Sevinc BAĞIROVA
Məqalədə etimoloji cəhətdən heç bir əlaqəsi olmayan sözlərin tələffüzündə rast gəlinən eyniliklər və onların əsasında meydana gələn dil faktları öyrənilir. Bu zaman meydana gələn omonimlər heterogen omonimlər adlanır. Semantik əlaqələrin qırılması nəticəsində isə homogen omonimlər meydana gəlir. Heterogen və homogen omonimlər bu cəhətdən bir-birindən fərqləndirilir. Göstərilir ki, polisemiyanın dağılması nəticəsində əmələ gələn omonimlər homogen, başqa yollarla əmələ gələn omonimlər isə heterogen omonimlər adlanır. Məqalədə çoxmənalı sözlərlə omonimlər arasındakı srhədin müəyyənləşdirilməsinə cəhd edilir. İndiyədək dilçilikdə bu problemlə bağlı mövcud olan tədqiqatlar araşdırılır. Göstərilir ki, bəzi dilçiləri omonimiya və polisemiya arasında heç bir ümumiliyi olmayan bir hadisə, digərləri isə omonimiya və polisemiya hadisələrini eyni müstəvi üzərində baş verən hadisə kimi dəyərləndirirlər.
Müasir dilçiliyin ən mürəkkəb məsələlərindən biri çoxmənalı sözlər və omonimlərin sərhədlərinin müəyyən edilməsi problemidir. Məlum məsələdir ki, Azərbaycan dilinin semantik söz qruplarından bəhs edərkən omonimiya və polisemiya hadisələri ilə təzahür tapan bütün hadisələrin sistemli təhlili ön sırada durur. Dildə omonimləri təyin etmək üçün universal meyarın olmasının mümkünsüzlüyünü israrla qeyd edən H.Həsənov yazır: “…sözlər dəyişir,-çoxmənalılıqdan omonimliyə, omonimlikdən çöxmənalılığa keçir” (Həsənov, 2007: 10). Xatırladaq ki, sözün çoxmənalılığı müəyyən dilin inkişaf səviyyəsi, zənginliyi ilə əlaqədardır (Əlibəyzadə, 2007: 434). Maraqlıdır ki, dilçilər arasında problemin araşdırılması zamanı bir – birinə zidd fikirlərin olması faktı nəzərə çarpır. Belə ki, onların bəziləri omonimiya və polisemiya arasında heç bir ümumiliyi olmayan bir hadisə, digərləri isə omonimiya və polisemiya hadisələrini eyni müstəvi üzərində baş verən hadisə kimi dəyərləndirilirlər. Məlumdur ki, omonimlər və polisemantemlərin əks anlayışlar olması fikrini dəstəkləyən dilçi alimlər bu məqsədlə apardıqlarıı axtarışları üç prinsip əsasında reallaşdırmışlar. Bunlar etimoloji, semantik və formal prinsiplərdir. Hər bir prinsip öz növbəsində omonimləri tanımaq üçün özünəməxsus meyarlarla müəyyənləşdirilir.
