- Dil, Manşet

Pərvanə BAYRAMQIZI. Dili məhəbbətin başlanğıcı bilək!

Millət Anlayışı İnstitutu xəbərdarlıq edir: Ana dilini unutmaq sizin milli heysiyyətiniz üçün zərərlidir.

Hegel ana dilində danışmağın böyük mədəniyyət olduğunu düşünürdü. Bizimkilərsə rus dilində danışmağı mədəniyyət hesab edirlər.

İki qardaş bir-birinə cavabdeh olmur. Hərəsinin öz fikri, öz nitqi olur. Qardaşın hansısa fikrinə görə digər qardaşı suçlasalar, “onun şəxsi fikridir, qarışa bilmərəm” deyərlər. Yəni qardaş olsalar da, düşüncəyə şərik olmağı yolverilməz sayırlar. Sıra ana dilinə çatanda qardaşımız kimi danışmalı olduğumuzu söyləyirlər.

Zəlzələdə yaşadığı müsibətə görə Türkiyəyə sevgimizi əməldə göstərdiyimiz bir vaxtda türk dilini qəbul etməyimizi araya salanlar xalqın buna etiraz edəcəyini əvvəldən bilirdilər. Bu bütün dövrlərdə olduğu kimi, türklərlə bizim bir-birimizdən uzaqlaşdırılmağımız üçün düşünülmüş növbəti süni səbəbdir. Yəni ki, “gördünüz, sizi sevmirlər, birlikdən söhbət gedə bilməz”.

“Hər tərəfdə gözümüzə sataşan yazılarda Azərbaycan dilinin orfoqrafik qaydaları pozulur”,  “Bakı küçələrini əcnəbi dillərdə yazılan reklamlar işğal edib”, “Rus dilini ana dilindən imtina etmək üçün öyrənirlər” “Xarici ədəbiyyatı peşəkarlar tərcümə etmir, oxuyanda adam yorulur”, “Uşaqlar üçün dili normal olan əsərlər yazılmır, məzmunlu cizgi filmləri çəkilmir”, “Ziyalıların əksəriyyəti ana dilinin taleyinə laqeyd yanaşırlar” deyəndə səsimizə səs verən az oldu. Şahbaz Xuduoğlunun təklifindən belə qənaətə gəlmək olur ki, bütün bunlar ana dilinin əleyhinə tutarlı faktlar olsun deyə qəsdən edilirmiş. Susub Azərbaycan dilinin can verməyinə baxıb ləzzət alanları, dil uğrunda mübarizə aparanlara şəbədə edənləri Şahbaz bəylə həmfikir saymaq olar.

Susan susur, korlayan korlayır, sevən də sevir. Qorumağa çalışanlar təmənna güdmədən cəfa çəkir: təki ana dili məhv olmasın. Hər dövrdə dilinin qeydinə qalanlarımız olub, amma göründüyü kimi, hərənin bir yana çəkdiyi Azərbaycan dilinin problemi bitməyib.

“Dili məhəbbətin başlanğıcı bilək! Dilimizə ən dərin eşq və məhəbbətlə sarılaq. Bunun xatirini heç bir xatirə dəyişməyək. Millət düşüncəsini yenə milli dil ilə ürəklərə birləşdirək. Yeri düşəndə deyirik ki, camaatımız oxumur, oxumaq istəmir. Bunu demək doğru deyildir. Hansı açıq dil ilə əsərlər yazıb camaatı oxumağa alışdırırıq ki, camaatdan şikayət eyləyək, onlara nə verdik ki, nə istəyək? Bir-iki para yazarlarımız ha qışqırırlar ki, “Qoymayın, millət geri qaldı!” Lakin millətin əsl geri qalmasına səbəb olan yazımızın, dilimizin izahı üçün, türkcəmizin işlənməsi üçün heç çalışdılarmı?” Ömər Faiq Nemanzadənin dəyərli fikirlərindən sonra mənə: “Pis xalq deyilik, pis günə qoyulmuş xalqıq”dan başqa deməyə söz qalmadı. Odur ki, mətni bitirmək üçün də sözü ona verirəm: “A canım! Biz özümüzü bilməsək, öz dilimizi bəyənməsək, kim bizə hörmət edəcək və nədən ötrü də etsinlər. Heç düşünmürük ki, biz özümüzü istəməyəndə özgələrinin bizi istəmələrini ummaq dəlilikdir”.