- Köşə

Aygün ƏZİZ. Tərbiyəsiz uşaqları müdafiə etməklə naqis, qüsurlu bir gələcək nəsil yetişdiririk

Mən əvvəl bir dəfə bu yazını paylaşmışdım. Müəllimin şagirdə guya kobudluq etməyi ilə bağlı video yayılmış və buna görə onu ictimai qınaq adı altında müdafiəsizliyə tərk etmişdilər. İndi yenə buna oxşar video yayılıb. Müəllimi də haqsız çıxardanların dəxli olmayan boş-boş fikirləri, şərhləri interneti başına götürüb. Nəsə çox adam uşağa haqq qazandırır, müəllimi az qala cinayətkar elan edir. Bütün bu yanaşmalar nə dərəcədə obyektivdir? Haradan subyektiv fikirlər insanların taleyinin həll olunmasında, cəmiyyətdə fikir formalaşmasında belə güc qazanıb? Müəllimi öz mənsub olduğu qurum müdafiə etmirsə, onu cəzalandırırsa, bəs, müəllim haqlı olduğunu necə sübut etsin?
Normal cəmiyyətlərdə müəllim və həkim həm insanlar, həm də dövlət tərəfindən ən çox qayğı görən peşə – deyərdim müqəddəs peşə – sahibləridir. Biri təhsilimizin, savadımızın, digəri də səhhətimizin keşikçiləridir. İndi bizim cəmiyyətdə müəllimi və həkimi bu qədər ucuzlaşdırmaq, onu hörmətdən, gözdən salmaq nəyə, kimə və hansı meyarlara xidmət edir?! Qurban Yaquboglu Qurban bəyin ironiyası ilə desək “təhsil nazirliyinə demək lazımdır şagirdlərə müəllimi döymək icazəsi verilsin.”

Son vaxtlar dalbadal yayılan “müəllim videoları” artıq cəmiyyətdə ikitirəlik yaradıb. Müəllimləri töhmətləyənlər olduğu kimi adıçəkilənlərə canıyananlıq nümayiş etdirən subyektiv fikirlərlə dolub daşır sosial şəbəkələr. Hamı öz dediyində özünü haqlı bilir. Amma çalışıb məsələyə öz subyektiv nöqteyi-nəzərdən deyil, məsələni doğru-düzgün təhlil edərək, baş verən hadisənin mahiyyətinə varmaqla sağlam düşüncə ilə münasibət sərgiləmək lazımdır. İnsan bir hadisəyə qiymət verərkən məsələni hərtərəfli təhlil etməlidir. Mən razıyam, əgər müəllim hər hansı xoşagəlməz hərəkət edibsə – bu da indiki halda yalnız rüşvət ola bilər – o zaman onu töhmətləmək, daha yuxarı instansiyalara şikayət etmək olar. Amma şagird, tələbə özbaşınalığına göz yummaq cəhalətdən başqa bir şey deyil.

Platon deyirdi: “Mən müəllimi atamdan çox istəyirəm, çünki atam məni göylərdən yerə endiribsə, müəllimim məni yerdən göyə qaldırıb”. Bəs biz nə edirik? Biz müəllimi – cəmiyyətin baş üstündə tutmalı olduğu bu müqəddəs peşə sahibini yerin dibinə soxur, rəzil edir və hətta qıraqdan bunu mərifət kimi göstəririk ki, “baxın necə otuzdurdum müəllimi yerində!” Faciəvi tərəfi də budur ki, bunlar yüksək mərtəbələrdə təqdir edilir, nazirlik bu kimi hallara göz yumur və nəticədə müəllim – şagirdin hörmət etməli, içəri girəndə ayağa durmalı, danışanda işlətdiyi sözlərə çəki-düzən verməli, yanında oturuşunu-duruşunu düzəltməli olduğu MÜƏLLİM alçaldılır, nüfuzu sıfıra endirilir, gözü kölgəli edilir, MÜƏLLİM HAQQI TAPDALANIR, ləyaqətsizləşdirilir. Amma məsələnin mahiyyətinə dərindən varsaq müəllim ləyaqətsizləşmir, buna rəvac verənlər ləyaqətsizləşiblər! Kimsə buna son qoymaldıır! Əks təqdirdə biz tərbiyəsiz uşaqları, tələbələri müdafiə etməklə özümüzə naqis, qüsurlu bir gələcək nəsil yetişdiririk. Bu, kimə, harada və nə zaman xeyir gətirəcək?