Qeyd etmək lazımdır ki,təklif olunan meyarlara əsaslanaraq məsələyə şərti olaraq üç qrup üzrə yanaşma prinsipləri ilə razılaşmaq məqsədəuyğundur. Birinci qrupa, formal cəhətdən differensiallaşdırıcı əlamətlərlə bağlı eksplisit xarakterli meyarlar, ikinci qrupa sırf implisit, yəni semantik yanaşma, sonuncu qrupa isə, şərti olaraq genetik və ya “tarixi-etimoloji” yanaşma aiddir. Qeyd olunan meyarların şərhinə keçməmiş, bilavasitə omonimlərlə və polisemantemlərlə əlaqəsi olmayan, lakin omonimyanı bir hadisə kimi qəbul edib tarixini araşdırdıqda dilçilikdə ortaya çıxan “omonim konflikti” adlanan problemi işıqlandırmağı lazım bilirik. Xatırladaq ki, bəzi dilçilər arasında belə bir fikir formalaşıb ki, müəyyən dilin təbiəti üçün çoxmənalı sözlər nə qədər “qanuni” və təbiidirsə, omonimlərin dil sistemində mövcudluğu bir o qədər ciddi xətadır. Hətta, A.A.Reformatorski omonim sözlər haqqında yazır: “əfsuslar ki, omonimlər fərqləndirilməsi mümkün olmayan bir şeyin fərqləndirilməsidir” (Реформатский, 1967: 89). Dilçilər arasında omonimləri “dil xətaları” belə adlandıranlar olmuşdur(Колесников, 1978: 9). Dilçilikdə bu məsələ, yəni dil və omonimlərlin ziddiyətli münasibəti “omonimik konflikt nəzəriyyəsi” adı altında birləşmişdir. Dilçilikdə bu çərəyanın banisi J.Jilyeron hesab edilir. O,“Sözün nasazlığı və müalicəsi” əsərində məhz bu problemə toxunaraq omonimlər haqqında yabançı fikirlər irəli sürmüşdür. Maraqlı haldır ki, alimin bu kimi fikirlərini dəstəkləyən yetərincə həmfikirləri bu mövzu ətrafında çıxışlar etmişdir (Тышлер, 1963: 59-68).
L.A.Bulaxovskiy omonimlər haqqında çıxışlarının birində qeyd etmişdir ki, “dildə müxtəlif yollarla ominimlər əmələ gəlir və bu hal dildə gedən proseslərə ziyan vermir, çünki onlar da digərləri kimi dil yaradıcılığının qanuni övladlarıdır” (Булаховский, 1928: 47). O.A.Axmanova da omonimiyanı “işarə qanununun” xətası kimi qəbul edərək, onun “düzəlişə” ehtiyacı olmamasını vurğulamışdır (Ахманова, 1957: 110). Azərbaycan dilçiliyində də omonimlər birmənalı izah edilməmişdir.Beləki,omonimlərin cinas kimi izahı nəzərdən qaçmır.Omonimlərdən və çoxmənalı sözlərdən cinas kimi istifadə edlir,lakin omonimlər cinas deyildir. Müasir Azərbaycan dilində omonimiya hadisəsi dil sisteminin söz yaradıcılığında mühüm rol oynayaraq dilin zənginləşməsinə, onun məzmun baxımında müxtəlif çalarlar əldə etməsinə təkan verir. Omonimlərin və polisemantemlərin etimoloji prinsip əsasında sərhədlərinin təhlil edilməsi, sözlərin yaranması və tarixi inkişafının öyrənilməsinə yönəlmişdir. Bu metodun yaranması omonimlərin təbiətinin öyrənilməsi ilə əlaqədardır. Əgər omonimlər təsadüf nəticəsində, oxşar olmayan sözlərin oxşarlığıdırsa, deməli onların fərqləndirilməsi heç də təsadüfi deyildir. İlk olaraq qeyd edək ki, Azərbaycan dilçiliyində çoxmənalı söz və omonimlər probleminə bu və ya digər səviyyədə diqqət ayırmış dilçilərin mütləq əksəriyyəti, o cümlədən, S.Cəfərov, A.Qurbanov, H.Həsənov, N.Məmmədli omonimiya hadisəsinə dilin digər hadisələrinin təsirini qeyd etmişlər.Konkret olaraq, “omonimləri çoxmənalı sözdən fərqləndirərkən aşağıdakı xüsusiyyətlərin nəzərə alınmasını” vacib hesab edən H.Həsənov qeyd edir: “Bu fərq onların omonimliyinə mane olmur. Omonimlərin mahiyyəti iki izomorf sözün arasında məna əlaqəsinin olması və ya olmaması ilə deyil, onların həmin dildə danışanlar tərəfindən şəksiz-şübhəsiz ayrı-ayrı sözlər kimi dərk edilməsi və mövcudluğu ilə müəyyənləşir” (Həsənov, 2007: 10).
