İnsan həyatını da bir yola bənzətmək olar. Doğulan andan bir yola çıxır. Kimi üçün bu həyat yolu geniş və işıqlıdır, hamardır. Kimi üçün isə daşlı-kəsəkli, məşəqqətli. Bəzən insan özü bu yollardan birini seçir, geniş, işıqlı yol yox, daşlı-kəsəkli, hələ hamarlanmamış, cığır açılamış bir yol onu cəlb edir. O özü bu yolda yeni-yeni cığırlar açmaq istəyir. Elə bir cığır ki, özündən sonra gələnlər o yoldan daha rahat keçə bilsin, onu izindən tanısın, özünəməxsusluğu ilə seçilsin…
Bu gün sizə özünəməxsus həyat yolu, cığırı olan, 3 adı, bir xarakteri özündə birləşdirən bir insandan danışacağam.
O, mayda dünyaya göz açıb. Mayın 1-də. Çox gözəl bir gündə. O dönəmdə mayın 1-i Zəhmətkeşlərin Həmrəylik Günü, bayram, parad, fərəhli, sevincli bir gün idi. Bəlkə, elə buna görə təbiətinə həmişə bir nikbinlik, incə yumor hissi hakimdir. May ayında doğulanlar üçün deyilir: “Mayda doğulanlar fəal və dinamik olurlar. Bu ayda doğulanlarda mentalitet hissi yüksəkdir. Diplomatik olsalar da, diqqəti sevirlər. Adətən mayda doğulanların dostları çox olur. Emosional olduğu qədər də tərsdirlər”.
Sadaladığımız keyfiyyətlərin hamısı onda var, desək, yanılmarıq.
Hər bir insanın özünəməxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlər onun doğulduğu aydan, gündən, bürcündən də asılı olur, deyirlər. Buğa bürcü haqqında deyilənlər: “Xeyirxah, qayğıkeş, səbirli, etibarlı — bütün bu sözlər öz dostun — Buğanı onu heç görməyən bir şəxsə ilk dəfə təsvir etmək istəyəndə sənin ağılına gəlir. Hər bir kəsə öz həyatında Buğa bürcü altında doğulan insan lazımdır: bunlar sədaqətli və etibarlı adamlardır. Eyni zamanda bunlar özlərininki hesab etdikləri ərazidən çıxıb getməkdən qəti imtina ediriər. Buğanın tərsliyi hər hansı bir şəxsi ağlamaq həddinə gətirsə də, o yerindən tərpənən deyil.
Buğalarda mülkiyyətçilik hissiyyatı çox güclüdür; özlərinə məxsus olanları çox real şəkildə duyurlar.
Buğada təəccüblü görünən daimi qayğıkeşlik hissi var. O, şeylərin qayğısına qalıb, etibarlı şəkildə qorumaq istəyir. Bir çox adamların işləri düz gətirməyəndə, xoşagəlməz hadisələr baş verəndə Buğanın təklif etdiyi komfort, dünyanın ən böyük rahatlığı kimi görünür. Əlbəttə, hər şey yaxşı olanda və həyat maraqlı hadisələrlə dolanda, Buğa ləng və darıxdırıcı görünür.
Məsələ heç də onda deyil ki, Buğa sürətlə hərəkət edə bilmir, sadəcə, o, buna cəhd göstərmir. Buğa cəzaya qarşı qeyri-məhdud dözümə malikdir.
Buğanın əsas arzusu — özünü olduğu kimi saxlamaqdır. Elə ona görə də dəyişikliklərə müqavimət göstərir, zədələnmiş və ya xarab olmuş hər bir şeyin qayğısına qalır. Özünə məxsus olan əşyalara qarşı çox həssasdir.
Onun yaxşı zövqü var, məsələn, yeməkdən lazımınca baş çıxarır.
Təsəlli, sakitlik və etibarlılıq həmişə Buğanı müşayiət edir. O, səbir və qayğı ilə istədiyinə nail ola bilir. Bu bürc altında doğulanlann tərs üzü — öz mövqelərini əldən verməmək və dəyişməməkdir”.
