- Ədəbiyyat

“Xosrov və Şirin”: reallığın şirini və acısı

Könül BÜNYADZADƏ
fəlsəfə elmləri doktoru

Dövlət başçısı 2021-ci ili “Nizami Gəncəvi ili” elan etdi. Nizami Gəncəvi kimi bir dühanın 880 illik yubileyinin belə təmtəraqlı qeydi çox məntiqli idi və hər kəsi sevindirdi. Mən isə bu məsələnin bir də fərqli tərəfini vurğulamaq istəyirəm: dünya tarixində 2020-ci ilə öz qılınci ilə çəkdiyi imza və möhürünü Azərbaycan 2021-ci ildə qələmi ilə təsdiq etməlidir. Elə möhtəşəm qələbə belə sonsuz bir hikmət sahibinin işığı ilə tamamlana bilər.

Bəli, Nizami Gəncəvi müdrikliyi yüksəlmiş ruhumuzun həmin zirvədə bərqərar olması üçün lazımdır. Hələ XV əsrdə Sultan Murad xan oğluna nəsihətində qələm və qılınc tərəzisinin gözünü daim düzgün tutmağı nəsihət edir, çünki “tərəzini doğru tutsan, Allah Təala da sənə doğru nəzər edər”, – deyirdi. Məhz qılınc və qələminin tarazlığını qoruya bilən Fateh Sultan Konstantinopolu fəth edib tarixin çarxını dəyişdi. 2021-ci ildə Azərbaycan tarixində tərəzinin gözləri arasında “ədaləti” bərpa etmək üçün “Nizami Gəncəvi ili” elan olundu. Əlbəttə, necə ki, sonsuzluğu bir anda sığdırmaq olmur, eləcə də Nizami hikmətini bir illə ehtiva etmək mümkün deyil. Bununla belə, elə şairin öz tövsiyəsi bələdçimiz olsun:

Sözündə çoxluğa qoyma yer olsun,
Birin yüz olmasın, yüzün bir olsun.

Nizami Gəncəvi haqqında o qədər dəyərli əsərlər, tədqiqatlar var ki, onları oxumağın özünə bir il bəs eləməz. Mən onlardan bəzilərindən bəhrələnərək Nizami hikmətindən sadəcə bir-iki yarpağa diqqət çəkmək istəyirəm. Bələdçim də Şirin olacaq, “Xosrov və Şirin”in qəhrəmanı.

Dünyanın qadın yarısı

Tarixçilərdən biri qədim Yunan dövrünün filosof qadınlarından olan Aspazia haqqında belə deyir: “Aspazianın həyatı haqqında sual vermək insanlığın yarısı haqqında sual verməkdir”. Nəzərə alsaq ki, Yaradan kişi və qadını bərabər yaradıb, onda tədqiqatçının sözündə böyük bir həqiqət var: insanlığın bir yarısı kişi isə, digər yarısı da qadındır. Hər nə qədər ictimai həyatda bu balans pozulsa da, Nizami Gəncəvi düşüncə müstəvisində onu tarazlamağa və ədaləti bərpa etməyə çalışır. “Xəmsə”də iki cür qadın obrazı var – kişi obrazını açan, bir növ onun “aksessuarı”, bəzəyi olan və qadın kimliyini, qadınlıq hikmətinin öz dərinliyini açan obrazlar. Buna gözəl nümunə kimi Şəkər və Şirini göstərmək olar. Birinin gözəlliyi də, bacarığı da bu fani dünya qədərdir, digərinin varlığı isə insanlığın tən yarısıdır.