Omonimlər tarixən genetik cəhətdən müxtəlif olan iki sözün förma uyğunlaşması və ya bir sözün – çoxmənalı sözün iki müstəqil mənalı sözə ayrılmasını qeyd edən H.Həsənov, onların başqa söz alma yolu ilə yaranmasına baxmayaraq müəyyənləşdirilməsi zamanı çoxmənalı və genetik cəhətdən müxtəlif sözlərdən yaranan omonimlər arasında fərqi, məna əlaqəsinin olub-olmamasını ayırd etməyi göstərmişdir (Həsənov, 2007: 10). Bu məsələ dilçilər arasında da birmənalı qarşılanmamışdır. Belə ki, omonimlərin etimolojı cəhətdən oxşar və fərqliliyinin təyin olunmasının vacibliyini qeyd edən V.İ Abayev: “kökündən fərqli olan və aralarında heç bir əlaqə olmayan omonimiya və polisemiya hadisələrini müxtəlif hadisələr kimi qəbul etmək zərurətinin vacibliyini qeyd etmişdir (Абаев, 1957: 33). Dilçinin fikrincə, müxtəlif sözlərin səs oxşarlığı ilə müəyyən edilən, dilin tarixi dövründə eyni mənaya malik olan və inkişaflarını paralel xətt kimi göstərdikdə xətlərin heç bir yerdə kəsişməməsi faktı omonimiya hadisəsini, eyni ahəngli sözlərin mənalarının semantik inkişafı qanunauyğunluqları nəticəsində az və ya çox haçalanmasına baxmayaraq, bir nöqtədən çıxaraq inkişaf etməsi isə polisemiya hadisəsi”adlandırır (Абаев, 1957: 33). Problemin tədqiqi zamanı qəti prinsipiallığı ilə çıxış edən V. İ. Abayev,öz nəzəri fikirlərinə əsaslanaraq yazır: “Bu iki hadisə arasında heç bir keçicilik vasitəsi yoxdur…”;“…lüğətlərdə omonimlərin hər hansı sabit… sistemli verilməsindən imtina etmək sahilsiz polisemiya dənizinə baş vuraraq, şübhəli omonimləri tapmaq kimi bir işdir ”;“polisemiya heç vaxt omonimiya və yaxud da əksi ola bilməz” və s.. V.İ Abayevin omonimlərə və çoxmənalı sözlərə bu tərz münasibəti Azərbaycan dilçiləri arasında da birmənalı qarşılanmayaraq ədalətli olaraq etiraz edilərək, onu, leksik sistemin vəziyyəti, sozlərin mürəkkəb və dəyişkən nisbəti və leksik vahidlərin mənalarına yanlış fikirdə olması ilə bağlı faktların alimi maraqlandırmaması və yalnız tarixi faktlara əsaslanaraq omonimiya hadisəsini daraltmaqa meyl etməsində günahlandırmışdılar (Дискуссия, 1960: 92). Onlar omonimləri müxtəlif mənşəli və eyni mənşəli sözlərə ayırd etməyi təklif etmişdirlər. Çünki, sinxron səviyyədə baş verən polisemiyanın dağılması prosesi nəticəsində yaranan söz cütlükləri, öz xarakteri və fəaliyyəti baxımından, təsadüf nəticəsində fonetik cildi oxşar sözlərdən heç də fərqlənmirlər. Bu haqqda İ.P. Filin də yazır ki, “dil tarixçisi üçün eyni və müxtəlif mənşəli” omonimləri fərqləndirmək vacibdir, müasir dil sistemində onlar eyni funksiya daşıyır, bu baxımdan, həmin dilin daşıyıcısı üçün isə bunun fərqi yoxdur (Филин, 1982: 22).
