Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin yay imtahan sessiyası bitmək üzrədir. İmtahanda Tərcümə fakültəsində təhsil alan 800 tələbə iştirak edir. ADU-nun Tərcümə fakültəsinun dekanı dos. Bənövşə Məmmədovanın dəvəti ilə mən də Valideyn Şurasının üzvü kimi bir neçə dəfə imtahanların keçirilməsinin obyektivliyini müşahidə etmək üçün universitetə dəvət olundum. İmtahan sessiyayında tələbələrin biliyinin qiymətləndirilməsində, şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək hər hansı problemi həll etmək, şikayətləri operativ şəkildə aradan qaldlrmaq, eyni zamanda sessiyanın gedişinə daimi nəzarəti həyata keçirmək məqsədi ilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb. Bundan başqa, Universitetin müvafiq qurumlarına sessiya müddətində nizam-intizamın yüksək səviyyədə təmin edilməsi tapşırılıb.
Atalar gözəl deyib: “Yüz eşitməkdənsə bir görmək yaxşıdır”.
Fakültədə imtahan sessiyasının mövcud qaydalara tam uyğun təşkil olunduğunu və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün lazımi tədbirlərin görüldüyünün şahidi oldum. Hər mərtəbədə növbətçi müəllimlər dayanıb sakitliyin tam təmin olunmasında cavabdehlik daşıyırdılar. Burada hər bir müəllimin, hər bir işçinin öz işinə son dərəcə məsuliyyətlə yanaşdığını görməmək mümkün deyildi.
Fakültənin dekanı dos.Bənövşə Məmmədova, sözün həqiqi mənasında, tələbələrin də ən yaxın dostudur desəm, yanılmaram. Demək olar ki, onu sevməyən, sözünü, dərdini deməyə çəkinən tələbə yoxdir. Bənövşə xanımın tələbələrə qayğıkeş münasibəti məndə qibtə doğurdu. Yenidən tələbə olmaq istədim. O dərəcədə tələbələrlə səmimidir ki, hətta qruplardan birində saçlarını yanına tökmüş tələbəyə isti olmasın deyə saçını yığması üçün öz saçındakı saç sancağını açıb verdiyinin şahidi oldum. Bənövşə xanımın tələbələrə tələbkarlığı və qayğıkeşliyi bir-biri ilə eyni çəkidədir. Bunu onunla birlikdə dəhlizdə dolaşarkən, intahan otaqlarını gəzərkən hər an hiss etdim.
Universitetdə həmçinin tələbələrin fənlər üzrə imtahanqabağı ballarının ADU-nun Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə imtahana qədər əldə olunmuş bütün qiymətləndirmə məlumatları (dərsə davamiyyət, semestr daxili fəaliyyətlər, sərbəst iş, laboratoriya işi və kurs işi nəticələri) fənn müəllimləri tərəfindən sessiya başlayanadək sistemə tam daxil edilib.
İmtahanın nəticələri isə imtahan keçirildiyi gün fənn müəllimləri tərəfindən universitetin Elektron Məlumat Sisteminə yerləşdirilib.
Qeyd edək ki imtahan sessiyası cari ilin 4 iyul tarixinədək davam edəcək.
Azərbaycan Dillər Universitetinin rəhbərliyinə, Tərcümə fakültəsi dekanlığına imtahanların obyektivliyini təmin etmək məqsədilə gördüklərii işlərə görə təşəkkürümü bildirirəm.
Ancaq sonda bir iradımı da bildirmək istəyirəm. Bu da isti yay günlərində otaqların kondisionerlə təmin olunmaması ilə bağlıdır. Yəqin ki, yaxın gələcəkdə universitet rəhbərliyi bu problemi də həll etməyə çalışar. Bu həm müəllimlər, həm də tələbələr üçün sevindirici hal olar.
Gülyaz Əliyeva