- Dil, Manşet

Milli mentalitetin dildə öz əksini tapması

Professor Zamirə Derbişeva, QırğızTürk Manas Universiteti
(ixtisarla)

İnsan mədəniyyəti, ictimai davranışı və təfəkkürü dilsiz və dildən kənarda mövcud ola bilməz. İnsanların ünsiyyət vasitəsi olan və buna görə də sosial və milli xarakter daşıyan dil dünyagörüşünün xüsusiyyətlərini, etik və mədəni dəyərləri, habelə müəyyən bir dil birliyinə xas olan davranış normalarını daşımaya bilməz. Bütün bunlar dilin leksikasında öz əksini tapır.

Lakin qeyd etmək lazımdır ki, dilin qrammatik quruluşu təfəkkürə daha yaxın olduğu üçün millətin mentalitetini ən düzgün şəkildə əks etdirir. Humboldt hesab edirdi ki, “Bir dilin sözlərinin sayı onun dünyasının həcmini ifadə etdiyi halda, dilin qrammatik quruluşu bizə təfəkkürün daxili strukturu haqqında təsəvvür yaradır” [Vilhelm fon Humboldt. Dilçilik üzrə seçilmiş əsərlər. M., 1984, s. 345].
“Xalqın linqvistik şüuru” kimi çox mühüm konsepsiyanı ilk dəfə məhz V.fon Humboldt təqdim edib.

İstənilən dilin qrammatik sistemi dil strukturunun ən çox oturuşmuş və yavaş-yavaş dəyişən hissəsidir. Onun formalaşması bir çox əsrlər və hətta minilliklər boyu həyata keçirilib və buna görə də müəyyən bir xalqa xas olan ictimai-siyasi ab-hava və mədəni-etik dəyərlərinə görə milli mentalitetin və təfəkkürün xüsusiyyətlərini əks etdirməyə bilməz. Bəzi nümunələr göstərək.

1.Türk dillərində hər hansı adı və ya obyekti şəxslə əlaqələndirməyə daim ehtiyac var: anam, kitabım, evi və s. Bu kateqoriyanın əsasında bir obyektin digərinə sahib olması ideyası var. Türklərin mentalitetində ilkin olaraq həm canlı, həm də cansız əşyanın müəyyən bir şəxsə mənsubluğunu vurğulamaq istəyi qoyulub. Bu şəkildə mənsubiyyətin konkretləşdirilməsi olmadan obyektlər, sanki mövcud deyil. Hər bir şey kiməsə məxsus olmalıdır. Heç bir şey və heç kim “sahibsiz” ola bilməz. Dildə mənsubiyyətin qrammatik kateqoriya çərçivəsinə salınması uzun əsrlər boyu xüsusi mülkiyyət qanunları əsasında yaşamış türk xalqlarının həyatının sosial-iqtisadi əsasları ilə bağlıdır. Burada mülkiyyətli əsas fiqur idi. Canlı və cansız hər bir obyektin öz sahibi olub, bu münasibətlər türklərin sosial-iqtisadi həyatında həmişə əsaslı əhəmiyyət kəsb edib.

Slavyan insan üçün bu münasibətlər o qədər də fundamental deyil, buna görə də rus dilində mənsubluğun semantik dominantlığı qrammatik ümumiləşdirmə səviyyəsinə yüksəlməyib. Bu məna rus dili üçün sistemli əhəmiyyət kəsb etmir və söz birləşmələri səviyyəsində ifadə olunur. Mənsubluq faktını vurğulamaq lazım gələrsə, yiyəlik əvəzliklərindən (мой, твой, наш, ваш дом), yiyəlik sifətlərindən (дедов, мамин дом), eləcə də substantiv birləşmələrdən (дом отца) istifadə edilir.

2.Türk dillərinin qrammatik sistemi üçün icbarilik xüsusi əhəmiyyət kəsb edir. Bu kateqoriyanın semantikası ondan ibarətdir ki, xüsusi qrammatik şəkilçilərin köməyi ilə bu və ya digər hərəkəti yerinə yetirməyə məcbur etmə mənası ifadə olunur: yazdır, durğuz, işlət, oynat və s.

Bu kateqoriya türk dillərinin qrammatik quruluşunun xüsusiyyətlərini ifadə edir. Bizə elə gəlir ki, burada da bir tərəfdən, bir neçə minilliklər boyu hərbi dövlət təşəkkülü şəraitində yaşamış bir çox türk xalqları arasında mövcud olan siyasi sistemlə, sərt məcburilik sistemi ilə bağlı ekstralinqvistik motivasiya yada düşür. Digər tərəfdən isə ağsaqqallara ehtiramla bağlı əsrlər boyu davam edən yaş iyerarxiyası ənənəsi onlara sözsüz itaətdə ifadə olunurdu.

Bu münasibətlər iyerarxiyasında rütbə və ya yaş baxımından ağsaqqalın iradəsi vasitəçi ilə üçüncü tərəfə ötürülür. Türklərin mentalitetində kök salmış bu münasibət tərzi dil sistemində də öz əksini tapmaya bilməzdi. Rus dilinin daşıyıcısı üçün isə bu münasibətlər sistemi aktual deyil və buna görə də morfoloji kateqoriya əldə etməyib. Rus xahişini həmsöhbət vasitəsi ilə başqa bir şəxsə çatdırmaq istəyəndə bunu çox ağır konstruksiya ilə ifadə edəcək: qoy o (üçüncü) şəxs bu və ya digər hərəkəti yerinə yetirsin…

Yazı İnternet materialı əsasında hazırlanıb