Bu təqdimat Buğa bürcü altında doğulanlara o qədər uyğun gəlir ki, təəccüblənməyə bilmirsən, özüm də Buğa bürcündən olduğum üçün demirəm, Buğalar hər cəhətdən güvənilir insanlardır…
Ad günü ifadəsini sevmir. Onun fikrincə:
“Oğuzlar uşağa yalnız bir şücaət göstərəndə ad qoyardılar. Həmin gün onun həyatında mühüm günü – ad günü imiş. Doğum gününün bayram edilməsi üçün isə elə bir səbəb yoxdur.”- deyən bir insanın məhz bu gün doğum günüdür. Ağzı sanki faldır nə desə olur, hətta bəd dua etsə də. 2 il öncə belə bir status paylaşmışdı: “Bir də gördün dua elədim ki, 2022-ci ildə ad günü və ramazan bayramını Şuşa, Ağdam və Füzulidə keçirim (neçə ildəsə bir dəfə 1 mayla ramazan bayramı eyni günə düşür). Getmək istəyənlər əlini qaldırsın…” O zaman mən bu təklifə əl qaldırmışdım… nədənsə bu dua gerçəkləşmədi…Feysbukda paylaşılan iki statusa çox inanmışdım. Biri Elmira Cəfərqızının Tovuzdan kətə bişirib gətirəcəyi, biri də 2022-ci ildə Vasif Sadiqlinin doğum gününü Şuşada ķeçirəcəyi ilə bağlı paylaşdığı sratusuna… Heyf, ikisi də məni, türklər demiş, xəyal qırıqlığına uğratdı…
“Qış gözəldir, -deyir, – çünki ardınca yaz gəlir.
Yay gözəldir, çünki yazdan sonra gəlir.
Yaz gözəldir”, çünki o, yazda işıqlı dünyaya göz açıb, – deyirik biz də.
Tərifi sevmir, odur ki, tərifləməyəcəyəm. Nə var, onu deyəcəyəm. Olduğu kimi..
Doğulanda adını Ömərkamil qoydular. Ömərkamil 2-ci dünya müharibəsindən qayıtmamış əmisinin adı imiş. Zahirən də əmisinə çox bənzədiyini söyləyirmiş onu görənlər. Hətta bir dəfə məktəbdə oxuduğu zaman tanımadığı bir nəfər onu çağırıb: “Sən mənim müharibə yoldaşım Ömərkamilə çox bənzəyirsən, adın nədir?” – deyə soruşmuş və adının Ömərkamil olduğunu eşitdikdə ağlayıbmış. Orta məktəb zamanı çox utancaq olub. Deyilənə görə, 1-ci sinifdə yanında oturduğu qızla aralarında bir kamaz maşının keçəcəyi qədər məsafə saxlayarmış…
Ömərkamil adını sənədinə yazmayıblar. İnstitut illərində Mirəziz adı ilə tanınıb. Haqsızlığı götürmədiyi üçün bu illərdə çox zaman başı qalmaqallarda olurmuş. Yeri gəldikcə, davakarlığı ilə diqqət çəkirmiş. “Heç kəsin ürəyini qırmayın – insanın cəmi bir ürəyi olur, sümüklərini qırın – onların sayı 206-dır”, – deyir və odur ki, ürəkdənsə sümüyü qırmağı üstün tutur.
Beləliklə, bu cür utancaq və davakar xarakterin birləşməsindən Vasif Sadiqli xarakteri meydana gəlib…Üçü birində…Kamala yetmiş, kamilləşmiş, təcrübəli, mahir, əziz, sevimli rəis, istəkli rəhbər, vəsf edən, izah edən.
İnsanı yaxından tanıdıqca ona verilən ad xarakterini də özündə ehtiva edir, fikrinə inanırsan… Yorulmadan çalışır. Bir neçə işin öhdəsindən eyni zamanda gəlir. “Kamilinfo” saytını yaradanda az qala günün 20 saatını işləyib desək, bəlkə, də mübaliğə etmərik. Bəlkə də, vaxtilə 3 adı özündə birləşdirməsidir ki, bir gündə üç insanın görə biləcəyi işi görə bilir. Dediyimizə sübutun biri də 2 ildə dörd kitab müəllifi olmasıdır, birinin də müəllifliyinə namizəddir. Yaxın günlərdə işıq üzü görər, yəqin ki. “Skrelozun xatirələri”, ” “Quran İslamı”, “Bir dəfə dünyada” və “Quran işığında”. Kitabların ikisi üslubuna görə bir-birini tamamlasa da, ikisi tamamilə fərqlənir. “Quran İslamı” və “Quran işığında” kitablarında onu başqa bir yöndən kəşf edirsən. Din və Demokratiya qurumunun, FADMM-nin sədri, duzlu-məzəli lətifələrdən, maraqlı məlumatlardan, faydalı yazılardan ibarət “Kamilinfo” saytının redaktoru, jurnalist, yazar, tərcüməçidir. Təvazökardır, pərdə arxasında qalmağı sevir. Dürüstdür, sözü bütövdür. Dedisə, edəcək, buna şəkk-şübhə olmasın.
