- Köşə

Ramiz Rövşənə sual – namə

Pərvanə O-nurlu

(Şairlə görüşdə ürəyimdə qalanlar …)

15 may 2019- cu ildə sevimli şairimiz Ramiz Rövşənlə görüş və imza günü keçirildi. Uşaqlıqdan bəri sevdiyim şairin görüşünə gedəcəyimi biləndə çox sevinmiş və həyəcanlanmışdım. Çünki hələ uşaqlıqdan bu görüşün xəyalını qurardım. Görüş gününü düşündükcə şeirləri yadıma düşür və suallar yaranırdı. Bu sualların yaranması bir az qəribə oldu.  Daha dəqiq desəm, gecənin bir aləmi oyandım və  qeydlərimi yazdım. Əslində bunları Ramiz Rövşənlə görüşdə danışmaq istəyirdim . Nəzərə alsaq ki, yazacaqlarım  düşüncələrimin və suallarının bir hissəsi idi, o zaman bunların imza gününə deyil, “Ramiz Rövşənlə müsahibə ” gününə sığdırmağın mümkünlüyündən danışmaq yerinə düşərdi. Təəssüf ki, bizdə o səliqə -sahman yaradıla bilmir ki, hər kəs öz ürək sözlərini söyləyə bilsin. Yəni çoxdan xəyalını qurduğum görüş baş tutsa da , suallarım və düşüncələrim ürəyimdə qaldı. Buna baxmayaraq, şairi görməyin özü xoş bir günün yaşanması demək idi , şairin səsini eşitmək , öz dilindən şeirlərini dinləmək özü bir zövq idi.

Sevimli şairimlə görüşdə  deyəcəyim sözlər və  verəcəyim suallar bunlar idi ( şair bunları oxumasa və cavablamasa belə) :

Sizinlə , yəni şeirlərinizlə ilk tanışlığım 5-ci sinifdə oxuyarkən olub. Bir gün indi haqq dünyasında olan qardaşım Sizin “Göy üzü daş saxlamaz” adlı  kitabınızı və Məmməd Arazın “Daş harayı” adlı şeirlər kitabını gətirib mənə verdi və  dedi ki, növbəti gəlişinə qədər bu  şeirlərdən əzbərləyim. Qardaşımın sözü bizimçün çevrilməz olduğundan və onu başımızın tacı hesab etdiyimizdən,  bununla yanaşı,  şeir həvəskarı olduğumdan şeirlərinizdən bir neçəsini öyrəndim o zaman. “Ay işığı”, “Başı kəsik ,gözəl kötük”, sonralar “Bu yaz gecəsində ölməyə nə var ?” şeirlərinizi və başqa neçə-neçə şeirlərinizi  sevə-sevə oxuyurdum.

Baxmayaraq ki, uşaq idim, yəqin ki, çox dərinliklərə vara bilməzdim, ancaq elə uşaqlıqdan həssas və hər şeyi özünə dərd edən bir ürəyə sahib olduğumdan “Süd dişinin ağrısı ” əsəriniz mənə qəribə təsir bağışlamışdı və neçə gün o əsərin təsirində qalmışdım. Səmədin ölümünü qəbul edə bilməmişdim…

“Qara paltarlı qadın” şeirinizsə , qadını anlayan, lakin gec anlayan bir kişinin gözəl və təsirli bir şəkildə etirafıdır:

…Bircə kərə nə saçını oxşamışam,

Nə gözünü silmişəm.

Gözlərimə batır indi saçlarının hər dəni,

İllər boyu bu qadına mən axı dərd vermişəm

İndi görən niyə çəkir dərdimi?..

Uşaq düşüncəmizdə çox xəyallar qurardıq..Mən də şeirlərinizi öyrəndikcə, oxuduqca  “Görəsən, nə zamansa bu şairlə həyatda görüşə biləcəyəmmi?” sualı ilə Sizinlə görüşün xəyalını qurardım. 20 ildən  artıq vaxt keçib və indi  bu xəyal gerçəkləşib.

Suallara keçməzdən öncə onu da qeyd edim ki, şair görüşdə maraqlı bir fikir söylədi : uşaqlarınızı körpəlikdən peyvənd edin : gözəl sözlərlə, sevgi ilə, mərhəmətlə…Çünki sevginin olduğu yerdə güc və mərhəmət mütləq  olacaqdır. Doğrudan da, elədir….

Düşünürəm  ki, Ramiz Rövşən şeirləri də ədəbiyyatın, şeirin, sözün peyvəndidir.

Şeirləriniz dərin, fəlsəfi, düşündürücüdür. Düşünə bildiyim qədər fikirlərimi ifadə etməyə çalışaraq  suallarımı Sizə ünvanlamaq istəyirəm.

1.Siz öz şeirlərinizin birində dediyiniz kimi “sözün tozunu alan” şairsiniz. Bunu bir az açıqlaya bilərikmi ?

…Məni də yola saldı söz,

Mən getdim ,sizə qaldı söz,

Yenə təptəzə qaldı söz,

Mən sözün tozunu aldım.

Sözün tozunu almaq deyilmiş sözü yeniləməkdir, yoxsa deyilməmiş sözü demək ?

