Ukrayna Ali Radası ölkənin NATO-ya üzvlüyü ilə bağlı konstitusiyaya düzəliş etməyəcək.
APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bunu Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk yerli mətbuata müsahibəsində deyib.
O qeyd edib ki, hazırda Ukrayna hökuməti üçün prioritet vətəndaşların təhlükəsizliyidir, ona görə də təhlükəsizlik zəmanətləri ilə bağlı iş aparılır.
Stefançuk vurğulayıb ki, Ukrayna üçün müvafiq təhlükəsizlik zəmanətləri Budapeşt Memorandumundan fundamental şəkildə fərqli olmalıdır.
“Bizim bu zəmanətlərə indi ehtiyacımız var, gələcəkdə deyil. Biz gələcək üçün Budapeşt Memorandumunu imzalamışıq, lakin o imtahandan keçməyib”, – deyə parlament sədri bildirib.