- Cəmiyyət, Manşet

Marneuli meri kəndin tarixi adının bərpa olunacağını bildirib

Gürcüstanın Marneuli şəhərinin meri Kənan Ömərov Kirovka kəndinin bir qrup sakini ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə kəndin adının dəyişdirilməsi məsələsi müzakirə olunub.

Kənd sakini Canpolad İbadov “Report”a bildirib ki, merə yerli icmanın kəndin tarixi Mamey adının bərpası ilə bağlı tələbi çatdırılıb: “Kənd sakinlərinin 100 faizi tarixi toponimin qaytarılmasını dəstəkləyir. Görüşdə təklif olunan gürcücə iki yeni adın bizim üçün qəbulolunmaz olduğu diqqətə çatdırılıb. Mer yerli əhalinin istəyinin nəzərə alınacağını bildirib”.

Görüşdə iştirak edən “Salam” gənclər platformasının üzvü Benyamin Qasımoğlu da deyib ki, Marneuli meri kənd sakinlərinin istəyinə zidd qərarın qəbul edilməyəcəyini bildirib: “Ümid edirik ki, Kirovka sakinlərinin müraciəti nəzərə alınacaq və icma üçün yad olan ad verilməyəcək”.

Onun sözlərinə görə, kənd sakinləri adından Marneuli meriyası və bələdiyyə rəhbərliyinə aprelin 26-da təqdim olunan müraciətdə də Mamey adının bərpası tələbi yer alıb: “Kəndin adının dəyişdirilməsi prosesində sakinlərin rəyi mütləq nəzərə alınmalıdır”.

Qeyd edək ki, soydaşlarımızın yaşadığı Kirovka kəndi üçün yeni ad kimi Mtsvane qora (yaşıl/göy təpə) və Meqobroba (dostluq) adları nəzərdən keçirilir. Kəndin köhnə adının Mamey olduğunu sübut edən bir neçə tarixi mənbə var.