Müasir Azərbaycan dilçiləri bu fukrə birmənalı yanaşmayaraq omonimləri tarixi kateqoriya hesab edərək,dilin indiki vəziyyəti nöqteyi nəzərindən sinxronik planda müəyyənləşdirilməsini vurğulayırlar.Sinxronik planda omonimlərin izahı zamanı tarixiliyi rədd etmədiyinin qeyd edən H.Həsənov, onlara tarixilik baxımından yanaş-manı bir kökdən törəyən, müxtəlif məhfumlar ifadə edən sözlərin omonim hesab edilməsini göstərir (Həsənov, 2007: 9). Dilçi, bu vəziyyəti bir tərəfdən omonimləri etimoloji cəhətdən təyin etməyin çətin olması, digər tərəfdən onların bir hissəsinin müasir dilimizdə artıq omonimləşməsi ilə əsaslandırır. Razılaşmamaq olmaz ki, lüğətlər oxucu dərki üçün çox qiymətlidir. Bu haqda V.V. Vinoqradov yazır: “Milli dilin izahlı lüğətləri – nitq mədəniyyətinin güclü silahı olaraq mədəniyyətin məhsuludur” (Виноградов, 1956: 80). Zənnimizcə, omonimiya hadisəsini sadəcə sinxron linqvistik hadisə kimi izah etmək və onu etimoloji aspektdən kənarda qoymaq düz olmazdı. Haqlı olaraq, L.A.Novikov qeyd edir ki, omonimiya haqqında “ümumi” deyil, yalnız dilin müəyyən bir “halında” mövcud olan proses kimi yanaşmaq lazımdır. Belə ki, ötən əsrdə(nəsldə) qeydə alınmış və ya gələcək əsrdə mövcud olacaq söz, omonimlərə çevrilə bilər.
Etimoloji prinsipin tərəfədarları hesab edirlər ki, omonimlərin təyini məsələsində səslənməsi üst-üstə düşən eyni mənşəli (homogen) omonimləri və səslənməsi üst-üstə düşən müxtəlif mənşəli (heterogen) omonim sözləri fərqləndirmək lazımdır. Omonimləri mənşəyinə görə iki yerə bölündüyünü qeyd edən H.Həsənov bir kökdən əmələ gələnləri etimoloji semantik, müxtəlif köklərdən əmələ gələn omonimləri tarixi omonimlər adlandırır (Həsənov, 2007: 26).
Bu arada qeyd etmək lazımdır ki, homogen omonimlər (və ya etimoloji semantik omonimlər) termini (yun.homoges-“həmcins”) bir sözün iki və ya daha artıq sözlərə ayrılması nəticəsində əmələ gələn omonimlərdir. Belə ki, nə vaxtsa eyni mənalı sözün mənaları arasında əlaqələrin itməsi homogen omonimlərin yaranmasına səbəb olmuşdur. Heterogen omonimlər(yun.heterogenes “müxtəlif tərkibli”)etimoloji cəhətdən təsadüf nəticəsində yaranan omonimlərdir.
Beləliklə, etimoloji prinsip əsasında omonimlərin differensasiya üçün ilk əvvəl onların genetik yəni mənşəcən homogen (oxşarlığı )və yaxud heterogen (müxtəlifliy) olması müəyyən edilir. Diaxronik planda öyrənilən homogen omonimlərin mənbəyi qədim yazılı abidələrimizdir. VII-VIII əsrdən müasir dövrümüzədək qorunub saxlanan omonimlər buna misaldır. Məsələn: qurd “canavar” – qurd “sürünərək hərəkət edən heyvan” Başcı Şirə ərizə yazdı Boz qurd:“Bir övladım vardır dünyada vur-tut ;yaş “rütübətli, nəm”- yaş “göz yaşı”, yaş “dünyaya gəlmə günündən vaxt”-.yaş “cavan gənc” Dəmbədəm gər düşsə gözdən dürri-əşkim, vəchi var; Yaş uşaqlardır yetim, onlarda yox rəsmiədəb (Fizuli) (bax: https://azerdict.com/az/izahli-luget/). Heterogen omonimlər etimoloji cəhətdən təsadüfən fonetik dəyişmə nəticəsində tələffüz və qraffik cəhətdən eyniləşən omonimlərdir. Məsələn əlli (say) “yaş”- əlli (sif) “cəld bacarıqlı” (Həsənov, 2007: 91) ; qoyun (is) “heyvan”-qoyun( fel qoy-“maq”).
