XX əsrin ən böyük simalarından biri olan Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərimizə münasibətdə yeni bir mərhələ başladı. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və din etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların, əsasən də gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsinə böyük önəm verildi. Gənclərin milli ruhda tərbiyə olunmasına xüsusi diqqət və qayğı ilə yanaşmağı vacib sayan H.Əliyev Azərbaycan Gənclərinin I Forumundakı çıxışında bu məqamı önə çəkərək qeyd edirdi: “Gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidir. Biz heç vaxt imkan verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək, islam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin və mənəviyyatının zədələnməsinə gətirib çıxartsınlar”. “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” – deyən H.Əliyev mənəvi dəyərlərimizə gələcəyimizin təməli kimi baxırdı. Onun yürütdüyü siyasətin, xüsusilə din siyasətinin əsas istiqamətlərindən biri də elə bu idi.
Azərbaycan xalqının tarixi keçmişini çox gözəl bilən H.Əliyev xalqımızın öz inancından uzaqlaşmadığının yaxından şahidi olmuşdu. O, bu haqda bu cür qeyd edirdi: “Biz azərbaycanlılar heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq”. Vətəninə və xalqına xidmət, onun milli-mənəvi dəyərlərini qorumaq bu böyük şəxsiyyətin təkcə prinsipinə deyil, eyni zamanda, həyat tərzinə çevrilmişdi. “Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra xalqımızın mənəvi dəyərləri canlanıb bərpa edilibdir” – deyən H.Əliyev bu sahədə qarşıya qoyulan məqsədləri də müəyyənləşdirmiş və həmin məqsədlərdən birini bu cür açıqlamışdır, Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söykənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk”. Ancaq biz dindən ayrı deyilik”. Bu fikri dövlət quruculuğu prosesinə çevirən H.Əliyev istər beynəlxalq konfranslarda, istərsə də ölkə ictimaiyyəti qarşısında etdiyi çıxışlarda dəfələrlə vurğulamışdı: “Bizim Konstitusiyamıza görə ölkəmizdə dünyəvi dövlət qurulur. Din dövlətdən ayrıdır. Təbiidir ki, bütün dünyəvi ölkələrdə bu belədir. Bu, heç kəsdə təəccüb doğurmasın. Bu, bizim dinə münasibətdə başqa bir mövqe tutmağımızı göstərmir”. H.Əliyevin böyüklüyü, uzaqgörənliyi bir də onda idi ki, o, yeni yaranmış, milli dövlətçilik ənənələri təzə-təzə formalaşmış gənc bir dövlətə qarşı qara qüvvələrin hər cür vasitələrdən istifadə etməsinin mümkünlüyünü bilirdi və din siyasətində bu amili nəzərdən qaçırmırdı. Ona görə də o, ən optimal variant olaraq tolerantlıq mühitini möhkəmləndirən əsas prinsipləri maarifləndirmə yolu ilə vətəndaşlara çatdırmağı ön plana çəkirdi. Yalnız düzgün maarifləndirmə yolu ilə xurafatın kökünü kəsmək, radikal, ekstremist qüvvələrin qarşısını almaq və dini cahillərin girovundan xilas olmaq mümkündür. Din cahillərin əlində xurafat, alimlərin əlində isə xurafata qarşı ən güclü silahdır. Bu mənada H.Əliyevin “Din incə bir materiyadır” kəlamının arxasında hansı mənaların gizləndiyini müəyyən etmək elə də çətin deyildir. Bir sözlə, H.Əliyevin dinə münasibəti, ona verdiyi xarakteristik tərif orijinallığı ilə seçilir. O, deyirdi ki, “Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz bir hissəsi kimi qəbul edirik”.
H.Əliyev dini təhsilin inkişafı sahəsində də əvəzsiz addımlar atmışdır. O, yerli milli kadrların hazırlanmasına, dini maarifləndirmə işində əsasən daxili potensialdan istifadə olunmasına diqqət yetirməyi vacib sayırdı. Elə bu səbəbdən Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdikdən sonra bu problemin həlli istiqamətində ciddi addımlar atılmış, ölkədə dini sahədə milli kadrların hazırlanması məqsədilə Bakı İslam Universiteti, onun bölgələrdə filialları, Bakı Dövlət Universitetinin nəzdində ilahiyyat fakültəsi, müxtəlif mədrəsələr, dini mərkəzlər açılmışdır. Qətiyyətlə deyə bilərik ki, hazırda ölkəmizdə islamşünaslıq elmi inkişaf dövrünü yaşayır və bu inkişafda H.Əliyevin rolu əvəzsizdir.
H.Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə Bakıda bir neçə beynəlxalq konfrans keçirilmiş və bu konfranslar İslam dünyasında ciddi əks-səda doğurmuşdur. 1998-ci ildə keçirilmiş “ Müasirlik və dini-mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans, “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpozium H.Əliyevin adı ilə bağlı möhtəşəm tədbirlər kimi tarixə düşüb. H.Əliyev 1998-ci il dekabrın 9-11-də Bakıda keçirilən “Qafqazda İslam sivilizasiyası” adlı beynəlxalq simpoziumda çıxış edərək simpozium iştirakçılarına müraciətlə demişdir: “Mən belə fikrə gəlirəm ki, Azərbaycan Qafqazda İslam sivilizasiyası araşdırmalarının mərkəzi ola bilər. Azərbaycanın buna haqqı da vardır. Əgər siz hamınız belə bir qərara gələ bilsəniz, Azərbaycanda bir mərkəz yaratmaq olar. Azərbaycan dövləti də buna himayəçiliik edə, kömək göstərə bilər. Mən hər halda Azərbycanın timsalında demək istəyirəm ki, bu sahədə çox böyük işlər görülməlidir. Elmi tədqiqat üçün burada geniş imkanlar vardır”.
