- Mədəniyyət

Sima CƏFƏROVA. El bayramları haqqında

İqliminə, təbii şəraitinə və astroloji faktorlara uyğun olaraq ölkəmiz 21 dekabrda qiş fəslini yaşamağa başlayır. Qış fəslinin girişi yerli əhali tərəfindən “Böyük çillə”nin girişi kimi adlanır. Ümumiyyətlə, qış ayları bu yerlərdə müəyyən bölgülərlə səciyyələnir. Böyük çillə — 21 dekabr – 31 yanvar: 40 gün. Kiçik çillə — 1 fevral – 20 fevral: 20 gün. Boz ay (alaçalpov da deyirlər) — 21 fevral – 21 mart: 29 gün. Bu zaman kəsiklərinin hər birinin özünə məxsus inanc günləri, adət-ənənə yorumları var.

Deyir, Böyük çillə ömrünü yaşayıb gedirmiş yolda Kiçik çillə ilə qarşılaşır. Kiçik qardaş şoruşur:

– Ay yorğun yolların yolçusu qardaş, hansı uğurla qayıdırsan?

Ağsaqqal qardaş deyir:

– Çöldə canlı-cansız nə var idisə, hamısını içəri — ocaq qırağına yığdım.

— Az etmisən. Mən su qabını suda, gəlinlərin əlini un çuvalında dondurmağa, sənin ocaq qırağına yığdıqlarını ocağa tökməyə gəldim.

-Bu az ömrundə bunları necə edəcəksən? – deyə böyük qardaş soruşdu.

–Eey, edəcəm… amma sən də düz deyirsən, heyf ömrüm azdır, qabağım yazdır.

Həmin bu acıqlı Kiçik çillənin azacıq ömrünə də bayramlar yazılıbmış. Elə birincisi Xidir Nəbi bayramı adlanır. İnanclara görə, fevralın ikinci çərşənbəsində gecə Xıdır peyğəmbər bir ruh kimi hər yanı gəzər, dolaşıq fikirləri aydınladar, insanların gələcək üçün düz yol seçməsinə yardım edərmiş. Amma gözə görünməzmiş. Bəs necə edərmiş? Hər niyyət edən o gecə çöldə əl çatmayan yerə bir qabda qovut, yumurta qoyarmış. Xıdır peyğımbər qovuta, yumurtaya öz nişanəsıni vurarmış, gündoğandakı naxış yaxşı, günbatandakı əks mənanı verərmiş. İnanc sahibləri işini uyğun tutarmışlar. Bəs bu qovut nədir?

Kişi evə bərəkət – buğda gətirir. Evin xanımı buğdanı yuyur, qurudur, sacda qovurur. Özü qovurur. Çünki buğda qovrulanda şişir, çoxalır. Gəlinə deyir:

— Sən apar bunu kirkirədə (kirkirə kiçik dəyirman quruluşunda məişət əşyası, əllə fırlanır) çək gətir, görək əlinin bərəkətini.

Qovrulmuş buğda üyünəndə azalır. Gəlin xəcalətli qalır.

Evin xanımı qızına deyir:

— Gəl sən əlinin bərəkətini göstər.

Qız qovrulmuş buğda ununa şəkərli su və ya doşab qarışdırır. Əldə olunan yeməliyə qovut deyirlər. Maye qatdıqca qovut çoxalır. Ana öyünür:

— Görürsünüz, qızımım əlinin bərəkətini.

Hə, əzizlərim, sonra Kiçik çillənin gedişini, yəni onun qəzəbindən qurtarmağı insanlar bayram edir. Bu bayram adlanır “cillə çıxarmaq” və baş verir 20 fevraldan 21-ə keçən gecə. Cavan qızlar, gəlinlər toplaşırdılar bir evə. Olan Allah ruzisindən bişirirdilər. Amma bu yeməklərin arasında “bişi” (bəzi yerdə qatlama) deyilən bir yeməlinin xüsusi yeri olardı. Səhərə qədər deyər-gülər, yeyər-içərdilər. Yatmazdılar. Kim yatsa, aqibəti necə olardı, bilirsinizmi? Onu döşəyə tikərdilər, gec oyananda üstünə su atardılar, durub qaçmaq istəyəndə… Döşəyə bax aa…

Belə bayramların gecə keçirilməsinin “üzümüzə xoş səhərlər açılsın” kimi bir anlamı var.

