- Köşə

Qırxıncı yaz

 Şeir dili ilə danışmağı sevirəm. Şeirin özü kimi bundan da zövq alıram. Klassik insanlarsayaq söhbətə şeirlə başlasam, deyinməyin.

Mən iyirmi yaşımda, otuz yaşımda
Elə bilirdim qırx qocalıqdır.
Əlliyə çatıram, vallah başımda
Uşaqlıq havası hələ qalıbdır.

Bəxtiyar Vahabzadə bu cür duyub. Tanımadığım bir müəllif – Rüfət Axundovsa deyir:

Qırxıncı payız da ötüşüb keçdi,
Nə dərdim, nə qəmim bəyan olmadı.
Qırx ildə o qədər az yaşadım ki,
Üzümdən, gözümdən duyan olmadı.

Qırxıncı payızı hələ yaşmamışam, o, beş aydan sonra gələcək. Mən qırxıncı yazımı yaşayıram. Misraları bəyəndiyim üçün fikirlərimə qatdım. Qismət olsa, qırxıncı payızı da, qışı da yaşayaram.  Hələki yazdır.

Anama bir yaz günü əzab vermişəm.

İlk övlad, ilk nəvə hamının sevimlisi olur. Bir az da ağıllı olanda yadlar da çox istəyir, tərifi alosmana qalxır. Uşaq yaşlarımdan uşaq olmamışam, böyük arzularla yaşamışam. (Deyəsən, son illər uşaqlaşmağa başlayıram) Fikirlərim uşaq düşüncələrinə uyğun deyildi. Böyüklərlə sözüm ona görə tuturdu ki, onlar tələb etdikləri kimi idim; götür-qoylu, ağıllı, məsuliyyətli və s. Həmişə təriflənir, əzizlənirdim. O qədər təriflənməyə rəğmən xoşbəxtlikdən eqoist, ədabaz olmadım. Əksinə həmişə içimdə kədər, nigaranlıq oldu. O kədər insanların dərdlərindən doğurdu. Görmək istədiklərimi görməyəndə üzülürdüm. Müşahidə etdiyim çatışmazlıqlar məni narahat edirdi. Çox şeydən nigarandım.

Çox sonralar – bəlli bir vaxtda elə məhrumiyyətlərlə üzləşdim ki, ictimai kədərimə şəxsi kədər də qarışdı. İtkilər, doğmaların yoxluğu, cəmiyyətdən cismən uzaq düşməyim və s. Mənən özümü insanlardan kənarda sanıb fərdiliyə enmədim. Qəlbimdə hiss etdiyim boşluğun səbəbini bilsəm də boşluqla, o səbəblə yaşamağa davam etdim.

Bu qəmlə bələkdə tanış olmuşam
Mən elə bu qəmlə tay-tuşam, ana.
Yerdə yer tapmadım yuva qurmağa
Göyə çöp daşıyan bir quşam, ana.

Ə.Nuri

İyirmi bir yaşım tamam olan gün atamın məndən gizli səsləndirdiyi fikri təsadüfən eşitmişdim. O söz yerini aldı. Həmişə haqlı çıxırdı. “Gördün, mən deyən oldu” deyə bilmirdim. Həmin gün dediyi sözü də ömür boyu yaşadım. Çarəsini də deyirdi, amma… nə isə burasını yazmayacam.

Ömrümün qırxıncı yazı atasız gəldi. Onun ömrü yetmiş beşdə bitdi, mənim ömrümünsə nə vaxt bitəcəyini bilmirəm. Özümə məlum olan məsələlərə baxanda əslində iyirmi bir yaşımda bitib. Ondan bəri nəfəsim gəlib-gedir deyə onun xətrinə yaşadım. Qırxa çatan Pərvanə deyil. Pərvanə 2003-cü ildə qaldı. Uzun illər insanların, mühitin formalaşdırdığı “mən”lə yaşadım.

Ömür yanmış zəmi kimi
Su basmış zirzəmi kimi
O qız batan gəmi kimi
Dönmədi liman yerinə

Ə.Nuri

Pandemiya dövründə gərginlik keçirəndən sonra itaətkarlığa son qoydum.

