- Cəmiyyət

Quru sərhədləri bu il açılmayacaq – “Belə daha sərfəlidir”

Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı dəfələrlə təkliflər irəli sürülsə də, rəsmi qurumlar hələ gözləməyi məsləhət görür. Əvvəlcə pandemiya təhlükəsi səbəbindən sərhədlərin bağlı qaldığı deyilirdisə, indi təhlükəsizlik məsələləri daha çox diqqət çəkir.

Bəzi ekspertlər hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsi fonunda quru sərhədlərinin açılması gözlənilmir. İddialara görə, sərhədlərin açılması müharibə başa çatanadək yubana bilər.

Deyilənlərin nə dərəcə doğru olub-olmadığını təsdiqləyə bilməsək də, qəbul etməli olduğumuz məqam ölkəmizin quru qapılarına vurulan qıfılın hələ bir müddət bağlı qalacağıdır.

Dövlət rəsmiləri bildirirlər ki, pandemiyanın bitməsi rəsmən elan olunmayana qədər sərhədlərin bağlı qalması təəccüb doğurmamalıdır. “Çünki yoluxma hər an arta və əvvəlki günlərə qayıda bilərik”. Odur ki, indi səbrli olmaq və dövlətin qərarına riayət etmək ən düzgün seçim kimi tövsiyə olunur.

Bir sözlə, bu il sərhədlərin açılmasını gözləməyə dəyməz…

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev hesab edir ki, indiki durumda sərhədlərin bağlı qalması daha sərfəlidir.

“Quru sərhədlərinin açılması Operativ Qərargahın əlindədir. Operativ Qərargah bu məsələyə həssas yanaşır. Bu gün yoluxma sayına baxsaq görərik ki, rəqəmlər minimumdur. Lakin istər sosial, istərsə də iqtisadi vəziyyətin yaxşı olması Azərbaycan üçün daha önəmlidir.

Bir vaxtlar bizim ekspertlər deyirdilər ki, Çində və ya digər ölkələrdə sərhədlər açılıb. Ancaq həmin ölkəyə getmək üçün xeyli sənəd tələb edilir. Məncə, buna görə də insanları incitməkdənsə, sərhədlərin bağlı qalmağı daha sərfəlidir. Yaponiyaya gediş üçün bir çox sənəd tələb edilir. Yeni qayda əsasında xaricə gedənlərin sayı pandemiyadan əvvəl səfərə gedənlərin 5-7%-ni təşkil edir. Sərhədlərin açılmasına gəlincə, bununla bağlı dövlət özü qərar verməlidir. Lakin nəzərə almalıyıq ki, bu gün milli maraqlar hər şeydən üstündür”, – deputat vurğulayıb.

Rüfət Quliyev onu da söyləyib ki, quru sərhədlərinin açılmamasını Ukraynada gedən müharibə və Rusiyadakı səfərbərliklə əlaqələndirmək doğru deyil. Onun fikrincə, istənilən qərarda milli maraqlar əsas götürülməlidir:

“Bizim milli maraqlarımız hər şeydən üstündür, sərhədlərin açılmasını dövlət özü məsləhət bildiyi məqamda reallaşdıracaq”.

Qeyd edək ki, ölkədə pandemiya səbəbindən iki ildən çoxdur ki, quru sərhədləri bağlıdır. Hazırda Azərbaycanı tərk etmək yalnız hava nəqliyyatı vasitəsilə mümkündür.