- Dil

Birinci Türkoloji Qurultayın gizli məqamları

“Birinci Beynəlxalq Türkoloji Qurultay        

                               türkdilli xalqların ictmai-siyasi həyatında

                               olduğu kimi, oların tarixində və taleyində,

                                eləcə də, dilində və mədəniyyətində boyük  

                                             rol oynadı.”   
Cəlal Qasımov

 Birinci Türkoloji Qurultay — 1926-cı ilin 26 fevral – 5 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, etnoqrafiyası, dili  və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay.  Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb.

Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 93 nəfəri türk, 38 nəfəri qeyri-türk olmaqla 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar, etnoqraflar və digər görkəmli mütəfəkkirlər iştirak edib. Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb. Lakin…

Qurultay iştirakçılarının sonrakı fəaliyyəti fəciəvi oldu. Onun işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə ittiham edilərək represiyaya uğradı. Əksər alim və müttəfəkirlər həbs və fiziki məhvlə üzləşdilər.  Qurultayın mühüm nəticəsi olan türk xalqlarının latın qrafikalı əlifbaya keçidi isə 1939-cu ildə ləğv edildi və Sovet Birliyi ərazisində yaşayan türk xalqları üçün kütləvi olaraq kiril əlifbalı yazı tətbiq edildi.

Ümumittifaq adlanmasına baxmayaraq, Qurultay SSRİ sərhədlərini aşaraq beynəlxalq müiqyas adlana biləcək bir coğrafiyanı əhatə edirdi. Ona görə də əksər məqamlarda Birinci Beynəlxalq Türkoloji Qurultay adlandirilir.

Qurultay ziyalıların XIX əsrdən başlayan maarifçilik hərəkatının zirvə məqamı idi. Bu qurultayda latın əlifbasına keçid, türk dillərindən ibarət ortaq terminologiya yaratmaq, ortaq mədəniyyət abidələrini tədqiq etmək məsələləri üzrə qətnamə qıbul edildi. Bu Qurultayın 10 günə qət etdiyi yolu üç böyük mərhələyə ayırmaq olar:

  1. Qurultaya qədərki mərhələ;
  2. Qurultay ərəfəsi və qurultay dövrü;
  3. Qurultaydan sonrakı mərhələ.

Birinci mərhələ həm də əlifba uğrunda mücadilə dövrü adlandırıla bilər, çünki hələ M. Füzulidən M, F, Axundzadəyə qədər ərəb əlifbasının oxu və yazı zamanı nə qədər çətinliyə səbəb olduğu, bu nüansdan savadsızlığın aradan qaldırılmasının mümkünsüzlüyü ziyalıların diqqətində olmuşdur. Hətta Mirzə Fətəli ərəb hürufatında müəyyən dəyişiklik aparmaqla sağdan sola yazılan latın əlifbasına keçid haqqında müvazi düşünmüşdür. Onun ideyalarının Mirzə Rza Xan, Məmmədağa Şahtaxtlı kimi davamçıları da olmuşdur. Lakin  Birinci Türkoloji Qurultaya qədər əlifba məsələsi rəsmi təsdiqini tapmamışdır. Amma bu və qeyd etmədiyimiz digər cəfakeş düşüncə sahiblərinin mücadiləsi təsdiq edir ki, yeni, daha asan əlifbaya keçid məsələsi hələ bolşevizmdən əvvəl aydınların ortaya atdıqları həlli vacib məsələ idi.

Azərbaycan Xalq Cümhuriyyıti dövründə də əlifba islahatı az əhəmiyyət daşımırdı. Təsadüfi deyil ki, məsələ Cümhuriyyətin Parlamentinin də gündəliyinə salınmışdı. Böyük mütəfəkkir Yusif Vəzir Cəmənzəminli bu məsələnin bütün Şərq üçün vacib hadisə olduğunu yazırdı. Həm də Qurultayın təkcə əlifba dəyişmək məsələsi ilə bağlı olduğunu iddia etmək bu böyük məclisin işinə məhdud dəyər vermək və ədalətsizlik olardı. Qurultayda 7 məsələyə dair o dövr üçün çox önəmli qətnamə qəbul edilmişdi.