Azərbaycanda islamşünaslıq elminin inkişafı sahəsində önəmli addımlardan biri kimi H.Əliyevin xeyir-duası ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini Şuranın yaradılmasını göstərmək olar. Azərbaycan elminin inkişafında böyük xidmətləri olan görkəmli alimlərin və din xadimlərinin Elmi-Dini Şurada bir araya gəlməsi, şübhəsiz ki, ölkədə islamşünaslığın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir.
Ədalətlə həqiqət pəncərəsindən tarixi proseslərin gedişatına diqqət etsək, görərik ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında tolerantlıq mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz H.Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənmiş, bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Eyni zamanda, tolerantlıq vətəndaş cəmiyyətinin əsas əxlaq prinsipidir. Latın sözü olan tolerantlığın hərfi mənası “dözümlülük” deməkdir. Tolerantlıq müxtəlifliyin mövcudluğuna təminat verən hüquqi borc və mənəvi tələbatdır. Tolerant sözü dilimizə “dözümlü” kimi tərcümə olunsa da, bu söz “hörmət” kimi də işlədilə bilər.
Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də tolerantlıq funksiyasını uğurla yerinə yetirməkdədir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. H.Əliyev İslam dininin və Azərbaycan xalqının bu xarakterik xüsusiyyətini çox gözəl ifadə etmişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir”. H.Əliyev istər din xadimləri ilə görüşündə, istərsə də beynəlxalq konfranslarda diqqəti dinlərin, xüsusilə İslamın dözümlülük xüsusiyyətinə, insanları birliyə, vəhdətə dəvət çağırışlarına çəkərdi. O, deyirdi ki, “İslam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməmişdir. Biz sülhsevər millətik. Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərmişdir. Biz həmişə bu yolla getmişik”.
H.Əliyevin Azərbaycan xalqı və tarix qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan Konstitusiyasında “Dini etiqad azadlığı haqqında” qanunun təsbit olunmasını həyata keçirtməkdir. Belə ki, Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir.
H.Əliyevin tolerantlıq, dini dözümlülük anlayışına spesifik baxışı var idi. O, Beynəlxalq tolerantlıq günü münasibətilə ölkədəki dini konfessiyaların başçıları ilə görüşündə tolerantlıq anlayışının geniş məna tutumuna toxunaraq bu məfhumun qısa və lakonik izahını vermişdir: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır: O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir”. Yeri gəlmişkən, qeyd etməliyik ki, 16 noyabrın “Beynəlxalq tolerantlıq günü” kimi qeyd edilməsi məhz H.Əliyevin təşəbbüsü və göstərişi ilə həyata keçirilmişdir. H.Əliyevin səmimiliyinin bir cəhəti də ondan ibarət idi ki, o, dini konfessiyaların rəhbərləri ilə müxtəlif tədbirlərdə görüşər, fikir mübadiləsi, məsləhətləşmələr aparar, dini bayramlar münasibəti ilə səmavi dinlər arasında fərq qoymadan dindarları rəsmən təbrik edərdi. Bu, H.Əliyevin böyüklüyünün, səmimiliyinin və Azərbaycan xalqının tolerantlıq ənənələrinə sadiqliyinin göstəricisi idi. O, deyirdi ki, “İnsanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə hörmət etməli, dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir”.
H.Əliyevin Respublikamıza rəhbərlik etdiyi illlərdə müxtəlif ölkələrin din xadimlərinin, dini liderlərin Azərbaycana səfərə dəvət olunması məqsədi ilə dövlət səviyyəsində lazımi tədbirlər həyata keçirilmişdir. Bir neçə il ərzində Moskva və Ümumrusiya Patriarxı II Aleksinin, Roma papası II İohann Pavelin, Gürcüstan Patriarxı II İlyanın, Rum Patriarxı I Vorfolomeyin Azərbaycana səfərləri təşkil olundu və onlar buradakı tolerantlığın şahidinə və təbliğatçısına çevrildilər. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan II Aleksi ölkəmizdəki tolerantlıq mühitinə heyran qaldı və səmimi etiraf etdi ki, “Burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta bu cür şərait təəssüf ki, bəzi pravoslav ölkələrində belə yoxdur” – deyir və bu fikirlər dünyanın ən nüfuzlu telekanallarında, qəzetlərində yayımlanır. Rum Patriarxı I Varfolomeyin Azərbaycana səfəri zamanı buradakı tolerantlığa verdiyi qiymət də çox maraqlıdır: “Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir. Azərbaycanı çox sevdim. Bu ölkənin rifahı və xoşbəxtliyi üçün hər zaman dua edəcəyəm”.
Həmin illərdə ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun rəhbəri Yerar Ştudman etiraf etmişdir ki, “Azərbaycanda dini dözümlülük heç də yeni konsepsiya deyildir. Bu ölkə yüz illər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, dözümlülüyə bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə göstərə bilərik”.
Tolerantlıq Azərbaycanın spesifik xüsusiyyəti olduğu, bütün dünyanın qəbul etdiyi və məmnunluq duyduğu həqiqətdir. Onun möhkəmləndirilməsində, beynəlxalq miqyasda təbliğ edilməsində və dünyada nümunə kimi qəbul olunmasında ən böyük xidməti H.Əliyevə aid etmək böyük şəxsiyyətə olan mənəvi borcumuzdur.
Qeyd: Məqalə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim olunmaq üçün hazırlanıb.
Ağayev Atif Arif oğlu, Lənkəran şəhəri Böyük Bazar “Cümə” məscidi dini icmasının üzvü