O gün Puşkinin “Qoryuxino kəndinin tarixi” yarımçıq əsəri yadıma düşdü. “Belkinin hekayələri” silsiləsindəndi. Niyəmi yadıma düşdü? Axırda deyəcəm. Əsərin qısa məzmunu belədi. Bir ucqar kənddi. Əvvəllər Belkinlərin imiş. Ucqar və balaca olduğu üçün ona fikir verməyiblər. Kənd kiçicik bir xərac verir, el məclisi tərəfindən seçilən koxalar tərəfindən idarə olunurmuş.
Üstəlik, cavanlar əsgərliyə getmir. Əhali şad-xürrəm, yeyir, içir, kef edir. Qar yağanda xizək sürüb əylənirlər. Kəndin şairi Arxip Lısı hələ koxaya həcv də yazır:
Anton koxa bişərəf.
Qoltuğunda dəftəri
Ağa mülkünə tərəf,
Gedir giri içəri…
… Kəndi tamam lütlədin,
Arvadını bəzədin…
Amma heyhat…
Bir gün Qoryuxinonun başının üzərini qara buludlar alır. Bayram günü sakinlərin yenə yeyib-içib qucaqlaşdığı, Arxip Lısının şeirini oxuduğu vaxt kəndə iki arıq yabı qoşulmuş üstüörtülü bir araba gəlir. Arabanın qozlasında paltarı cırıq-cındır bir yəhudi oturub, başında furajka olan şəxs isə arada başını çıxarıb camaata baxır.
Adamlar arabanı gülüş və qaba istehza ilə qarşılayır: “Bəziləri dəli kimi paltarının ətəyini qatlayıb boru kimi edir, yəhudi arabaçını lağa qoyaraq rişxəndlə bağırırdı: Cuhud, cuhud, gəl donuz qulağı ye”. Lakin araba kəndin ortasında dayananda və müsafir amiranə səslə Trifon koxanı tələb edəndə hamı yerində donur.
Koxanı gətirib ona bir məktub verirlər ki, oxusun. Amma Trifon koxa oxumur, çünki oxumaq bilmir. Ona gələn məktubları Avdeyə oxutdurur. Avdeyi axtarırlar. Onu sərxoş halda çəpərin dibində yatdığı yerdə tapırlar. Gətirib tribunaya çıxarıb, kağızı verirlər ki, oxusun. Oxuya bilmir, yerə yıxılır. Səhəri gün yenə əhalini toplayırlar. Fərman oxunur. Kəndin idarəçiliyi yeni gələn darğaya verilir.
Bu adam vergiləri bərpa edir. Vergi ödəyə bilməyənlərin əmlakı əlindən alınır, özləri isə varlılara nökər olur. Bu idarəçiliyin fəlsəfəsi belədi: kəndli nə qədər varlı olsa, bir o qədər şuluq, kasıb olsa, dinc olar…
Əsgərlik də bərpa edilir. Kənddən əsgərliyə beş cavan gedəsidirsə, iki yüz adam bir-bir gəlib darğaya pul verir, minnət eləyir ki, oğlu əsgər getməsin. Koxa da daha çox rüşvət verənlərin pulunu alıb, uşağını hərbi xidmətdən saxlayır. Puşkin yazır ki, kənd şairi Arxip Lısının rübabı da susmuşdu. Daha koxaya həcv yazmırdı…
Bunları niyə xatırladım? Hə… O gün yoldaşlardan biri “Məclisi-üns”də “mağıl” sözünün leksik mənasını soruşurdu. Lüğətdə o sözün “yaxşıca”, “yaxşı ki” mənasında işləndiyi yazılır. Mən daha çox keçmişə aid “məqbul”, “normal”, “gözəl” mənasında işləndiyinin şahidi olmuşam. Elə lüğətdə verilən misallar da o cürdü (keçmişlə bağlıdır): “Dünən mağıl gün çıxmışdı (İsmayıllı); – Mağıl hərdən bizə gəlirdin, daha gəlmirsən (Goranboy); – Mağıl qapıda dirrix’ var (Tovuz); – Mağıl sən cavab verdin (Şərur); – Mağıl sən gəlib özu͂ :yetdin, yoxsa bı itdər bizi diricə yə:rdi (Zəngilan)”.
Məncə, qoryuxinolular da azərbaycanca danışsaydılar, darğa rejiminə keçəndən sonra belə deyə bilərdilər: “Mağıl yaşayırdıq özümüz üçün Trifon koxanın vaxtında…”
Xeyirli bazar ertələri…