Bu məqalədə məqsədimiz Qurultayın işindən və gedişindən daha artıq Sovet rəhbərliyinin ona yanaşma tərzini aydinlaşdırmaqdır. Əslində, mərhum filoloq, professor Cəlal Qasımov bu məsələni süddən su ayırmaq dəqiqliyi ilə araşdırmış, faktlarla əsaslandırmışdır. Məqsəd tərəfimizdən həmin mənbəyə əsaslanaraq geniş oxucu kütləsini məlumatlandırmaqdır.

Bolşevizmə qədər də gündəmdə olan əlifba məsələsi üzrə beynəlxalq miqyaslı bir qurultayin keçirilməsinin, hətta kiril yox, latın qrafikalı əlifbaya keçidin planlaşdırılmasınin məram və məqsədi nə idi? Bu, doğrudanmı türk xalqlarının birliyinə yönəldilən demokratik bir gediş hesab oluna bilər? Bu məsələ DTX- nin sədri vəzifəsində çalışan M. C. Bağırov və həmin dövrdə həmin idarəyə məsul işə göndərilən Lavrenti Pavloviç Beriyanın diqqətindən kənardamı qalırdı?

Əvvəlcə Qurultayın hansı məqsədlə Bakıda çağırılmasına diqqət edək. Bu barədə müxtəlif mülahizələr var. B. Çobanzadə gənc Azərbaycanın geridə qalmış Şərqin qaranlığında daha çox inkişaf etdiyini, elm və texnika sahəsində xüsusi irəliləmələrə nail olduğunu səbəb hesab edirdi. Amma diğər nüanslar daha kəsərli hesab olunur. Qurultaya açılış nitqində Qəzənfər Müsabəyov deyirdi: “Təsadüfi deyil ki,  Birinci Beynəlxalq Türkoloji Qurultay öz işini Azərbaycanın paytaxtı Bakı şəhərində planlaşdırmışdır. Bunun səbəbi Azərbaycanın coğrafi mövqeyinin Şərqə bir qapı kimi açılması, eyni zamanda mədəni və iqtisadi nailiyyətlər baxımından nəhəng resppublika olmasıdır.” (B.Xəlilov: Birinci Beynəlxalq Türkoloji Qurultay, Bakı, 1999, s.11)

Mahiyyət etibarı ilə Orta Asiyada Türkologiyanın inkişaf səviyyəsinin yox dərəcəsində olması, bəzi respublikalarda latın əlifbasına biganə yanaşma tərzi, S. Ağamalıoğlunun və B. Cobanzadənin 1924-cü ildən paytaxtda və türk xalqlari arasında apardığı təbliğat işləri də Qurultayın Bakıda keçirilməsi üçün səbəb idi. Amma məsələnin siyasi tərəfi də yox deyildi, belə ki  Orta Asiyada sovetlərə qarşı müqavimət hərəkatının davam etməsi, Bakıya türk meyllilərin, Türkiyə sevərlərin toplanması marağı, bolşevizmin qondarma demokratik baxışlarının buradan daha yaxşı nümayişi də səbəblərin siyasi tərəfi kimi dəyərləndirilir. Əslində Sovetlərin strateji planları da bu sırada xüsusi əhəmiyyət kəsb edirdi. Türkiyə və İranla iqtisadi, siyasi, mədəni, ticari əlaqələr qurmaq üçün Bakı əhəmiyyətli coğrafi mövqe idi. Bu yolla, xüsusilə, Türkiyəni sosialistləşdirmək, hələ çar dövründən pantürkizm və panislamizmin mənbəyi hesab etdikləri sərhəd ölkələrində öz ideyalarını möhkəmləhdirmək pərdəarxası məqsəd idi. Məqsədə nail olmadıqda Qurultay iştirakçılarının 30-cu illərdə ağır represiyaya məruz qalması da bunu təsdiq etdi. Türkçülüyü və islamçılığı əsaslı şəkildə məhv etməyə bolşeviklərə Bakı lazım idi.

