- Cəmiyyət, Manşet

S.Hüseynoğlu Mirələmovdan “Ənvər Paşa”ya görə nə qədər alıb?

“Ədəbiyyat” qəzetinin şöbə müdiri Sərvaz Hüseynoğlunun “Hüseynbala Mirələmovun “Ənvər Paşa” romanını mən yazmışam” açıqlamasından sonra sözügedən əsərlə bağlı media və sosial şəbəkələrdə müzakirələr davam edir. 

Məsələ ilə bağlı Publika.az bəzi məlumatlar əldə edib. Bəzi iddialara görə, əsərin yazılması ilə bağlı H.Mirələmovla S.Hüseynoğlu arasında ilkin razılaşma olub. Razılaşmaya əsasən, H.Mirələmov S.Hüseynoğluna 5000 manat pul verib. Razılaşdırılan məbləğin qalan hissəsi isə əsər hazır olduqdan sonra ödənilməli imiş. Amma “Ənvər Paşa” romanı çap olunub yayıldıqdan sonra H.Mirələmov öncədən verdiyi vədi yerinə yetirməyib. Pulun qalan hissəsini uzun müddət ala bilmədiyinə görə S.Hüseynoğlu məlum aşıqlamanı yayıb.

Qeyd edək ki, H.Mirələmovun sifarişlə başqalarına əsər yazdırması iddiaları ilk dəfə deyil. Bu barədə vaxtaşırı olaraq xəbərlər yayılıb. Hətta yazıçı Nurəddin Adiloğlunun “Taxt və tabut” romanını H.Mirələmovun sifarişi ilə yazdığı, ancaq vəd edilən məbləği ala bilmədiyi üçün əsəri öz adına dərc etdirdiyi də ədəbi cameədə çoxları tərəfindən səsləndirilir.

Qeyd edək ki, H.Mirələmov Sərvaz Hüseynoğlunun iddiasını təkzib edib və hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edə biləcəyini deyib.

S.Hüseynoğlu isə əlavə açıqlama verməkdən yayınır.