Dilçi alimlərin fikrincə, birinci halda dilin müəyyən bir tarixi dövründə eyni olmayan sözlərin oxşar səslənmələrini və inkişaflarıni heç bir yer də kəsişməyən paralel xətlərlə göstərmək mümkündürsə, ikinci halda oxşar səslənməyə malik olub, hal-hazırda bizə, bir qədər öz mənasında uzaqlaşmış görünən eyni sözün semantik inkişafı nəticəsində bir nöqtədən ayrılan xətlər kimi göstərmək mümkündür. Homogen omonimlər sözün semantik inkişafının məhsulu olduğundan onların differensasiyası da bir qədər çətinlik yaradır. Heterogen omonimlər, qeyd etdiyimiz kimi mənşələrinə görə müxtəlifdirlər. Digər dillərdən alınma sözlərin oxşar səs kompleksləri ilə bərabər, bir və ya iki etimoloji cəhətdən qohum olmayan sözlərinin səslənməsinin oxşarlığı dilin tərkibində gedən fonetik və sözəmələgətirmə proseslərinin nəticəsində baş verir. Mənaları haçalanmış sözlərin semantik bağlılıq dərəcəsini təyin etmək üçün semantik meyarlardan da istifadə olunur.Fikrimizcə,etimoloji yanaşma digər meyarlara köməkçi rolunu oynaya bilər. Yəni, lüğətlərin tərtibində yer almış müəyyən dilin konkret inkişaf dövrü nə zamansa müvcud olub halhazırda isə mövcud olmayan semantik əlaqələr izahlı lüğətlərdə əks olunmamalıdır. Sinxronik planda omonimlərin izah edilməsi tarixiliyi tamam rədd etmir.Belə ki, onların müasir təbiəti tarixi məlumatlarla zənginləşir, qarşılıqlı şəkildə indiki və keçmiş vəziyyəti tutuşdurulur,tarixən eyni olan leksemlərin müasir təbiəti onların genetik ümumiliyi, tarixi əlaqələri, məna və funksiyalarının ardıcıllığına əsasən deyil, məhz aktual funksiyasının məna və forması, bir sözlə məna əlaqəsi, sintaktik və leksik birləşmələri və üslubi səciyyələri ilə açılır (Həsənov, 2007: 9).
QAYNAQLAR
Həsənov H. (2007). Azərbaycan dilinin omonimlər lüğəti. Bakı: Şərq-Qərb, 168 s.
Əlibəyzadə E. (2007). Azərbaycan dilinin tarixi. 2 cilddə, I cild. Bakı: Azərbaycan tərcümə mərkəzi, 434 s.
Абаев В. (1957). О подаче омонимов в словаре // Вопросы языкознания, № 3, с.31 – 43
Ахманова О. (1957). Очерки по общей и русской лексикологии. Москва: Государственное издательство Министерства Просвещения РСФСР, 280 с.
Булаховский Л. (1928). Из жизни омонимов // Русская речь. Новая серия, выпуск 3, с.47-60
Виноградов В. (1956). О некоторых вопросах теории русской лексикографии // Вопросы языкознания, № 5, с. 80-87
Дискуссия по вопросам омонимии.. (1960) //Лексикографический сборник. 1960. Вып. 4.
Колесников Н. (1978). Словарь омонимов русского языка. Тбилиси: Издательство Тбилисского Университета, 632 с.
Липатов А. (1990). Семантические аспекты проявления русской омонимии на разных языковых уровнях: автореф. дис. … докт. филол. наук: 10.02.01.Москва, 24 с.
Реформатский А. (1967). Введение в языковедение. Москва: Просвещение, 542 с.
Тышлер И. (1963). С. Словарь омонимов современного английского языка. Саратов: 232 с.
Филин Ф.(1982). Очерки по теории языкознания. Москва: Наука, 333с.