Toy, el məclisləri, mərasimlərin bəzəyi olan rəqslər zamanı adlayaraq bugünə qədər gəlib çataraq onu yaradanların təfəkkür, müşahidə, həyat tərzi və duyğularını yaşadır. Hər bir rəqsi melodiyasının yaranması müəyyən şərait və ya ifaçı ilə bağlıdır. Xalqımızın milli rəqslərinin bir neçəsi Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada yaranıb.
AZƏRTAC xəbər verir ki, Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyev dediyinə görə, gözəl dağ quşuna həsr olunan “Turacı” rəqs melodiyası da belə rəqslərdən biridir: “Həzin, qəlboxşayan lirik və incə melodiyalı bu rəqsin yaranma tarixi haqqında belə bir rəvayət var: Qarabağ hakimi İbrahimxəlil xanın sarayında çox gözəl bir rəqqasə varmış. Bir dəfə xanın böyük oğlu Məhəmmədhəsən ağanın toyunda həmin rəqqasə gözəl bir rəqs nümayiş etdirir. İbrahimxəlil xan bu rəqsin ifasına heyranlığını gizlədə bilmir, ona ucadan deyir: “Sən lap turac kimi oynayırsan!” O vaxtdan rəqqasənin ifa etdiyi melodiya “Turacı” adlanır. Qadınların ifa etdiyi rəqs zamanı sifətin, əl, qol və bədənin plastik hərəkətləri ilə turac quşunun uçması, onun yerə düşməsi və yenidən uçub gəlməsi təsvir edilir.
Şuşada yaranmış “Tərəkəmə” rəqsinin mənşəyi çoxdan Azərbaycanda məskən salmış tayfanın adı ilə bağlıdır. Rəqsi Qarabağda yaşayan tərəkəmə camaatı yaradıb. Tərəkəmənin iki variantı var və bunlar lirik, gümrah melodiyaya malikdir. Birinci variant tərəkəmələrin özlərinin yaratdığı aram və vüqarlı rəqsdir. Bu, əsasən Qarabağda geniş yayılmışdır və onu yalnız qadınlar oynayırlar. İkinci variant daha çevik, oynaq, qarın səsli, geniş hərəkətli rəqsdir və bunu həm qadınlar, həm də kişilər ifa edirlər. Gəzişmə, süzmə, fırlanma rəqsin əsas hərəkətləridir. Üzeyir Hacıbəyli “Arşın mal alan”, Renold Qliyer “Təntənəli uvertüra”, Əfrasiyab Bədəlbəyli “Qız qalası” əsərlərində “Tərəkəmə”nin melodiyasından istifadə ediblər.
Xalqımızın ən qədim və sevimli rəqslərindən olan “Vağzalı” XIX əsrdə Şuşada yaranıb. Rəqsin əsasını təşkil edən və əvvəllər “Qarabağın ağırı” adlanan bu qədim melodiya sonralar iki hissəyə şaxələnib, “Asta Qarabağı” və “Vağzalı” rəqslərinə bölünüb. Son dərəcə zərif, ürəyəyatımlı melodiya, incə, yumşaq hərəkətlər bu rəqsi ənənəvi toy rəqsinə çevirib. Adətən gəlin apararkən çalınır. “Vağzalı” melodiyası gəlin adamlarını müşayiət edir, toyun bu məqamındakı şadlıq təntənəsinin bir növ rəmzi kimi səslənir, xoş mərasimi daha da ruhlandırır. Olduqca cazibəli, qəşəng, son dərəcə lirik olan bu rəqs incəliklə, bir növ axıcı hərəkətlərlə ifa edilir”.
Tədqiqatçı-jurnalist deyib: “Uzundərə” rəqsi haqqında müxtəlif rəvayətlər var. Ağdamla Göytəpə kəndi arasında “Uzundərə” adlanan bir yer var. Rəvayətə görə, qədimdə ya dağlıq, ya da aran Qarabağa gəlin aparanda həmin dərədən keçər və burda bir qədər dincələrmişlər. Kişilər, qadınlar, gəlinlər vaxtlarını boş keçirməmək üçün musiqinin müşayiəti ilə oynayarmışlar. Həmin rəqslərdən birinin – ən məşhurunu həmin yeri adı ilə “Uzundərə” adlandırıblar. Ənənəvi toy rəqsi olan “Uzundərə”, adətən qızlar, gəlinlər, bəzən isə qocalar tərəfindən icra edilir. Bu rəqs olduqca cazibəli, aram, incə və lirik melodiyadır. Zərif və emosional kompozisiyalı “Uzundərə” üçün adi gəziş, yana gəziş, süzmə və s. xarakterikdir. Bu rəqs qadın ifası üçün daha səciyyəvi, daha uyğun və münasib olduğu üçün əsasən, gəlin gətirilən vaxt qadınlar ifa edirdilər. Bəzi yerlərdə bu rəqsi kişilər, bəzən də qadınla kişi oynayır. Dahi Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” operettasında bu xalq rəqsinin melodiyasından istifadə etmişdir.
Təxminən XIX əsrin ikinci yarısında Şuşada neyçalan Mirzə adlı bir ifaçı tərəfindən yaradılan “Mirzəyi” bütün rəqqasların repertuarına daxil olan bu rəqs nömrəsini həm kişilər, həm də qadınlar ifa edir. Gözəl, nəcib və qəlboxşayan melodiyanın müşayiəti ilə əli dəsmallı kişilər təmkinlə, ağır templə qadınlar ifa edir. “Mirzəyi”nin “Vağzalı-Mirzəyi” variantı daha geniş yayılıb”.
“Şuşada yaranan rəqs melodiyalarından biri də gümrah və yumoristik xarakter daşıyan “Darçını”dır. Mübaliğəli, aram templə səslənir, qüvvətli hissəsində zərbələrin və vurğuların səsi aydın eşidilir. “O olmasın, bu olsun”da bu melodiyadan da istifadə olunub. “Qaytağı”, “Ceyranı”, “Asta Qarabağı”, “Gəlin atlandı”, “Ay bəri bax”, “Muleyli”, “Heyratı”, “Xalabacı”, “On dörd nömrə” və onlarca digər rəqs melodiyaları Şuşa qalasında yaranıb”,- deyə V. Quliyev fikrinə yekun vurub.