Allah Təala maddi dünyada var olan və öz varlığını davam etdirəcək əksər şeyləri qoşa yaradıb – qadın və kişi. Bunun gözəl təzahürünü Çin fəlsəfəsinin in-yan prinsipində görmək mümkündür. Bir şeyin tamamlanması və davam etməsi üçün mütləq hər iki cinsin bərabər olması zəruridir. Eyni qanunauyğunluq mənəvi müstəvidə də keçərlidir. Mü-əyyən fəlsəfi ideyanın və ya nəzəriyyənin bütöv və kamil olması üçün orada mütləq kişi və qadın təfəkkürləri bir-birini tamamlamalıdır. Necə ki, insanın doğulmasında həm ata, həm də ana zəruridir, eləcə də yeni ideyanın doğulmasında hər iki başlanğıc mütləq olmalıdır. Söhbət eyni ideyaya fərqli rakurslardan baxıb onun haqqında dolğun bir təəssüratın, təsvirin yaranmasından gedir. Belə düşünmək olar ki, Nizaminin poemalarında qadın obrazları məhz bu kamilləşmə prosesinin əhəmiyyətli tərəfi, aparıcı qüvvəsidir. Görkəmli nizamişünas Həmid Araslının qənaətinə görə, “Şirin dahi Nizami tərəfindən son dərəcə məharətlə, hərtərəfli işlənmiş, dünya ədəbiyyatı tarixində xüsusi yeri olan bir obrazdır. Belə yüksək, ağıllı və hərtərəfli müsbət təsvir edilən qadın obrazlarına Qərbi Avropada sonrakı əsrlərdə Şekspirdə təsadüf edirik. Dantenin Beatriçesi də bir çox xüsusiyyətləri ilə Şirinlə müqayisə edilə bilər”.

Haqq sözün yanında biz də fərqli rakursdan qısa bir analogiya aparaq. Orta əsrlərdə Qərbdə qadının özü və sözünü məşhur Miloslu Veneraya bənzətmək olar: gözəllik mücəssəməsi hesab edilən varlığın qolları nəinki yoxdur, heç təsəvvür də edilmir. Üzü müəyyən istiqamətə baxsa da, göz bəbəkləri də yoxdur və nə düşündüyünü təyin etmək olmur. Qadının sadəcə gözəllik etalonu olduğu bəlli olur. Şərq qadınının etalonu isə Nizaminin Şirini ola bilər.

Mən gövhərəm, neçin gərək əksiləm,
Çağrılmamış gedəm, məgər mən yeləm?

İki misrada şair qadının həm  dəyərini vurğulayır, həm də iradə və hökm sahibi olduğunu bəyan edir. O, şəxsiyyəti, məqsədi və mənəviyyatı bəlli və yüksək olan bir insan obrazıdır. O, kişinin “əyləncə obyekti” deyil, onunla bərabərhüquqlu olub üz-üzə duran, onunla fikir mübadiləsi edən və öz izzət-nəfsini qoruyub hər şeydən ucada tutan, kişinin görə bilmədiyi hikmətləri dərk edə bilən Qadındır.

Milli təəssüb

“Xosrov və Şirin”də ön planda iki dövlət var. Bir tərəfdə müdrik Hörmüzün ölkəsidir ki,

Ədalətdə onun qüsuru yoxdu,
Gözlər kədərsizdi, könüllər toxdu.
Oldu ədalətlə yer üzü abad,
İnsanlar oldular zülmdən azad.
Digər tərəfdə isə,
Dərbənd dənizinin bir sahmanında
Bir gözəl ölkə var dağlar yanında.
Şahzadə qadındır orda hökmüran,
Yayılmış qoşunu İsfahanacan.

Biri kişinin, digəri isə qadının – “cürətdə kişidən heç geri durmayan, böyük olduğundan Məhin Banu”nun idarə etdiyi dövlət. Hər ikisinin varisi var. Hörmüzün taxt-tacı Xosrova, Məhin Banununku isə Şirinə mirasdır. Onu da əlavə edək ki, söhbət məhz iki eyni səviyyəli dövlətdən gedir və bunu Məhin Banu öz nəsihətində də vurğulayır:

Əgər o, aydırsa, biz afitabıq,
O, Keyxosrov, bizsə Əfrasiyabıq.

