Firidun AĞAZADƏ
Əsl şeir, ürəkdən gələn misralar insanı, cəmiyyəti həm də əxlaqi saflığa çağırır, yüksək duyğulara kökləyir bizi. Əvvəli sevgidən yaranan, heyrətdən, vurğunluqdan doğulan misralar neçə ürəkdə əks-sədaya çevrilir, demək, ictimai məna kəsb edir həm də. Belə olanda o şeir Poeziya olur. Böyük şairləri, əsl poeziyanı belə gördüm – Bayronu da, Şellini də, Puşkini də, Bloku da, Şandor Petefini də, Məmməd Arazı da…sevdirən budur: yüksək poetika və ictimai məna.
Əvvəllər “Ey gidi dünya!” – deyirdik.
İndi “Ey digital dünya!” – deyək.
…Tələbəlik illərində avtobusda cibimə girmişdilər. Kənd uşağı idim, təzəcə aldığım 35 manat aylıq təqaüdümü qatlayıb şalvarımın “piston” cibinə qoymuşdum, 71 nömrəli avtobusla Dərnəgülə yataqxanaya gedirdim. Çox sıxlıq idi, basabasda üzünün çopurları titrəyib-səyriyən yekəpər birisi sınəmə sıxılıb durmuşdu, az qala göz-gözə, diz-dizə dayanmışdıq. Başım çıxmadı, bu niyə titrəyir belə?… Qorxudan titrəyirmiş. Heç demə barmaqları cibimdə imiş. “Piston” cibdən pul çıxarmaq olar? Hiss edirdim, adam narahatdır, amma kənd uşağı nə bilir şübhələnmək nədi? Necə deyim “Bir az aralı durun”? Şübhə etməyə də utanırdım. Şüuraltı tabular qoymurdu: “Yaxşı deyil, axı… Məni oğru tutursan?” Adam necə titrəyər, ilahi? Avtobusdan düşəndə başa düşdüm… Fakültə komsomol təşkilatı katibi olan Zeydulla Ağayev(sonralar tanınmış mütərcim, alim və yazıçı) dekanımız İsmixan Rəhimova dedi (bu xeyirxah alim, gözəl insan haqqında bir xatirə borcum var). O da institut həmkarlar təşkilatını bu işə qoşdu və mənə 30 manat yardım etdilər. Hər dəfə yadıma düşəndə birtəhər oluram. O namərdlik yadımdan çıxmır. İllər öncə – şeir yazdığım vaxtlarda o cibgirə qəzəblə bir şeir yazmışdım. Yuxarıda poeziyanın ictimai mənasından danışanda bunu nəzərdə tuturdum. Dedim, bəlkə şeirlə bir cibgiri islah etmək, ən azı, utandırmaq olar, nə bilim. Şeirin ictimai mənası nə üçündür, bəs? Amma indi pulu daha möhkəm saxlayırlar, cibdən mobil telefonlar çıxarırlar indi…
Sabah fevralın 1-dir. Bu həftənin köşə yazısı əvəzinə bir qərinə əvvəl cibgirə yazdığım o köhnə şeirimi sizə, həm də Doğum Günümə hədiyyə edirəm. İctimai mənası var deyə. Bəlkə bir cibgir də oxudu, xəcalət çəkdi.
Yeri gəlmişkən, 1 fevralda doğulmuş gündaşlarım olan məşhur isimləri də xatırladım sizə: Ağasəlim Çildağ (məşhur meyxanaçı), Alfons Rotşild (qardaşı ilə birlikdə bir vaxt Bakıda “Xəzər və Qara dəniz neft sənaye və ticarət cəmiyyəti” təsis edib, Bakıda neft çıxarıblar), Babalı Ağayev (uzun illər Azərbaycan rayonlarında “raykom” katibi işləyib, uzaq qohumdur), Boris Yeltsin (Rusiya Federasiyasının ilk prezidenti), Xumar Qədimova (tanımamış olmazsınız), Qabriel Batistuta (Argentinanın ulduz futbolçusu), Qılıncxan Bayramov (yaxşı tərcüməçidir, mən onu tanıyıram, o – məni yox, ona salam olsun), Qoqa Aşkenazi (əsl adı Gövhərdir, qazaxdır, “MunaiGaz” neft-qaz şirkətinin sahibi), Lengston Hyuz (Amerika şairidir, ilk tərcüməni ondan etmişəm), Lətif Hüseynov (Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanlı hakimi), Ramin Quluzadə (nazir, bu günlərdə yeni posta təyin olunub, uğur olsun), Tağı Əhmədov (Bakı Metropoliteninin rəisi olub), Zahid Oruc (MM-in fəal deputatı). Məni onlarla yalnız təvəllüd tarixi birləşdirir ha – 1 fevral.
Kim hara girir?
Tələbəlik illərində avtobusda cibimə girmişdilər. Sözüm o namərdədir.
Sən cibə girirsən,
Məni kənd uşağı bilib girişirsən?!
Sən cibə girirsən,
Yaltaq qılığa girir,
Qola-qoltuğa girir,
Sonra qulluğa girir.
Sonra da qoz sındırır başımızda…
Sən cibə girirsən,
Ehtiyac səndən üzlü –
Səndən qabaq
Girib oturub cibimdə.
Sən cibə girirsən,
Kəmfürsət kədər
Ağrıyan diş olur – ağıza girir,
Artıq ət olur – boğaza girir…
Sən cibə girirsən,
Kimsə gözə girir,
Sonra g..ə girir,
Bir vəzifə məngirləyir,
Sonra məlum olur ki,
Türmə onu əcəl kimi girləyir.
Sən cibə girirsən,
Fuad Poladov
Möhtəşəm rollara girib
əsrləri baş-başa vururdu…
Sən cibə girirsən?
Harda, nə vaxt
Adam cildinə girmisən?
Titrəyən sifətində
Adamlıqdan bir iz yox.
Yoxsa Səhl Sumbatsan? –
Səndən xəbərimiz yox.
Sən cibə girirsən,
Adımdan fitnəkar məktublar yazan,
Əbləh törəməsi, kökümü qazan
Evimə girib çörəyimi yemişdi.
“İmzama girib” donos yazmışdı…
Sən cibə girirsən,
Torpağın altına girənləri görə-görə?
Gözünə girsin yaşayışın,
Yerə girəsən, yerə.
Yəqin elə sənsən cənnətdə soxulcan,
Qələbə yürüşlü xalqın içinə
Necə girmisən? Haçan?
Sən cibə girirsən,
Bu adətinlə
Sən bizə dərdsən.
Ax, necə namərdsən, necə namərdsən?!