- Dil, Manşet

Fizzə HEYDƏROVA. Rusiyanın Ukrayna mədəniyyəti və dilinə “qardaşlıq qayğısı” barədə qeydlər

Ukrayna dili şərqi slavyan dillərindən biridir. 988-ci ildə Rusiya xristianlığı qəbul edəndə şərqi slavyan dialektlərinin (rus, belarus, malorus) kiçik fərqləri vardı. Ayrı-ayrı dillərdə diferensasiya nəticəsində sonradan bəzi dialektlərin müstəqil dilə çevrilməsi qanunauyğun və qarşısıalınmaz prosesdir. Ehtimal olunur ki, 17-ci əsrin sonlarına qədər Ukrayna dili (yкpaiнcькa мoвa) kilsə slavyan dili üzərində qurulub. İndiki dili xatırladan ilk ədəbi nəşrlər XVIII əsrin sonlarına təsadüf edir.

Polşanın parçalanmasından sonra Ukraynanın bir hissəsi Rusiya imperiyasının tərkibinə daxil olur və Malorusiya adlandırılır. Bu vaxt Ukrayna dili də malorus dili adlandırılmağa başlayır və bu dilə qarşı təzyiqlər başlayır.

Rusiya imperiyasının ukraynalıların assimilyasiyası üçün tədbirlər buketində aşağıdakılar olub: Ukrayna kilsə kitablarının əhalidən müsadirə edilməsi, Ukrayna dilində ibtidai təhsilə tam qadağa qoyulması, kilsə xidmətlərində Ukrayna dilindən istifadənin və Ukrayna dilində tədrisin qadağan edilməsi, məhkəmə işlərinin Ukrayna dilində aparılmasınının qadağan edilməsi, Ukrayna bazar günü məktəblərinin bağlanması, bu dildə kitab çapına, teatr tamaşalarına… qadağa. İnternetdən əldə etdiyimiz məlumatlarla tarixə qısa ekskurs edək:

1622 – Çar Mixailin İncilin Ukraynada çap edilmiş bütün nüsxələrini yandırmaq barədə əmri

1720 – Ukrayna dilində çapın qadağan edilməsi və Ukrayna mətnlərinin kilsə kitablarından çıxarılması haqqında I Pyotrun fərmanı

1729 – II Pyotrun bütün fərman və sərəncamları Ukrayna dilindən rus dilinə çevirmək barədə sərəncamı

1763 – Kiyev-Mogilyan Akademiyasında Ukrayna dilində tədrisin qadağan edilməsi haqqında II Yekaterina fərmanı

1769 – Ukrayna əlifbasının çapına və istifadəsinin sinod tərəfindən qadağan edilməsi

1775 – Zaporojye Seçinin dağıdılması və kazak idarələrində Ukrayna məktəblərinin bağlanması

1832 – Sağsahil Ukraynada ümumi imperiya prinsipləri əsasında yenidən qurulması

1847 – Kiril və Mefodi qardaşlığının dağıdılması, Ukrayna dili və mədəniyyətinə qarşı amansız təqiblərin güclənməsi, Şevçenko, Kuliş, Kostomarov və başqalarının ən yaxşı əsərlərinin qadağan edilməsi.

1862 – Böyüklər üçün pulsuz bazar günü Ukrayna məktəblərinin bağlanması

1863 – Ukrayna dilində mənəvi və populyar maarifləndirici ədəbiyyatın çapının qadağan edilməsi haqqında Valuev sirkulyarı: “Ukrayna dili olmayıb, yoxdur və ola da bilməz. Bunu başa düşməyənlər Rusiyanın düşmənidir”.

1864 – ibtidai məktəb nizamnaməsi qəbul edilib, ona əsasən təhsil yalnız rus dilində aparılmalıdır.

1870-ci il – Rusiyanın təhsil naziri D.Tolstoyun izahatı: “Bütün əcnəbilərin təhsilinin son məqsədi ruslaşdırma olmalıdır”.

1876 ​​- Aleksandrın hər hansı ukraynadilli ədəbiyyatın çapının və xaricdən idxalının qadağan edilməsi, habelə Ukrayna səhnə tamaşalarının və xalq mahnılarının Ukrayna mətnlərinin çapının qadağan edilməsi haqqında Emsk  fərmanı.

1881 – Ukrayna dilində dərslər və kilsə xütbələri oxumaq qadağan edilib.

1884 – III Aleksandr bütün Malorusiya əyalətlərində Ukrayna teatr tamaşalarını qadağan edib.

1888 – Rəsmi qurumlarda Ukrayna dilinin istifadəsinin və Ukrayna adları ilə vəftiz edilməsinin qadağan edilməsi haqqında III Aleksandrın fərmanı.

1892 – Kitabların rus dilindən Ukrayna dilinə tərcüməsi qadağan edilib

1895 – Mətbuat İşləri üzrə Baş İdarə uşaqlar üçün Ukrayna dilində kitabların nəşrinə qadağa qoyub.

1914 – Taras Şevçenkonun 100 illik yubileyinin keçirilməsinə qadağa; Ukrayna mətbuatının qadağan edilməsi haqqında II Nikolayın fərmanı.

1914, 1916 – Qərbi Ukraynada ruslaşdırma kampaniyaları

1925 – Lvovdakı Ukrayna “gizli” universitetinin bağlanması

1926 – Stalinin “ukraynalaşdırma”ya qarşı təqiblərə başlanılması ilə bağlı məktubu

1933 – “Ukraynalaşma”ya son qoyulması haqqında Stalinin teleqramı.