Sonra boz ayla birlikdə çərşənbələr gələrdi. İlk doğruçu çərşənbə fevralın son çərşənbəsi olur. Bəzən fevrala iki çərşənbə də düşə bilir. Nə olsa da, son çərşənbə 21 martdan o tərəfə gedə bilməz. Bu il son çərşənbə, məncə, 21 marta — bayrama düşəcək. Hər çərşənbənin öz anlamı, adı var. Su, Od, Yel, Torpaq.

SU — Kiçik çillə öz acılarını götürüb gedir, buzlar əriyir, sular çoxalır. Su varsa, həyat var.

OD — yavaş-yavaş günəş öz şəfəqləri ilə insanlara qonaq gəlir, sevgi gətirir, qan durulmağa (qaynamağa) başlayır.

YEL – doğrudur, bəzən hava kimi qiymətləndirirlər. Amma əslində elə yeldir bu. Keçən ildən qalan qurumuşları, çürümüşləri cənginə alıb dəyirman kimi üyüdüb torpağa qaytaran YEL!  Təmizlənmə, saflanma prosesi. Elə evlərimizdə də təmizliyi həmin vaxt aparırıq.

TORPAQ — bu çərşənbə həm də ilin, ayın axırıncı çərşənbəsi adlanır. Martın yox aa, boz ayın. Suların donu açılıb, havalar isinib, hər yan tərtəmiz… Günəş öz şüalarını torpağa ürəklə yayır, canına isti keçdikcə, sulardan içdikcə torpaq dənəvərləşir, yəni yumşalır, əkinə hazırlaşır. Bu zaman torpağa düşən bir dən min bar olar deyərlər.

Çərşənbələrdə od qalanması, müxtəlif xalq oyunları özünə daimi yer alıb.      Çərşənbə mətbəxi xüsusi bir məqamdır. Bu zaman bütün çərşənbələrdə plov (aş) bişirildiyini görmüşəm. Amma hamısı fərqli: südlüplov, lobyalı aş, əriştəli aş (axır çərşənbədə). Qarabağda ilin-ayın axır çərşənbəsi bayramın özündən daha təmtəraqlı keçirilir. Bəli, gəldik bayrama… plov dəsgahı… qazmaqlı aş, ayrıca hazırlanmış aşqara ilə…

Bu zaman kəsiyi insanların uğurlu günlər sandığı bir dövrdür. Nişanlı qızlara xonçalar, sözlülərə elçiliklər, küsülülərin barışması, ev bünövrələrinin qoyulması, yeni yurda köç… və. s. daha çox bu günlərə təsadüf edir.

Dörd çərşənbənin davamı yazın gəlişidir. Yeni gün, yeni təbiət başlanğıcı, insanların yeni — gələcək həyat üçün inamlı hazırlıqları. Hər şey insan fərəhinə köklənib elə bil.

Bu, yaranışın dörd ünsürünə şərtlənir. Bu da Novruz bayramının heç bir dinlə bağlı olmadığını, yaranışı özündə ehtiva etdiyini təsdiqləyir. Bu bayram öz yaranışında “Novruz” sözü ilə ifadə olunmamışdır.

Türk tarixində”Ergenokondan çıxış” günü bayram kimi qəbul edilmişdir və “Ergenokon” bayramı  adı ilə şənliklər keçirilmişdir. Bu da səbəbsiz deyildir.

Fəlsəfə doktoru, AMEA Folklor İnstitutu folklor nəzəriyyəsi şöbəsinin müdiri Ağaverdi Xəlil yazır: “Ergenokon bayramı təkcə törəyiş deyil, eyni zamanda, əski türklərin 400 il əziyyət çəkərək qaldıqları yerdən bir boz qurdun yol göstərməsi ilə xilas olub çox gözəl bir yerə gəlib çıxmaları və yerləşmələrinin bayramıdır. Türklər xilas olduqları günə və yerləşdikləri yerə “Ergenokon” deyiblər. Bu mənada “Ergenokon” həm məkandır, yeni və zəngin bir yerdir, həm də zamandır, xilas, qurtuluş günüdür… Türklər həmin yerə gəldikləri günü həmin gündə və həmin məkanda ənənəvi olaraq, bayram kimi (S. C.) qeyd ediblər. Yeni zamanın və məkanın qeyd olunduğu hadisə Tanrıya alqışetmə ritualıdır.” (Xalq qəzeti, 21 mart 2010. s. 4.)

Sonralar müxtəlif təzyiqlərə məruz qalaraq adı müxtəlif cür səslənsə də, qadağan olunsa da bayram kimi xalqın qəlbindən, həyatından silinməmişdir. Məhz bu, bayramın çox dərin köklərlə — yaradılışla əlaqəsinin möhkəmliyinə dəlalət edir.