- Dil, Manşet

Nəriman QASIMOĞLU: “Azərbaycan ədəbi dili ilə, dövlət dilimizlə işləri olmasın”

Naşir Şahbaz Xuduoğlunun kitab biznesində arzu etdiyi rentabelliliyə nail olmadığı üçün ölkəmizdə Azərbaycan ədəbi dilini türk dili (Türkiyə türkcəsi) ilə əvəz etmək təşəbbüsü (oxu: tənəzzülü – red.) cəmiyyətdə birmənalı hiddət doğurub.  ADA Universitetinin professoru Nəriman Qasımoğlu məsələ ilə bağlı “kamilinfo”ya bunları deyib:

Səslənən təklif, yəni siyasi sərvətimiz olan dövlət dilinin başqa dövlətin dili ilə əvəzlənməsinə dair müzakirələrə səbəb olan çağırış İstər dövlətçilik, istər mövcud siyasi gerçəkliklər baxımından olsun, həddindən artıq qeyri-ciddi səslənir. Belə bir mahiyyətdə olduğuna görə əhəmiyyət verməmək də olardı. Amma məcburam bu kontekstdə ümumiən belə bir narahatlığımı da ifadə edim. Məsələ burasındadır ki, müstəqillik illərində Azərbaycan ədəbi dilini orfoepiya (söhbət saxta orfoepiyadan gedir, çünki hazırda Azərbaycan dilçiləri hələ də məişət dilini ədəbi dil orfoepiyasından ya fərqləndirə bilmirlər, ya da sadəcə dilimizə qarşı təxribatla məşğuldurlar!) bataqlığında ləhcələşdirməklə gözdən salmağa çox çalışıblar. Nəhayətdə Nazirlər Kabinetinin qərarı ilə rəsmiləşdirməyə də nail olublar. Yəni, himnimizi oxuyanda onların qaydalarına görə üç rəngli bayrağınnan (bayrağınla yox, məhz bayrağınnan!) məsud yaşa deməliyik. Ədəbi dilimizi gözdən sal, onu əhalidə gülüş doğuran müzakirələrin predmetinə çevir, sonra da de ki, bizə belə dil lazım deyil. Qonşuda var, bizimkindən o qədər də fərqli deyil., ondan alarıq. O da sənə aşiq olsun, sonra, şair demişkən, o da desin, “qonşu olmaq istəmirəm səninlə, köç bizə gəl, quraq təzə ailə”.

Türkiyə türklərilə Azərbaycan türklərinin ortaq ədəbi-bədii irsinə nəzər salmaq yetər ki, biləsən, bu irsə aid abidələrin əksəriyyətinin dili müasir Azərbaycan türkcəsinə daha yaxındır, nəinki müasir Türkiyə türkcəsinə: Dədə Qorqud dastanları, Nəsimi, Füzuli… Hətta türkcə şeir öncüllərindən Yunus Əmrə. Onun bu misralarına baxın:

Bir kəz könül yıxdın isə
Bu qıldığın namaz deyil
Yetmiş iki millət dəxi
Əlin, üzün yumaz deyil.

Bunları Türkiyədə çap edəndə məcburdurlar “yumaz” sözünə ayrıca izah versinlər ki, bu, “yıkamak” deməkdir.
Nə isə. Sözümün canı odur ki, Azərbaycan ədəbi dili ilə, dövlət dilimizlə işləri olmasın.

Gülyaz ƏLİYEVA