Qurultayın çağırılması səbəblərindən danışdıq, bəs əlifba dəyişdirmək, həm də kirilə yox latın qrafikasına keçmək Moskvaya – bolşevizmə niyə bu qədər maraqlı idi?

Burada da yenə əsas iki cəhətə diqqət etmək vacibdir. Birinci, xalqların öz kökündən ayrı salınması, bu, mənəvi mahiyyət idi.

Stalin rejimi üçün nə türk dilli xalqların Avropaya inteqrasiya olunması maraqlı deyildi, nə bu xalqların yazıb-oxumasını asanlaşdırmaq, nə də türk birliyini möhkəmləndirmək məqsədi güdmürdü. “Bütün ölkələrin proletarları, birləşin!” – devizi ilə səhnədə görünən bolşevizm əslində parçalamaq, ayırmaq əqidəsində idi. Həm də bu, məsələnin daha dəhşətli tərəfi idi: xalqı öz kökündən, mədəniyyətindən, mədəni irsindən — “babanı nəvədən” (C.Qasımov.) ayrı salmaq, əsrlərlə ərəb əlifbası ilə yazılmış klassiklərimizi — Nizami, Füzuli, Nəsimi, Nəvai və sairləri orijinaldan oxumaqdan məhrum etmək Moskvanın əsas planlarından idi. Bu səbəbdəndir ki, sonralar klassiklər bolşevizmin baxış bucağından təhlil edilirdi. Yeni nəslə Nizami utopik, Füzuli, Nəsimi, Nəvai və sairləri ateist kimi təqdim olunurdu. Bu yolla bolşeviklər klassiklərimizi yeni nəslə öz idealarına uyğun – marksistçi-leninçi ideologiya müstəvisindən cixiş edərək tanıtmağa həm də kirilləşdirməyə nail oldular

İkinci, hələ tam bərqərar olub möhkəmlənməmiş sosializm cəmiyyəti həm daxildə, həm xaricdə özünün demokratiya bayrağını dalğalandırmaq imkanı əldə edir, özünə demokratik imic formalaşdırmağa çalışırdı. Xüsusilə, M. F. Axundovdan 20-ci illərədək latin əlifbasına dair aparılmış hazırlıqlar, son illərdə mərkəzlə aparılmış uzun danışıqlar sovet pəhbərlərinə əsas verirdi ki, “Leninin oxuyub-yazdığı” əlifbaya yox, latın əlifbasına keçidi demokratik addım kimi səciyyələndirsin. Bu da məsələnin siyasi tərəfi idi. Qeyd etmək yerinə düşərdi ki, Ərəb əlifbasından latın əlifbasına, ondan da kiril qrafikasına keçidin özü də keçmişdən qoparmanın planli gedişi idi.

Eyni zamanda bolşeviklərin, xüsusilə Stalinin çox gizli, çox qapalı məqsədi “türkoloqların, daha geniş anlamda desək, şərqşünasların kimliyini və mövqeyini müəyyənləşdirmək idi” (C. Qasımov). Gələcəkdə Qurultay iştirakçılarının qətlə yetirilməsi üçün zəmin hazirlanırdı.

Sovetlər birliyinin türklərə (türkologiyaya) kökündən sağlam olmayan münasibətinin get-gedə daha da “xəstə” hal almasında 20-ci illərin ortalarından Atatürk Türkiyəsinin qazandığı böyük uğurların əhəmiyyətli dərəcədə təsiri vardı. Stalin “troyka”sının hökmü ilə qətlə yetirilən türkoloqların əksəriyyətı məhz “Türkiyə agenti” damğası ilə ölümə məhkum edildilər.

  Məqalənin hazirlanması üçün aşağıdakı müəlliflərin tədqiqat və araşdirmalarından faydalanmışam:

  1. Qasımov — “Birinci Türkoloji Qurultay: şahidlər və .əhidlər”Bakı, 2019.
  2. Xəlilov – “Birinci Beynəlxalq Türkoloji Qurultay”, Bakı, 1999.
    3. “Azərbaycan dilçiliyi müntəxəbatı”, Bakı, 2013, I cild,Sima CƏFƏROVA