Qırxadək səhvsiz yaşadım. Çalışdım peşman olacağım iş görməyim. Amma həyatım bütünlükdə peşmanlıq üzərində qurulubmuş. Sən demə, səhvi lap başdan edibmişəm. Əslində hər şeyi başqa cür başlamalıydım. Susmaq, başqalarını düşünmək ömrümü öz ömrüm kimi yaşamağa qoymadı.

Özümə nə uşaqlıqda, nə də gənclikdə rəhmim gəlib. Kimin dərd-səri olsa ürəyimə götürürdüm. Öz ürəyimin səsini dinləyəndə artıq qırx yaxınlaşırdı. Ya ağlımı itirdim, ya da hələ indi ağıllanıram.  Hərdən yanlış etdiyimi deyil, bütövləndiyimi hiss edəndə, ağlım özünü araya salıb ağıllı-ağıllı yol göstərir. Bilmirəm, bundan belə nə olacaq. Nə olacaqsa olsun, yaşamağa hazıram. Bitəcəksə bitsin, ölümdüsə olsun, yaşamaqdısa da… yaşayıram da. İndiyəcən özgə ömrü yaşamışam. Mənə dogma olmayan ömür. Barı bundan sonra ağıl imkan verə öz ömrümü yaşayam.

Bu sevgi də boy atmadı dərəsən,
O qadının saçlarına sərəsən,
Bu pərvanə nə istəyir, görəsən?
Ürəyimin çırağında ağlayır.

Ə.Nuri

Nə isə… bircə arzuma çatdım, ona da peşman oldum. Kaş heç o da həyata keçməzdi. Çox sonralar daha bir arzuma da çatdım. Elə vaxt çatdım ki, bilmədim sevinəm, yoxsa ağlayam.

Uşaqlığım arzulamaqla, gəncliyim onları öldürməklə keçdi. Hələki yaşamaq qismət olmayıb. Demək olar ki, qırx yaşda qəlbim arzular qəbiristanlığıdır.

Uşaq ol, yeniyetmə ol, cavan ol səhv etmə, qırxa doğru yolda bir yekə səhv burax, o da dincliyin bir yana, özünü də səndən alsın. “Qırıx ki qırıx”. Ziyan hesab etmirəm, etsəm yarıdan qayıdaram. Peşman olmaq da istəmirəm, olsam yaşaya bilmərəm. Haqlı ya haqız fərq etmir Məmməd Arazın vəziyyətindəyəm:

Belə olmalıydı yəqin ki belə
Çiynimə bu yükü götürməliydim.
Ağlımın hökmünü mən bilə-bilə
Qəlbimin hökmündə itirməliydim.

Bundan belə bircə arzum var, o da hamı kimi olmaqdır. Niyə? Özüm kimi yaşadıqca yaşamaq işgəncəyə dönür. Hamı kimi olub “XOŞBƏXT” olmaq istəyirəm. Yox, alınmır… demək işgəncəyə davam…

Ehtiyacım olan nəsnələrin çox olmasına baxmayaraq, ata malından imtina edəcək qədər gözütoxam. Həyat eşqim güclü olsa da xərçəncə tutulsam belə kimya terapiya etdirməyəcək qədər ölümə hazıram.

Gördüm, sonrakı peşmanlıq fayda vermir başladım peşman olmamamğa. Bilsəm ki, peşman olduğuma peşman olacam əvvəldən peşman olmazdım. Səhvimdən xəcalət çəkməsəm xəcalət çəkərəm ki, niyə xəcalət çəkmirəm.

Zarafat eləmirəm. Nə də yanıltmac deyil.

Bir insanı sevirəmsə, sevimli olduğu üçün deyil, hər nöqsanı vurğulamaq xüsusiyyətim olmadığından güzəşt edirəm. Birini müdafiə edirəmsə, haqlı olduğuna görədir, incikliyimin məsələyə dəxli olmur. Yaxşılıq edirəmsə, ehtiyac duyulduğundan yox, əksini bacarmadığımdandır. Salam vermək istəyirəmsə, birinci onun salamlaşmağını gözləmirəm, “sağlam ol” dediklərimdən “sağ ol” eşitmək məqsədim olmur. Biri haqqımda pis danışsa, cavab vermək niyyətilə mən də onun haqqında pis danışmıram. Gileylənərəmsə, demək, yetərincə susub yorulmuşam.

