi təqdim olunmasına Azərbaycan dövləti və xalqı imkan vermədi. Ümummilli Liderin “ Dinimiz- mütərrəqqi dindir və İslam bunu əsrlər boyu sübut etmişdir: bu dinin ümumbəşəri əhəmiyyəti vardır.” sözləri Azərbaycanın İslam dünyası ilə həmrəyliyinin subutudur. Heydər Əliyev tolerantlığa, dinlərarası, mədəniyyətlərarası dialoqa üstünlük vermişdir. Ulu Öndər Heydər Əliyevin təşəbüsü ilə 1999-cu ildən etibarən 16 noyabr tarixinin Azərbaycanda tolerantlıq günü kimi qeyd edilməsi onun tolerant ənənələrə, multikultural dəyərlərə verdiyi yüksək qiymətin göstəricisidir. Ümummilli Lider ilk dəfə olaraq multikulturalizmi Azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi. Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələrinin hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni,dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, burada din mənsublarının hüquqları ən yüksək səviyyədə qorunur. Önların öz dini mədəniyyətlərini inkişaf etdirməsi üçün hər cür dövlət dəstəyi göstərilir. Bu cür tolerant münasibətin əsası da məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Heydər Əliyev tərəfindən başladılan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən tolerantlıq və multikulturalizm siyasəti özünü bütün ictimai, mədəni sahələrdə göstərir. Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla bərabər, Xristian və İudaizm məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstərəcək həqiqətdir. Ölkə başçısının dini bayramlarda və əlamətdar günlərdə Azərbaycan xalqını təbrik etməsi və dindarlarla görüşməsi tolerantlıq nümunəsidir. Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulmuşdur. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.Azərbaycanda tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirilir. 2017-ci il dekabrın 21-22-də Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib. “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söyləmişdir.
Bu gün Qərbdə tolerantlıq ənənələrinin təbliğini və yayılmasını əhəmiyyətsiz hesab edənlər də var. Lakin tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Bu gün Azərbaycanı və azərbaycanlıları fərqləndirən xüsusiyyət də məhz budur.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz yox, həm də qardaşlığımızın və tolerantlığımızın simvoludur. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün İslamın və Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir.
Ulu Öndər Heydər Əliyev İslam dininin və Azərbaycan xalqının bu xarakterik keyfiyyətini çox gözəl ifadə etmişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.
Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və tarixi dini abidələrin bərpası prosesinə fəal surətdə töhfələr verən Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi”Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində də çoxsaylı layihələr həyata keçirilməkdədir. Ötən illər ərzində Fondun dəstəyi ilə Gəncədə “Cavadxan” türbəsi, “Comərd Qəssab” türbəsi, “Şah Abbas” məscidi və “Həzrət Zeynəb” məscidi, Xəzər rayonunda “Möhsün Səlim” məscidi, “Pir Həsən” ziyarətgahı, Buzovna qəsəbəsində “Cümə” məscidi və Binə qəsəbəsində “İmam Rza” məscidi, Yasamal rayonunda “İmam Hüseyn” məscidi, Mərdəkanda “Heydər Cümə” məscidi, “Atəşgah” məbədi, Şamaxıda Cümə məscidi, “Şahxəndan” türbəsi və “Pir Ömər Sultan” ziyarətgahı, Bakıda “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” katolik kilsəsi, Pravoslav kilsəsi, Qəbələ şəhərində məscid, Qəbələnin Nic qəsəbəsində “Çotari” və “Müqəddəs Məryəm Ana” Alban kilsələri və s. dini ibadət ocaqları təmir və yaxud bərpa olunmuşdur.
Heydər Əliyev Fondunun gördüyü işlər yalnız Azərbaycanı deyil, xarici ölkələri də əhatə edir. Fondun Fransada kilsələrin, Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında iştirakı xalqlar, dini konfessiyalar arasında tolerant münasibətləri möhkəmləndirir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Fondun layihələrindən biri olan “Azərbaycan-tolerantlığın ünvanı” layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətli işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də “Azərbaycan-tolerantlığın ünvanı” layihəsi çərçivəsində reallığa çevrilib.
Hazırda Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələr, məscidlərin bərpasına dair layihə üzrə işlərə başlayıb. Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıb. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu ən böyük sərvətlərdən biridir.
Qeyd: Məqalə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim olunmaq üçün hazırlanıb.
Əzizov Murad Rəsul oğlu:
Lənkəran rayonu Tükəvilə kənd məscidi dini icmasının sədri