Bəli, dahi şair incə bir yanaşma ilə həm də iki qonşu milləti müqayisə edir və bir növ onların inkişaf istiqamətlərini izləmək üçün kökdən, təməldən başlayır. Hər iki millətin hökmdarı özünə layiqli, dövlətin, xalqın gələcəyini, firavanlığını təmin edəcək bir varis yetişdirməyə çalışır, nəsihətlər verir. Yəni poema ədalətin bərqərar olduğu iki fərqli məkandan başlayır. Elə bu başlanğıc məqamda da hər ikisində müəyyən yoldan çıxma, düşüncəsizliyin, hisslərin ağır gəlməsi halı baş verir. Xosrov kəndliyə zülm edir və atası tərəfindən cəzalanır. Şirin isə Şapurun sözlərinə uyub bir anlıq həvəsin cazibəsi ilə Xosrovun yanına qaçır. Gəncliyin səhvini hər ikisi edir və məhz bu nöqtədən başlayaraq yollar ayrılır.

Xosrov yoluna düzəlmir və eyş-işrətə aludə olur, Şirin isə haqq yolundan çıxmır və kamilliyə yönəlir. Onları birləşdirən yalnız eşqdir. Burada maraqlı bir haşiyə çıxmaq istərdim. Əyləncə qadını kişinin, müdrik qadın isə öz dövrünün, mühitinin simasıdır. Məsələ burasındadır ki, kişilərdən fərqli olaraq qadınlar cəmiyyətə bir növ içdən bələd olurlar. XVI əsrin Qərb qadın filosoflarından biri Moderata Fonte yazırdı ki, “müdrik, dindar və xeyirxah arvadı olan kişinin özü cahil, rəzil və pis bir insan olsa da, bu, həmin qadının hörmətinə bir ləkə gətirmir. Lakin bir qadın bədbəxtlikdən arxasınca düşmüş bir heyranı tərəfindən yoldan çıxarılarsa, qürurunu itirərsə, bu vəziyyət o dəqiqə ərə böyük bir alçaqlıq və xəcalət gətirir; o, nə qədər müdrik və hörmətli bir şəxs olsa da, o, qadına bağlıdır, qadın ona deyil”. Xosrov və Şirinin sevgisində məhz belə bir münasibətin – müdrik qadının rəzil kişini ucaltması prosesini izləyirik.

Burada vurğulanmalı olan daha bir əhəmiyyətli məqam isə belə müdrik qadının məhz Azərbaycan torpağının övladı olmasıdır. Şirin Azərbaycan məmləkətində hökmdardır. İlk baxışda qadındır, deməli, zəifdir, aldatmaq, yoldan çıxartmaq olar. Lakin Məhin Banunun nəsihətləri, Şirinin ona cavabları və bütün sonrakı proseslər belə göstərir ki, söhbət sıradan bir qadından deyil, məhz bəşəriyyətin tən yarısı olmağa layiq olan qadından gedir.

Nəhayət, bir şeyə də diqqət yönəldək ki, məhz orta əsrlərdə İslam sivilizasiyasının qurulduğu bir çağda Azərbaycan müdrikləri, sənətkarları, alimləri əvəzedilməz rol oynayıblar – istər Azərbaycanın öz ərazisində, istərsə də başqa ölkələrdə fəaliyyət göstərməklə. Orta əsrlər İslam düşüncə tarixinin qızıl dövründə yaşamış Nizami Gəncəvi bunu, təbii ki, gözəl bilirdi və Azərbaycanın mənəvi qüdrətini belə təqdim edir. Dahi şair Şirini Xosrovun eşqinin oyektindən daha çox, öz cəmiyyətinin siması kimi təsvir edir. Məhz buna görə, Şirin Azərbaycan oxucusu üçün doğmadır, əzizdir. Məsələn, Həmid Araslının yazdığına görə, “Firdovsi öz qəhrəmanının daxili aləmi, onların təbii hiss, həyati meyl və duyğularını, mənəvi təkamül yolunu işıqlandırmağı əsas məqsəd götürməmiş, Fərhadın adını belə çəkməmiş, Şirini isə Məryəmin qatili kimi qələmə almışdır”. Bəli, Şirin elə bu gün də əsl qadın ülviyyətini və müdrikliyini göstərməklə insanlığını, ucalığını unutmuş qadının “qatili” hesab edilə bilər.