2. Ölüncə neçə-neçə qapıdan keçir adam,

Dünya üz tutduğumuz qapılarla doludu,

Bəlkə də üzümüzə çırpılan qapılardan ,

Üzümüzə açılan qapılar qorxuludu …

Ramiz müəllim , “Süd dişinin ağrısı”ndakı bu bir bənd  Səmədin taleyini anladır bizə. Uşaqlıqdan bu sual mənimlədir : O uşaq niyə  öldürdü özünü? Bu əsər bir şair-yazıçı təxəyyülü idi, yoxsa həyatdan götürülmüş hadisə ? Yəni o uşağı yaşatmaq olmazdımı ? Yoxsa Səmədin yaşaması sevginin ölməsi demək olardı ?

3. Mənim və qardaşımın çox sevdiyimiz bir şeiriniz də var :

Şirin- şirin yuxudaydıq,

Bir zalım oyatdı bizi.

Anaların qucağından,

Bu dünyaya atdı bizi.

…….,………………..

Biz ki yol nədi bilməzdik,

Biz ki öl nədi bilməzdik,

Bilsək, dünyaya gəlməzdik,

Analar aldatdı bizi.

Bu şeiri bir də yenidən yazsaydınız, sonluğu yenə “Analar aldatdı bizi ” yazardınızmı , yaxud niyə məhz analar ? Yenə də mi dünyaya gəlişimizdə anaların bizi aldatdığını düşünürsünüz? Ümumiyyətlə, dünyaya gəlişimiz bir aldanışdırmı ?

4. Mən axı nə yolam, nə çöl, nə küçə,

Mən axı hamının ola bilmərəm,

Məni sevənlərdən ötrü ölüncə

23 yaşımda qala bilmərəm…

Bir də “23 yaşımda məni sevənlər 33 yaşımda sevəmməz daha” misralarınız var.

İnsan kaş hər yaşda bir neçə il qala biləydi. Bu , sadəcə bir arzudur. Yaşamaq arzusu…Ancaq, Ramiz müəllim, Sizi sevənlər üçün 23 yaşda qalmağa gərək qalmadı, çünki Sizi hər yaşda 23 yaşınızdakından da çox sevənlərinizin olduğunu əminliklə demək olar. (Görüşünüz bunun sübutu idi , sevginin məzmunundan asılı olmayaraq)

5. Gəl əl-ələ tutub gedək,

Gedək biz olmayan yerə,

Hər dərdi unudub gedək,

Dərdimiz olmayan yerə…

Ramiz müəllim, dərd bizimlədirsə, dərdimiz olmayan yer haradır Sizcə ?

6. Yaddaşda o qədər gözəl şeirləriniz var ki, ürək istər, hər birindən danışsın…

Nə var Allahdan yuxarı?

Nə var qəbirdən aşağı?

Çəkdiyim ahdan yuxarı?

Bildiyim sirdən aşağı?

Ah çəkəndə “ahın dağlara-daşlara”  , bildiyimiz sirr üçün isə ” mənimlə qəbrə gedəcək ” deyirik. Lakin dağlardan da , hər ucalıqdan da uca olan var , Siz  bunu daha gözəl ifadə edirsiniz : “Nə var Allahdan yuxarı ?” Bu misra Allahın ucalığını ,aliliyini, ondan yüksəkdə heç bir varlığın ola bilməməsinin sübutu və göstəricisidir.

…Demə, biz ki quş deyilik,

Allaha tanış deyilik…

Ruhum, dur, yığış, gedirik,

Sən yuxarı, mən aşağı…

Bu, ruhun azadlıq istəyidir yoxsa cismin ?

7.   Səni sevmək çətindir, Vətən Nə gündəsən ki,

Təpədən dırnağacan … Günah içindəsən ki.

Vətəni kimlər salıb bu günahın içinə? Ümumiyyətlə, Vətənmi günahkar,  yoxsa vətən daşı ola bilməyən vətəndaşlarmı ? Vətənmi günah içində, yoxsa indi Vətəni sevməyə utanan, üzü olmayan  bizlərmi ?

Sizcə, Vətən bizi bağışlayacaqmı ona “Səni sevirəm, Vətən” demək üçün üzümüz olmadığına görə ? Bizi bağışlayacaq  halı varmı Vətənin ?

8. Hamı günahkardır dünyada , amma

Dünyada heç kimin günahı yoxdu.

Bu bir təsəllidirmi ?

9. Bir ov meydanıdı bu kənd, bu şəhər,

tüfəngsiz-gülləsiz bu necə ovdu?!

Bir azca ovçudu bütün kişilər,

qadınlar hamısı bir azca ovdu.

Bəs bu ovda “kim uduzur, kim udur ?”

10. Tənhalıq başlayır burdan o yana,

Keçdikcə keçilməz, atam balası…

Tənhalıq nədir və haradan başlayır ?

Son.

Sizə uzun və sağlıqlı ömür , hər zaman uğurlarla dolu yaradıcılıq yolu və bu yolun zirvəsində olmağınızı  arzulayıram . Sözünüz tükənməsin.