Qırxıncı payız da ötüşüb keçdi,
Demirəm hər günü qəmlə yaşadım.
Sevincli günlər də ötdü ömrümdən,
Amma tez yox oldu, doyan olmadı.
Qırxıncı payız da ötüşüb keçdi,
Üstümə dağ kimi qalandı kədər.
Asıldı üstündən bəyaz buludlar
Amma yağış olub yuyan olmadı.
Qırxıncı payız da ötüşüb keçdi,
Bu tale ömürə həyan olmadı.

Olmadı… çox şey olmadı… elə şeylər oldu ki, olmamalıydı.

Qaçhaqaçdı, qobhaqovdu,
Ömür beşgümlük girovdu.
Sən ovçusan həyat ovdu
Başqa bir şikar istəmə.

Ə.Nuri

Oşo deyir, həyat qorxunun bitdiyi yerdə başlanır. Düz deyir.

Ən çox itirmək qorxusuyla yaşayırıq. Əzizini itirmək qorxusu. Bunları yaşayandan sonra adamda qorxu hissi ölür. Yaşın “qırıqlığındadır”.

V.Hüqo: “qırx yaş cavanlığın qocalığı, əlli yaşsa qocalığın cavanlığıdır” deməkdə haqlıdır.

Təbəssümün
çəkilir günbəgün
zərif dodaqlarından.
İlahi baxışların
silinir gözlərindən,
Əyilir şux qamətin,
kədər qonur üzünə.
Qırışlar yol tapır asta-asta
o parlaq bənizinə.
Yavaş-yavaş quruyan
çaya, ağaca bənzəyirsən.
Dadına yetmir daha,
sevimli xəyalların.
Əgər gücün çatırsa,
zamanı sal atından,
yönünü döndər geri.
Həyat öz axarında
xoş, naxoş anlarıyla.
Ürək boşalır, dolur
sevgi ilə, ağrıyla.
Hələ ki dayanmısan
söykənib ümidinə.
Hətta, bir ulduz belə
işarmır
olacaqların
sonunda, axırında…

Ələddin Əzimli

Ad günü olan qızın yerinə şeir danışsın. Şeir danışanda bayılıram.

Qəbrimin bir ömür uzaqlığında,
Tale yollarının alnı qırışıb.
Ümid nə vaxtdı ki, gözümə dəymir,
Görünür, hardasa başı qarışıb.
Ehtiyac şumlayır bəxt çöllərini,
Dövran da bir ucdan elə dərd əkir.
Varaqlar üzümə ağ olur daha,
Qələm də söz altdan çiynini çəkir.
Fələklər diksinir dərdə tabımdan,
Ömrümün-günümün bəxt kitabından,
Arzular cırılmış varaq kimidir.
Dəydi harayıma sükut qurşunu,
Qırılıb içimdə dözüm qoşunu,
Ümid qana batmış bayraq kimidir.
Ümid qana batmış bayraq kimidir,
Ürəyim ağrıyan yaralı əsgər.
Geri çəkilməyə yer qalmayıbdı,
Sonuncu misradı sonuncu səngər.
Tale göz yaşını sıxır ovcuna,
Halsız harayların köksü dağlanır.
Yuxusu qarışır xatirələrin,
Kədər dənizitək söz dalğalanır.
Acı əzabların gözləri gülür,
Dözüm kəlməsinin qəddi bükülür,
Ağrılar çay kimi kükrəyən yerdə.
Səbr səbr etməyin daşını atır,
Sükutdan sükutun qulağı batır,
Əcəl şahə qalxıb kişnəyən yerdə.

Balayar Sadiq

Ta uşaq deyiləm
boyat nağıl danışıb,
sonra da deyəsən ki, indi
göydən üç alma düşəcək…
Əlli ildi nə alma düşür, nə ruzi.
Can da əvvəlki deyil, dözə.
İçimdəki soyuqda
neçə arzu donur hər gün.
Qışın öz üşütmək tərzi var.
Adamlar bir-birinə qış qədər soyuq…

Hikimət Məlikzadə

Neynəyək… canımızı oda yaxıb isitdiklərimiz o qədər isindilər ki, əriyib yox oldular.

Bir az da buz yaşayaq. Təki yaşayaq.