Yeri gəlmişkən, tədqiqatçıların belə bir əhəmiyyətli fikrini qeyd edək ki, “Xosrov və Şirin”dən ilhamlanaraq yazılmış, lakin milli heysiyyatın ağır gəldiyi poemalarda Fərhad obrazı ön planda durur. Bunu düşünən oxucuda istər-istəməz sual yaranır: nə üçün Şirin Fərhadı yox, Xosrovu seçdi?! Axı bununla o, həm də öz milləti üçün bir yaxşılıq etmiş olardı?! Məsələ burasındadır ki, Şirin Fərhadı görəndə, artıq ürəyində Xosrovun eşqini daşıyırdı. Məhz milli heysiyyatı var idi ki, Şirin Fərhada belə bir xəyanəti rəva görmədi – ürəyində başqasının sevgisini daşıdığı halda onun hisslərinə cavab vermədi. Şirin Xosrova deyil, öz mənliyinə, öz mənəviyyatına sədaqətini qoruyub saxladı.

Nizami Gəncəvinin dahiliyi yalnız olmuş hadisələri gözəl ifadələrlə təsvir etmək, onun hikmətini üzə çıxarmaq deyil, həm də olan hadisələrin gedişatını və bütün bu olanların mümkün sonluğunu göstərməkdədir. Nələr baş verir?! Ortada bir sevginin nakam taleyindən daha dəhşətli bir faciə var. Xosrov və Şirinin – müdrikliyi, ədaləti dərk etmiş hökmdarların övladı, varisi qalmır. Bu böyük, neçə sınaqlardan çıxmış sevgi meyvəsiz qalır! Şirin öz sevgisinin arxası ilə gedir. Nəticədə “gülüstan məmləkətin” taxtı hiyləgər Şapura qismət olur. Xosrovun taxtında isə isəvi Qeysərin nəvəsi Şiruyə oturur:

Məryəmdən olmuşdu bir kal övladı,
Şir kimi qoxulu, Şiruyə adı,
Beyni xərçəng dolu, zorba bir eşşək,
Ürək bulanırdı üzünü görcək.

Bəli, Hörmüz və Məhin Banu məmləkətinin sonu belə faciəvi bitir. Əslində, bu acı gerçəkliyi yalnız bir sevginin yox, iki millətin faciəsi də adlandırmaq olar.

Dünyanın Şirin ehtiyacı 

Amerikalı tarixçi Riçard Tarnas XX əsrin insanının böhranını “mahiyyətcə kişi böhranı” adlandırır. Əslində, o, bununla təfəkkürlərin bir növ məhdudluğunu, birtərəfliliyini, naqisliyini vurğulamağa çalışır. O yazır: “Əsrimizin qarşısında boya-boy dayanan böyük məsələ budur: kişi başlanğıcı özünün hybrisindən (tanrıya nifrət hikkəsi) və birtərəfli planından əl çəkib nəhayət ki, dərk olunmamış yarısını görmək və könüllü olaraq qa-dın başlanğıcı ilə onun bütün təzahürlərində tamamilə yeni, qarşılıqlı anlaşma və bərabərliyə əsaslanan münasibətdə olmaq”. Maraqlıdır ki, deyilənlərdə iki təklif səslənir: birincisi, insanın tam və kamil olması üçün qadın və kişi təfəkkürləri bir-birini tamamlamalıdır, ikincisi isə, özünü artıq tükətmiş bəşəriyyət yenidən qalxmaq üçün öz başlanğıc nöqtəsinə dönməlidir. Qadınsız isə öz kökünə, əslinə dönmək mümkün deyil. XX əsrdə səslənən bu fikir artıq böhranın girdabından səslənir. XI əsrdə isə bu böhranın rüşeymi hələ qoyulmaqda idi və Nizami Gəncəvi “Xosrov və Şirin”də məhz bu prosesin “təməlini”, səbəbini təsvir edir.