Mübarizdir, liderlik gücünə malikdir, az müddətdə ətrafına minlərlə adam toplaya bilir. Prinsipialdır. Çətinliklərdən qorxmur. Gördüyü işi yarımçıq qoymağı sevmir. 2 ildir, Bakı və ətraf rayonlarda reklam və obyekt adlarında ana dilimizin nüfuzdan düşməsinə qarşı yorulmadan mübarizə aparır. Bu yolda sonadək getmək əzmindədir. Yaxşı qələmi var, klaviaturası var da demək olar. Ərəb ədəbiyatının vurğunudur. Mirəzizin arzusu olub, Moskvada şərqşünaslıq fakültəsində oxumaq. Lakin müəyyən səbəblər onun bu arzusun gözündə qoyub. “Bəlkə də xeyir elə bunda imiş, – deyə düşünür, – Moskva mühiti başqa bir Vasif Sadıqlı yetişdirəcəkdi”, – deyir. Əsla pessimist deyil, Moşu Göyəzənli (V.Səmədoğlu “Bəxt üzüyü”) demiş, optimist nəslin nümayəndəsidir. Arxaya baxıb keçdiyi yollara nəzər salsa, keşməkeşli və mübarizə dolu bir həyat yolu olub, hətta sui-qəsddən, ölümdən dönüb. Bir nömrəli düşməni yalan və yalan danışan, sözünün ağası olmayan adamlardır. Onlara qarşı amansızdır, güzəşti yoxdur. Harada olmasından asılı olmayaraq həmişə öz sözünü deyən, əqidəsinə sadiqdir, həmişə hər bir işdə ədələtli olmağa çalışır. Kitab kimi bir insandır, desək, yanılmarıq, mənalı, məzmunlu, köhnəlməyən, daim oxunan və faydalı, məlumat dolu. Doğrudur, özü bu bənzətmədən hiddətlənir və “məni cansız əşya ilə müqayisə ediblər” , – deyir. Amma olsun. Ona canlı ensklopediya da demək olar.
Ədəbi qəhrəmanı Don Kixotdur. Çünki Don Kixot inadcıldır, inandığı yoldan asanlıqla dönən deyil, tez ruhdan düşən deyil və Hamleti ona görə sevmir ki, Hamlet tez ruhdan düşür və şikayətlənir, Don Kixot isə cinayətkarlar tərəfindən şil-küt ediləndə belə ruhdan düşmür, uğurlarına şübhə etmir.
Mona Lizanın Azərbaycanda rəsmi təəssübkeşidir. Bəlkə, elə bu səbəbdən Mona Lizaya küllü miqdarda düşmən qazandırıb. “Monanamə”lər müəllifi və “Monanəmə”lərin yaranmasının yorulmaz təşəbbüskarıdır. “Buğalarda mülkiyyətçilik hissiyyatı çox güclüdür; özlərinə məxsus olanları çox real şəkildə duyurlar”. Buğalar haqqında deyilən fikir burada da özünü doğruldur.
Monadan sonra 2-ci pərəstişkarı olduğu qara zənci qızlara hörməti özləri qara olsalar da, qəlblərinin ağ olmalarına görədir. Qara qəlbliləri sevmir, özləri və üzləri ağ olsalar da. Redaktoru və təssisçisi olduğu “Kamilinfo” saytını da “qara qəlblilər oxuya bilməz”, – yazıb. Dəfələrlə sayta edilən hücumlara baxmayaraq onu məhv olmağa qoymayıb və yazıları yenidən bərpa edib. Baxmayaraq ki, rus dilini Dostoyevskini orijinaldan oxuyacaq dərəcədə gözəl bilir və rus dilindən tərcümələr edir, ancaq buna görə başqaları kimi qürrələnmir, ana dilinin vurğunudur. Ana dilinin paytaxt Bakıda və ətraf rayonlarda reklam və obyekt adlarında ölkəni zəbt etməsinə hamı kimi baxıb susanlardan, göz yumanlardan deyil. Dəfələrlə bununla bağlı sədri olduğu FADMM adından aidiyyatı orqanlara müraciətlər edib, ətrafında mindən çox ziyalını birləşdirərək mübarizəyə qalxıb.
Deyəsən, azacıq uzunçuluq etdim. Deyiləsi sözlərim çoxdur, sizi yormamaq üçün qısa etməyə məcburam. Bir sözlə, haqqında bəhs etdiyim Q.Zakir demiş: “Yanmaqda kamil, odda səməndər” insan Vasif Sadıqlının 1 may doğum günüdür. Bu münasibətlə onu təbrik edir, cansağlığı, başladığı işdə zəfər qazanmağı arzulayırıq!