Əvvəla, Xosrovun formalaşması dövründə bir qadının belə adı çəkilmir. Xosrov dövrün, şəraitin ani həvəslərinə qapılsa da, Hörmüz hikmətlərinin varisidir. Bu baxımdan, qadın başlanğıcının, qadın müdrikliyinin həqiqi dəyərini də məhz onun bilməyə qüdrəti çatardı. Müəyyən mənada Şirin onun həyatında rast gəldiyi ilk qadındır, ancaq düşüncəsində, tərbiyəsində qadın başlanğıcı naqis qaldığına görə şəhvət və ehtirası üstün gəlir. Elə bu hisslərin ətaləti ilə Şəkərlə, Məryəmlə ünsiyyət qurur. Ancaq artıq Şirini tanıyan və onunla tamamlana bilən mənəviyyatı başqa primitiv hisslərlə razı qala bilmir, rahatlıq tapmır. Hətta belə düşünmək olar ki, əgər Şirin də onun təklifi ilə razılaşıb sarayın qapılarını vaxtından əvvəl onun üzünə açsaydı, Xosrov yenə də müdrik Şirinin həsrətini çəkə-çəkə bu Şirindən soyuyardı.

İkincisi, Xosrov məhz Şirinlə bütövləşəndən sonra istər şəxsiyyət kimi, istərsə də hökmdar kimi öz həqiqi mahiyyətini tapdı və buna görə də sakitləşdi, kamilləşdi:

Xosrov öyrənərkən dərsi, hikməti
Tərk etdi dünyanı, eyşi, işrəti.

Əslində, Xosrovun hikməti məhz Şirindən öyrənməsi bir təsadüf deyil. Fəlsəfə tarixinə baxanda şahid olursan ki, bir əzəmətli ideyanın formalaşmasında və yeni təkanla irəli getməsində mütləq qadın təfəkkürünün rolu olmuşdur. Daha dəqiq söyləsək, fəlsəfə tarixinin yalnız həlledici məqamlarında qadın təfəkkürü xüsusilə aktiv olmuşdur. Üstəlik, nəzərə almaq lazımdır ki, bir sıra görkəmli filosofun Ustadları arasında qadın filosofların da rolu böyük olmuşdur: Sokrat, Mühyiddin İbn Ərəbi, Mayster Ekxart, Lebnits və daha kimlər. Unutmaq olmaz ki, Nizami Gəncəvi özü də Afaq sayəsində belə bir tamamlanma hissi yaşamışdı və bəzi tədqiqatçılar dahi şairin əsərlərindəki qadın obrazlarının mükəmməlliyini məhz bununla izah edirlər.

Şirin “Xəmsə”də ikinci poemanın qəhrəmanıdır, ancaq hər birinin öz süjet xətti, öz ideyası olan bu poemaların sıralanması nə dərəcədə məntiqlidir, demək çətindir. Maraqlıdır, məhz Şirinin sayəsində Xosrovla yanaşı, sanki oxucu da bir təkamül prosesi keçir: sevə-sevə, dözə-dözə, çözə-çözə. Şirin sanki bəri başdan oxucuya xəbər verir: unutma, bəşəriyyətin tən yarısı qadındır, digər yarısı isə, o qadının sevgisi ilə mövcuddur. Nəhayət, bugünün işığında poemanı oxuyanda belə düşünmək olur ki, dünya Xosrov kimi yolundan çıxıb, başı əyləncəyə qarışıb və onun öz yoluna qayıtması üçün Şirinə ehtiyacı var.

525.az